Qırxıncı fəsil Bukamal şəhərinin cənubu
Əmr verildi ki, İmam Hüseyn (ə) briqadası bütün batalyon və birləşmələri ilə birgə Hələbdən Tədmur şəhərinə getsin. Biz Biyaratdan irəli getməmişdik, ilk dəfə idi Tədmura girirdik. Şəhərin bütün ətrafı heç bir dağ və təpə olmayan düzənliklərdən ibarət idi. Küçələr geniş, binaların çoxu birmərtəbəli idi. Çoxlu tarixi yerlər vardı, axşamlar bəzilərini görməyə gedirdik. İŞİD bütün qədim abidələri dağıtmışdı. Filmi İŞİD tərəfindən internetə yüklənmiş məşhur muzeyə də getdik. Həmin filmdə bir neçə İŞİD yaraqlısı oraya girib fəxrlə, təkbir deyə-deyə tarixi abidələri aşırır, büt sındırdıqlarını düşünürdülər. Hər halda, muzeydən qalanlara baxmaq da qənimət idi.
Bir batalyonu xüsusi birləşmələrlə birgə Tədmurdan təxminən yarım saatlıq məsafədə yerləşən İsmayılabada, birini də 50 km irəliyə Sultaniyyə bölgəsinə apardıq. İsmayılabadda iki bina vardı, uşaqlar istifadə edirdilər. Sultaniyyədə isə hər tərəf düzənlik idi, batalyon bir asfalt yolun sonuna yerləşdi. Dairəvi bir istehkam, içində də bir neçə çadır qurdular.
Əvvəldə briqadamızın vəzifəsi mövqeyi qorumaq idi. Ancaq həmin əməliyyatın davamında İraq sərhədinə çatmaq üçün bir əməliyyat da planlaşdırıldı. Biz İraq sərhədinə çatmışdıq, amma İŞİD hələ sərhədin o tərəfində fəal idi, Həşd əl-şəbi qüvvələri bölgədə tam təhlükəsizliyi təmin edə bilməmişdilər. Məqsəd bu idi ki, biz sərhəd nöqtələrdə – həm Suriya, həm də İraq ərazisində beş hərbi post qurub Bukamal şəhərinə çataq.
Bukamal şəhəri Fərat çayının İraq sərhədinə çatdığı nöqtədə yerləşir. Bu əməliyyatın maddi-texniki dəstək bazası Sultaniyyədə idi. İmam Hüseyn (ə) briqadası orada Qasimabad adlı mərkəzi baza yaratmışdı. Bu adı Hacı Qasimin şərəfinə seçmişdilər, özü də oraya çox gedib-gəlirdi. Qasimabaddan sonra Abbasabad bölgəsi gəlirdi, təxminən 40 km-dən sonra da Bukamal şəhərinin cənubuna doğru gedən postlar başlayırdı. Bu əməliyyatda əsas rol müqavimət cəbhəsində sayları çox olan Heydəriyyunun üzərinə düşürdü. Fatimiyyundan yalnız Seyid Cəfərin başçılıq etdiyi Fatimeyi-Zəhra (ə) briqadası iştirak edirdi.
Heydəriyyunun düşərgəsi T3 adlı ərazidə yerləşirdi. Onlar bir gün əməliyyat yerinə getmək üçün avtobuslara minəndə İŞİD-in bir intihar avtomobili sürətlə özünü yetirib partlatdı. İki avtobusun içindəki iraqlıların bir qismi şəhid oldu, bir qismi yaralandı. Lakin bu hadisə əməliyyat prosesinə təsir etmədi, iraqlı qüvvələr sərhəddə nəzərdə tutulmuş postları qura bildilər. Bu postlar arasında məsafə təxminən 20 km idi. Hər bir postun dairəvi istehkamı vardı. Çünki İŞİD hər tərəfdən hücuma keçə bilərdi. İstehkamın içində də 50 döyüşçü yerləşirdi.
Bukamal şəhərinin ən cənub nöqtəsində sonuncu postu qorumaq Fatimeyi-Zəhra (ə) briqadasına tapşırıldı və uğurla icra edildi. Bu əməliyyat 40 gün sürdü.
İŞİD yaraqlıları çöllərə səpələnmişdilər, bütün alçaq-hündürlükləri tanıdıqlarına görə arabir bizim postlara hücum edirdilər. Adətən səhərin ala-toranlığında, uşaqların yuxulu olma ehtimalı çox olanda iki-üç pikapla və on piyada ilə hücuma keçirdilər.
Suriya ordusunun Abbasabadda hərbi mərkəzi vardı. Sübh çağı üç İŞİD pikapı istehkamdan keçib oradakı bütün iyirmi nəfəri şəhid etdi, sonra da qaçıb çöllükdə itdilər. Onlar Heydəriyyunun İraqla Suriya sərhədindəki iki postuna da belə diversiya hücumları etmişdilər.
Bu hücumlardan sonra Heydəriyyunda ruh düşkünlüyü yarandı. Komandirləri elan etdi ki, mənim döyüşçülərim postlarda qalmaq istəmirlər. Onlar birdən-birə bütün dörd postu boşaldıb geri çəkildilər. Halbuki Seyid Cəfər Fatimeyi-Zəhra (ə) briqadasıyla ən öndə yerləşən beşinci postda qalmışdı, hər an İŞİD tərəfindən tam mühasirəyə düşə bilərdi. Onda iraqlıları əvəz edəcək canlı qüvvə yox idi, Fatimiyyunun bütün briqadaları məşğul idi.
Arxalarındakı yol təhlükəli olduğuna görə Fatimeyi-Zəhra (ə) briqadası qayıda bilmədi, qərargahın razılığı ilə üç gündən sonra qərbə doğru gedib Sədd əl-vər adlı bir yerdə post qurdu. Orada təxminən yüz əlli döyüşçü, iki BMP, dörd pikap, bir tank və on iki minik avtomobili vardı.
Dostları ilə paylaş: |