İŞİD-lə üz-üzə


Dördüncü fəsil Türkiyə



Yüklə 346,24 Kb.
səhifə6/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   2   3   4   5   6   7   8   9   ...   55

Dördüncü fəsil

Türkiyə


Sanki yolçuluq alnıma yazılıb. Hələ son səfərin çətinliklərini unutmamış Avropaya getmək həvəsinə düşdüm. Bir müddət idi İranda yaşayan əfqanıstanlı gənclərin Avropa ölkələrinə mühacirəti başlamışdı.

Valideynlərimlə yenə həmişəki söhbətlər, köhnə mübahisələr başlandı. Deyirdim ki, mənim burada gələcəyim və gəlirim yoxdur, heç bir şey olmayacağam. Oturum kartı üçün yenə müraciət etmişdim, amma verməmişdilər.

Evdə məni israrla evləndirmək istəyirdilər, mənsə o şəraitdə ailə qurmaq istəmirdim. Digər tərəfdən, eşidirdim ki, filankəs iyirmi günə İsveçə və ya Almaniyaya çatıb və artıq işləməyə başlayıb. Deyirdilər ki, kim ingilis dilini bilirsə, daha yaxşı işlərə düzələ bilir. Bu baxımdan da problemim yox idi. Odur ki, birtəhər ata-anamı razı salıb 2012-ci ilin yayında bir neçə nəfərlə birgə Təbrizə yola düşdüm.

İran-Türkiyə sərhədi yaxınlığında bir həftə bir evdə qaldıq. İmkanları yaxşı idi, çətinlik çəkmədik. İnsan qaçaqçısı hərəmizə bir sənəd verdi. Sənədlərə Birləşmiş Millətlər Təşkilatının saxta möhrü vurulmuşdu. Sonra məni və başqa bir nəfəri İstanbul avtobusuna mindirdi. Əvvəldə oturacaqda oturmuşduq, ancaq yol polisini keçəndən sonra sürücü iki yeni sərnişin mindirdi və mən yoldaşımla birlikdə avtobusun yerində oturmağa məcbur oldum. Oturacaqlarda əyləşmiş sərnişinlərin təhqiramiz baxışları ilə üzləşəndə yenə İranı tərk edib qaçaq yolçuluq etdiyimə görə peşmanlıq hissi keçirməyə başladım. O anda fikirləşdim ki, bu iki qaçaq səfərinin bədənimə verdiyi əzabları yaddan çıxara bilərəm, amma ruhuma vurduğu yaraları heç zaman unutmayacağam.

Bir sutkadan sonra İstanbula çatdıq. Bir neçə gün yataqxanada qaldıq. Orada müxtəlif milliyyətlərdən adamlar vardı: pakistanlı, banqladeşli, çinli, afrikalı və s. Onların hər biri Avropa ölkələrindən birinə getmək istəyirdi. Mən bir neçə kişi və xanımla birgə Yunanıstana getməyi planlamışdım. Yunanıstana yol dənizdən idi. Biz xilasedici jilet almaq istəyəndə dedilər ki, ehtiyac yoxdur, sahildə özümüz verəcəyik.

Hamımız maşına mindik. Mən yumşaq balış kimi bir şeyin üstündə oturmuşdum. Sahildə maşından enəndə bələdçimiz dedi ki, üstündə oturduğun şeyi də gətir. Onu məndən alıb bir hava nasosuna birləşdirdi. Bir neçə dəqiqə ərzində böyük bir xalça kimi açıldı. Qaranlıqda çox da yaxşı görmürdüm, amma sonralar qayıq motoru olduğunu bildiyim bir aparatı ona birləşdirib dedi: “Bu da sizin motorlu qayığınız!”

Cavanların biri ilə qayığa minib bir dövrə vurdu, qayıdıb sahilə enəndən sonra həmin cavanı göstərib dedi: “Qayıq sürməyi öyrətdim. Bu, kapitanınızdır. O işıqları görürsüz? Ora Yunanıstandır. Minin, gedin. Sağ-salamat!”

Bundan gülməlisi ola bilməzdi. Mat-məəttəl qalmışdıq. Dedik ki, bəs söz verdiyiniz jiletlər hanı? Dedi: “Olan budur; istəyirsiz minin, istəmirsiz minməyin!”

Qoca-cavanlardan, kişi, qadın və uşaqlardan ibarət otuz nəfər idik. On iki nəfərlik hava qayığına zorla yerləşdik. Qayıq o qədər ağırlaşmışdı ki, çətinliklə gedirdi. Bu dəfə artıq yerdə və çöllükdə də deyildim. Zahidanın çöllüklərində təcrübə etdiyim qaranlıq vardı, amma ondan min dəfə artıq qorxulu idi. İnsan suda olanda özünü yerdəki kimi hiss etmir, əli hər yerdən üzülür; özü də elə bir qayıqda ki, çərçivəsi hər an çıxa bilərdi. Nə qədər irəliləyirdiksə, işıqlar da uzaqlaşırdı. Sanki heç vaxt çatmayacaqdıq.

Birdən hər yer işıqlandı. Soyuq və həyəcanlı işıq idi. Türkiyənin Sahil qvardiyasının projektorları idi. Qayığı mühasirəyə aldılar, hamımızı gəmiyə mindirib sahilə qaytardılar. Qabaqcadan bizə öyrətmişdilər ki, polis sizdən haralı olduğunuzu soruşsa, “Myanmadanıq” deyin. Myanmanın Türkiyədə səfirliyi olmadığına görə vətəndaşlarını oradan çıxara bilməyəcəkdilər.

Gəmidə haralı olduğu soruşulan ilk adam mən oldum. O qədər həyəcanlı və məyus idim ki, myanmalı olduğumu söyləmək yadımdan çıxdı, dilimə gələn ilk söz bu oldu: “Əfqanıstan”.

Mənim yanımdan keçib o birinə yaxınlaşanda özümə gəlib barmağımı dişlədim. Gəmidə və sahildə olduğumuz saatlarda, Çanaqqalanın bir kəndində yerləşən düşərgəyə çatana qədər məni daim bir sual incidirdi; Allaha şikayət edirdim ki, bu bəxtsizliyin səbəbi nədir və nə üçün həmişə mən?

Myanmalı olduğunu söyləyənlərin hamısı azad olundu; yəni İstanbula göndərildilər və Türkiyəni tərk etmək üçün onlara bir ay vaxt verildi. Mən də belə bir şey gözləyirdim. Məni bir neçə nəfərlə birgə bir furqona mindirib dedilər ki, sizi buraxacağıq. Ancaq yolda türkcə bilən sərnişinlərin biri bizi Əfqanıstana deportasiya edəcəklərini anladı. O qədər narahat oldum ki, ixtiyarsız olaraq, özümü vururdum. Son günlərdə xora kimi canıma düşmüş xəsis sual yenə başımda fırlandı: “Bu qədər adamın içində nə üçün mən?”

Bizi İstanbulda Yabancılar zindanına aparıb təkadamlıq kameraya saldılar. Dedilər ki, bu axşam təyyarə ilə Kabilə gedəcəksiz.

Kiçik kameranın hər tərəfinə baxdım. Xəyallarımdan və məni içdən yeyən fikirlərimdən uzaqlaşmaq üçün bir şey axtarırdım. Bir neçə il idi siqareti tərk etmişdim. Birini götürüb çəkdim, amma fikrim dağılmadı. Otaqda axtarışa davam etdim. Gözlərimi əlüzyuyanın üstündə bir stəkanın içinə qoyulmuş ülgüc alətinə dikib yenə fikrə daldım. Ürəyimdə saxladığım azca ümidimi də itirirdim. Əgər İrana deportasiya olunsaydım, dözə bilərdim, Əfqanıstana isə yox. Pulum da yox idi. Heç bir planım, ümidim qalmamışdı. Elə vəziyyətdə idim ki, istəyirdim ölüm, amma Əfqanıstana deportasiya olunmayım. Bir anlığa sinəm sancdı. Elə bildim ki, ürəyim dayandı, infarkt oldum. Kaş adam ölüm zamanını biləydi! Mənsə hələ yaşayırdım. O anda stəkanın içindəki ülgüc mənə xilasedici jilet kimi görünür, əzilmiş ruhumu maqnit kimi var gücü ilə özünə çəkirdi. Fikirləşdim ki, o məni həyatımın cavabsız okeanlarında boğulmaqdan həmişəlik xilas edən yeganə şeydir.

Aləti götürüb çətinliklə ülgücünü çıxardım, hisslərim yatmadan, ağlım işə düşmədən cəld bir hərəkətlə damarımı kəsdim. Qolum qana boyanıb istiləşdi.

Xəstəxanada özümə gələndə bildim ki, ülgüc də mənimlə tərslik edib, damarımı kəsməyib. Sanki həyatımda heç kim geri çəkilməyəcək, məndən başqa heç nə təslim olmayacaqdı.

Məni gecə saat 12-də sarıqlı qolla hava limanına apardılar. On nəfər idik. İkisi qadın idi. Bizi qandalla bir-birimizə bağlamışdılar. İstanbulun beynəlxalq hava limanının salonunda addımlayır, bizə cinayətkar və qatil kimi baxan adamların baxışlarından əziyyət çəkirdik. Nəhayət, təyyarəyə oturanda həmin əzabverici qandallardan da qurtulduq.





Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin