ƏYLƏNCƏLƏR TƏKVİNİ RABİTƏNİ DƏRK ETMƏK ÜÇÜN MANEƏDİR
İnsanlar, adətən, öz maddi və dünyəvi əyləncələri səbəbindən onların vücudunun dəyrinliyində kök atmış təkvini rabitəni unudurlar. İl boyu fərdi və ictimai çətinliklər və məşğuliyyətlər səbəbindən bu rabitəyə diqqət yetirmək üçün tövfiq tapmırıq. Mübarək ramazan ayında isə dua və münacat üçün daha çox tövfiq olduğundan insanın bir qədər maddi həyatdan çəkinib Allahı düşünməsi üçün fürsət yaranır. Beləcə, insan öz zatı səfası həddində ilahi əzəmət cilvəsini müşahidə edir, onun adlarını camal və kamal sifətlərini anlayır.
Allahın camal və cəlal sifətlərini dərk etməyin xüsusi cazibəsi var. İnsan Allahla ünsiyyət tapır və bu halın ondan uzaqlaşmasını istəmir. Allahın əzəmətini dərk edir və ixtiyarsız olaraq səcdəyə düşür, haqqın qarşısında kiçilir. Bu halı əldə etməklə (müəyyən mə`rifət mərhələsinə çatmaqla) insan elə bir ləzzət duyur ki, onun qarşısında dünyəvi və maddi ləzzətlər heç nədir. Bu cür ləzzətlərə çatmış şəxslər keçmişdə çox olub, indi də az deyil.
İnsan öz diqqətini maddiyyatdan Allaha doğru yönəldərsə, vəsfolunmaz dərəcədə özü ilə Allah arasında cazibə hiss edər. Bu zaman özünü Allaha və Allahı özünə yaxın görər. Allah bizdən uzaqda deyil. Allah Qur`anda buyurur: “Biz insana boyun damarından da yaxınıq.”1 Lakin pis əməllərimiz ilə Allahdan uzaq düşməyimiz üçün səbəb yaradırıq. İnsan pis əməlləri, şeytani və nəfsani arzularından əl çəkib dünyəvi və qeyri-ilahi həvəsləri özündən uzaqlaşdırarsa, Allaha yaxınlaşar.
İmam Səccad (ə) həmin Əbu-Həmzə duasında buyurur: “İlahi, bilirəm ki, Sən bəndələrindən gizli deyilsən. Onlar öz əməlləri ilə Səninlə öz aralarında hicab yaradıblar”.
Dostları ilə paylaş: |