Ərə qayğı və ya qadının cihadı
Evdarlıq, yəni təmizlik, səliqə, evin bəzənməsi, övladlara diqqət, mətbəx səliqəsi bir ev sahibəsinin bacarığıdır ki, o, bu işlərlə ev mühitinə səfa verir, ərinin, övladlarının məhəbbətini qazanır. Amma öz şəxsi səliqəsinə, geyiminə, bəzək-düzəyinə məşğul olmaq qadının ər qarşısındakı məs’uliyyətlərindəndir.
Qadının ərə qayğısında iki əsas
İslamda bu məsələyə lazımınca diqqət yetirilib. Qadın uyğun iki əsasa əməl etməklə ərin iffətinin və cəmiyyətin sağlamlığının qorunmasında mühüm rol oynayır.
Bir tərəfdən əri üçün münasib geyimlər geyinmək, özünü bəzəməklə ərinin diqqətini cəlb edir, onun nəfs istəklərini qanuni yolla ödəyir. Əri başqalarından gözünü çəkib, təkcə onu sevir. Bu əsasa riayət olunması bir məs’uliyyət kimi tə’kid edilir. Hədisə əsasən həzrət Peyğəmbər (s) buyurur: «Qadın ən gözəl ətirlərlə ətirlənməli, ən gözəl üsulda bəzənməli, ən gözəl geyimlərini geyinməli və əri üçün hazırlanmalıdır».1
Bir nöqtəyə diqqət edilməlidir: Kişinin hüququ kimi bəyan edilən hazırlanmaq, ətirlənmək təkcə qadına aid deyil. Bu müştərək vəzifədir. Ər-arvadın iffətinin hifz olunmasında bu qaydanın mühüm rolu vardır. Rəvayətdə buyurulur: «Kişinin bu vəzifəyə əməl etməməsi qadının iffətinə zərbə vurulmasına səbəb olur».2
Yenə də buyurulur ki, təmiz, səliqəli, ətirli olmaq peyğəmbərlərin əxlaqındandır. Başqa bir rəvayətdə qadının ərindən başqasına görə bəzənməsinin qarşısı alınır.
Ziynətlərini göstərib, özünü tamaşaya qoymağa qadının haqqı yoxdur. Başqalarının diqqətini cəlb edəsi qeyri-münasib geyimlərlə qadın evdən bayıra çıxa bilməz. Belə hərəkət cəmiyyətin hisslərini qızışdırır, əxlaqsızlığa səbəb olur. Allah-təala buyurur: «Öz-özlüyündə görünən istisna olmaqla ziynətlərini başqalarına göstərməsinlər».1 Hamıya aid olmaqla Peyğəmbərin (s) zövcələrinə buyurulur: «İlkin cəmiyyət dövründəki kimi açıq-saçıq olmayın».2 Rəvayətlərdə də bu xoşagəlməz hal qadağan olunur. Hətta buyurulur: «Ərindən başqası üçün bəzənən qadının ibadəti və namazı qəbul deyil, özünü bu çirkinlikdən təmizləyənə qədər!»3
Peyğəmbərdən (s) rəvayət olunub ki, bir qadın ətirlənib evdən çıxarsa, evə qayıdanadək lə’nətlənər.
Bu qadının ərə qayğı məsələsində diqqət edəcəyi ikinci əsasdır. Başqa bir rəvayətdə bu iki əsas – özünü ər üçün hazırlamaq və başqalarının diqqətini cəlb etməmək qadının cihadı kimi qeyd edilir. Peyğəmbər (s) çox dəqiq və gözəl şəkildə bu xüsusiyyətləri qadının cihadı bilir.
Bu günümüzə sual
Doğrudanmı, bu iki əsasa əməl etmək cihad deyil?
Bu iki əsasa əməl etmək ərə qayğı deyil?
Bu iki əsasa əməl etməklə xanımlar özünün, ərinin, cəmiyyətin iffətini hifz etmirmi?
Bu Qur’anın həmin pak qadınlara etdiyi sitayiş deyilmi? «Əməli-saleh qadınlar itaət edib, Allahın himayəsi sayəsində gizli şeyləri qoruyub saxlayırlar».4
Məgər cəmiyyətin əksər qadınaları bu əsaslara zidd hərəkət etmirmi?!
Azdırmı evdə pinti görkəmdə qalıb, bayıra çıxarkən saatlarla güzgü qabağında dayanan qadınlar?!
Budurmu ərə qayğı?
Bu sayaq rəftar əri evdən soyudub, çöldə günaha salmazmı?!
Bu sayaq rəftarlar cəmiyyəti günaha, hisslərin alovlanmasına sürükləmirmi?!
Ərə qayğı nə zaman cihaddır?
Bəli, ərə qayğı asan məsələ deyil və qadın ona heç də asanlıqla nail ola bilməz. Əgər Peyğəmbər (s) buyurursa ki, qadının ərə lazımınca qayğısı cihaddır, kişinin bütün həcc və cihad kimi əməlləri ilə yanaşıdır, demək bu sadə iş deyil. Ləyaqətli işlər kişi üçün necə çətinliklə ələ gəlirsə, qadın üçün də belədir. Əgər qadın böyük cihada-nəfsi susdurmağa nail olmayıbsa, bu mühüm işə də müvəffəq olmayacaqdır. Əslində ər qayğısı qadın üçün elə böüyk cihaddır və bunun yerinə yetirməklə qadın bütün fəzilət məqamlarında kişi ilə çiyin-çiyinə dayanır.
Ümid edirik ki, bu kiçik izahat uyğun şərif hədisin mə’nasını aşkarlayacaq və həzrət Peyğəmbərin (s) qısa bir buyruğunun dərin hikməti aydın olacaq.
Bura qədər «ailə əxlaqı» adı altında ailə məhəbbəti, onun bünövrəsini möhkəmləndirən bə’zi amillərdən danışıldı. Bu hissənin mövzularını belə ümumiləşdirə bilərik: İslam ailədə ünsiyyəti, ülfəti, məhəbbəti yaşadacaq bütün amillərə rəğbətləndirir. Qadın və kişi ailə mühitində qarşılıqlı anlaşmaya, sakitliyə çalışmalıdırlar. Ehtiyatlı olub, bir-birinin məhəbbətini qazanmalıdırlar.
Həyat yoldaşları bir-birinin zəhmətini qiymətləndirməlidirlər. Əgər kişi ailəni tə’min etməyə məs’uldursa, min bir əziyyətlə bu məs’uliyyəti yerinə yetirirsə, öz qazancını minnət qoymadan, səxavətlə dolanışığa xərcləyirsə, qadın onun zəhmətini qiymətləndirib, açıq-qəlblə təşəkkür etməlidir.
Əgər qadın müxtəlif üsullarla ailə və evin təmiz saxlanması zəhmətinə dözməklə, ərə qayğı məs’uliyyətini yerinə yetirməklə vəzifəsini layiqincə icra edirsə, ailəyə səfa və məhəbbət hədiyyə edir. Kişi də onun zəhmətini lazımınca qiymətləndirib, təşəkkür etməlidir.
Qadın və kişi istər ev, istərsə də evdən kənar işlərdə yekdil olub, bir-birinə yardım göstərməlidir. Kişi elə təsəvvür etməlidir ki, ev işlərinin ona dəxli yoxdur və bu məs’uliyyət yalnız qadına aiddir.
Ər-arvad ev və ailə məsələlərində bir-birinə məsləhətçi olmalıdır. Məsləhətləşmə yalnız bir-birinin təcrübəsindən istifadə etmək üçün deyil. Bu yolla ailədə qarşılıqlı hörmət yaranır və ailə sevgisi dərinləşir.
Eləcə də ər-arvad səmimi olmalı, e’timadsızlıq yaradan bütün şeylərdən çəkinməlidirlər.
Dostları ilə paylaş: |