İxtisas: 5706. 01‒Azərbaycan dili İstiqamət: Filologiya elmləri ‒ dilçilik


AD DÜZƏLDƏN QEYRİ-MƏHSULDAR ŞƏKİLÇİLƏRİN FUNKSİONAL XÜSUSİYYƏTLƏRİ



Yüklə 349,49 Kb.
səhifə11/21
tarix02.02.2022
ölçüsü349,49 Kb.
#114056
1   ...   7   8   9   10   11   12   13   14   ...   21
AD DÜZƏLDƏN QEYRİ-MƏHSULDAR ŞƏKİLÇİLƏRİN FUNKSİONAL XÜSUSİYYƏTLƏRİ

    1. Adlardan ad düzəldən milli mənşəli qeyri-məhsuldar şəkilçilər

Müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibindəki lüğəvi vahidlər arasında morfoloji yolla əmələ gəlmiş sözlər digər üsullarla yaranmış sözlərdən kəmiyyət etibarilə çoxluq təşkil edir. Belə leksik vahidlərin yaranmasında adlardan ad düzəldən qeyri-məhsuldar şəkilçilər diqqəti xüsusi ilə cəlb edir. Bədii mətnlərin dili göstərir ki, müasir dilimizdəki adlardan ad düzəldən qeyri-məhsuldar milli mənşəli şəkilçilərin böyük əksəriyyəti qədim yazılı abidələrdən başlayaraq dilimizdə mövcud olmuşdur. Nəzərə almaq lazımdır ki, tarixən işlək olmuş qeyri-məhsuldar şəkilçilərin bir qismi müasir Azərbaycan ədəbi dilində tamamilə işləkliyini itirmişdir.Tədqiqata cəlb etdiyimiz şəkilçilər əsasən bu gün söz yaradıcılığında iştirak edə bilən morfemləri əhatə edir. Bu qrupa daxil olan şəkilçilərin əsas funksional xüsusiyyəti ondan ibarətdir ki, onlar daha çox isim, sifət əmələ gətirir və əsasən aşağıdakılardan ibarətdir:

-ac. Bu budaq morfem Azərbaycan dilində söz şəkilçi keyfiyyətinə malikdir. Ölçü, alət, numerativlik xüsusiyyəti daşıyan qolac leksik vahidində işlənir. Qolac sözü tarixən qolac, qulac, kulaç, qulaş şəklində işlənmişdir. -ac budaq morfemi mənşə etibarilə açmaq feilindən yaranmışdır. Bu fikri qolac sözünün leksik mənası da təsdiq edir. M.Kaşğarinin “Divan”ında bu sözün etimologiyası belə verilmişdir: “Bunun əsli «... kol açdır». «»... bir kulaç barçın» deyilir ki, «bir qulac ipək parça» deməkdir.”[94, c.1, s.364] “Divan”da bu sözün əsasında yaranmış kulaçladı feili də izah olunmuşdur. [96, c.3, s.291] A.N.Kononov da -aç şəkilçisi ilə yaranmış kulaç və tıkaç sözlərini vermişdir. [180, s.87]

Qolac sözü danışıq dilində qulaş, qulac kimi də işlənir. Məsələn, “Koroğlu” dastanında Dona xanımla İsabalının dialoqunda qulaş, X.R.Ulutürkün “Ana dilim” şeirində isə qulac şəklində işlədilmişdir:

Səhər olcaq top-tüfənglər atarlar, Qulaş qolun dal gərdəndə çatarlar... (KD, 205)



Dörd qulac ip Bir yüyrüyü bənd eləmiş kəhkəşana. (X.R.Ulutürk)

-ac,-c. İsim və sifət düzəldən qeyri-məhsuldar şəkilçi kimi qoşulduğu sözün məzmununda mübaliğə, böyütmə çaları yaradır. Azərbaycan dilində -ac,-aş, türk dilində -aç şəklində rast gəlinir. Dilimizdəki anac, türk dilindəki anac, babac, atac topac, kırac, qaqauz dilindəki topac kimi sözlər bu şəkilçi vasitəsilə əmələ gəlmişdir. [168, s.101] N.Hacıeminoğlu şəkilçinin -iç fonovariantını da vermiş, Qaraxanlı türcəsində begiç sözünün olduğunu qeyd etdmişdir. [164, s.13] Dədə Qorquddakı Buğac antroponimi də bu şəkilçi vasitəsilə əmələ gəlmişdir. [143, s.163]

Dialekt və şivələrimizdəki burxac ismini də -ac şəkilçili söz hesab etmək olar. İ.Bayramov Şəmkir və Göyçə şivələrində suyun iti axan yeri mənasında işlənən burxac hidroterminini burulmaq feili əsasında izah edir. [15, s.42] Bizcə, bu söz bur+ux+ac modeli əsasında yaranmışdır.

-axay,-xay,-vay. Azərbaycan dilində sözdüzəldicilik qabiliyyəti olduqca aşağıdır. -axay şəkilçisinə əsasən solaxay sözündə rast gəlirik. Şəkilçi qoşulduğu sözdə əsasən söz kökündəki anlayışa istiqamətlənmiş, meyillənmiş əlamət çaları ifadə edir. Solaxay sözü M.Kaşğarinin “Divan”ında solamuk kimi izah olunmuşdur. Bu söz Türkiyə türkcəsində solak kimi işlənir. Çox güman ki, -axay şəkilçisi quruluşca mürəkkəb olub, etimoloji cəhətdən sola düzəltmə zərfinə -xay əlavə edilməklə düzəlmişdir. B.Əhmədov yazır ki, -vay şəkilçisi də elə -xay şəkilçisinin bir şəkildəyişdirmiş formasıdır. [34, s.203] -xay və -vay budaq morfemlərinə isə ölüxay, dəlixay, ölüvay (KD, 39) sözlərində təsadüf olunur. K.Ramazanov Muğan qrupu dialekt və şivələrində -vay şəkilçisinin -əvay formasının olduğunu göstərmiş, ölivay, türkəvay, kosavay sözlərini nümunə kimi vermişdir. Onun fikrincə, -vay,-əvay şəkilçisi qoşulduğu bəzi sözlərdə müqayisə çaları yaratdığı üçün kimi qoşmasının mənasına uyğun gəlir. [11, s.94]

-dər. Bu budaq morfem isim və substantiv sözlərdən şəxs, insanla bağlı isimlər düzəldir. Lakin Azərbaycan dilində elə də işlək bir vəziyyətdə deyil. “Biləndərin nağılı”ndakı biləndər və artıq ümumişlək sözə çevrilmiş öndər sözündə rast gəlinir.

-qan. Qeyri-məhsuldar omonimlik xüsusiyyəti daşıyan söz-şəkilçidir. M.Ergin şəkilçini -kan kimi qeydə almış və ünvan bildirən söz əmələ gətirdiyini göstərmişdir. [160, s.166] Dilimizdə müasir türk dilinin təsiri ilə keçmiş başqan sözündə işlənir.

-sal,-sul. Bu şəkilçilər türk dillərindən fərqli olaraq, Azərbaycan dilində morfoloji yolla söz yaradıcılığında çox zəif iştirak edir. İsimlərdən həm əlamət, həm də keyfiyyət, qismən də çoxluq bildirən sifətlər düzəldir. Şəkilçinin -sul forması daha qədimdir və Azərbaycan dilində təkcə yoxsul (Oğuz, 21, 22, 26, 48, 70, 73, 75, 135, 147, 174, 177, 178, 179, 180, 187; KD, 28, 29, 57, 81, 90, 189) sözünü əmələ gətirmişdir. Dilimizdə bu sözü quruluşca sadə qəbul edənlər də var. -sal variantı isə daha çox türk dilinin təsiri nəticəsində yaranmış qumsal, rəqəmsal, duyğusal sözlərində işlənir. Türk dillərində də Azərbaycan dilində olduğu kimi şəkilçinin -sal variantı daha işlək və məhsuldardır. Z.Korkmaz bu şəkilçidən danışarkən onun yaranmasını fransız mənşəli -al şəkilçisi ilə bağlamışdır. Onun fikrincə, -al nisbət, aidlik şəkilçisi türk dilindəki siyasa və ulus sözlərinə əlavə edildikdən sonra yanlışlıqla sabitləşmiş və tədricən işlənmə dairəsini genişləndirmişdir. [166, s.61‒62] Lakin bu izah inandırıcı görünmür. Bir faktı da qeyd edək ki, -sal budaq morfemi qoşulduğu sözlərdə təqribən sifət düzəldən və məhsuldar -lı,-li,-lu,-lü şəkilçisinin ifadə etdiyi semantikanı ifadə edir: duyğusal‒duyğulu, qumsal‒qumlu və s.

-ısqal. Müasir Azərbaycan dilində sifətdən sifət düzəldən şəkilçi kimi öyrənilir. Dar sifətindən əlamət bildirən darısqal (DDG,107) sifətini əmələ gətirir.

S.Cəfərov bu sözü quruluşca düzəltmə qəbul etsə də, həmin şəkilçini -cıl,-cil,-cul,-cül,-sal,-sel şəkilçilərinin bir fonetik variantı kimi dəyərləndirmişdir. B.Əhmədov isə sözü darsınqal kimi təhlil etmişdir. O, darısqal sözünü tatar dilindəki darsınqıra sözü ilə əlaqələndirmiş, buradakı -ıs elementini -sa,-sə şəkilçisinin derivatlarından olan -sın kimi, -qal morfemini isə sifət düzəldən şəkilçi kimi qeyd etmişdir. [34, s.77; 35, s.115]

C.Cəfərov, N.Abdullayev isə şəkilçini sifətin azaltma dərəcəsini əmələ gətirən morfoloji əlamətlərdən biri kimi təhlil etmişlər. [24, s.45]

-uc. Budaq morfem dilimizdəki nəticə sözünün sinonimi kimi çıxış edən sonuc sözünü yaratmışdır. Türkiyə türkcəsində sonuç kimi işlənir. Güman ki, birinci növ təyini söz birləşməsindən mürəkkəb sözə, daha sonra düzəltmə sözə çevrilmişdir. “Kitabi-Dədə Qorqud”da, “Dastani-Əhməd Hərami”də, Ş.İ.Xətayidə söz birləşməsi daxilində son uc, son ucu, son ucı (DƏH, 93, 96, 98, 107, 110; KDQ, 36, 51, 94; Xətayi, 76) şəklində bir neçə dəfə işlənmişdir. Tarixən də söz birləşməsi daxilində işləndikdə də axır, nəticə, sonuç, nəhayət mənalarını bildirmişdir. Bu gün dilimizdəki sonuc sözünün uc hissəsi öz ilkin mənasının qismən daralması nəticəsində budaq morfem funksiyasını daşıyır.

-lam. Azərbaycan dilində sağ sifətindən sağlam sifətini əmələ gətirir. Məs.: Çoban iri gövdəli sağlam bir oğlan idi. (KD, 27); Rövşən bəy, gəl əvvəl alverimizi eləyək, qoyunların arığını, kökünü, sağlamını, xəstəsini sonra aydınlaşdırarıq. (KD, 37)

-dəm. Çox arxaik şəkilçidir. Tarixən işlənmiş ərdəm, bu gün isə yöndəm (KD, 31, 53), gündəm sözlərində işlənir. Ərdəm sözü Göytürk dilində ərdəm, “Kitabi-Dədə Qorqud” dastanında ərdəmli (KDQ, 27, 28, 49, 53, 93) “Kutadqu Bilik” əsərində isə həm ərdəm (KB, 148, 304, 465, 468, 469, 534, 567, 1186), həm də ərdəmlig (KB, 567) şəklində işlənmişdir. A.von Qaben şəkilçinin qədim türk dilində seyrək işləndiyini və onun -dəm,-təm,-dam,-tam fonetik variantlarına rast gəlindiyini qeyd edərək gündəm, ərdəm, boğdam, tənridəm, birdam sözlərini nümunə kimi vermişdir. Əlavə edək ki, A.von Qaben gündəm sözünü indiki mənasından tamamilə fərqlənən günəşli mənasında vermişdir. O, bu şəkilçini etimoloji cəhətdən -ta,-da+m modeli ilə əlaqəli şəkildə izah etmişdir. [155, s.46] Z.Korkmaz isə həmin sözü günlük şəklində mənalandırmış və şəkilçini ölü kök kimi dəyərləndirmişdir. [166, s.46] B.Əhmədov ərdəm sözünün quruluşunu ər feilindən yarandığı qənaətində olmuşdur. O, şəkilçini də -dəm deyil, feil düzəldən -ıt4 və -am2 morfemlərinin sintezi kimi qəbul etmiş, eləcə də yardım sözündəki -dım formantını bir növ -dəm şəkilçisinin derivatı kimi qəbul etmişdir. O, bu sözün yaranmasını belə xarakterizə etmişdir: “...dialektal işləkliyini saxlamış qədim ərdəm sözü ər+it+əm//ər+id+əm// ərdəm inkişaf tarixi keçirmiş və ikiqat morfoloji sadələşmə nəticəsidir.” [32,s. 116‒117] B.Əhmədov isə bu sözün yaranmasın igid mənasını verən ər sözü ilə bağlamışdır. [34, s.103]

-daş,-dış,-aş. Bu şəkilçi omonim söz-şəkilçi xüsusiyyətinə malik olmaqla Azərbaycan dilində bir sıra funksiyaları yerinə yetirir. -daş budaq morfemi əslində olduqca məhusuldar bir şəkilçidir. Türkologiyada bu şəkilçinin mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Belə ki, -daş budaq morfemini gah fars, gah monqol, gah da türk mənşəli şəkilçi kimi tədqiq etmişlər. Bundan başqa, şəkilçinin yaranması haqqında da müxtəlif fikirlər mövcuddur. S.Cəfərov bu morfemi tuş olmaq təkibi feilinin ad hissəsi əsasında yarandığı qənaətində olmuşdur. Bu şəkilçini hətta -la,-lə+ş modelində təqdim edənlər də var. [19, s.78] A.von Qaben, N.K.Dimitriyev, A.N.Kononov, M.Ergin, Z.Korkmaz, T.Tekin, B.Çobanzadə, Ə.Dəmirçizadə, H.Mirzəzadə, Ə.Rəcəbli, Ə.Tanrıverdi, Q.Kazımov kimi dilçilər bu şəkilçinin etimologiyasını şərh etməklə qiymətli fikirlər söyləmişlər. Məlumdur ki, -daş şəkilçisi etimoloji cəhətdən yerlik halın morfoloji əlaməti olan -da,-də şəkilçisinin və sözünün birləşməsi əsasında yaranmışdır. [117, s.58] Bizə belə gəlir ki, tarixən iki cür yazılan -daş,-dəş morfeminin ilkin izahı türkologiyanın iki ulu kitabından biri olan “Divani-lüğat-it türk”də M.Kaşğari tərəfindən verilmişdir. O, -daş,-dəş şəkilçisini yaxınlıq və yaşıdlıq bildirən ədat kimi vermiş və onunla düzələn tüdəş, karındaş, əmikdəş, yerdəş, kadaş, könqüldəş kimi sözləri isə izah etmişdir. [94, c.1, s.404] Mübaliğəsiz demək olar ki, müasir Azərbaycan ədəbi dilində bir cür yazılan -daş şəkilçisi ümumtürk şəkilçisidir və müxtəlif fonetik variantlarda, dəqiq desək, -daş,-dəş,-taş,-təş formasında türk dillərinin əksəriyyətinin söz yaradıcılığında fəal iştirak edir. Şəkilçiyə “Orxon‒Yenisey”abidələrindən başlayaraq bütün sanballı mətnlərdə rast gəlinir. Müasir Azərbaycan dilində olduğu kimi, tarixi qrammatikada da məhsuldar və işlək olmuşdur. Nümunə kimi, kadaş (Y, 3; KB, 317, 502, 524), qarındaş//karındaş (KDQ, 43, 58, 59, 60, 66; DH, 24, 107; Xətayi, 169), yoldaş (KDQ, 46, 58, 61, 66, 76; Oğuz, 59, 76, 85,175; DƏH, 68; Xətayi, 169, 174; KD, 50 ), koldaş (KB, 1697, 2276, 3171, 2548, 2559, 2575), erdeş (KB, 3173, 3174), haldaş (Oğuz, 175; DƏH, 68), sirdaş (KD, 211), yerdəş (DLT1, 405) və s. kimi sözləri göstərmək olar.

-aş şəkilçisinə isə həm tarixən, həm də bu gün işlənən adaş (Y, 41; KB, 317, 502, 524; Oğuz, 156; DH, 48, 75), sözündə təsadüf edilir. Adaş sözünü quruluşca sadə qəbul edənlər də var. Məsələn, Q.Mahmudova yazır ki, Türkiyə türkcəsində düzəltmə söz kimi götürülən qardaş, yoldaş, addaş kimi sözlər Azərbaycan türkcəsində sadə sözlər adlanır. [99, s.119] Bədii mətnlərin linqvistik tədqiqi göstərir ki, tarixən -daş,-dəş şəkilçili sözlərin arasında yoldaş və qarındaş sözlərinin işlənmə tezliyi daha yüksək olmuşdur. Ə.Tanrıverdi yazır ki, yoldaş sözü həyat yoldaşı mənasında Dədə Qorqudun dilində iki dəfə işlənib. Qardaş isə qarındaş, kartaş, qardaş şəklində işlənib. [139, s.129] Bu söz türk dillərində müxtəlif fonovariantlarda işləkdir. [180, s.290] Müasir Azərbaycan ədəbi dilində isə bu şəkilçi çox məhsuldardır, onlarla sözün yaranmasında iştirak edir. Məs.: yoldaş, sirdaş, qələmdaş, soydaş, cığırdaş, əməkdaş, sinifdaş, məsləkdaş və s. Şəkilçinin -dəş formasına isə səsdəş sözündə rast gəlinir. Bu söz dilimizdə yenidir və türk dilindəki sesdeş (eyni səsi bildirən) termini ilə bağlıdır. Onu da qeyd edək ki, Xakas dilində -daş şəkilçisi ilə eyni funksiyanı daşıyan -daç budaq morfemi də vardır. -dac isə qoşulduğu sözdə daha çox əşya, alət bildirən konkret isimlər düzəldir. Məsələn, yağdaç (lapma), eldeç (taxılı və qarğıdalını döymək üçün dəyənək, toxmaq) [162]

Bundan başqa, bu gün dilimizdə ümumişlək olan çıxdaş sözü də vardır ki, o, yuxarıda bəhs etdiyimiz -daş şəkilçili digər sözlərdən fərqlənir. Birincisi, isim düzəldən -daş şəkilçisi rast gəlinmiş bütün nümunələrdə isimlərə artırıldığı halda, çıxdaş sözündə feilin sonuna artırılmışdır. İkincisi, soydaş, cığırdaş, əməkdaş kimi sözlərin tərkibindəki -daş morfemi çıxdaş sözündəki -daş morfemi ilə eyni deyil, yalnız bir-birilə zahiri oxşarlıq təşkil edir. Üçüncüsü, isim düzəldən -daş şəkilçisi məhsuldar olduğu halda, çıxdaş sözündəki -daş şəkilçisinin ikinci bir feilə əlavə edilib yeni söz düzəltməsinə rast gəlinmir. Bu söz müasir dilimizdə daha çox, çıxdaş olmaq, çıxdaş etmək tərkibi feillərinin ad hissəsi kimi, çox nadir halda isə sifət funksiyasında çıxış edir. Bu morfemin yaratdığı semantikadan da məlum olur ki, qoşulduğu sözdə məhsuldar -daş morfeminin yaratdığı alət, vasitə, yaxınlıq, birgəlik, eynilik çalarlarını verə bilmir. Bizə belə gəlir ki, çıxdaş sözündəki -daş budaq morfemi milli olmaqla bərabər, eyni zamanda tarixən işlək olan, bu gün isə arxaikləşmiş daş//taş//dış (dışra, taşra, dışaru ) sözünün tədricən öz müstəqilliyini itirməsi, lüğəvi mənasının daralması nəticəsində yaranmış və nəticədə bir şəkilçi kimi sabitləşmişdir. “Orxon‒Yenisey” abidələri, “Oğuznamə”, “Kitabi-Dədə Qorqud”, “Divani-lüğat-it türk”, “Dastani-Əhməd Hərami”, “Divani-hikmət”, “Kutadqu Bilik”, “Dəhnamə” kimi mənbələrdə daş//taş//dış, dışra, taşra, dışaru sözlərinin işlənməsi türk dilləri üçün xarakterik haldır. Ona görə də çıxdaş sözünü həmin dış, daş, taş sözünün əsasında yarandığını düşünmək olar. Çox güman ki, etimoloji cəhətdən daşımaq feilinin kökündə də daş//taş//dış sözləri dayanır. Müasir dilimizdə tədricən arxaikləşməyə doğru inkişaf prosesini keçirən sağdış və soldış sözləri də vardır. Güman ki, həmin sözlərdəki -dış morfemi də məhz daş//taş//dış sözü ilə bağlıdır və çıxdaş sözündəki -daş formantı ilə etimoloji cəhətdən eyni bir xətdə birləşir. Təsadüfi deyil ki, Türkman dilində kənar mənasında daş sözü işlənir. “Kitabi-Dədə Qorqud” dastanının, “Divani-lüğat-it türk” əsərinin, “Oğuznamə”nin, “Dastani-Əhməd Hərami” poemasının dili göstərir ki, bu morfemlər tarixən də müəyyən fonetik fərqlə işlək olmuşdur. Dəqiq desək, bu gün bizim sağdış şəklində işlətdiyimiz bu söz adlarını çəkdiyimiz mənbələrdə dost, yoldaş mənasında həm sağdıc (DLT3, 325; Oğuz, 117; DƏH, 96; KDQ, 153), həm də sağdıç (DLT3, 444) formasında işlənmişdir. Soldış sözü ilə müqayisədə sağdış sözü həmişə daha işlək bir söz olmuşdur. Bu sözlər canlı danışıq dilində müvafiq olaraq daha çox soldiş və sağdiş şəklində işlənir. Onu da qeyd edək ki, ədəbi dilimizdəki -daş,-dış şəkilçiləri Axısqa türklərinin dilində -taş,-diş,-dıci,-duci formasında işlənməkdədir. [82]

-ey. Bu şəkilçi dilimizdə arxaik bir şəkilçidir. Azərbaycan dilində isimdən isim düzəldir və qoşulduğu sözdə yer, məkan, istiqamət çalarları yaradır. Qeyri-məhsuldar söz-şəkilçi kimi güney və quzey sözlərində rast gəlinir. Quzey sözünün kökü quz artıq müstəqil leksik məna bildirmədiyi üçün quzey sözü təsviri qrammatikada ikinci bir morfemə bölünmür. Müqayisə üçün qeyd edək ki, M.Ergin quzey sözünü türk dilində quzay şəklində vermişdir. [160, s.108] F.Güzel isə bu sözü türk dilində işləkliyini itirmiş laç,-leç şəkilçisi ilə kuzleç formasında şərh etmişdir. [162] Z.Korkmaz isə bu şəkilçidən Azərbaycan, türk və Türkman dillərində seyrək və yön bildirən şəkilçi kimi bəhs etmişdir. Bundan başqa, o, türk dilində bu şəkilçi vasitəsilə əmələ gəlmiş birey, dikey, yanay, yüzey, uzay kimi terminləri də qeyd etmişdir. [166,s.35‒36]

-axlı,-ikli. Bu şəkilçi strukturca mürəkkəb olub, adaxlı və deyikli sözündə rast gəlinir. Hər iki şəkilçi -ax,-ik və -lı şəkilçilərinin birləşməsi əsasında yaranıb sabitləşmişdir. Demək olar ki, hər iki söz yaxın mənada işlənir və adətən nişanlı, bəlgəli qızlar, oğlanlar haqqında işlədilir. Bu morfemlərdən -axlı variantı daha qədimdir. Həmin morfemə Göytürk dilində, Dədə Qorqud dastanında, “Divan”da rast gəlindiyi halda, -ikli şəkilçili sözə rast gəlinmir. Buradan belə nəticə çıxarmaq olar ki, adaxlı (KDQ, 53, 60, 62, 66, 67) sözü deyikli sözü ilə müqayisədə daha intensiv işlənmə tezliyinə malik olmuşdur. Güman edirik ki, adaxlı sözü qədim türk dilindəki ad, adak//x (KB, 374, 670) isimləri ilə bağlıdır. Qədim türk dilindəki adax sözü hazırda ayaq mənasını verir. Bu sözün türk dillərində ayak/adak/azak/hadak variantları da məlumdur. Adak sözü “uşağın ilk yerişi”, “ilk addım” mənalarını ifadə edir. [103, s.61] Lakin müasir Azərbaycan dilində müstəqil işlənməsə də, uşaq sözü kimi adax-adax eləmək formasında öz varlığını qoruya bilmişdir. Bu sözü etimoloji cəhətdən addım sözü ilə əlaqələndirmək olar. Düşünürük ki, “deyikli” sözünün yaranma yolu bir qədər fərqli olub, de+(y)+ik+li modelində yaranmışdır. Buradakı “y” bitişdirici samit, -ik feildən isim düzəldən məhsuldar şəkilçi, -li adlardan isim düzəldən omonim şəkilçidir. Sadəcə hazırda deyik sözü işlənmədiyi üçün şəkilçi -ikli şəklində fuziallaşmış və vahid bir şəkilçi xüsusiyyəti qazanmışdır.

-taq,-duq. Sinonim şəkilçilərdir. -taq şəkilçisi tax(maq) feilinin şəkilçiləşmiş formasıdır. Dilimizdə əşya məzmunlu buruntaq və burunduq sözlərində rast gəlinir. Burunduk (DLT1, 479; DLT2, 45) sözü buruntaq sözündən daha qədimdir. Belə ki, həmin söz elə buruntax, cilov, buruna keçirilən cilov mənalarında “Divan”da iki dəfə işlənmişdir. Müasir dilimizdə isə buruntaq sözü daha çox maldarlıq təsərrüfatında buruntaq vermək birləşməsi daxilində işlənir.

-da,-dey. Qoşulduğu sözdə əlamət, yer, məkan anlayışını ifadə edir. Dilimizdəki dalda (KD,172), daldey sözlərini bu şəkilçi vasitəsilə əmələ gəlmiş söz kimi qəbul eləmək olar. Əgər yarsan, gəl sarmaşaq qol-boyun, Durub daldalardan baxmağın nədir? (M.P.Vaqif)

M.Cəlalın “Dağlar dilə gəldi” povestində də bu sözə rast gəlinir. [112] Məs.: Qız bir az da daldaya çəkilib gözlədi, gözlədi ki, görsün müəllimə ilə anası nə danışacaq, necə danışacaq? Hər quşun uçuşunda, hər budağın daldasında, hər yarpağın kölgəsində körpə qızı axtarır, həsrətlə, yanğı ilə səsləyirdi.

Verdiyimiz hər üç nümunədə dalda sözü substantivləşmə prosesini keçirdiyi üçün sifətlik xüsusiyyətini itirmiş və mətndə müvafiq olaraq, gizlin, geri, arxa mənalarında çıxış etmişdir.

-kən. İsimdən isim əmələ gətirən qeyri-məhsuldar şəkilçi olub, qoşulduğu sözdə alət, vasitə, əşya çaları ifadə edir. Məs.: yelkən, pilləkən (DDG, 81, 107, 159) və s. Dilçilikdə -kən şəkilçisi zərf düzəldən şəkilçi kimi də verilir. [19, s.130] Hesab edirik ki, zərf düzəldən şəkilçi kimi verilmiş -kən budaq morfemi bir şəkilçi deyil, sadəcə zaman məzmunlu ikən hissəciyinin qısaldılmış formasından başqa bir şey deyildir.

-tuq. S.Cəfərov qeyri-məhsuldar -tuq şəkilçisini -lıq,-luq şəkilçisinin bir variantı kimi tədqiq etmişdir. [19, s.64] Şəkilçi müasir Azərbaycan dilində təkcə qoltuq (DDG,120, 143, 150, 156; Oğuz, 42, 89, 132, 175; DƏH, 99; KD, 17 ) sözündə işlənir. M.Kaşğarinin lüğətində bu söz həm koltuk, həm də koltık kimi verilmişdir. “Kitabi-Dədə Qorqud” dastanında (KDQ, 58, 108, 150) da bir neçə dəfə işlənmişdir.



-cıl,-cil,-cul,-cül,-ıcıl,-l. Bu şəkilçi müasir Azərbaycan ədəbi dilində məhsuldar sifət düzəldən şəkilçidir. Əsasən milli mənşəli sadə isimlərdən və feillərdən yaranmış düzətmə isimlərdən, çox nadir hallarda isə ərəb-fars mənşəli sözlərdən daimi keyfiyyət, əlamət, hal-vəziyyət, müqayisə, bənzərlik, yaxınlıq, oxşarlıq, xüsusiyyət bildirən sifətlər düzəldir. Məs.: yuxucul, söhbətcil, döyüşcül, kefcil, zarafatcıl, evcil, söyüşcül, ünsiyyətcil, qabaqcıl, ölümcül, öncül, adamcıl, yığımcıl, yanımcıl və s. -ıcıl budaq morfemi də -cıl4 şəkilçisinin bir derivatı olub, Azərbaycan dilindəki ardıcıl sözündə rast gəlinir. -ıcıl şəkilçisindəki -ı komponenti daşlaşmış nisbət şəkilçisidir. Bu şəkilçi adlardan sifət düzəldən şəkilçi kimi məhsuldar olduğu halda, addan ad düzəldən şəkilçi kimi qeyri-məhsuldar saymaq olar. Buna nümunə kimi dilimizdəki barmaqcıl və balıqcıl sözlərini vermək olar. Barmaqcıl sözü “Divan”da barmaqçın şəklində izah olunub. Müqayisə üçün əlavə edək ki, dördvariantlı -cıl şəkilçisi türkiyə türkcəsində bitki və heyvan adlarına əlavə edilib məhsuldar şəkilçi kimi işlənə bilir. Üstəlik, şəkilçinin qrammatik sinonimi olan dördvariantlı -çın şəkilçisi də daha işləkdir. Müasir Azərbaycan dilində isə -çın formasına daşlaşmış formada bir neçə sözün tərkibində rast gəlmək olar: göyərçin, bildirçin, sığırçın və s. Bu şəkilçi müxtəlif fonetik fərqləri nəzərə almaqla digər türk dillərində də işlənir. A.von Qaben, B.Çobanzadə, M.Ergin, Z.Korkmaz, N.K.Dimitriyev, B.Serebrennikov, F.Zeynalov, H.Mirzəzadə, K.Bəşirov və s. kimi dilçilər şəkilçinin türk dillərində işlənmə xüsusiyyətindən bəhs etmişlər. Dilçilik ədəbiyyatında -cıl4 şəkilçisindən danışılarkən nümunə çəkilən sözlərdən biri də ortancıl sözüdür. Hesab edirik ki, bu sözün quruluşu yuxarıdakılardan fərqli yanaşma tələb edir. -cıl4 şəkilçisini onun bütün derivatları ilə birgə Oğuz qrupu türk dillərinin morfoloji kateqoriyaları müstəvisində təhlil edən K.Bəşirov ortancıl sözünün də -cıl morfemindən yarandığnı göstərir: “-cıl mofeminin allofonlarından biri kimi meydana çıxan -cı şəkilçisi təkcə isim və felləri əlaqələndirməklə qalmamış, sonrakı inkişaf fazasında -ıncı4 formasında sayların da əlamətləndirilməsində aktiv iştirak etmişdir. Bu təyinat sifətin azaltma dərəcəsi göstəricisi -ımtıl(-ımtır) və fellərə -çıl morfemlərinin qoşulması modelinə uyğun bir şəkildə baş vermişdir: bir+in(im)+ci(l); son+un+cu(l); orta+n+cıl” [17, s.396] Biz belə fikirləşirik ki, ortancıl sözü orta+ıncı+ıl modeli əsasında yaranmışdır. Burada orta sözün kökü, -ıncı sıra sayını əmələ gətirən şəkilçi, -ıl(-l) isə adlardan sifət düzəldən arxaik şəkilçidir. Məlumdur ki, sıra sayını düzəldən -ıncı,-inci,-uncu,-üncü şəkilçisi çox az halda say olmayan sözlərə də qoşulub say məzmununu yarada bilir. “Azərbaycan dilinin qrammatikası”nda bu haqda belə bir qeyd var: “Sıra sayları şəkilçiləri (-ıncı,-inci,-uncu,-üncü şəkilçisi nəzərdə tutulur ‒İ.Ə.) əvvəl, axır, son, orta kimi sözlərə də əlavə olunaraq sıra məfhumları bildirir; məs.: əvvəl - əvvəlinci, axır - axırıncı, son - sonunucu, orta - ortancı” [10, s.142] Bu cərgəyə axarıncı sözünü də əlavə etmək olar. Bu söz daha çox bənzətmə əsasında yaranmış, davamlılıq bildirir və digərlərindən fərqli olaraq əksərən axarıncı olsun şəklində istifadə olunur.

Ə.Cavadov da ortancıl sözünü ifadə etdiyi mənasına görə sıra saylarına yaxın hesab etmişdir. [118, s.135] B.Çobanzadə və Q.Kazımov da ortancı sözünü -ıncı şəkilçisi vasitəsilə əmələ gəlmiş söz kimi vermişdir. [26, s.127; 80, s.150] Orta sözü saitlə bitdiyi üçün, şəkilçi də saitlə başladığı üçün eliziya hadisəsi baş vermiş, şəkilçi -ncı formasına düşmüşdür: orta+(ı)ncı. Ş.Hüseynov isə -cıl şəkilçisini sözdüzəldici şəkilçilərin qovuşması kontekstində vermiş, həmin şəkilçini isim düzəldən dördvariantlı -çı və sifət düzəldən -l şəkilçilərinin sintezi əsasında yarandığını göstərmişdir. [57; 58, s.156] K.Quliyeva da Ayrım şivəsində sifət düzəldən morfemləri təhlil edərkən şəkilçini qeyri-məhsuldar morfem kimi təhlil etmiş və çı+l modelində əmələ gəldiyini qeyd etmişdir. [88, s.202‒207] İ.Kazımov bu şəkilçinin -inçi və -inci formalarından Axısqa türklərinin dilində feildən isim və saydan say düzəldən şəkilçi kimi bəhs etmişdir. [82] Türkoloji dilçilikdə T.Yıldırım şəkilçinin yeni uyğur dilində ancaq ahəng qanununa tabe olmayan -nçi şəklində işləndiyini qeyd etmişdir. [174] Nevzat Özkan isə qaqauz dilində -nca şəkilçisini qeydə almış, nümunə kimi də “ikinci sırada olan” mənasını verən “ortanca” sözünü vermişdir. [168, s.106] Bu şəkilçinin Azərbaycan dilinin tarixi morfologiyasında -mci formasında işləndiyi də məlumdur. Bu hal bu gün dialekt və şivələrdə də özünü göstərir. R.Rüstəmov Qazax və Tovuz şivələrinin morfoloji xüsusiyyətləri ilə bağlı tədqiqatlarında yazır ki, sıra sayı şəkilçiləri Bakı, Quba dialektləri, eləcə də Qazax, Tovuz şivələrində həm -ıncı4, həm də -ımcı4 şəklində işlənir. [127, s.21] H.Mirzəzadə yazır ki, bu şəkilçi XX əsrin əvvəllərinə kimi –mci və -nci formasında işlənmişdir. [117, s.100‒101]

Təsadüfi deyil ki, müasir Azərbaycan ədəbi dilindəki -ıncı,-inci,-uncu,-üncü şəkilçisi Göytürk dilində -nç,-ınç,-inç şəklində mövcud olmuşdur. Ə.Rəcəbli hətta göytürk dilində -nç şəkilçisi ilə eyni funksiyada çıxış edə bilən -nti morfeminin də olduğunu qeyd etmişdir. [123, s.190] G.Vəliyeva da şəkilçini abidələrin dilində sıra sayı düzəldən morfem kimi xarakterizə etmişdir. [147, s.100] M.Ergin də şəkilçini -nç kimi qəbul etmiş, -ı ünsürünün sonradan əlavə olunduğu qənaətində olmuşdur. [160, s.160] Qeyd edək ki, sıra sayını düzəltmək üçün istifadə olunmuş -nç morfemli sözlərə “Divan”da, “Kutadqu Bilik”də də rast gəlmək mümkündür. Məs.: üçünç (DLT1, 189; DLT3, 384) Müqayisə üçün bildirək ki, orta sözü “Divan”da həm orta, həm otra, həm də ortu kimi izah olunmuşdur. Dədə Qorqud dastanında isə günortac sözü də vardır. Ortancıl sözündəki -ıl(l) morfemi bu gün tamamilə arxaikləşmiş bir şəkilçidir. Həmin morfem etimoloji cəhətdən qızıl (KB, 2250; KDQ, 25, 35, 37, 38) və yaşıl (KB, 2250) sözlərində özünü göstərir. A.von Qaben, M.Ergin, T.Tekin, Z.Korkmaz, T.Banguoğlu qədim türk dilində -l şəkilçisini adlardan sifət düzəldən şəkilçi kimi xarakterizə etmişlər. Güman ki, -cıl morfemi də quruluşca mürəkkəbdir və buradakı -l elə qızıl sözündəki -l ilə eyni bir mənbədəndir. A.N.Kononov qızıl sözündəki -l elementini kiçiltmə bildirən şəkilçi kimi tədqiq etmişdir. [167] Qeyd edək ki, Talat Tekin “Orhon türkçesinin grameri” kitabında birinci və ikinci mənasında müvafiq olaraq birincil və ikincil sözlərini işlətmişdir. [169, s.80] Çox güman ki, bu sözlərin də əmələ gəlmə yolu ortancıl sözü ilə eynidir. Z.Korkmaz isə türk dilindəki dördül, doğal, tekil, çoğul, düşüncel, yasal, buzul kimi sözlərin quruluşu əsasında -l sifət düzəldən şəkilçisindən bəhs etmişdir. [166, s.71‒72]

-man,-mən. Azərbaycan dilində söz-şəkilçi olub, həm adlardan, həm də bir və ikihecalı təsirli və təsirsiz feillərdən yeni məzmunlu konkret isim və keyfiyyət bildirən sifətlər əmələ gətirir. Qeyri-məhsuldar olsa da, işlənmə tarixi qədimdir, qədim yazılı mətnlərdə də rast gəlinir. Qoşulduğu sözdə daha çox, iş, peşə, sənət, atributivlik kimi müxtəlif çalarlar yaradır. Bir növ, dördvariantlı -çı və -ıcı şəkilçilərinin ifadə etdiyi mənaya yaxın çalar ifadə edir. Türk dillərində daha işləkdir. F.Cəlilov bu budaq morfemi hind-Avropa dilləri üçün xarakterik olan -man,-men, fars mənşəli sənət, peşə bildirən -ban və türk kökənli -man şəkilçisinin müqayisəsi müstəvisində tədqiq edir və onların eyni mənşəli olduğu fikrini irəli sürür. [23, s.106] Lakin bu şəkilçini rus-Avropa mənşəli -men morfemindən fərqləndirmək lazımdır. Onları yalnız etimoloji cəhətdən diaxronik istiqamətdə öyrənmək olar. B.Əhmədov isə -man budaq morfemindən Azərbaycan və fars dillərində çoxluq bildirən şəkilçi kimi bəhs etmişdir. [34] T.Banguoğlu -men şəkilçisini əvvəllər böyütmə bildirdiyini və onun -me əsasında yarandığı fikrini irəli sürmüşdür. Eyni zamanda o, qədim və müasir türk dilində işlənən -men şəkilçisini bir-birindən fərqləndirmiş, yeni türkcədəki -men budaq morfemini etimoloji cəhətdən german dillərindəki “kişi və yapıcı kişi” anlamındakı “Mann” sözünə bağlamış, eyni zamanda isim və feillərlə işlənməsini bununla əlaqələndirmişdir. [156]

F.Xalıqov isə onomastik leksikanın linqvistik təhlili əsasında -man elementini çoxmənalı sonluq kimi dağ, meşə, insan, batırmaq və s. mənalarda işləndiyini qeyd etmişdir. Bundan başqa, o, bu morfemi türk mənşəli olduğunu vurğulamışdır: “Beləliklə, -man sonluqlu sözlərin türk dillərinə mənsubluğu inkaredilməzdir. Əgər həmin quruluşda sözlərə başqa dillərdə təsadüf olunarsa, deməli, həmin dillərə türk dillərindən keçmişdir.” [63, s.85] “Kitabi-Dədə Qorqud”dakı yetman (KDQ, 25, 26) sözünün tərkibində işlənmişdir. “Divan”da sökmən, Türkman kimi sözlərdə də işlənib. Müasir Azərbaycan dilində qocaman, arzuman, şişman, yalman, azman, türkman, ataman, Türkman, öyrətmən, danışman, tərcuman və s. kimi sözlərdə rast gəlinir. Türkoloji dilçilikdə də bu şəkilçi haqqında müəyyən fikirlər mövcuddur. M.Ergin və Z.Korkmaz [160, s.167; 166, s.58] şəkilçini türk dilində mübaliğə, şişirtmə və bənzərlik, N.Özkan isə qaqauz dilində diqqət bildirən şəkilçi kimi xarakterizə etmişdir. [168, s.106] Müasir türk dilində daha çox sənət, peşə bildirən “sayman”, “öğretmen”, “çevirmen”, “danışman”, “gezmen”, “düzeltmen”, “yazman”, “okutman”, “eğitmen”, “eleşdirmen” kimi sözlərlə işlənir və daha məhsuldardır. Cağatay türkcəsində daha çox konket və mücərrəd isimlər yaradan qeyri-məhsuldar şəkilçi kimi işlənir və əsasən degirmen, örtmen, tuman (duman), yaman, sökmen kimi sözləri əmələ gətirir. [172, s.71‒72] Qaraxanlı türcəsindəki sökmən, sıkman, tuman, kurman sözləri də -man şəkilçisinin əsasında yaranmışdır. [168, s.106] F.Güzel türk dilində bu şəkilçi ilə əmələ gəlmiş -mantı budaq morfeminin olduğunu qeyd etmişdir.[162] Şəkilçi çuvaş dilində də işləkdir. [178, s.135]

-çaq,-çək,-çıq. Bu şəkilçi Azərbaycan dilində müxtəlif funksiyaları yerinə yetirən qeyri-məhsuldar omonim şəkilçidir. İsim, sifət, zərf düzəldə bilir. Zərf kimi işləndikdə daha çox adverbiallaşma funksiyasını yerinə yetirir. İsimlərin sonuna qoşulmaqla ya əşya, alət, vasitə, nisbətən də kiçiltmə məzmununu bildirən konkret isimlər, ya da zahiri görkəm, əlamət bildirən sifətlər əmələ gətirir. Məsələn: dibçək, dilçək, oduncaq, qolçaq (KD,144), köynəkçək, yalınçaq, tumançaq, yarımçıq (DDG, 127, 128) və s. Dədə Qorqud dastanında “yalıncaq” (KDQ, 26, 31, 60,145) sözündə də rast gəlinir. A.von Qaben və M.Ergin də bu şəkilçini kiçiltmə bildirən, A.N.Kononov isə sevgi ifadə edən şəkilçi kimi izah etmişdir. [167] Azərbaycan dilçiliyində də bu şəkilçi əsasən dimunitiv mənalı sözlər düzəldən şəkilçi kimi nəzərdən keçirilir. [151, s.63‒67]

-an,-ən,-n. Bu şəkilçi Müasir Azərbaycan dilində omonim şəkilçi olmaqla müxtəlif funksiyaları yerinə yetirir; həm sözdəyişdirici, həm düzəldici şəkilçi kimi işlənir. “Orxon‒Yenisey” abidələrində də qeyri-məhsuldarlığı ilə diqqəti cəlb edir. Bu gün ərən, oğlan, düzən, kökən sözlərində işlənir. Bu şəkilçi ilə omonimlik münasibətində olan feildən isim düzəldən -an,-ən şəkilçisi də qeyri-məhsuldar xarakterə malikdir. Feildən isim düzəldən şəkilçi kimi daha çox alət, əşya, proses məzmunlu substantiv isimlər düzəldir. Məs.: qalxan, pozan, talan, Yaradan və s. Müqayisə üçün qeyd edək ki, dilimizdə şoran, qadağan, məsələn kimi sözlər də vardır. Bizə belə gəlir ki, bu sözlərdəki -an,-ən,-n fars dilində cəmlik funksiyasını yerinə yetirən şəkilçidir.

-aq,-ağa. M.Kaşğari iz, kiçik yol, cığır mənasında yolak sözünü vermişdir. Həmin söz bu gün müasir Azərbaycan dilində yolağa şəklində işləkliyini qoruyub saxlaya bilmişdir. Bizə belə gəlir ki, -ağa budaq morfeminin ikinci komponenti -a yönlük hal şəkilçisi olub, -aq morfeminin tərkibində daşlaşmışdır. Yer, məkan bildirir. Bunu “Kitabi-Dədə Qorqud” dastanında işlənmiş yalaq (KDQ, 39) sözünün semantik tutumu da göstərir.

-əş. Budaq morfem qədim omonim şəkilçilərdəndir. Demək olar ki, dilimizdə minillik işlənmə tarixi vardır. T.Tekin bu budaq morfemin Orxon abidələrində təkcə günəş leksik vahidini əmələ gətirdiyini qeyd etmişdir. [169, s.85] Keçən bu müddət ərzində ad və feildən ad düzəldən qeyri-məhsuldar şəkilçi kimi günəş (Xətayi, 66,167; DDG, 119) və güləş (oğlan/qız) sözlərində öz işləkliyini qoruyub saxlaya bilmişdir. Bunlardan güləş sözü ayrılıqda işlənməklə yanaşı, daha çox sərbəst söz birləşməsinin bir tərəfi funksiyasında da çıxış edir. Məsələn, M.P.Vaqifin dilində də güləş sözü əsasən qeyri-təyini ismi birləşmənin bir komponenti şəklində işlənmişdir. Məs.:

Güləş üzlü, şirin sözlü, xoşqılıq, Ləblərindən axar balı gözəlin.

Güləş üzlü, şirin sözlü, ahu baxışlı, maral yerişli kimi söz birləməsi modelində olan birləşmələrə “Kitabi-Dədə Qorqud” dastanında da təsadüf olunur. Bu da o deməkdir ki, bu tip birləşmələrin dilimizdə formalaşmasının azı 1500 illik tarixi vardır. [48, s.83]

Qeyd edək ki, bu qrupa aid olan budaq morfemlər əksəriyyət etibarilə bir cür yazılan şəkilçilərdən ibarət olmaqla yanaşı, eyni zamanda əsasən qohum türk dillərində müəyyən fonetik fərqlərlə işlənə bilir. Demək olar ki, ad düzəldən milli mənşəli şəkilçilərin yaratdığı leksik vahidlər daha çox isim və sifətlərdən ibarətdir.





    1. Yüklə 349,49 Kb.

      Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin