Tədqiqatın elmi yeniliyi. Dissertasiya işində Azərbaycan dilindəki qeyri-məhsuldar şəkilçilər kəmiyyət və keyfiyyət baxımından ilk dəfə sistemli şəkildə tədqiqata cəlb olunur. Düzdür, buna qədər şəkilçilərlə bağlı, xüsusən də qrammatik şəkilçilər və məhsuldar sözdüzəldici şəkilçilərlə əlaqədar məqalələr yazılmış, monoqrafik tədqiqatlar aparılmış, kitablar çap olunmuşdur. Hətta ayrı-ayrı dilçilər öz araşdırmalarında qeyri-məhsuldar şəkilçilərin müəyyən hissəsindən ayrıca bir bölmə kimi bəhs etmişlər. Müasir Azərbaycan ədəbi dilindəki qeyri-məhsuldar şəkilçiləri həm tarixi, həm də təsviri aspektdə türk dillərinin, eləcə də dialekt və şivələrimizin materialları əsasında linqvistik təhlilə cəlb etmək, onların bir komleks şəkildə funksional keyfiyyətlərini ümumiləşdirmək, tarixi inkişafını izləmək, yüzlərlə qeyri-məhsuldar şəkilçini tədqiq etmək, mövzu ilə əlaqədar mövcud elmi fikir və yanaşmaları müqayisəli şəkildə analiz etmək və s. kimi məsələlər dissertasiya işinin elmi tutumunu artırmaqla yanaşı, onun elmi yeniliyi məsələsini də aktullaşdırmış olur. Bundan başqa, tədqiqat zamanı –cıl, -ülü, -ri, -paz, -nc,-c -ar,-ər, -ran, -rən, -şdır, -gin, -sa,-sə, -düz, -ın4 və s. kimi sözdüzəldici şəkilçilərin işlənmə məqamları ilə bağlı verilmiş müqayisəli linvistik və etimoloji təhlilər dilçilik nöqteyi-nəzərdən həmin morfemlərin stukturunun və funksional xüsusiyyətlərinin müəyyən olunmasında yeni elmi yanaşma kimi dəyərləndirilə bilər.