Leksik sinonimlərin əmələ gəlməsi. Azərbaycan dilindəki sinonimlər iki mənbə əsasında əmələ gəlir: Aərbaycan dilinin daxili imkanları ilə, başqa dildən söz almaqla.
Sinonimlər dilimizin öz imkanları əsasında çox müxtəlif yollarla əmələ gəlir. Bunlardan bir neçəsini göstərək:
1) Dildəki mövcud sözün başqa məna və ya məna çalarlığı kəsb etməsi ilə; məsələn, başlıq- sərlövhə. Bu sinonimlərin birinci sözü öz əsas mənasında başa bağlanan əşya anlayışını bildirir. Lakin məqalənin başlığı, kitabın başlığı dedikdə, həmin söz əlavə məna da ifadə edir və öz çoxmənalığı əsasında sərlövhə sözü ilə sinonimlik əmələ gətirir.
2) Dildə yeni söz düzəltməklə; məsələn, kiçik- balaca, doğru- düzgün, gen- enli, qoca- yaşlı və s.
Bu yolla düzələn sinonimlərin hər iki tərəfi də düzəltmə söz ola bilir; məsələn, aşxana- yeməkxana, aylıq- donluq;
3) dialektlərdən söz almaqla; məsələn, xəsis- simic, xiyar- yerpənək...
Bu misalların ikinci tərəfləri dialekt sözlərdir.
Sinonimlərin yaranmasında başqa dildən sözlər alınmasının xüsusi rolu vardır.
Dilimizdəki bu qrup sinonimlər əmələ gəlmə yollarına və mənbəyinə görə müxtəlifdir:
a) Alınma və Azərbaycan sözünün vasitəsilə yaranan sinonimlər. Bu sinonimlər dilimizdə qarşılığı olan başqa dilin sözünü aldıqda əmələ gəlir; məsələn,
Azərbaycan sözləri: Ərəb mənşəli sözlər:
Ağ bəyaz
qabaq əvvəl
qanacaq mərifət
yığıncaq məclis vəs
Azərbaycan sözləri: Fars mənşəli sözlər:
Od atəş
Budaq şaxə
Çiçək gül
Təmiz saf vəs
Bu cür sinonimlər içərisində elələri də vardır ki, onların birincisi Azərbaycan sözü, digərləri isə müxtəlif dillərdən alınma sözlərdir. Məsələn, gözlük( Azərbaycanca), eynək (ərəbcə), çeşmək(farsca), yaxud ürək (azərbaycanca), qəlb(ərəbcə), könül (farsca) və s.
b) Ancaq alınma sözlərin vasitəsilə əmələ gələn sinonimlər. Bu qrup sinonimlərin özləri də iki yerə bölünür:
Müxtəlif dillərdən alınma sözlərin sinonimliyi; məsələn,
Qəm (ərəbcə)- dərd (farsca).
Səbəbkar (ərəbcə)- günahkar (farsca)
Səcdə (ərəbcə)- sitayiş (farsca) vəs.
2. Eyni dildən alınma sözlərin sinonimliyi; məsələn,
Hal- əhval (hər ikisi ərəbcə)
Insaf- murvət (hər ikisi ərəbcə)
Dost- aşna- (hər ikisi farsca) vəs.
Sinonimlərin əmələ gəlməsi prosesi hazırda davam edir; Dilimizdə daima yeni-yeni sinonimlər yaranır.
Dostları ilə paylaş: |