Bilik, bacarıq və vərdişlərin mənimsənilməsi üçün bütün uşaqlara kömək göstərməyə hazır olan müəllim kadrlarının hazırlanması olduqca vacibdir. Məktəbəqədər təhsil müəssisələrində mövcud psixoloji durum təhsilin uğurlu getməsinə şərait yaradır. Məktəbəqədər təhsil müəssisələrində bütün uşaqlara göstərilən qayğı, müəllim kollektivinə mənəvi və metodiki dəstək təlim-tərbiyənin düzgün təşkili üçün vacib məsələlərdəndir. Bağçalarda oyuncaqlarla oynamayan uşaqlar inkişafdan geri qalırlar. Ona görə də, onlara oyuncaq və əşyalarla manipulyasya etməyi öyrətmək lazımdır. Bu proses uşaqlara əşyalarla bağlı əsas hərəkətləri (vurmaq, silkələmək, dartmaq, itələmək və s.) öyrədir. Uşaqlar üçün "reaksiya" verən (məsələn, səs çıxaran və ya şəklini dəyişən) oyuncaqlar tövsiyə olunur. Oyuncaqlarla oynayan tərbiyəçinin yardımı lazım ola bilər. Uşaq bağçalarında, yaxud məktəbəqədr hazırlıq müəssisələrində tərbiyəçilərin əsa rolu aşğıdakı funksiyaları həyata keçirməkdən ibarətdir: uşaqlarda kollektivçilik, əmək vərdişləri, davranış, etik və əxlaqi keyfiyyətlərininkişaf etdirilməsi, dünya haqqında ilkin təsəvvürlərin yaradılması. Həmçinin, ətraf mühit haqqında təsəvvürlərin yaradılmasında, özünəxidmət, ictimai həyatın ilkin norma və tələblərinə cavab vermə vərdişlərinin formalaşmasında tərbiyəçinin rolu böyükdür. Bir sözlə, tərbiyəçi balaca insanı böyüdüb, onu fiziki və mənəvi cəhətdən tərbiyə edir və cəmiyyət tərəfindən müəyyən edilmiş vəzifələrə uyğun şüurlu fəaliyyət üçün hazırlaşır. Ən çətin, lakin şərəfli bir peşə olan müəllimlik hələ qədimdə "peyğəmbərlik peşəsi" adlandırılmışdır. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Onların səyi ilə cəmiyyət daha da irəliləyir, daha böyük nailiyyətlər əldə edilir. Müəllim cəmiyyətin hər bir üzvünü - sağlam, ya sağlamlıq imkanı məhdud, fərqi yoxdur, - eyni məsuliyyət və qayğı ilə həyata hazırlayır.