b) Oyunun inkişafı.Məlum olduğu kimi, bağça yaşlı uşaqların əsas, aparıcı fəaliyyət növü oyundur. Bu dövrdə süjetli oyunların inkişafı sürətlənir, rolların mənimsənilməsi imkanları genişlənir. Xüsusilə də bu yaş üçün səciyyəvi, tipik olan rollu oyunlarda uşaqlar yaşlıların fəaliyyətini öz üzərinə götürür, onların real həyati funksiyalarını yerinə yetirir, özlərini yaşlı kimi aparırlar. Bu yaş dövrü üçün aparıcı fəaliyyət olan oyun prosesində uşaq müəyyən işlər görür, rola aid mülahizələr yürüdür, münasibətini bildririr, hətta yeri gəldikcə mübahisə edir və yaş artdıqca qaydalı oyunlar onların həyatında mühüm yer tutmağa başlayır.
Oyun inkişafı mürəkkəb və çox mərhələli bir prosesdir. Adətən onun aşağıdakı mərhələlərini fərqləndirirlər:
Birinci – oyunların predmeti və atributları ilə bağlı tanışlıq mərhələsidir. Bu, çağalıq dövrünə təsadüf edir. Həmin mərhələ əşyavi – manipulyativ xarakter daşıyıb, uşagın oyuncaqları əli ilə yoxlamasına, əlləşdirməsinə və ona bələdləşməyə cəhd göstərməsində özünü büruzə verir.
İkinci mərhələ - əşyavi oyun əməliyyatı olub birinci ilin axırı ikinci ilin əvvəllərini əhatə edir. Burada uşaq əşya – oyuncaqla müxtəlif əməliyyatlar aparır, onu yelləyir, silkələyir, itələyir və hərəkətə gətirirş
Üçüncü - əşyavi əməliyyatdan süjeti əks etdirən oyunlara keçid mərhələsini təşkil edir ki, bu zaman uşaq müxtəlif alətlərlə əməliyyat aparır.