İYİRMİ ÜÇ yeniyetmə



Yüklə 0,83 Mb.
səhifə10/19
tarix24.05.2018
ölçüsü0,83 Mb.
#51251
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

Dindirmə


Təxminim doğru çıxdı. Böyük və möhkəm bir səngərə çatdıq. Səngərə girmək üçün dar və uzun keçiddən keçməli idik. Səngərin içi bizim komandirlərimizin səngərlərinə əsla bənzəmirdi. Ortada taxta stol və ətrafında bir neçə stul vardı. Səliqəli geyinmiş bir polkovnik yuxarı başda və gənc leytenant da onunla üz-üzə oturmuşdu. Stulların birində oturdum. Polkovnik üzümə baxıb məni başdan ayağa süzdü. Məni gətirən zabitə bəzi suallar verib cavablar aldı. Sonra bir də mənə doğru baxıb çətinliklə anlaşılan dildə farsca danışmağa başladı.

- Adın nədir?

- Əhməd.

- Atanın adı?

- Məhəmməd.

- Niyə bizimlə vuruşmağa gəlmisən?

- Cavab vermədim. Polkovnik qarşısında oturan leytenantı göstərib dedi: "Bu, seyiddir, İmam Əlinin övladıdır. Mən özüm həmişə İmam Hüseyni ziyarət etmək üçün Kərbəlaya gedirəm. Siz nə üçün İmam Əlinin övladı ilə döyüşürsünüz?" Yenə cavab vermədim. Polkovnik hərbi suallar verməyə başladı.

- Sərhəddə nə qədər canlı qüvvəniz var?

- Xəbərim yoxdur. Biz bir bölük idik. Hamımız ya şəhid olduq, ya da əsir.

- Neçə tankınız var idi?

- Mən piyadayam. Bizi əraziyə gecə gətirdilər. Gecə qaranlığında tank görmədim.

- Komandiriniz kim idi? O da əsir düşdü?

Çətin sual idi. Komandirimiz Əhməd Şoul və müavini Məhəmmədrza Həsəni idi. Mühasirədə olanda Əhməd bizimlə deyildi, amma Məhəmmədrzanı əsir düşməzdən bir saat öncə görmüşdüm. Hərbi və əməliyyatqabağı təlimlərdə öyrənmişdik ki, əsir düşərkən komandirimizin adını soruşanda hansı cavabı verək.

- Komandirimiz səhər şəhid olan Rəhim Taliqani idi.

Doğru idi. Taliqani bizim tağımın komandiri idi və neçə saat öncə şəhid olmuşdu.

- Yalan desən, deyəcəm səni edam etsinlər!

- Yalan demirəm.

- Səni ananın yanına buraxsam, daha qayıtmazsan?

Bu suala cavab vermədim. İraqlı zabit iqtisadi suallara keçdi.

- İranda yeməyə bir şey yoxdur, hər şey talonladır. Düzdür?

- Bəli, hər şey talonladır. Talonla olmayanda bəzi varlılar möhtəkirlik edirdilər. Amma indi hamının talonu var və hər ay lazım olanı alırlar.

Bu sözləri cəbhədə öyrənmişdim. Polkovnik bəzən mənim sözlərimi leytenanta tərcümə edirdi. Bu dəfə isə sözlərimə nəsə əlavə etdi və ikisi də güldülər. Sonra dedi: “İranda araq da satırlar?”

- Xeyr, inqilabdan sonra araq mağazaları bağlandı.

- Amma bizim xəbərimiz var, İran xalqı çox pivəiçəndir.

- Elə deyil!

Polkovnik böyük bir şey kəşf etmiş kimi, istehzalı formada dedi: "Bəli, İslam pivəsi! İranda sizin İslam pivəniz var. Məgər pivənin də dini variantı olur?!" Sonra yenidən gülməyə başladı. Gənc leytenant da güldü.

İnqilabın ilk illərində bağlanmış pivə zavodları iflasdan qaçmaq üçün şəriət baxımından içməsi qüsursuz olan spirtsiz pivə düzəltməyə başladılar. Bu məhsulun adı “maüşşəir” idi; yəni arpa suyu. Camaat isə ona İslam pivəsi deyirdi. Deyəsən, bu məhsulun şöhrəti məni dindirən polkovnikə də çatmışdı. Məcbur qalıb İslam pivəsinin mənasını bir neçə sözlə izah etdim və dindirmə bitdi.

Gəldiyimiz yolla qayıtdıq. Növbə Həsənə çatdı. O da ifadə verib gəldi. Gözlərimizi bağlayıb harasa apardılar. Kələ-kötür torpaq yolla gözübağlı getmək çətin idi. İraqlı bələdçinin köməyilə çətinliklə gedirdik. Mülayim enişdən enib əmrə əsasən, yerdə oturduq. İraqlı əsgər nəsə deyib susdu. Uzaqdan gələn əsgərlərin səsindən başqa heç nə eşidilmirdi. Ətrafımıza dair heç bir təsəvvürüm yox idi. Külək əsirdi, sökəndiyimiz divardan başımıza toz-torpaq tökülürdü. Böyük qum dənələri saçlarımın arasına girirdi və kəskin torpaq iyini boğazımda hiss edirdim. Gözlərimizi bağladıqları qara parçanın o tərəfində fırtına qopmuşdu!

Bir saatdan çox orada qaldıq. Ayaqlarım yorulmuşdu. Tərpənəndə dirsəyim kiməsə dəydi. Dedim: "Həsən, sənsən?"

- Hə, Əhməd, mənəm.

- Əsgər hələ burdadır?

- Yox, məncə, gedib. Dindirəndə səni döydülər?

- Yox, səni necə?

- Yox. Deyəsən, çox da ciddi deyildi. Bura qədər yaxşı keçdi. Sonrasına da Allah kərimdir.

- Həsən!

- Hə? Nədir?

- Deyirəm səncə, nə vaxta qədər əsir olacağıq?

- Allahın əlindədir.

- Məncə, hələ ki əsirik. Bəlkə də bir il əsir qaldıq.

- Allah bilən məsləhətdir.

Ayaq səsləri yaxınlaşdı və söhbətimiz yarımçıq qaldı.

Bəsrəyə doğru


Bağlı gözlərlə maşına minib yola düşdük. Maşında gözlərimizi açdılar. Qərb istiqamətinə gedirdik. Günün batmasına iki saat qalmış düzənlik bir yerdə düşdük. Orada bizim və digər alayların əsirləri əlibağlı yerdə oturmuşdular.

Bizi də düşürdüb başqa əsirlərə qatılmağa qoydular. Əsirlər nə halda idilər: paltarlar yırtıq, saçlar dağınıq, üzlər toz-torpaq içində, bədənlər qanlı; bəzisi oturub, bəzisi də yerə uzanıb qalıb. Qırmızı papaqlı İraq əsgərləri onaları əhatəyə almışdılar. İlk baxışda heç kimi tanımadım, amma çox çəkmədi ki, alayımızın komandir müavini Məhəmmədrza Həsənini tanıdım. O tərəfdə iki kermanlı əmioğulları - Məcid və Rəsul Zeyqəmiləri gördüm. Məhəmmədrza Əşrəf, Əli Məhəmmədi və Salman Zadxoş da orada idilər. Beləliklə, tale bizim çadırın uşaqlarını qovuşdurmuşdu. Mahmud Məhəmmədi və Əkbər Daneşinin yeri boş idi.

Həsəni qarın nahiyəsindən yaralanmışdı. Məcid və Salmana isə qəlpə dəymişdi.

Günbatan çağı İraq ordusuna məxsus on hərbi maşını gəldi. Əsgərlərin arasına çaxnaşma düşdü. Əmr verilmişdi ki, əsirləri maşınlara mindirsinlər. Tələsik və kobud şəkildə bizi maşınlara doğru qovdular. Gec tərpənənlərin baş və boyunlarına qundaq zərbələri enirdi. Yaralıları necə gəldi maşının banına tullayırdılar.

Çalışırdım Həsəndən ayrı düşməyim. Cəld özümüzü birinci maşına çatdırdıq. Maşın dolandan sonra silahlı əsgərlərdən biri mənim yanımda oturdu. O vaxta qədər gördüyüm iraqlılardan fərqli olaraq, ağdərili və nisbətən qırmızıyanaq bir kişi idi. Otuz yaşı olardı. Vurduğu odekolonunun ətri bütün maşına yayılmışdı. Maşın tərpənəndən sonra farsca adımı soruşdu. Dedim: "Əhməd".

Mərhəmət dolu nəzərlə üzümə baxdı, sonra başdan-ayağa diqqətlə süzdü və başını yelləyib sanki bu boyumla müharibəyə gəldiyimə, indi də qolubağlı və yorğun halda əsir düşdüyümə çox təəssüfləndiyini bildirdi. Əmin idim ki, ürəyində bu sözləri deyir.

O, bizi ilk dəfə əsir tutan İraq əsgərinin keçirdiyi hissləri keçirirdi. Həmin əsgərin rəhmli davranışı, bir saat öncə səngərlər önündə tamaşa edən əsgərlərin təəccübü, səngərdəki zabitin sözləri və bizə nəzarət edən bu əsgərin təəssüfü - bütün bunlar məni əmin etdi ki, görkəmim döyüş adamına uyğun deyil və güman ki, ezam günü Hacı Qasim Süleymani haqlı olaraq məni cərgədən çıxarmalı idi. İndi nə edə bilərdim ki?! Onların fikri özlərinə görə möhtərəm idi, mənsə hələ də inanırdım ki, boy-buxun və qol gücü zireh geyinib xəncər və qalxanla vuruşulan müharibələr üçün əhəmiyyətlidir.

Mənim kimi uşaqlar bir dəst enli paltar, bir ket, bir kalaşnikov avtomatı və uzaqbaşı, bir ay hərbi təlimdən sonra əsgər olur, Abadanın mühasirəsini yarır, Bostan və Süsəngerdi azad edir, Fəthülmübin kimi əməliyyatlarda qələbə çalır, sonra da Xürrəmşəhri geri almaq istəyirdilər.

Hərbi maşın qaza basıb günəşin batdığı səmtə gedirdi. O qəribə anlarda yavaş-yavaş yeni taleyimdən və başıma gələcək hadisələrdən qorxmağım daha məntiqli idi; evdən, ailədən uzaq düşmək, onları ömrün sonuna qədər bir daha görməmək ehtimalı, işgəncə olunmaq, zindanlara düşmək. Bunları ürəyimə salıb qəhərlənməli idim, amma doğrusu, o anlarda bunların heç birini düşünmürdüm. O vaxt üzərində hərəkət etdiyimiz və getdikcə bitmək bilməyən yol, iraqlıların tanklarla və hərbi maşınlarla get-gəl etdikləri ətraf çöllər və müxtəlif məsafələrlə düzəltdikləri səngərlər haqda düşünürdüm. Sanki buralar İran torpaqları deyil. O yaşda və o ağır durumda düşünürdüm ki, iraqlılar bu torpaqda nə edirlər? Hansı cürətlə çəkmələrini bu torpağın üzərinə basırlar? İrəlilədikcə hirslənirdim ki, axı sərhədə nə üçün çatmırıq? Nə üçün iraqlılar bizim torpaqlarımıza bu qədər girmişlər? O anlarda qəribə vətənpərvərlik hissi bütün vücudumda dolaşırdı.

- Xalu Əhməd...

Yanımda oturan iraqlı əsgərin səsi idi. Ona sarı döndüm. Nəsə demək istəyirdi. Onda mərhəmət hissi hələ də qalmışdı. Cavabımı gözləməyib dedi: "Xalu Əhməd, get Allahına şükür et ki, hələ ölməmisən". Bu cumləsindən ərəb olmadığını bildim. Kürd idi. O, sözünə davam etdi: "Xalu Əhməd, əsir düşmək ölməkdən yaxşıdır. Elə deyil?!" Xoşuna gəlsin deyə cavab verdim: "Elədir". Dedi: "Heç olmasa, belədə bir gün müharibə bitəcək və azad olacaqsan. Amma ölsəydin necə?! Yazıq anan!"

O anda verəsi cavabım yox idi. 48 saat idi yatmırdım. Başım ağırlaşmışdı, gözlərim yanırdı. Yorğunlıqdan əl-ayağım keyimişdi. İraqlı əsgər isə mənə əsirliyin ölməkdən yaxşı olduğunu sübut etməyə çalışırdı. O durumda hövsələm çatmırdı ona deyim ki, sənin ölüm adlandırdığın, özün üçün və hətta mənim üçün bu qədər qorxduğun şeyə qarşı cəbhədə şəhidlik deyirlər; heç kim ondan qorxmur və ona nail olmaq üçün Allaha yalvarırlar. Amma yuxu və yorğunluq ən azı, mehribanlığına və qayğıkeşliyinə görə həmin kürd əsgərə hörmətlə cavab verməmə də mane olurdu, o ki qala ölümlə şəhidliyin fərqini izah etməyə.

Yorğunluğumu və hövsələsizliyimi duyan mehriban əsgər bir cümlə deyib məndən əl çəkdi.

- İndi Bəsrəyə çatırıq. Orada sizə su və yemək verəcəklər.

Başqa heç nə anlamadım. Bir neçə dəqiqə sonra maşın çökəyə düşəndə və başım dəmirə bərk dəyəndə yuxudan ayıldım. Sanki bayaqdan bunu gözləyən əsgər sözlərinə davam etdi:

- Xalu Əhməd, bax, bunlar Bəsrənin xurmalıqlarıdır. Gör nə qədər xurma var!

Bir xurmalığın yanından keçirdik. Xurma ağacları bizim yaylaq kəndimiz Mordanın11 xurma ağacları qədər böyük idi. Biz isti fəsildə xurma yığmaq üçün oraya gedirdik.


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin