İntizarın sonu
1982-ci ilin 28 aprelində günəşin doğmasından hələ bir saat ötməmiş hazırol əmri verildi. Çox tez anladıq ki, intizar sona çatmışdır və bu gecə düşmən mövqelərinə hücuma keçəcəyik. Bu xəbər Xuzistan çölündəki toz tufanları kimi bütün çadırları dolaşıb böyük coşqu yaratdı.
Silah və daraqlarımıza sarı qaçdıq. RPG mərmilərinin kisəsini sahmana saldıq. Boş olanları doldurduq, ağırlardan götürməyə isə ürəyimiz gəlmədi. Məndə yalnız üç mərmi vardı. Vaxtı çatanda onları taqımımızın RPG istifadəçisi olan Həsən İskəndəriyə verməli idim. O yaşda mənim üçün üç RPG mərmisi, patronla dolu iki daraq, bir qumquma, iki əl qumbarası və bir kalaşnikov avtomatı heç də az yük deyildi.
Günəşin batmasından bir saat qabaq posta doğru hərəkət etməli idik. Hələ günorta azanına iki-üç saat qalırdı. Bu zaman əşyaları hazırlamaqla, silahları yoxlamaqla və xatirə şəkli çəkdirməklə keçdi. Ölümə doğru yola düşən bu karvan elə xoşbəxt idi ki, sanki gəlin maşınını müşayiət edirlər. Ahəngəranın səsi hər yanı bürümüşdü:
Mövla, biz Kərbəlada yox idik, Hüseyn can!
Səndən ötrü canımızdan keçmədik, Hüseyn can!
İndi hamımız bir ağızdan deyirik: “Ləbbeyk!
Susuz, başsız mövla Hüseyn, ləbbeyk!”
Bu növhənin təsiri hədsiz idi, adamın bədəninin tükləri ürpərirdi. Hamı bir-birindən şəfaət vədi alırdı; bəzisi şifahi sözlə razılaşırdı, bəzisi isə yazılı vəd alırdı. Əlimə bir flomaster keçdi. Xəttim pis deyildi. Qısa vaxtda çoxlu müştəri topladım. Yeni Bəsic geyimində önümdə dayanır və sifarişlərini verirdilər.
- Yaz ki, ya ziyarət, ya şəhadət!
- Yaz ki, Kərbəla yolçusu!
- Yaz ki, Allahın izni olmadan güllə və qəlpənin toxunması qadağandır!
- Yaz ki, Kerman korpusundan Mahmud Məhəmmədi!
Mahmud bir saatdan sonra qayıdıb dedi: "Vay-vay! Tamam unutmuşdum. Əgər əsir düşsəm və iraqlı qardaşlar paltarımda korpus sözünü görsələr, məni tikə-tikə edərlər. Əhməd can, bu korpus sözünü götür, amma elə et ki, çox qaralama olmasın". Korpus sözünü çətinliklə dəyişdim. Onun başqa bir istəyi də vardı.
- Paltarımın arxasına gözəl xətlə yaz ki, Kərbəla yolçusu.
Yazdım.
Bizim məscidimiz olan böyük çadırdan günorta azanı verildi. Həmin gün namaz cərgələri tez doldu. Namazdan sonra komandir son döyüş tövsiyələrini verdi. Dedi ki, əsirləri öldürməyin və əgər özünüz əsir düşsəniz, ağzınız möhkəm olsun.
Sonda hərbi maşınlar qırmızı günəşin parladığı bir yolla hərəkətə başladılar. Bizdən öncə yola xüsusi maye səpmişdilər ki, təkərlərin altından qalxan toz düşməni duyuq düşürməsin.
Maraqlı hisslər keçirirdim. Gözlədiyimiz an çatırdı. Qarşıda sirr dolu saatlarımız vardı. Düşünürdüm ki, bataraq rəngini itirən bu cansız günəş enəndən şərqdən yeni bir səhər açılana qədər başımıza nələr gələcək? Sağ olacağammı, yoxsa ölmüş? Əməliyyat qələbə ilə bitəcək, yoxsa məğlubiyyətlə?
Torpaq yolun ətrafındakı kiçik ağacların arasında günəşə doğru gedən hərbi yük avtomobilinin banında bunları düşünürdüm. Bəlkə digərləri də bu fikirlərə qərq olmuşdular.
Son şam yeməyi
Son dayanacağa çatdıq. Yenicə qaranlığa qərq olmuş Fərsiyə kəndi boş idi. Tərk edilmiş palçıq evlərin heç birindən işıq gəlmirdi. Bu kənd bir neçə il idi belə sakit idi, həmin gecə isə qonaq-qarası vardı. Qonaqlar düşməni öz torpaqlarına, bu ərəb kəndini də əvvəlki xoş günlərinə qaytarmağa gəlmişdilər; uzun ərəb donu geyinmiş və camış sürüsünün arxasınca qaçan ərəb uşaqlarının səs-küylü günlərinə.
Maşınlardan səssiz-səmirsiz endik ki, külək səsimizi üç-dörd kilometr aralıdakı düşmənə çatdırmasın.
Döyüş yoldaşlarımızdan biri ayağını yerə qoyan kimi bir siqaret yandırıb öz aləmində yorğunluğunu çıxarmağa başladı. Komandir yaxasını tutub sakitcə onu danladı: "Qardaş! Hamını ölümə vermək istəyirsən?!" Gənc siqareti dodağından götürüb yerə atdı və ayağını möhkəmcə üstünə basdı. Komandir gedəndən sonra əyilib siqaretini götürdü və közünü əllərinin arasında gizlətdi ki, hamını ölümə verməsin.
Ayın batmasına az qalırdı. Onun göydən itməsinə və dünyanın qaralmasına qədər gözləməli, sonra düşmənə doğru hərəkət etməli idik. O vaxta qədər üç əsas işimiz qalmışdı: namaz, şam yeməyi və son vidalaşma. Namazı Fərsiyənin torpağı üzərində, üst-başımız silahla dolu halda qıldıq. Şam yeməyinə ayaqüstü bir şey gözləyirdik, amma əksinə, isti toyuq-plov gəldi; əməliyyat gecəsinin məşhur toyuqlarından. Bu işin mənasını anlamadım, heç indi də anlamıram. Məncə, arxa postlardakı yeməkxana rəhbərliyi sevgi və qayğıkeşlikdən dolayı son şam yeməyinə toyuq verirdilər; öz aləmlərində döyüşçü uşaqlara dair istəmədən yol verdikləri bütün səhvlərin əvəzini çıxmaq üçün. Bundan başqa nə ola bilərdi? Döyüşə qatılacaq, onlarla kilometr yol qaçacaq, oturub-qalxacaq və atəş açacaq bir döyüşçü ağır xörək yeməməlidir. Hər halda, cəbhədə qayda belə idi. Gözəl toyuq ətrinin mənası bu idi ki, əməliyyat yaxınlaşıb.
Hamı göyə baxırdı. Bəzisi orada Allahı axtarırdı, bəzisi də ayı izləyirdi ki, nə vaxt səhnəni tərk edəcək və qaranlıqda irəliləməyə başlayacağıq.
Gec idi. Bəlkə də gecə saat 12 olardı. Fərsiyənin qonaqlarının ayağa qalxıb kəndin palçıq divarlarının yanından, Allah bilir, haraya qədər uzanan geniş qamışlıqlara doğru getmələrinin və düşmənin birinci mövqelərinə baş çəkmələrinin vaxtı idi.
Mən, Həsən və Əkbər vidalaşmanı sonraya saxladıq. Belə bir fürsətin yaranacağı isə bəlli deyildi. Nə əvvəlinin, nə də sonunun harada olduğunu bilmədiyim sırada hərəkətə başladım. Sıranın hərəkəti sakit idi, qaranlıqda qamışlığın arası ilə elə gedirdi ki, sanki ilan çəmənlikdə sakitcə irəliləyib ovunu tutmağa çalışır.
Kəşfiyyat qrupu bizdən qabaq yolu açmışdı. Qamışlığın içində məharətlə iki metr enində bir küçə salmışdılar. Bəzən oturur və yenidən qalxıb yolumuza davam edirdik. Bu əmrləri qabaqda hərəkət edən komandir Əkbər Xoşi verirdi və sıranın sonuna qədər bir-bir hamıya çatırdı.
Bir saatdan, bəlkə də bir neçə saatdan sonra qamışlıq seyrəldi və hamar bir yerə çatdıq. Deyəsən, düşmənin ilk istehkam səddilə məsafəmiz çox deyildi. İraqlıların birinci səddinə çatmaq üçün minalanmış sahələrdən keçməli idik. Qaranlıqda o qədər canlı qüvvənin bu sahədən keçməsi çoxlu tələfata səbəb olmalı idi. İki fosforlu lent minalanmış sahənin sonuna qədər gedib bir küçə əmələ gətirmişdi. Bu təhlükəsiz keçidi də qabaqkı gecələrdə kəşfiyyat qrupu ərsəyə gətirmişdi.
Minalanmış sahə bitəndə sakitcə yerə uzanmaq və hərəkətsiz halda "Ya Əli ibn Əbu-Talib" parolu ilə əməliyyatın başlanmasını gözləməyimiz əmr olundu. Mən, Həsən və Əkbər yerdə başlarımızı bir-birinə yaxınlaşdırıb bir-birimizi öpdük və Allaha tapşırdıq. Əkbər dedi: "Əgər şəhid olsam, mənim əvəzimə qardaşımın üzündən öpərsən".
Dostları ilə paylaş: |