ÖLKƏŞÜNASLIQ
Ölkəşünaslıq bu gün şura idarəsi tərəfindən əhəmiyyət verilən məsələlərdən biridir. İttihadda yaşayan bütün millətlərin birər-birər həyat və tarixi öyrənilir, hər yerdə tədqiq və tətəbbö cəmiyyətləri təsis olunub, ölkəşünas məcmuələri nəşr olunur. Rus alimlərinin səyləri sayəsində həfriyyat yapılır, bilmədiyimiz zamanların abidələri meydana çıxır və ilax. və ilax. Böyləcə axır vaxtlar meydana bir çox əsərlər çıxdı. Lakin ölkəşünaslıq imdiyə qədər son sözünü söyləmədi və axtarışı sahəsindən çıxıb, müəyyən və qəti hökmlər verməyə hələ çox zamanlar var. Məsələlərin qaranlıq nöqtələrini işıqlandırmaq üçün məhəlli alimlərə çox ehtiyac görünür; xalqın dil, adət, ayin və etiqadlarını lazımınca bilməyənlərin tədqiqi təbiidir ki, səthi və yarımçıq olur. Mərkəzdən gələn alimlərin əsərləri bilaistisna qüsurdan xali deyil. Çünki xalqın içində böyüməyən, onun yaşayışına ətraflı aşina olmayan bir alim bütün məlumatına rəğmən xalqın hazırını və keçmişini lazımınca qavraya bilmir.
Azərbaycanda da eyni halı görürük. Məmləkətimiz öyrənilir, lakin əsl azəri alimlərinin hələ yetişməməsi elmi surətdə tədqiq və tətəbbödə iştirak edə bilməməsi ölkəşünaslıqda bir boşluq doğurur. Məmləkətimizdə tədqiqlərilə xidmət edən rus alimləri bu qüsuru etiraf edirlər. Odur ki, türk gənclərindən elm adamları yetişdirməyə var qüvvələri ilə çalışırlar. Bu gün, az da olsa, elm sahəsində ümidbəxş gənclərimiz var və məhəlli xüsusiyyətlərə incədən-incəyə vaqif olduqları üçün iləridə bir çox qaranlıq nöqtələri işıqlandıracaqlarına əminik. İmdilik ölkəmiz haqqındakı bütün məlumatlar material olaraq mətbuat sütununa atılmalıdır. Bütün təsəvvürlər, nəzəriyyələr qarşı-qarşıya götürülüb, istinad etdikləri mənbələr göstərilməlidir. Böylə olursa, həqiqət daha da əvvəl zühur edər və məmləkətimiz haqqındakı doğru məlumatı əldə etməyə müvəffəq olarıq.
Ölkəşünaslıqda tarixi kitabların və tarixi abidələrin tədqiqi kafi deyil. Tarixi təhqiq etmək üçün filoloji təhlil, xalq ədəbiyyatına, el adət və etiqadlarına müraciət etmək birinci məsələlərdən olmalıdır.1
Bunları bilmədən Azərbaycan kibi çox qədim və qarışıq bir tarixə malik bir ölkəni öyrənmək mümkün deyil. Təsəvvürlərimizin doğru olduğu üçün bir kərə Azərbaycandakı coğrafi təbirlərə diqqət etməlidir: Azərbangan, Muğan, Aran, Lənkəran, Mərdəkan, Abşoran, Belağan, Nargan, Türkan kibi sözlərin "an" və "gan" ilə qurtarması pəhləvi və farsın cəmini göstərir. Arilərin Azərbaycanda böyük rol oynamış olmalarını kitablar və qədim abidələr göstərməsə belə, bunu biz bugünkü coğrafi təbirlərin təhlili ilə də bilirik; hər bir təbir başlı-başına bir tarixdir. Mağların midiyalılar ilə ittifaqda olduğunu Herodot yazır, lakin mağların yaşadığı toprağı nişan vermir. Halbuki "mağ"ın cəmi "Mağan" – "Muğan" olduğunu nəzərə aldıqda bunların Şimal Azərbaycanda yaşadığı meydana çıxır.
Qədim yunan müvərrixləri "mərd" adlı bir millətin Qaspi dənizinin Qafqasiya sahilində yaşadığını yazırlar. Mərdəgan "mərd"in cəmi olduğunu bildikdə, Mərdəkan qədim mərdlərin vətəni olduğu aşkar olur. Nar ərəbcə "od" deməkdir. Farslar ərəb sözünü cəmləşdirib, Nargan şəklində işlətmişlər (Bizlərdə zatən böylə farslaşmış və ərəbləşmiş cəmlərə tez-tez təsadüf olunur: el-elat; bağ-bağat; qız-qızan-qıtan; mağ-mamağ-mamağan və ilax. və ilax.). Narganın1 vulkanik bir cəzirə olmaq ehtimalı var və bu ehtimalı tarixi həqiqətə yaxınlaşdıran bir də ərəb müvərrixi Məsudinin şəhadətini bilirik: Məsudi Bakının qarşısında yanar dağlı cəzirələrdən bəhs eləyir və atəşin gecə uzaqlardan görünməsini söyləyir.
Coğrafi təbirlərimizdə gözə çarpan başqa bir nöqtəyə də təsadüf edirik – bu da bəzi şəhərlərimizin Ord sözü ilə başlanmasıdır: Ərdəbil, Ordubad, Ərdəhan kibi. Ərd Avestanın "Aşa" sözündən gəlir: "doğruluq, təmizlik və paklıq" mənasındadır.2 "Aşa Vahista" (Acha Vahista) zərdüştlərdə od pərisidir, mənası "ən doğru və sadiq" deməkdir. Pəhləvi dilində "Arta vaşhita" və farsidə "Ordubehişt" olmuş ki, Şərq şairləri mənasını bilmədən işlədirlər.3
Tədqiqlərimiz əsasında irqi rəqəmlərin də bizə yol göstər-
diklərini nağıllarımız haqqındakı məqaləmdə qeyd etmişdim. Bu üsul təmamilə yenidir və məndən əvvəl tətbiq edilməsini bilmirəm. Rəqəm haqqında ayrıca yazacağımdan burada bəhsə lüzum görmədim. Suraqxanə atəşgədəsini tədqiq edərkən rəqəm üsulunun mənə yeni ehtimallar öyrətdiyini də ayrıca qeyd edəcəyəm.
Azəri adət və ayinlərinin və xalq ədəbiyyatının keçmiş tariximiz ilə sıxı əlaqədə olduğunu "Azəri nağıllarının əhvali-ruhiyyəsi" və "Azərbaycanda zərdüşti adətləri" ünvanlı məqalələrimdə göstərmişdim. Lakin adətlərimizin ancaq bir hissəsindən bəhs etmişdim; uzun izaha möhtac olanlarını başqa zamana tərk etdim. Məsələn, qapıya at nalı çalmaq, həna qoymaq adəti, hənanın xalqca qüdsiyyəti kibi mühüm və başlı-başına bir tarixə malik məsələlərin təfsilatlı izahı üçün gələcək məqalələrimə müraciət etməli. Ən əvvəl "Azərbaycan" ləfzi və onun ətrafında yürüdülən nəzəriyyədən bəhs etməliyik. Çünki əsl ipin ucu oradadır. Uc açıldıqdan sonra yerdə qalan məsələlərin həlli asanlaşır, zənnindəyəm.
TARİXİMİZ ƏTRAFINDA
Elmi müəssisələrimiz və tarix ilə məşğul olan ayrı-ayrı işçilərimiz tərəfindən Azərbaycanın keçmişinə dair material toplanır. Azərbaycan tarixinin meydana çıxmasına, kiçicik də olsa, bir yardım etmək məqsədilə vaxtilə bu məsələyə dair topladığım məlumatı "İntilab və mədəniyyət" vasitəsilə nəşr etməyi qərara aldım.
"AZƏRBAYCAN" SÖZÜ
Ölkəmizin adı ərəb və fars müəlliflərində Adərbadgan, Azərbaygan, Azərbican, Azərbaycan... kibi kəlmələrlə ifadə olunur. Ərməni tarixçilərinin bir hissəsi (Mois Xoren, Elize Vartaped) "Adrbadqan", o biri hissəsi (Bizanslı Foustus, Farblı Lazar) "Azərbaycan" deyir.1 Qədim Yunan və Roma coğrafi-
yun və müvərrixləri ölkəmizi "Atropaten" adlandırırlar.
Bütün bu kəlmələrin bir kökdən alınıb başqa-başqa xalqlar tələffüzündə dəyişildiyi aydındır. Yunanilərin “Atropaten” dedikləri eyni mənanın qədim bir şəklidir. Çünki "azər" kəlməsinin pəhləvidə "adr" və "atur" və zinddə "atro" kibi qullanması bəllidir.1 Buna baxmayaraq, "Azərbaycan" kəlməsinin mənşəi haqqında bir çox Avropa alim və müvərrixləri səhv edib və etmədədir. Vaxtilə Strabonun yapdığı bir xəta nədənsə imdiyə qədər bir çoxları tərəfindən tarixi həqiqət deyə qəbul olunur. Strabon Midiya məmləkətini ikiyə bölür: Böyük Midiya və Midiya Atropati. Böyük Midiyanın baş şəhəri Eqbaton (Həmədan), Atropatanınkı isə yayda Qazaqa, qışda Vera imiş (Qazaqa ərməni tarixçilərinin "Qandzaq", ərəblərin "Cəzə", "Cənzə" dedikləri Gəncə şəhəridir2). Bartold – "İstoriko-qeoqrafiçeskiy obzor İrana" adlı əsərində nədənsə bu şəhəri Marağanın cənub-şərqində qeyd edir. Strabonun məlumatına görə, Makedoniyalı İsgəndər öldükdən sonra valilərindən Atropat adlı birisi şimal Midiyada istiqlaliyyət elan edib, təxtə əyləşmiş və dövlət təşkil etdiyi ölkə Atropatan adlanmışdır.
Strabonun bu fikrinə alman alimi Şpiqel,3 fransız professoru Huvar4 və ruslardan Bartold5 şərikdir.
Akademik Marr bu nəzəriyyəni rədd edərək deyir: "Azərbaycanın adı məsələsi tarixdən bəri deyil, tarixdən əvvələ aiddir... "Azərbaycan" etnik, yaxud coğrafik bir məfhumdur, eyni zamanda əvvəllərdən bəri xalq kütlələrinin irqi pərəstiş etməsi adıdır… Bizcə, burada nə padşahlara, nə də İran hökumdarlarına və onların dəstpərvədələrinə yer qalmayır.6
Fransız tarixçisi Sen Marten də Atropat nəzəriyyəsini qəbul etməyir, “Azərbaycan” kəlməsinin cürbəcür şəkildə ifadə olunmasını qeyd edərək deyir: “Bu adların hamısı, eyni zamanda qədim coğrafiyaçıların Atropaten dedikləri də, bu ölkədəki oda qarşı olan pərəstişdən iləri gəlmişdir. Zinddə atro, qədim farsda azər, ya adər, beşinci və altıncı əsr ərmənicəsində adər və pəhləvicədə atur “od” deməkdir. Zind dilinə məxsus “Adərbad” ki, çevrilərək “Atropate” olmuş, zərdüştilər arasında çox məruf bir ad idi… Çox ehtimal ki, İsgəndərin valisindən çox əvvəl bu ölkənin adı Atropaten imiş.1
Avropalıların Strabon nəzəriyyəsi Şərq müəlliflərinə bəlli deyil. Şərqdə “Azərbaycan”ı Azər kəlməsinə bağlı görürlər. Ərəb çoğrafiyaçısı Yaqut Həməvi2 “Möcəmil-büldan”ında yazır: “Maqların dilində azər “od” deməkdir, baygan “saxlayan” mənasındadır. Azərbaygan “od keşikçisi”, ya “atəşxana” deməkdir. Bu ölkədə çox atəşgədə olduğu üçün bu fikir daha doğrudur”.
Məşhur müvərrix Təbəri və Türkiyə alimlərindən Şəmsəddin Sami də eyni fikirdədirlər.
Azərbaycan haqqında üçüncü bir nəzəriyyə də var. Bunu iləri sürənlər “Kitabi-təvarixil-aləm” müəllifi Əhməd bin Məhəmməd bin Məhəmməd əl-Buxari və “Bürhani-qate”dir. Guya Uğuz xan Şirvan, Aran və Muğanı aldıqdan sonra Ocan səhrasına gəlir, hər bir əsgərinə bir ətək topraq gətirməsini əmr edir. İlk ətəyini topraqla dolduran da özü olur. Topraqlar bir yerə tökülüb, böyük bir təpə əmələ gəlir, adını “Azərbanyan” qoyur. Türkcə azər “uca” mənasına [gəlir], banyan da “qəvi və möhtəşəmlər” demək imiş. Azərbaycan “qüvvətlilər yeri” mənasına gəlir.3
Bizcə, bu üç nəzəriyyədən ən doğrusu atəş ilə əlaqədar olanıdır. Azər-atro “od”, banyan-bangan “saxlayan” mənasındadır. Ancaq bu təbir atəşgədəsi olan toprağa deyil, orada yaşayan möğ xalqına aiddir. Çünki möğlərin vəzifəsi irsi olaraq Zərdüştin din və ayinlərinə xidmət və atəşin bəqasına çalışmaq idi. Bu vəzifələrinə görə atırvan-azərban (“odu saxlayan”), ya piratəş adı daşıyardılar. Azərbanigan “azərban”ın cəmidir. “Azərbanigan” ərəb istilasından sonra “Azərbaycan” olmuşdur; ərəblərin “g” hərfini “c” kibi tələffüz etmələri bəllidir (Zəngan – Zəncan, Əndəgan-Əndəcan kibi).
Azərban vəzifəsində olan möğlar əvvəllər Kür çayının kənarında sakin imişlər, sonralar Muğan çölünə enmişlər və bu çöl də bunların adı ilə adlanmışdır – Muğan, Məğan – “möğ”ün cəmidir.
“Azərbaycan” sözünün mənşəi haqqında səhv olunan kibi, bu ölkənin hüdudi barəsində də xətalar olur. Bartold kibi bir alim belə Azərbaycanı Arasın cənubində görür. “Şirvan” – deyir, – heç vaxt bugünkü Azərbaycan cümhuriyyətinin dutduğu toprağı qavrayacaq mənada qullanmamışdır. Şirvan baş şəhəri Şamaxı ilə kiçik bir hissə olmuş və Gəncə kibi şəhərlər heç bir zaman Şirvana daxil olmamışdır. İmdiki Azərbaycan cümhuriyyətinə daxil olan topraqları əhatə etmək üçün “Aran” kəlməsi qəbul edilə bilərdi. Lakin Azərbaycan cümhuriyyəti təsis ediləndə, xalqların bir-birinə yaxın olduğu üçün İran Azərbaycanının da buraya daxil ediləcəyi nəzərdə dutularaq “Azərbaycan” kəlməsi qəbul edildi”.1
Bartoldun Azərbaycan tarixilə xüsusilə məşğul olmadığı meydana çıxır, çünki yürütdüyü fikirlər tarixi həqiqətdən uzaqdır. Əvvəla, Azərbaycan və Şirvan heç bir vaxt sabit bir coğrafi çərçivədə qalmamışdır; ölkə hüdudilə bərabər dəyişilmiş, böyüyüb, kiçilmişdir. Məsələn, XVII əsr fransız coğrafiyaçısı Pyer Davitt Midiyadan bəhs edərkən oranı, Strabon kibi, ikiyə bölür, lakin Midiya Atropati əvəzində, “Midiya Atropati, yaxud Şirvan” – deyir.2 Deməli, bugünkü Azərbaycan cümhuriyyəti məşğul etdiyi yerləri “Azərbaycan, yaxud Şirvan” adlandırır.
Təbəri yazır: “Həmədan həddinin ibtidasından ta Zəngana və Ohərə və axır Dərbəndi-Xəzərə çıxınca, bunlara “Azərbaycan” deyirlər”.3
Yaqut Həməvi Azərbaycanı daha da geniş təsəvvür edir: “Bərdə daxil olaraq Ərzincana qədər imtidad edir Deyləm, Cəbəl və İraqa qədər uzanır. Payitəxti Təbriz, ondan əvvəl Marağa imiş”.
“Səhaifi-əxbaril-Münəccimbaşı” Azərbaycanın Aran və Ərməniyyə ilə qarışıq olduğunu qeyd edib sərhəddini böylə təsvir edir: “Şərqdə Deyləm və bəzi Cəbəl şəhərləri cənubda İraq və bəzi cəzirə şəhərləri, qərbdə Ərməniyyə və bəzi Roma məmləkəti; şimalda Aran və bəhri-Xəzərə müntəhi olur. Payitəxtiləri Ərdəbil, Şirvan və Təbriz imiş. Azərbaycana məxsus şəhərlər bunlardır: Xosrov, Cəzə (Gəncə), Səlmas, Nəxçivan, Bərdə, Xoynıh, Xoy, Urmiya, Marağa, Ocan, Miyanc, Mərənd, Muğan, Bərzənd, Bərdə, Soltaniyyə”.
Azərbaycan haqqında Həmdulla Mustövfi Qəzvini “Nüzhətil-qülub” adlı kitabında yazır: “Hüdudu İraqi-Əcəm, Muğan, Gürcüstan, Ərmən və Kürdistan arasındadır. Bakıdan Xalxala qədər uzunluğu 95 fərsəng, Macirvandan Qaradağa qədər eni isə 55 fərsəngdir”.
Yusif Vəzir
Dostları ilə paylaş: |