Hələ otuz üç il əvvəl M.Qorki Çexovun dili haqqında demişdi: “Çexov üslubçu olaraq çatılmaz dərəcədə yüksəkdir və gələcəkdə ədəbiyyat tarixçisi rus dilinin boy atması haqqında danışdıqda, bu dili Puşkin, Turgenev və Çexov yaratmışdır, – deyəcəkdir”.
Çexovun dil sahəsindəki ləyaqəti nədədir? Ən əvvəl Çexov hər bir qəhrəmanını öz dilində, öz səviyyəsinə görə danışdırır. Çexov ziyalı dilinin hər bir ənvaindən istifadə edərkən başqa-başqa sənətkarın, tacirin, soldatın, rühəbanın, müjikin, cocuğun və qocanın da dilini bilir. Onun fikrincə, yazıçı hər bir peşənin lüğətini bilməlidir. Hərbi gəmi ləvazimatı və bəhriyyəyə aid kəlmələri “Toy” adlı vodevilində işlədir. O qədər də doğru qullanır ki, sanki həyatını illərlə dənizdə, matroslar arasında keçirmişdir. “Palina” adlı hekayəsində priqazçik lüğəti işlədir, mağazada satılan şeyləri böyük məharətlə təsvir edir. Keşiş ilə feldşerin dili “Xirurqiya” adlı hekayəsində əks etmiş[dir]: keşiş müqəddəs kitablardan bəhs edir, feldşer isə bütün cərrahi alətləri sadalayır. Xalq dilinə gəldikdə, Çexov camaatın işlətdiyi kəlmələri eyni ilə qəbul edib yazmanın tərəfdarı deyil, qramer qaydalarını nəzərdə tutur. Ancaq bəzən sözləri yerində işlətməmələrini qeyd edir. Çexov cocuq dilinin də xüsusiyyətlərini incədən-incəyə bilir. Bir qızcığaz xalası haqqında danışarkən: “O, çox gözəldir, bizim it kibi gözəldir”, – deyir. Cocuğun sevdiyi bir it ən yüksək gözəllik nümunəsi ola bilməzmi?
Çexov lətifəçilikdə müvəffəq olmaq üçün danışığın idiomatizmindən istifadə edir: “Zəlzələ suyun təbəxxüründən olur”, “Ağ səbətli Qafqaz knyazı açıq faytonda gedirdi”. Bir qız dostlarına yazır: “Biz sizinlə zəhlətökən bir yaxınlıqla yaşayacağız…”
Çexov daima danışığa qulaq verər və xoşladığı xalq kəlmə və müqayisələrini cib dəftərinə yazardı.
Çexovun əsas xassələrini L.Tolstoy böylə tərif edir: “Çexovu bədii yazıçı olaraq Turgenev, Dostayevski və ya bənim kibi əvvəlki yazıçılarla müqayisə etmək olmaz. İmpressionistlər kibi, Çexovun da özünəməxsüs şəkil və forması var. Baxırsan, sanki əlinə gələn boyaları yaxır və sanki bu boyaların bir-birilə heç bir əlaqəsi yoxdur. Ancaq geri çəkilib baxdıqda qəribə bir intiba alınır. Qarşımızda parlaq və əmsalsız bir şəkil görürük”.
Çexovun impressionizmi onun işlətdiyi müqayisə və istiarələrdə görünür. Məsələn: “Qara bulud fortepiano şəklində olar”. “Bulud royala bənzəyir”. “Hiss tazə, ağ və yumşaq qara bənzəyir”…“Qız şərqi söylərkən bənə elə gəlirdi ki, yetişmiş, şirin və ətirli qovun yeyirəm”.
Çexovun mənzərə təsvirləri, boyaların zənginliyi əmsalsızdır. Günəş üfüqdə nizamsız bir halda toplanmış buludların arxasına girərək “onları və göyü tox-qırmızı narınc, altun, bənövşə və kirli-pənbə kibi cürbəcür rənglərlə boyayır. Buludlardan biri rühəbana, biri balığa, bir ayrısı başı çalmalı türkə bənzəyir. Göyün üçdə bir hissəsini şüa qaplamış, kilsənin xaçında və ağalıq evin şişələrində parlayır, çayda və gölməçələrdə əks edir, ağaclar da titrəyir”.
Bu boyaları yadda saxlamaq üçün böyük bir hafizə lazım idi. Çexovda da bu vardır. Saxalin səyahətindən dönərkən tanışına yazır: “Hər şey incə təfsilatına qədər yadımdadır. Mütəqaid jandarma olan gəmi aşçısının gözlərinin ifadəsi belə xatırımdadır”. Odur ki, Çexovun sünbül sallamış vələmir “günəş qarışısında sədəf kibi parlayır”, – deməsi təbiidir.
Ruhi duyğular təsvir edərkən Çexov işlətdiyi sözləri ehtirasla doldurur. Məsələn, qəm və qüssəni böylə təsvir edir: “Sən özün şərqi bilmədiyin halda, şərqi söylənərkən, sən sevinə bilmədiyin halda, ətrafda arası kəsilməz sevinc səsləri eşidilərkən gecə bu çöl nə yalnız görünür! Ay da göydən baxır. O da tənhadır, imdi qışmı, yazmı, insanlar dirimi, ölümü – aya fərq etməz”…
Çexovun ədəbi göstərişləri çox maraqlıdır. “Təbiətin təsviri, – deyir, – hər şeydən əvvəl tablo kibi olmalı ki, oxucu oxuyub gözlərini yumsa, haman peyzajı təsəvvür etsin; toran, qurşun rəngi, gölməçə, rütubət, çinarların gümüşə çalması, bulutlu üfüq, sərçələr, uzaq çəmənlər kibi momentlər təsvir deyil, çünki bütün arzuma baxmayaraq, bunları sırası ilə təsəvvürümə yerləşdirə bilməyirəm”. Qorkiyə yazdığı bir məktubda onun çox sifət işlətdiyindən şikayətlənir; “Adam, – deyir, otun üstündə oturdu” deyəndə hər şey aydın olur. Lakin: “Uca, dar sinəli, orta boylu, qızartdaq saqqallı bir adam yoldan keçənlər tərəfindən tapdalanmış otun üzərində sakitcə, ürkərək ətrafa baxa-baxa oturdu”, – dedikdə bu o saat beyində yerləşməyir. Halbuki bədii ədəbiyyat bir saniyədə yerləşməlidir”.
Çexov sənəti cümlə quruluşunda görür. Cümlənin ahəngi, lüzumsuz sözlərin qullanması, təkrarlar, yan-yana duran sözlərin qulağı oxşamaması… Çexovu çox məşğul edir. O, deyirdi: “Hekayəni beş-altı günə yazmalı və qurtarıncaya qədər onun üzərində düşünməli[siniz], yoxsa heç bir vaxt cümlə qurmağa alışmazsınız. Bir cümlə kağıza köçürülmədən əvvəl iki gün beyində yatıb, fikirləşilməlidir”. Ahəngdar olmayan, köhnəlmiş və əyalət sözlərinə qarşı Çexov nifrət bəslərdi.
Çexovun əl yazıları onun zəhmətə qatlanmasını, hər sözün üzərində işləməsini aydınca göstərir.
Ədibi tədqiq edərkən o, sevimli bir sənət aşiqi kibi qarşımızda canlanır və örnək olaraq bizi də özü kibi usta olmağa çağırır.
Y.
TƏKRAR-TƏKRAR
Tarixi aprel qərarının üçüncü il dönümü... yazıçıya verilən böyük hüquq, geniş yaradıcılıq imkanı. Hüquq vəzifə ilə qarşılanar. Yeni həyatda, yeni quruluşda üzərimizdə məsul vəzifə olduğunu bir an, bir dəqiqə unutmayırıq. Bu ildönümlərini təkrar-təkrar bayram edəcəyik və əsrimizə layiq əsərlər yaratmaqla vəzifəmizi təkrar-təkrar yerinə yetirəcəyik. İşin əməli cəhətinə gəldikdə, deməliyəm ki, ədəbi konkursa bir əsər verdim. Bir ildən bəri yazacağım "Tərtər" adlı roman haqqında material toplayır və texniki məlumatımı artırıram. Payızda Tərtərə gəlib, işlərlə bilavasitə tanış olub, romanı yazmağa başlayacağam. İki-üç ildən bəri teatro texnikasını öyrənir və klassik dramaturqların əsərlərini oxuyuram. Şura gənclərinin həyatını göstərən bir pyes üçün liberetto hazırlamışam. Bir il sonra teatromuza verə biləcəm, zənnindəyəm.
Yusif Vəzir
Dostları ilə paylaş: |