Bundan əvvəlki söhbətlərimizdə qeyd etdik ki, filosoflar insanın zat və cövhərini onun əqli olduğunu bildirir, ondan başqa bütün şeyləri insanın zatından xaric və vasitə hesab edirlər. Onlar deyirlər ki, insanın «mən»liyi onun təfəkkür, məntiqi təfəkkür qüvvəsidir. Amma ariflər əql və təfəkkürü nəinki insanın «mən»liyi hesab etmir, hətta onları bir alət – özü də çox mö᾽təbər olmayan bir alət – hesab edirlər. Ariflərin fikrincə hər bir insanın həqiqi «mən»liyi onların «qəlb» adlandırdıqları şeydir. Filosofların əql adlandırdığı şeyi, ariflər «qəlb» hesab edirlər. Əlbəttə, ariflərin «qəlb»dən məqsədi insanın sinəsində yerləşən bioloji ürək deyildir. Onlar insan «mən»liyinin professor Bernardın, üzərində cərrahiyyə əməliyyatı apardığı ürək olduğunu demək istəmirlər. Əql düşüncə, təfəkkür və hesablama mərkəzi mə᾽nasını daşıdığı kimi, qəlb də insanda olan duyğu və istək mərkəzidir. Ümumiyyətlə arif, hiss, duyğu və eşqə çox əhəmiyyət verir. Filosof fikirləşmək və məntiqi dəlil gətirilməsinə nə qədər əhəmiyyət və dəyər verirsə, arif də eşqi o qədər yüksək qiymətləndirir. Əlbəttə, arifin dediyi eşq, bizim qəzet-jurnal eşqlərindən çox fərqlidir. Qəzet-jurnal eşqləri cinsi eşqlərdir. Birincisi, arifin eşqi insanda yaranaraq Allaha çatan eşqdir və onun həqiqi mə᾽şuqu ancaq Allahdır. İkincisi, arifin dediyi eşq ancaq insana aid deyildir. Onların fikrincə bu eşq bütün varlıqlarda mövcuddur. İrfani kitablarda və həmçinin Əsfar kimi irfan meylli bə᾽zi fəlsəfi kitablarda «Eşqin bütün mövcudlarda cərəyanı» adlı fəsl vardır. Bunun mə᾽nası odur ki, onların fikrincə eşq, varlığın bütün zərrəciklərində cərəyan edən həqiqətdir. Hava, daş və atom zərrəciklərində də eşq vardır. Ümumiyyətlə həqiqət eşqdir və ondan başqa gördüklərin, bu həqiqət üzərində qurulmuş məcazi şeylərdir. Mövlana deyir: