Kapitanların acınacaqlı pakhauz həyatı



Yüklə 25,34 Kb.
tarix23.10.2017
ölçüsü25,34 Kb.
#11745
növüYazı

Kapitanların acınacaqlı pakhauz həyatı

Braziliyanın görkəmli yazıçısı və ictimai-siyasi xadimi Jorji Amadunun “Qum dəryasının kapitanları” romanının personajları haqqında



Rəy

Yazıçı bu romanı 1937-ci ildə qələmə alıb. Əsər əsasında 1971-ci ildə “Daş karxanasının generalları” filmi çəkilib.

Müəllifin ictimai mövzuda yazdığı romanda sosial bərabərsizlikdən bəhs olunur, insanların üzləşdikləri ağır vəziyyət, xüsusilə də bir qrup azyaşlı uşağın keçirdiyi acınacaqlı həyat incəliklə təsvir edilir. Əsərdə baş verən hadisələr Brazilyanın Baiya ştatının Salvador şəhərində tüğyan edir, burada şəhər əhalisi iki qrupa: varlı və yoxsullara bölünür. Varlılar yaxşı həyat tərzi keçirir, şəhərə yayılan xəstəliklərdən özünü müalicə etməklə sığortalıya bilirsə də, yoxsullar bunu bacarmır, gücləri çatmır, adi xəstəliklərdən tələf olur, bir parça çörək qazanmaq üçün dəridən-qabıqdan çıxırlar, hər vasitəyə əl atırlar, təki acından qırılmasınlar. Romanda hüquq-mühafizə orqanlarının öz işlərinə səhlənkar yanaşması da göstərilir. Belə ki, əsər “Jornal da-tarde” qəzetinin redaksiyasına göndərilən və balaca qarətçilərin törətdikləri hadisələr haqqında məlumatların verilməsilə başlayır. Redaksiyaya gələn məktublarda bildirilir ki, hələ də şəhəri lərzəyə gətirən qarətçilər tutulmayıb, yeniyetmələrlə iş üzrə müfəttiş də öz növbəsində mövqeyini bildirir, canilərin tezliklə tutulub islah düşərgəsinə göndəriləcəyini bildirir. Amma sonradan padre Joze Pedro tərəfindən redaksiyaya göndərilən məktubda bəlli olur ki, islah düşərgələrində azyaşlılara qarşı amansız rəftar edilir, onlara işgəncələr verilir, ora düşən uşaqlar düşərgədə tərbiyyələnməkdənsə banditə çevrilir. Bu səbəbdən uşaqlar oradan qaçmağa çalışırlar.

Yaşlarının az olmasına baxmayaraq Salvador şəhər sakinlərini qorxusuna səbəb olan kapitanların məskəni istifadəsiz bir pakhauzdur. Pakhauz (red: pakhauz limanda gəmilərə yüklənən malların qablaşdırılması məqsədilə tikilən anbardır) çox rütubətli, tavanı yarıtmaz, divarlarında krislərin gəzişməsinə baxmayaraq balacalar buranı özlərinə məskən seçiblər, çünki bura bayırda yatmaqdan daha yaxşıdır. 100 nəfərdən çox olan kapitanların dəstəsində üzvlərin yaşı 8-16 yaş arasındadır. Onların rəhbəri isə 14 yaşlı Güllə Pedrodur.

Kapitanlar nə qədər qorxulu və təhlükəli görünsələr də çox mərhəmətli və sədaqətlidirlər. Onları bu hərəkətlərə vadar edən edən əslində yarıtmaz cəmiyyətdir, dərinləşən təbəqələşmədir. Kapitanlar daha çox qazanc əldə etmək üçün deyil “bu gün” acından ölməsinlər deyə soyğunçuluq edirlər. Onlar valideyn nəvazişinin nə olduğunu bilməyən uşaqlardır. Parkda uşaqları adraksiyonlarda əylənən gördükdə həmin uşaqlara həsəd aparırlar, onlar da əylənmək istəyir, çünki bu onların haqqıdır, amma pulları olmadığı üçün bütün bu əyləncələrdən, zövqlərdən məhrum olurlar. Kapitanlar azyaşlı olmalarına baxmayaraq çox istedadlı və bacarıqlıdırlar. Onlar böyüklərin görə bilməyəcəyi işləri bacarırlar. Kapitanların içərisində yaxşı musiqiçi, rəssam, dindar da var. Lakin pulları olmadıqlarından təhsil ala bilmirlər, yaşları kiçik olduğuna görə heç kəs onlara iş vermir, işə götürmürlər. Nəticədə onlar da ac qalmamaqdan ötrü belə bir yola əl atırlar, tək arzuları isə o olur ki, nə vaxtsa cəmiyyəti kökündən dəyişə biləcəklər.

Kapitanların rəhbəri

Güllə Pedro çox kiçik yaşlarından pakhauz həyatına qoşulmuş, daha sonra cəsarəti, sədaqəti, zirəkliyi ilə kapitanların rəhbəri olmuşdur. G.Pedro dünyaya gələrkən anasını itirmiş, bu səbəbdən onu xatırlamır. Atası dəniz limanında işləmiş. Limanda fəhlələr öz hüquqları uğrunda tətil edən zaman tətilin rəhbərlərindən olmuşdur. O hər zaman atasını xatırlayır, limanda işləyənlərdən onun haqqında soruşur və eşitdikləri ilə fəxr edir.

Kapitanların rəhbəri Güllə Pedro sarışın, qıvrım saçlı və yaraşıqlı bir yeniyetmədir. O, sədaqəti ilə hər zaman dostlarını düşdüyü ağır vəziyyətlərdən xilas edir.

Güllə Pedro bir dəfə dostu Şirniquşun istəyi ilə polis idarəsinə düşür, onun səcdə etdiyi simvolik bütü oradan götürür. Halbuki polislər hər yerdə Güllə Pedronu axtarırlar, onu tutana mükafat vəd edirlər. Amma bütün bunları bilərəkdən Pedro öz həyatını riskə atır, çünki o da dostlarına güvənir. Bilir ki, polis onu tanıyıb həbs etsəydi, digər kapitanlar köməyə gələcəkdilər. Bundan əlavə, bir evin qarəti zamanı yaxalanan kapitanları məhz tutulmaqdan Güllə xilas edir. Amma özü həbs olunaraq islah düşərgəsinə göndərilir. Burada ona olmazın işgəncələr verirlər; karserə, balaca bir qutuya salırlar, bunun içində yalnız yarım bükülü vəziyyətdən qalmaq olar. Ona yalnız su və duzlu toxud verirlər. Amma bu işgəncələrə baxmayaraq azyaşlı kapitan dostlarının yerini satmır. Vaxt gəlir onu şəkər qamışı plantasiyalarına işləməyə aparanda dostları Gülləni qaçırırlar.



Sevimli ana, sevimli dost

Güllə Pedro ilk dəfə əsl sevginin nə olduğunu Dora ilə tanışlıqdan sonra bilir. Dora kasıb bir qızdır. Valideynlərini şəhərə yayılan çiçək xəstəliyi nəticəsində itirir. Bundan sonra qardaşı Ze ilə yetim qalır, işləmək, zəhmətilə çörək pulu qazanmaq istəyir. Amma acımaasız həyat onu başqa yönə sürükləyir. İş üçün hara müraciət edirsə, götürmürlər, çünki valdeyinləri çiçəkdən ölüb, uşaqlarda da bu xəstəliyin qalıqlarının olacağından şühhə edirlər. İş elə gətirir ki, o da pakhauza gəlir. Burada birinci onu yaxşı qarşılamasalar da sonradan hamı Doraya bir ana, bacı kimi hörmət etməyə, sevməyə başlayırlar. Çünki buradakı uşaqların heç biri ana nəvazişinin nə olduğunu bilmirdilər. Onlara bu nəvazişi Dora göstərdi, onlara həm ana, həm bacı, həm də ən yaxın dost oldu. Kapitanların paltarlarını yamadı, yemək bişirdi, həmsöhbət oldu, dərdlərinə şərik çıxdı, hətta onlarla birgə qarətlərə qoşuldu. Bir sözlə pakhauz əhlinin ürəyini ram etməyi bacardı. O, bütün kapitanları sevirdi, ıakin Pedroya qarşı sevgisi tam başqa idi. Dora Güllə Pedronudərin məhəbbətlə sevir, onun göstərdiyi şücaətləri heyranlıqla izləyirdi. Özü də çevikliyi ilə heç də ondan geridə qalmırdı.

Bütün bu çətinliklərə baxmayaraq Doranın əldə etdiyi xoşbəxtliyi də həyat ona çox görür. Belə ki, bir Doranı Güllə Pedro həbsdə olan zaman tutub yetimlər evinə göndərirlər. Burada baxımsızlıq ucbatından Dora bərk xəstələnir, qızdırma içində yatır. Onun yaşadan ayaqda saxlayan isə Pedroya və kapitanlara olan sevgisi olur. Yetimlər evində keçirdiyi ağır həyatı yaxşı bilən kapitanlar onu hər vəchlə oradan xilas etməyə şalışırlar. İlk öncə Güllə Pedronu həbsdən qaçırırlar. Pedro da kapitanların köməkliyi ilə Doranı buradan xilas edir, pakhauza gətirir. Lakin Doranın xəstəliyi daha da dərinləşir, o pakhauzda 17 yaşında qızdırmadan vəfat edir. Onun vəfatı Güllə Pedronu və bütün kapitanları çox məyus edir.

Kasıb doğulmaq yaman bəladır

Kapitanların ən “bacarıqlı” soyğunçularından biri də Çolaq ləqəbli azyaşlı “kapitan”dır. Onun bir ayağı axsadığından (bu onda anadangəlmə idi) pakhauz əhli onu belə çağırırdı. Çolaq uşaq vaxtı valideynlərinin hər ikisini itirdiyindən tale onun yolunu pakhauza salır. Çünki o da digər dostları kimi yaşı azdır, heç kəs bu səbəbdən ona iş vermir. Çox ağıllı və zirək olan bu kapitanın ən çox nifrət etdiyi polislərdir. Buna səbəb də onun polis tərəfindən amansızcasına döyülməsi olub.

Çolaq kapitanların rəhbəri Güllə Pedronun yaxın doslarındandır. Həmişə onlarla birgə qarətlərdə iştirak edir. Çolağın əsas vəzifəsi qarət olunacaq yer haqqında kəşfiyyat xarakterli məlumatları əldə etmək olur. Bu məharət onda bir yandan anadangəlmə olsa da, bir yandan da xüsusi bacarığının olmasıdır. O, hər cürə sifətə asanlıqla girə bilir, insanların qəlbini fəth edir, tez bir zamanda etbibar qazanır, varlıların evinə daxil olur, orada bir müddət qalır, bütün lazımı məlumatları: evin çıxışlarını, seyfin yerini və s. öyrənir digər kapitanlara xəbər verir, özü isə həmin evi tərk edir. Evin hər istiqamətini bilən kapitanlar asanlıqla öz qarətlərini həyata keçirirlər. Çolağa insanların belə tez inanmasının əsas səbəblərindən biri onun azyaşlı və bir ayağının qüsurlu olmasıdır.

Çolaq cəmiyyətdəki bütün bəlaları qatı təbəqələşmədə görür, hesab edir ki, kasıb doğulmaq bir bəladır. O da öz həmyaşıdlıları kimi valideyn nəvazişi istəyir, ana qayğısına ehtiyac duyur, parkda oynayan, atraksionlarda əylənən uşaqları görəndə digər “kapitan” dostları tək qəlbi göynəyir. Hər zaman sevilməyi istəyən çolaq təəssüf ki, bu hisdən məhrum olur.

Bir gün Çolaq əsl ailə sevgisinə, qayğısına qovuşur. Çox sevinir, hətta küçə həyatından uzaqlaşmağı da planlaşdırır. Amma təəssüf ki, onun qisməti artıq yazılıb və bu qismət də onun yaşadığı “pakhauz həyatı”dır. Belə ki, kapitanlar bir varlının evini gözaltı edirlər ki, oranı qarət etsinlər. Bunun üçün hər zamankı kimi Çolağı həmin evə kəşfiyyata göndərirlər. Çolaq da evə gəlir, yazıq sifəti çıxararaq ev sahibinin qəlbini ələ ala bilir. Ev sahibi tezliklə ona alışır, qayğı göstərir, yuyundurur, yaxşı əyin-baş verir, bir sözlə öz övladları tək əzizləyir. Çolaq qarət üçün gəldiyini unudur, dostlarından bir müddət uzaqlaşır. Çox sevinir ki, axır onu da sevən biriləri tapıldı. Amma bu sevinc ona çox olur. Məlum olur ki, ev sahibinin Raul adında oğlu kiçik yaşlarında vəfat edib, bunun üçün çox kədərlənən valideynlər qapıya gələn Çolağı övladlığa almaq istəyiblər. Çünki Çolaq Aqustoya bənzəyir, düzdür, bir az axsayır. Çolaq biləndə ki, onu özü kimi yox, Aqusto kimi sevirlər, əzizləyirlər, hərdən “Aqusto” deyə müraciət edirlər, çox üzülür, ağlayır. Aylarla dostları ilə danışmır, hər zaman zarafatları ilə seçilən Çolaq qaradinməz birinə çevrilir. Bu təbii ki, bir müddət davam edir. Sonradan Çolaq yenidən dostlarına qaynayıb-qarışır.

Professoru küçə həyatından ayıran nə oldu?!

Kapitanların qarətçilik planlarının hazırlanmasında böyük rolu olan “Professor” pakhauz “sakinləri”nin içərisində ən savadlısı və istedadlısıdır. O, yazmağı, oxumağı bacarır, gözəl rəsmlər çəkir. Bu onda Tanrı vergisidir. Demək olar ki, hər gecə müxtəlif kitabları mütaliə edir, kapitanların qarətçilikləri barədə qəzetlərə çıxan məqalələri oxuyur, hər kəs bundan agah olur. Professor kitab oxuyan zaman bütün kapitanlar onun başına toplaşır, diqqətlə qulaq asır, əsərə müvafiq olaraq hərə min cürə xəyala dalır.

Professorun da pakhauzda bir köşəsi var ki, orada yatır, kitablarını səliqə ilə saxlayır. Hərdən dostları ona sataşırlar ki, sənin gözlərin kor olacaq bəsdir oxudun. O, əsəsən gecə vaxtı şam işığından oxuyur. Hərdən yağan güclü yağış pakhauzun sınıq-sökük tavanından içəri dolur, əsən güclü külək içəri soxularaq sanki Professorun bəhsinə şamı söndürməyə cəhd göstərir, lakin o, bunlardan bezmir məqsədinə nail olmağa çalışır.

Professor gözəl rəssamdır. Gözəl təbiət mənzərələri, portretlər çəkir. Əsasən parkda gəzişən iki sevgilini görəndə və ya ürəyindən kiminsə prtretni yaratmaq keçəndə yerdə həmin rəsmi çəkir, beləcə pul qazanır. Bundan əlavə uzaqdan görəndə ki, bu adam sanballı adamdır, ondan nəsə qoparmaq olar, onun tez yerdə rəsmini çəkir, rəsmə başı qarışan yolçunu isə digər kapitanlar ruhu belə duymadan qarət edirlər.



Bir gün Professorun yaman bəxti gətirir. Öz uşaqlıq arzularını bir təsadüf nəticəsində gerçəkləşdirir. Belə ki, dəmir yolu vağzalının yaxınlığında bir kişinin rəsmini çəkən professor ondan pul qoparmağa çalışır, amma kişinin pulu olmadığından ona müştüyünü və visit kartını verir. Deyir sənin qeyri-adi istedadın var mən sənə kömək edə bilərəm. Beləcə bəxti gətirən Professor pakhauzdan uzaqlaşır Salvadoru tərk edərək Rio De Janeyroya gedir, təhsil alır, gözəl rəssam olur, çəkdiyi əsərlərinin sərgisini keçirir.

Mehman Musaoğlu
Yüklə 25,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin