Halal əmək
Qədim zamanlarda kasıb bir kişi vardı. Onun övladı olmurdu. Bu kişi o qədər halal adam idi ki, bir qonşunun toyuğuna “kiş” deməmişdi. Buna görə də, bir gün arvadını kənddə qoyub şəhərə gedir. Burda da deyir ki, mən yalnız halal pul qazanacam. Bir ağanın qapısında gündə bir qarın yeməkdən əlavə, bir şahı pula işləməyə razılıq verir. Bir gün öz kəndlərindən olan bir bəzirganla rastlaşır. İstəyir ki, arvadına nəsə göndərsin. Ancaq, baxır pulu azdır. Ona görə də, bir pişik alıb bəzirgana verir. Fikirləşir ki, evdə uşaq da yoxdur, arvad elə pişiklə başını qatar. Bəzirgan yol başlayır kəndə tərəf. Yolda bir evə qonaq düşür. Evin arvadı ona yaxşı şorba bişirir. Stolun üstünə qoyur. Uşaqlar da hərəsi əlinə bir ağa alıb stolun başına yığılır. Bəzirgan bilmir neynəsin. Evin kişisi deyir:
-Ay qonaq, niyə yemirsən?
Cavab verir:
-Ay rəhmətliyin oğlu, hərəniz əlində bir ağac başımın üstünü kəsmisiniz. Belə qonaq qarşılayırlar?
Kişi dedi:
-Qonaq, xətrinə dəyməsin. Evimizdə yaman çox siçan var, sənə yeməyə imkan verməzlər deyə belə edirik. Günümüzü qara edib bu siçanlar. Bilmirik neyniyək.
Bəzirgan tez xurcundan pişiyi çıxarıb evə buraxır. Pişik miyoldadıqca siçanlar qaçıb gizlənir. Ev sahibi deyir:
-Qonaq, sən bizi belə bir bəladan xilas etdin. Sənin hörmətindən bilmirəm necə çıxım.
Kişiyə gətirib bir xeyli qızıl, pul verdilər. Bəzirgan bunları gətirib arvada verdi. Əhvalatı da ona danışdı. Arvad da yaxşı arvad idi. Dunux deyildi yəni. O saat puldan bir xeyli ayırıb kənara qoydu. Özü üçün azca xərclik saxladı. Bu burda dolanmağında olsun, kişidən danışım. Kişi özünü elə halal adam kimi göstərmişdi ki, ağa onun xətrini yaman çox istəyirdi. Bir gün ağaya hind narının şitillərini gətirirlər. Ağa da onun birini kişiyə verir, bərk-bərk də tapşırır ki, qaranlıq yerdə əksin. Meyvəsi can dərmanıdır. Kişi yenə bəzirganı tapır. O qədər ürəyi təmiz olur ki, şitili də onunla göndərir. Ağanın dediklərini də atvadına deməsini tapşırır. Bəzirgan şitili götürüb kəndə gəlir. Arvada verib, ərinin sözlərini də çatdırır. Arvad şitili qaranlıq yerdə əkir, ona qulluq edir. Ancaq, bəzirgan paxıllıqdan durammır. Öz-özünü danlayır ki, o pulu da, şitili də nahaq gətirib arvada verdi. Bir yolla onları ələ keçirtmək istəyir. Nəhayət, yolunu tapır. Arvada deyir ki, bəs belə-belə, ərin şəhərdə xəstələnib, can üstdədi. Deyir, yanıma gəlsin. Arvad da tədarükünü tutub gedir şəhərə. Gəlib ərini tapır, baxır ki, kişi sappasağdı. Barmağını dişləyir ki, bəzirganın nəsə kələyi var. Hər şeyi ərinə danışır. İkisi də dabanbasaraq kəndə qayıdır.
Bəzirgan da bu yandan hind narının şitilini oğurlayıb yerinə ayrı şitil əkir. Pulları da tapıb götürür. Kişiylə arvadı gəlib evə çatanda baxırlar ki, şitil balacalaşıb, pullar da yerində yoxdur. Gedirlər bəzirganın üstünə. Bəzirgan da heç nəyi boynuna almır. İş qazıya düşür. Qazı da arif adamdı. Fikirləşir, fikirləşir, axırda belə deyir:
-Kişi səndə o qədər pul hardan idi?
Kişi deyir:
-Mən arvadıma pul yox, pişik göndərmişdim. Bəzirgan yolda pişiyi baha satıb. Pul o puldu.
Qazı deyir:
-Onda bəzirganın pula haqqı çatır. Deyərəm sənin pişiyini alıb özünə verər. Bəs şitilin dəyişdiyini nədən bildin?
Kişi cavab verir:
-Onu mən yox, arvadım bildi.
Qazı arvadı çağırır. Soruşur:
-Sən nədən bildin ki, şitil həmənki deyil?
Arvad dedi:
-Mən nə müddətdi onun qulluğunda durmuşam, baxan kimi bildim ki, bu adi nar şitilidir.
Qazı dedi:
-Fəhm sübut deyil. Bəzirgan haqlıdır.
Bunu deyib onları yola salsa da qazı bəzirganı faş eləmək istəyirdi. Odur ki, yavaş-yavaş bəzirganla dostlaşdı. Bir gün də mərc gəldi ki, sabah gün Şərqdən yox, Qərbdən çıxacaq. Bəzirgan dedi, ola bilməz. Mərc gəldilər. Qazı şərt qoydu:
-Əgər mən dediyim düz çıxsa, hind narının ilk meyvəsi mənimdi, yalan çıxsa sənindi.
Bəzirgan qazının eyhamını başa düşəmmədi. Razılaşdı. Üstəlik yekələndi:
-O narın meyvəsi can dərmanıdır. Ona görə oğurladım onu.
Elə qazı da bunu istəyirdi. Tez camaatı yığıb dedi:
-Baxın, halal əməklə qazanılan mal budu. Bəzirgan doğrudan da, bu kişinin pulunu, narını oğurlayıb.
Qazı pulları da, nar ağacını da alıb kişiyə verdi. Bəzirganı isə yığılıb kənddən qovdular. Halallıqla yaşamaq gözəl şeydi. Çalışın, həmişə halal mal qazanın ki, xeyrini görəsiniz.
Dostları ilə paylaş: |