KİMYANIN TƏDRİSİNDƏ SİNİFDƏNXARİC İŞLƏRDƏN İSTİFADƏ ETMƏKLƏ EKOLOJİ BİLİKLƏRİN ÖYRƏDİLMƏSİ
Tağıyev T.İ.
Gəncə Dövlət Universitetinin
Kimya kafedrasının dosenti, pedoqogika üzrə elmlər doktoru
Əsgərov V.H.
Lənkəran Dövlət Universitetinin baş müəllimi
Dərsdə bir sıra ekoloji prosesləri, faktları və hadisələri bilavasitə müşahidə etmək və bu sahədə mənimsənilmiş bilikləri təbiətin mühafizəsi işlərində tətbiq etmək mümkün deyildir.
Dərs prosesində həyata keçirilməsi çətinlik törədən bu cür ekoloji məsələlər sinifdənxaric işlər vasitəsilə genişləndirilir, dərinləşdirilir və tamamlanır. Sinifdənxaric işlər şagirdlər üçün məcburi yox, könüllülük prinsipi əsasında onların marağı üzrə müstəqilliyin təmin edilməsi şəraitində qurulur. Sinifdənxaric işlərin effektivliyini təmin etmək üçün onun məzmununu müəyyənləşdirərkən aşağıdakı prinsipləri nəzərə almağı zəruri hesab edirik:
- biliklərin həyatla əlaqələndirilməsi;
- şagirdlərin bilik və yaş xüsusiyyətlərinə, əqli inkişafına müvafiq olması.
Tədqiqat nəticəsində müəyyən etdik ki, ekoloji məzmunlu sinifdənxaric iş-
lər əsasən yerli materiallar üzrə qurulduqda daha effektli olur. Sinifdənxaric işlərdə məqsədyönlü təşkil edilən problem-situasiyalardan istifadə etməklə şagirdləri təbiətlə münasibətdə ona zərər yetirməmək, ətraf mühiti çirkləndirməmək, təbiətdə əxlaqa zidd davranışlara (heyvanlara əziyyət vermək, bitkiləri qırmaq və s.) qarşı barışmazlıq, təbiətinin zənginliyinə xələl gətirməmək kimi məsuliyyətli davranış ruhunda tərbiyə etmək mümkündür.
Bu zaman şagirdlər nəinki təbiətdə yaranan mövcud ekoloji problemi başa düşür, həmçinin onun aradan qaldırılması işində iştirak etməyin zəruriliyini dərk edir və ictimai faydalı işlərə fəal qoşulurlar.
Sinifdənxaric işlər zamanı bilavasitə təibətin qoynunda təşkil edilən müşahidələr, aparılan eksperimentlər, çəkilən rəsmlər, fotoşəkillər, şagirdlər üçün daha maraqlı və cəlbedici olur. Onların fənnə marağı artır. Ekoloji tərbiyənin səviyyəsi yüksəlir.
Şagirdlərin tərbiyəlilik səviyyəsi, onların davranışları əsasında: təbiətin mühafizəsi tədbirlərində fəal iştirak etmələri, ekoloji məsələlərlə bağlı situasiyalarda fəallıqlarının artması, bu zaman göstərdikləri müsbət emosiyalar vasitəsilə sübut edilir.
Sinifdənxaric işlərdə təşkil edilən müzakirələr ekoloji bilikləri ümumiləşdirməyə imkan verir.
Sinifdənxaric işlərdən: dərnəklər, axşamlar, konfranslar, mühazirələr və s-dən istifadə etməklə şagirdlərin ekoloji bilikləri genişləndirilir, dərinləşdirilir və tamamlanır. Burada nəzərə almaq lazımdır ki, ekoloji məsələlərin kompleks xarakteri onların həll edilməsində ayrı-ayrı təbiət fənlərindən mənimsənilən «baza» biliklərindən kompleks istifadə olunmasını tələb edir. Bu isə fənlərarası əlaqə vasitəsilə həyata keçirilə bilər.
Lakin, fənlərarası əlaqə vasitəsilə müxtəlif fənlər üzrə ümumi təlim-tərbiyə məsələləri vahid yanaşma metodu ilə həyata keçirilməlidir. Bu məqsədlə ekoloji aspektdə aşağıdakı təlim-tərbiyə məsələləri həll edilməlidir:
1. Təbiətlə münasibətdə şagirdlərdə məsuliyyətli davranış formalaşdırmaq.
2. İnsan fəaliyyətinin ətraf mühitə təsirinin kimyəvi proseslərin, kimya istehsalatının ikili təbiətini aşkar etmək.
3. Şagirdlərin mənimsədikləri ekoloji biliklərini təbiətin mühafizəsi işlərində praktik tətbiq etmək bacarığı formalaşdırmaq.
Dərnək işlərində şagirdlərin müstəqilliyini təmin edən müxtəlif cür tapşırıqlardan istifadə edilir:
1) Məruzələr hazırlmaq;
2) Tədqiqat xarakterli praktik işləri yerinə yetirmək;
3) Kimya axşamları keçirmək;
4) Viktorinalar;
5) Olimpiadalar təşkil etmək və s.
İşlədiyimiz metodika üzrə bir dərnək işinin təşkili və keçirilməsi metodikasını izləyək.
Mövzu: «Kimya istehsalatının xalq təsərrüfatının inkişafında və ətraf mühitin qorunmasında rolu».
İşin məqsədi: 1. Kimya istehsalatının xalq təsərrüfatının inkişafındakı rolunu aşkar etmək.
2. Kimya istehsalatı tullantılarının ətraf mühitə çirkləndirici təsiri və ona qarşı mübarizə üsullarına aid şagirdlərin biliklərini ümumiləşdirmək.
Dərnək məşğələsi aşağıdakı plan əsasında keçirilir.
Plan:
1. Respublikamızın kimya sənayesinin inkişafında təbii kimyəvi xammal mənbələrinin rolu.
2. Kimyəvi xammalın çıxarılması və onun emalı prosesində ətraf mühitə edilən mənfi ekoloji təsirlər.
3. Respublikamızda kimya istehsalatı ilə bağlı ətraf mühitə edilən mənfi təsirlərin qarşısının alınması üçün görülən tədbirlər.
Dərnək mövzusunun planına uyğun şagirdlərə məruzə hazırlamaq üçün tapşırıqlar verilir və müvafiq ədəbiyyat göstərilir.
I məruzəçiyə: «Respublikamızın kimya sənayesinin inkişafında təbii kimyəvi xammal mənbələrinin rolu» mövzusunda məruzə hazırlamaq tapşırığı verilir.
Ədəbiyyat
1.İsayev S., Məsimov A., Xasayev A. Geokimya. Bakı, 2003, 356 s.
2. Budaq Budaqov, Yaqub Qəribli Azərbaycan Respublikasının fiziki coğrafiyası. 8-ci sinif üçün dərslik, «Təhsil» nəşriyyatı, Bakı, 2011, 184 s.
II məruzəçiyə: «Kimyəvi xammalın çıxarılması və onun emalı prosesində ətraf mühitə edilən mənfi ekoloji təsirlər» mövzusunda məruzə hazırlamaq tapşırığı verilir.
Ədəbiyyat
1.Əlizadə E., Seyfullayeva N., Mirzəyev M. Ümumi fiziki coğrafiya. 6-cı sinif üçün dərslik «Azərbaycan» nəşriyyatı, Bakı, 2011, 160 s.
2.Quliyev V., Xəlilov M. Təbiəti mühafizə (izahlı lüğət). Bakı, 2000, 498 s.
III məruzəçiyə: «Respublikamızda kimya istehsalatı ilə bağlı ətraf mühitə edilən mənfi ekoloji təsirlər və onun qarşısının alınması tədbirləri» mövzusunda
məruzə hazırlamaq tapşırığı verilir.
Ədəbiyyat
1.Əliyev H.Ə. Həyəcan təbili. Bakı, 2003, 174 s.
2.Müseyibov M.A., Əfəndiyev V.Ə., Seyfullayeva N.S. Türk dünyası coğrafiyası. 11-ci sinif üçün dərslik. «Aspoliqrafik», Bakı, 2011, 128 s.
3.Tağızadə T., Nağıyev M. Ümumi ekologiya. Bakı, 1999, 175 s.
Əliyev A.H. Kimya-ekologiya, Bakı, 1997, 84 s.
Dərnək məşğələsinin gedişi.
Giriş sözü: Müəllim dərnək məşğələsinin məqsədi haqqında qısa məlumat verdikdən sonra şagirdlərin məruzələri dinlənilir.
Hər bir məruzədən sonra çıxışlar təşkil edilir. Şagirdlər onlar üçün aydın olmayan məsələlərə aid məruzəçilərə suallar verir və cavabları müzakirə edirlər. Müəllimin köməkliyi ilə ümumiləşdirilir.
I məruzədən sonra şagirdlərin təbiət fənlərindən (fizika, coğrafiya, təbiətşünaslıq, biologiya, kimya) və əlavə ədəbiyyatlardan mənimsədikləri biliklərə istinad edərək belə bir ümumiləşmiş nəticəyə gətirilir ki, respublikamızın zəngin filiz və qeyri-filiz faydalı qazıntı yataqları vardır. Həmin faydalı qazıntılardan respublikamızda xalq təsərrüfatının müxtəlif sahələrində, o cümlədən kimya sənayesinin inkişafında xammal kimi istifadə edilir. Yerli materiallar əsasında bu aspektdə şagirdlərin təsəvvürləri konkretləşdirilir. Burada respublikamızda təbii kimyəvi xammal mənbələrini (təbii sərvətləri) əks etdirən sxem üzrə müsahibə təşkil edilir.
Bu məqsədlə həmçinin yerli materiallar əsasında faydalı qazıntılara aid toplanmış kolleksiyalardan, hazırlanmış sxemlərdən və stendlərdən istifadə edilir.
II məruzədən sonra təbii sərvətlərin çıxarılması və emalı prosesində insan fəaliyyətinin ikili təbiəti (mənfi və müsbət fəaliyyəti) şagirdlərə dərk etdirilir. İnsanın təbii sərvətlərdən faydalanmaq istiqamətində istifadəsi, onun çıxarılması emalı və tətbiqi ilə bağlı fəaliyyəti müsbət və bu proseslər zamanı ətraf mühitə edilən zərərli təsirlər ilə mənfi fəaliyyət hesab olunur. Burada şagirdlərə izah edilir ki, insan elə etməlidir ki, təbiətlə münasibətdə ona mənfi təsir etməsin. Bu məqsədə nail olmaq üçün insan öz fəaliyyətinin ətraf mühitə nə kimi mənfi təsiri olacağını qabaqcadan proqnozlaşdırmağı bacarmalıdır. İnsan fəaliyyətinin ikili təbiətini əks etdirən yerli materiallar əsasında biliklər konkrentləşdirilir.
III məruzədən sonra respublikamızda kimya istehsalatı müəssisələrinin yerləşdirilməsi ilə bağlı şagirdlərin Coğrafiya fənnindən mənimsədikləri biliklər bir daha onlara xatırladılır. Ayrı-ayrı regionlar üzrə kimya istehsalatının ətraf mühitə çirkləndirici təsiri və onun aradan qaldırılması ilə bağlı görülən tədbirlər haqqında şagirdlərin bilikləri ümumiləşdirilir, konkretləşdirilir. Yerli materiallar üzrə nümunələr əsasında şagirdlərin təsəvvürləri dəqiqləşdirilir və konkretləşdirilir.
Hər üç məruzəçinin məruzələri dinlənildikdən sonra müzakirələr təşkil edilir. Müzakirələrdən şagirdlər belə nəticəyə gətirilir ki, respublikamızın kimya sənayesinin inkişaf etdirilməsi üçün zəngin təbii sətvətləri vardır. Lakin bu təbii sərvətlərdən səmərəli istifadə etmək lazımdır. Burada şagirdlərə izah etmək lazımdır ki, təbii sərvətlərdən istifadə edilməsi o zaman səmərəli hesab edilir ki, təbii sərvətlərdən cəmiyyətin xeyrinə istifadə edilməklə yanaşı ətraf mühitin çirkləndirilməsinə yol verilməsin, onun keyfiyyətcə tərkibinin sabitliyi qorunub saxlanılsın.
Təbiətşünaslıqdan şagirdlər təbii sərvətlərə aid müəyyən bilik ehtiyatı əldə ediblər. Həmin biliklərə istinad edərək Botanika kursunda təbii sərvətlərə aid bitki sərvətlərini, Zoologiya kursunda heyvanlar aləminə aid sərvətlərin, Coğrafiyanın tədrisində ayrı-ayrı coğrafi təbəqələrdə (zonalarda) yerləşən faydalı qazıntılar haqqında biliklər dərk etdirilir.
Sonra «insan» kursunda təbii sərvətlərin insanın sağlamlığından olan rolu dərk etdirilir. Respublikamızın spesifik iqliminin insan sağlamlığı üçün əvəzedilməz əhəmiyyəti izah edilir.
Kimya kursunda təbii sərvətlərdən səmərəli istifadəyə aid digər kurslardan (təbiətşünaslıq, coğrafiya, fizika, biologiya) mənimsənilmiş «baza» biliklərindən istifadə edərək onun yeni məzmunla zənginləşdirilməsi ilə formalaşdırılması davam etdirilir.
Bu məqsədə ayrı -ayrı təbiət fənlərindən mənimsənilmiş təbii sərvətlərlə bağlı biliklər onlara xatırladılır.
Həmin «baza» bilikləri şagirdlərə xatırladılaraq onlar belə bir nəticəyə gətirilir ki, təbii sərvətlər insanın yaşayışının əsasını təşkil edir. Təbii sərvətlər olmadan yaşayış mümkün deyildir. Məhz bu zərurət təbii sərvətlərin qorunmasını tələb edir.
Burada şagirdlərin diqqətinə çatdırılmalıdır ki, elm və texnikanın artan tələbatının ödənilməsi, faydalı qazıntılardan istifadəni artırmışdır. Faydalı qazıntıların çıxarılması, daşınması və emalı zamanı ətraf mühit müxtəlif cür mənfi təsirlərə məruz qalır. Buna konkret misallar gətirilir. Məs: faydalı qazıntılar çıxarılarkən torpaq örtüyü eroziyaya uğrayır, onun üzərində bitən floranın məhv olmasına səbəb olur. Həmçinin faydalı qazıntıların çıxarılması zamanı atmosferə atılan toz və zəhərli qazlar onu çirkləndirir, torpağın dərin qatlarından çıxan lay suları ətrafa axıdılaraq torpağın şorranlaşmasına səbəb olur və s.
Həmçinin şagirdlərə izah edilir ki, kimyəvi xammal mənbəi kimi işlədilən faydalı qazıntılar (filiz və qeyri-filiz faydalı qazıntalır) emal edilərkən ayrılan tullantılar ətraf mühitin çirklənməsinə səbəb olur.
Bu izahatla şagirdlərə dərk etdirilir ki, təbii sərvətlərdən istifadənin faydalı cəhətləri ilə yanaşı, insanın yaşaşıyında mühüm rol oynayan təbiətin digər komplekslərinə zərərli təsiridə olur.
Təbii sərvətlərdən səmərəli itifadə o zaman təmin edilər ki, onun faydalı
təsirlərindən maksimum istifadə edilməklə yanaşı mənfi təsirləri minimuma endirilsin.
Bu məsələnin həlli isə kimya sənayesindəki texnoloji proseslərin təkmilləş-
dirilməsi ilə yanaşı insanın təbii komplekslər arasındakı qarşılıqlı əlaqələri də dərk etməsini və insan fəaliyyətinin bu əlaqələrə təsirini (mənfi və müsbət) qiymətləndirməyi bacarması tələb olunur. Bu ümumiləşmələr respublikamızın həyatından gətirilən misallarla konkretləşdirilir. Məs: mədənlərdən filiz faydalı qazıntıları çıxarılan zaman torpaq örtüyündə əmələ gələn eroziyanın qarşısının alınması, neft mədənlərindən neftin çıxarılması zamanı onun ətraf ərazilərə yayılmaması, lay sularının torpağı şoranlaşdırılması heç də kimya sənayesinin havanı, suyu, torpağa tullantılarla (zəhərli kimyəvi maddələri) çirkləndirməsindən az rol oynamır. Bu izahatla şagirdlərə dərk etdirilməlidir ki, respublikamızda ətraf mühitin çirklənmədən qorunması və onun təbii sərvətlərdən səmərəli istifadə edilməsi yuxarıda sadalanan mənfi təsirlərin aradan qaldırılması üçün kompleks təd-
birlərin görunməsini tələb edir.
Böyüməkdə olan nəslin hərtərəfli inkişaf etməsini onların elmi biliklərə yiyələnməsi ilə yanaşı, milli şüurun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin inkişafı ilə vəhdətdə formalaşdırılmalıdır. Bu məqsədlə respublikamızın zəngin təbii sərvətlərindən səmərəli istifadənin ölkə iqtisadiyyatındakı rolu dərk etdirilir, onun müdafiə qüdrətini gücləndirməsi aşkar edilir. Müstəqillik qazandıqdan sonra respublikamızın təbii sərvətlərindən (neft, qaz filizlərdən və s.) sərbəst istifadə edilməsi və xalqın rifah halının yüksəldilməsindəki müasir rolunu aşkar etməklə onun qorunmasına məhəbbət hissi bir daha artırılır. Zəngin təbii sərvətlərə malik respublikamızın bir çox faydalı qazıntı yataqlarının (Kəlbəcər, Laçın və s.) yerləşdiyi ərazilərin Erməni düşmənlərinin işğalı altında qalmasının ölkə iqtisadiyyatına vurduğu zərər haqqında məlumat verməklə onlarda düşmənə barışmazlıq, ona nifrət hissi tərbiyə olunmalıdır.
Kimya kursunda mövzuların imkanları nəzərə alınmaqla təbii sərvətlərdən səmərəli istifadə edilməsi anlayışının formalaşdırılması və onun inkişaf etdirilməsi müntəzəm olaraq həyata keçirilməlidir.
Sinifdənxaric işlərdə ekoloji anlayışların bu istiqamətdə mənimsədilməsi onlarda təbiətlə məsuliyyətli davranışın formalaşdırılmasına səbəb olur.
Bu zaman şagirdlər təbii sərvətlərdən optimal şəkildə istifadə edilməsinin meyarları ilə tanış edilir. Həmin meyarlar aşağıdakılardan ibarətdir:
1) Ölkə miqyasında zəruri təbii sətrvətlər çıxarılmalı.
2) Bu zaman insanın ən az əmək sərf etməsinə çalışmalıdır.
3) Təbii sərvətlərdən hər tərəfli kompleks (tullantısız) istifadə edilməli.
4) Mühitin ekoloji səviyyəsinin normal şəkildə qorunması təmin edilməlidir.
Bu cür izahatla şagirdlərdə insanın təbiətlə münasibətində məsuliyyətli olmağın zəruriliyinə inam yaradılır və onlarda təbiətlə məsuliyyətli davranış formalaşdırılır. Şagirdlərə dərk etdirilir ki, respublikamızın təbii sərvətlərlə zəngin olmasına baxmayaraq ondan səmərəli istifadə edilməzsə onun tükənməsi daha da sürətlənər.
İstifadə edilmiş ədəbiyyat:
1. Abbasov V.M. və başqaları. Ümumtəhsil məktəblərinin VIII-XI sinifləri üçün kimya dərslikləri. Bakı, 2009-2010.
2. Ümumtəhsil məktəblərinin VIII-XI sinifləri üçün kimya proqramı. Bakı, 2011.
3. Tağıyev T.İ. Kimyanın tədrisində şagirdlərdə ekoloji biliklərin verilməsində fənlərarası əlaqədən istifadə. Bakı – “Elm”. 2008, 170 s.
Обучения экологических знаний при использование внеклассных работах в преподавание курса химии
Т.И.Тагиев, В.Г.Аскеров
РЕЗЮМЕ
В результате исследования выяснилось что систематическое и целенаправленное использование внеклассных работ экологическим содержанием повышает интерес к предмету, способствует созданию у учащихся сознательного отношения к природе и ответственности при принятии конкретных решения.
Prosedure of the using at out-of-class works cohcerned with intersubject content with the purpose for summarizing ecological knowledge
at chemistry teaching
T.I.Taghiyev, V.H.Askerov
SUMMARY
At the of research it was determined that systematical and purposeful using of concerned with ecological content at out-of school works on chemistry rause interest to subject, assist to qreate them deliberate relations to nature and responsibility for make a concrete decision.
Açar sözlər: sinifdınxaric işlər, kimyanın tədrisi metodikası, ekologiya, təbiətə münasibət, ətraf mühit, dərnək məşğələsi, istifadə etmə, tullantı komponent, texnologiya, fənlərarası əlaqə
Ключевые слова: внеклассная работа, методика преподования химии, экология, отношение к природе, кружковые занятия, окружающая среда, утилизация, выбросы, компонент, технология, межпредметная связь.
Key words: methods of teaching chemistry, environment, for nature, environment, facility tours, utilizasiya emissons, a component, technology.
Dostları ilə paylaş: |