İMAM HADİNİN (Ə) XAİN VƏKİLİ FARİS İBN HATƏM İBN MAHUYEYE QƏZVİNİ
Bu şəxs imam Hadinin (ə) Samirrada əsas köməkçilərindən biri olmuşdur. Özü Qəzvindən olduğu üçün həmin məntəqənin əhalisi, adətən, ona müraciət edər, xüms-zəkatlarını ona verərdilər. Amma bu insanın batinindəki dünyapərəstlik zaman ötdükcə özünü büruzə verməyə başladı.
O, yolunu azaraq, imam malına əl uzatmağa başladı. Onun yolunu çaşmasının nişanələrindən biri də imamın Samirradakı digər bir baş vəkili Əli ibn Cə’fər Həmani ilə rəqabət aparması oldu. Bu rəqabət güclənib, sonda düşmənçiliyə çevrildi. Bu düşmənçilik hər tərəfdən hücumlara mə’ruz qalan şiə cəmiyyəti üçün təhlükəli bir vəziyyət yaratdı. Eləcə də, həzrətin vəkillərinə qarşı bədbinlik, inamsızlıq özünü göstərməyə başladı. Bu səbəbdən bə’zi şiələr xüms-zəkat kimi dini ödənclərini vəkillərə təqdim etmədilər. Bundan əlavə, həmin iki şəxs baş vəkil olduğundan müxtəlif məntəqələrdəki vəkillər şiələrdən toplanmış məbləği imama çatdırmaqda müşkülə düşdülər.
İmam vəziyyətə müdaxilə edərək Əli ibn Cə’fər Həmaninin tərəfini tutdu və məntəqələrdəki vəkillərə göstəriş verdi ki, imamla rabitələrində Faris ibn Hatəmdən istifadə etməsinlər. Eləcə də, vəkillərə tapşırıldı ki, bu göstərişə məhrəmanə əməl edərək Faris ibn Hatəmi qızışdırmasınlar. Çünki Faris nüfuzlu bir adam idi və şiələrlə imam arasında mühüm rola malik olmuşdu. İranın mərkəz və qərb məntəqələrinin şiələri, adətən, öz xüms-zəkatlarını onun vasitəsi ilə imama çatdırardılar. Amma imamın göstərişinə baxmayaraq, Faris həmin dini ödəncləri toplayır və imama təqdim etmirdi. Bir qədər sonra imam Farislə bağlı göstərişini şiələrə aşkar şəkildə e’lan etmək qərarına gəldi. Bütün vəkillərə çatdırıldı ki, kimsə dini ödənclərini Farisə təqdim etməməlidir. Nəhayət, imam hicri 250-ci ildə, rəbiül-əvvəl ayının doqquzunda Farisi yazılı şəkildə lə’nətləyərək bəyanat verdi. Həmin bəyanatdan sonra xəyanətkar vəkil açıq şəkildə imama qarşı mübarizəyə başladı. Mənbələrdə onun fəaliyyətləri haqqında ətraflı mə’lumat verilməsə də, bildirilir ki, o şiələri bid’ətə çağırır və imama itaətdən çəkindirirdi.
Məsələ o qədər ciddi bir şəkil almışdı ki, imam bu şəxsin qətli haqqında hökm çıxarmışdı. Belə göstərişlər olduqca istisna hallarda verilərdi. İmamın bu hökmündən sonra Cüneyd adlı bir şiə Farisi qətlə yetirdi və beləcə, vəkalət qurumu üçün olduqca təhlükəli olan cərəyanlardan birinin kökünə balta çalındı.
Dostları ilə paylaş: |