Gizli şirkin qisimlərindən bir başqası, səbəblərdəki şirkdir. Çünki insanlardan
çoxu səbəb və yaranmışlara ümid bəsləyərək onlardan qorxur. Bu da şirkdir; amma
bağışlanan şirkdir.
Səbəblərdə şirkdən məqsəd budur: Səbəblərin təsirlərinin özlərindən olduğuna
inanmaqdır. Məsələn, günəşin bir çox şey üzərində təsiri vardır. Əgər bu təsirin
onun özündən olduğunu söyləyərək yaradıcısından qəflət edilirsə, bu şirkdir.
Amma günəş, hakim yaradıcısı tərəfindən feyzi artıran bir vəsilə olaraq qəbul
edilirsə, bu, əsla, şirk deyildir. Əksinə, bu bir növ ibadətdir. Çünki haqqın
ayələrinə (nişanələrinə) yönəlmənin özü, haqqa yönəlmənin müqəddiməsidir.
Qurani-kərimin bir çox ayəsində «İlahi ayələrə baxın» deyə əmr olunmuşdur.
Çünki bu baxışlar Allaha yönəlmənin təməlini hazırlayır.
Eyni şəkildə (yəni səbəblərdə şirkin bir başqa şəkli), hər hansı bir səbəbi
müstəqil olaraq qəbul etməkdir. Məsələn, tacir ticarətinə, əkinçi əkin sahəsinə,
fəhlə işinə, qısası hər hansı bir işə sahib olan kəs o işinə müstəqil gözlə baxarsa,
müşrikdir. Amma səbəblərə «Allahdan başqa heç bir müəssir yoxdur» niyyətiylə
baxarsa, bu şirk olmaz.