YOXSUL KƏNDLİNİN ƏLLAMƏ MƏCLİSİNİN QIZI İLƏ EVLƏNMƏSİ
Saleh Mazandarani Mazandaran kəndlərinin birindən idi. Valideynləri yoxsul olan Saleh dini təhsil almaq üçün İsfahana gedərək oradakı bir mədrəsədə çox çətinliklə təhsil almağa başladı. Hətta gecələr mütaliə etmək üçün mədrəsənin ümumi çıraqlarının yanında saatlarla durar, onların nurundan istifadə edərdi. Onun elmi səviyyəsi artdıqdan sonra Əllamə Məhəmməd Təqi Məclisinin dərsində rəsmi şəkildə iştirak etməyə başladı. Əllamə onunla danışıqlarında və bəhslərində, Salehin mə`rifətli bir cavan oğlan olduğunu gördü. Molla Saleh evlənmək yaşına çatığı üçün ailə qurmaq qərarına gəlmişdi. Bir gün dərsdən sonra Əllamə Məclisi (rəh.) ona işarə etdi ki, gözləsin. Şagirdlər gedəndən sonra Əllamə ona dedi: “Eşitmişəm ki, evlənmək qərarına gəlmisən?”
Saleh ərz etdi: “Bəli”.
Əllamə içəridəki otağa keçərək dərs oxumuş, mə`rifətli və ağıllı qızı Aminəyə dedi: “İstəyirəm ki, səni sərvəti olmayan, lakin fazil və alim bir oğlana ərə verəm. Bu da sənin razılığından asılıdır”.
Aminə cavabında dedi: “Yoxsulluq ki, eyb deyil”.
Əllamə onun razılığını alıb toya hazırlıq görür. Aminə çox sadə şəkildə ər evinə gedir. Bu qadın o qədər mehriban idi ki, əri elmi kitabları mütaliə edəndə, elə vaxt olurdu ki, bə`zi məsələləri həll edə bilmirdi və ondan kömək istəyirdi, Aminə də məsələni həll edərdi. Təzə evləndikləri zaman bir gün Molla Saleh evdən çölə çıxdı. Qayıtdıqdan sonra gördü ki, həyat yoldaşı məsələnin cavabını doğru-düzgün yazıb qoyub. Bunu görə Saleh səcdəyə gedərək səhərə qədər ibadət və şükür etməklə məşğul oldu. Onun bu əməli üç gün çəkdi. Əllamə macəradan xəbərdar oldu. Molla Salehi çağırdı və ona dedi: “Əgər qızımla evlənmək istəmirsənsə, səni başqa bir qızla evləndirim”.
O cavabında dedi: “Əksinə, Allahın mənə əta etdiyi ne`mətinə görə şükür və ibadət edirəm. Ancaq nə qədər çalışıramsa, görürəm ki, bu şükürü yerinə yetirə bilmirəm”.200
TOY LƏVAZİMATI YERİNƏ SİLAH ALMAQ
Həzrət Peyğəmbərin (s) dövründə Sə`dul-Əsvəd adlı bir müsəlman evlənə bilmirdi. Heç bir qadın onunla ailə qurmağa razı deyildi. Axırda əhvalatı Həzrət Peyğəmbərə (s) danışdı. Peyğəmbər (s) onu Ömər ibn Vəhəbin qızıyla nişanladı. Sə`d Peyğəmbərin (s) bu işindən çox şad oldu və evlənmək üçün toy tədarükü görməyə başladı. Toy üçün tə`yin olunmuş vaxt gəlib çatdı. Sə`d toy ləvazimatı almaq üçün bazara gedəndə birdən qulağına belə bir səs dəydi: “Əl-cihad, əl-cihad”.
“Döyüşə hazırlaşın! Tələsin, silahınızı götürüb, atlara minin. Fürsəti əldən verməyin . . . “.
Sə`d bir az fikirləşdi. Sonra qərara gəldi ki, toy ləvazimatı yerinə qılınc və nizə alsın. O, bunları alıb özünü İslam ordusunun döyüşçülərinə çatdırdı və böyük qəhrəmanlıqla döyüşüb axırda şəhid oldu.201
İndi bizim bundan da çox cavanlarımız vardır ki, bütün varlığını İslam yolunda fəda etmişlər. Gəlin biz də bu cavanlar kimi olaq. Qadınlar da çətin anlarda və böhranlı vəziyyətlərdə gərək bu cür fikirləşsinlər.
3-Ailədə qayda-qanunun və səfa-səmimiyyətin qorunub saxlanılması
Məhəbbət ər-arvad arasındakı mehribanlığın bünövrəsi və övladların tərbiyəsində mühüm amildir. Övladların yoldan azmalarının və törətdikləri fəsadların əsas səbəbi ərlə arvad arasında İslami məhəbbətin və düzgün qayda-qanunun olmamasıdır. Məsələn, kişinin, ya qadının narkotik maddələrə qurşanması, namuslu və iffətli olmaqda İslam qayda-qanunlarına riayət etməməsi və onların inadkarlığı uşaqları yoldan elə azdırır ki, elə bil daha onlar üçün çıxış yolu qalmır. Şübhəsiz ki, gərək evdə mehribanlıq olsun, uşaqlar rahat və arxayın boya-başa çatsınlar. Daha nigarançılıq və iztirab onlara hakim olmasın. İmam Sadiq (ə) buyurur: “Allah rəhmət etsin o kişiyə ki, həyat yoldaşıyla yaxşı rəftar edər. Çünki Allah onu həyat yoldaşı üçün himayəçi tə`yin etmişdir”.
Həmçinin buyurur: “Kişinin ən pis düşməni əxlaqsız arvaddır”.202
Qadın və qızların şəxsiyyəti, kişi və oğlanların şəxsiyyəti kimi qorunub saxlanılsın. Əgər qadının şəxsiyyəti tapdanılsa, qəlbində özünü alçaldılmış hiss edər. Bə`zən qızlar bu səbəbə görə, özlərini “alçaldılmış” bilib, eyibli olduqlarını güman edirlər. Nəticədə evlənməkdən boyun qaçırır və buna görə də cəmiyyət digər fəsadlarla üzləşir. Qur`an “Bəqərə” surəsinin 186-cı ayəsində, ər-arvadı bir-biri üçün “libas” bilir və buyurur: “Onlar sizin, siz də onların libasısınız”.
Burada “libas” kəlməsi onların hər ikisini bir-birinin eybini örtməsinə, abır-həyalarını qorumasına və özlərini iki bədəndə bir ruh kimi hiss etmələrinə çox gözəl bir işarədir. Həzrət Peyğəmbər (s) qadınlara, digər qadınların örtülü və eyib yerləri barəsində ərlərinə danışanlarla oturub-durmağı nəhy edər və buyurardı: “Əgər bir qadın, başqa bir qadının xüsusiyyətlərini (yə`ni örtülü yerləri barəsində) öz ərinə danışsa, onun əri o qadının bədənini görmüş kimi olur”.203
İndi isə qadınların hüququna riayət etməyə çox diqqət yetirmək üçün aşağıdakı Qur`ana aid bir əhvalata nəzər salın:
“Həzrət Peyğəmbərin (s) zamanı idi. Ovs ibn Samit evinə gələndə mehriban həyat yoldaşını namazda səcdə halında gördü. İstədi ki, namazdan sonra onunla cinsi əlaqədə olsun. Lakin həyat yoldaşı bu işə meyilsiz olduğunu bildirdi. O narazı oldu və dedi: “Əntə ələyyə kə zəhri ummi”.
O zaman bu sözə “zihar” deyilir, qadını boşamaq və onun kişiyə əbədi haram olması sayılardı. Xovlə hərçənd ki, təqsirkar idi, amma Ovs da tələsik belə qərara gəlməməli və arvadının şəxsiyyətini sındırmamalıydı. Hər halda o çox peşiman oldu və çarə yolu fikirləşməyə başladı. Xovlə də çox narahat olaraq özünü Peyğəmbərin (s) yanına çatdırdı. Əhvalatı ərz etdi və bildirdi: “Ovs mənim əmim oğludur. Ondan bir neçə övlad sahibiyəm. Onu çox sevirəm. Görəsən bir çarə yolu var?”
Peyğəmbər (s) buyurdu: “Hələlik bu barədə Allah tərəfindən bir əmr yoxdur. Əgər bir əmr olsa sizə bildirərəm”.
Qadın ağlaya-ağlaya evə qayıtdı. O hər gün Mütəal Allah tərəfindən bu barədə bir əmrin gəlməsi ümidi ilə Peyğəmbərə (s) müraciət edirdi. Mehriban Allah “Mücadilə” surəsinin ilk ayələrini əziz Peyğəmbərinə (s) nazil etdi. Ayələrin mə`nası belədir: “Ya Peyğəmbər! Sənə şikayət edən və səninlə danışan qadını eşitdim. Allah eşidən və görəndir. Əmr belədir: Qadınları ilə zihar edib, sonra sözlərindən peşiman olub dönənlər bir kölə azad etdikdən sonra qadınları onlara halal olur. Kim (azad etməyə bir kölə) tapmasa, iki ay ardıcıl oruc tutsun. Əgər buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır”.
Həzrət Peyğəmbər (s) Allahın əmrini Ovsa xəbər verdi. Ovs dedi: “Oruc tutmağa və kölə azad etməyə gücüm çatmır. Siz kömək etməsəniz, altmış fəqiri də doydura bilmərəm”.
Peyğəmbər (s) ona lızmı miqdarda buğda, ya arpa yeməyi verərək dua etdi. O da həmçinin Allahın əmrini icra etdi. Həzrət Peyğəmbər (s) bu ər-arvadın yenidən bir-biri ilə qalan həyatlarını davam etdirəcəyini bildirdi. Onlar təzədən ailə qurub, yeni həyata başladılar. Bu, gücsüz qadının müdafiəsi idi ki, onun barəsində Qur`an ayələri nazil oldu. Peyğəmbər (s) şəxsən özü ailə mühitinin islahı və qorunması üçün tam ciddiyyətlə çalışdı.
Bu macəradan belə nəticə alınır ki, qadınlar da gərək öz ərlərinin iffətinin qorumağa çalışsınlar və özləri üçün çətinliklər yaratmasınlar. Gördüyümüz kimi, adı çəkilən qadın ərinə lazım olan şəraiti yaratmamaqla, onun həyat yoldaşı olan kişi isə tələsik qərara gəlməklə özlərini necə də çətinliyə saldılar.
Həzrət Peyğəmbər (s) buyurub: “Hər kəs Allaha xatir özünün bədxasiyyət qadınıyla səbirli və mehriban olsa, Allah ona dərgahında şükr edənlərin mükafatını verər”.204
Dostları ilə paylaş: |