İlahi xofun dəyərli roluna və onun haqqında deyilmiş müsbət fikirlərə nəzər saldıqda, görürük ki, övliyalar ilk növbədə bu halı özlərində dirçəltməyə çalışırdılar. Peyğəmbəri-əkrəmin (s) və mə`sum imamların (ə) həyatını mütaliə edəndə, onların keçirdikləri çox qəribə hallarla rastlaşırıq. Əgər bu hallara bir iki rəvayətdə təsadüf edilsəydi, bəlkə də, Peyğəmbərin (s) və imamların (ə) belə hallar keçirmələrinin doğruluğuna şəkk edilərdi. Lakin bu barədə söz açan rəvayətlərin sayı bir-iki deyildir; onlar kifayət qədər olub, hamısı da mütəvatir hədislər sırasındadır. Belə ki, Həzrət Əlinin (ə) şəxsiyyətini zehnimizdə canlandırmaq istəsək, o Həzrətin (ə) zehnimizdə yer alan xüsusiyyətlərindən biri də, onun ağlamaqları, münacatları olacaqdır. O həzrətin (ə) şəxsiyyətini, onun Allahdan olan xofunu nəzərə almadan təsəvvür etmək imkansızdır. Həmçinin, imam Səccadı (ə) Allahdan xof halı olmadan təsəvvür etmək mümkün deyil. İmamın Əbu Həmzə Somali və digər münacatları o Həzrətin fövqəladə xofunun açıq nişanələridir ki, bizim üçün təsəvvüredilməzdir.
Rəvayətlərdə göstərilir ki, Həzrət Əli (ə) dəstəmaz alarkən halı dəyişər və bütün vücudu titrəyərdi. Eləcə də, imam Həsən Müctəba (ə) haqqında göstərilir ki, məscidə yaxınlaşdığı zaman üzünün rəngi dəyişər və təkbir deyəndə, bədəni əsərdi. Həmçinin, digər məsumlarımız Allah qarşısında bu halı keçirərdilər.
Qəlbdə ilahi xofun qorunub-saxlanılmasına edilən səy və bu barədə göstərilmiş tapşırıqlar, din böyüklərinin rəftarlarında bu halın zühur etməsi, xofun insanın təkamülündə, tərbiyəsində, bəndəçilik və hidayət yoluna çata bilməsindəki dəyərli roluna görədir. Şübhəsiz ki, xofun dərəcələrinə görə onun təsir və faydası da müxtəlif olacaqdır. Öz halımıza nəzər salsaq, görəcəyik ki, ilahi xofun müəyyən həddi bizim də qəlbimizdə mövcuddur və dərəcəsindən asılı olaraq, hər birimizdə özünəməxsus təsir qoyur. Lakin mərifətin yüksək məqamına, kamala çatmış kəslərin halına nəzər saldıqda görürük ki, onların Allahdan qorxuları bir başqa cürdür. Təbiidir ki, bu halın onlara təsiri və faydası da hallarına müvafiq olaraq dəyişkən olacaqdır.
Əlbəttə, ilahi xofun dərəcələri və bu dərəcələrə müvafiq hansı təsiri qoyduğunu sözlə ifadə etmək çətin bir işdir. Bu mətləbə mümkün qədər aydınlıq gətirmək üçün belə bir misala diqqət yetirmək pis olmazdı. İnsan öz qarşısında hər hansı bir əzəmət sahibini gördükdə, özündə qəribə hal hiss edir. Onun təsiri altında hiss edir ki, sanki varlığını əldən verir. Ona elə gəlir ki, özünü itirmişdir və artıq özünü görmür. Başqa təbirlə desək, insan bir əzəməti hiss etdikdə, onun qarşısında əriyib, itir. Bu halda o, sanki günəşin qızmar şüaları altında əriyən kiçik bir buz parçası olur. Bu ərimək və özünü unutmaq, Allahın əzəmətinin dərkinin təsirindən yaranan halın xüsusiyyət və təsiridir. Öncəki bəhslərdə, əxlaqi və irfani kitablarda bu barədə yazılan mətləblərə diqqət yetirdikdə aydın olur ki, insanın kamala çatması üçün Allah və onun nəhayətsiz əzəməti qarşısında belə bir hissi keçirməsi zəruri mərhələlərdən biridir. Ariflər bu mərhələni «fəna» məqamı (Allahda fani olmaq) adlandırırlar. Allahda fani olmuş insan, artıq özünü dərk etmir. Elə ki, «özü» aradan qalxdı və qarşısında Allahın əzəmətini gördü, nəticədə Allaha yaxınlaşmış olur və Allahla özü arasındakı bağlılığı daha yaxşı dərk edir. Ariflərin təbirilə desək, artıq anlamış olur ki, bağlılıqdan, Allaha aidiyyatdan başqa heç nə yoxdur.
Hərçənd, bu sözlər ürəyəyatımlı və maraqlıdır, lakin işin həqiqəti budur ki, çox az adam bu mərhələyə çatmışdır. Bizimlə bu mərhələ arasında olduqca böyük fasilə vardır. Elə düşünməməliyik ki, bir-iki söz öyrənməklə hər şey həll olacaq. Bizim problemimiz həqiqətləri yaşadığımız zaman həllini tapır və bu an, Allaha bəndəçilik edib Əhli-beytin (ə) izi ilə addımlamaq mümkün olur. Səy edib onların izi ilə getməli və onların hasil etdiyi qorxunu, xofu öz ürəyimizdə yerləşdirməliyik. Allaha yaxınlaşa bilmək üçün hər kəs öz qabiliyyət və istedadı həddində qəlbində bu xofu yaşatmalıdır. Ali məqamlara diqqət yetirib onların vücudunu etiraf etmək bizim üçün faydalıdır, bu şərtlə ki, məğrur olmayaq. Elə düşünməyək ki, biz də artıq o məqamlara çatmışıq.
Dostları ilə paylaş: |