DÜNYANIN VASİTƏÇİ ROLU
Hədisin davamında Peyğəmbər (s) buyurur:
«Ey Əbuzər! Dünyada qəriblər və ya müvəqqəti qonaqlar kimi yaşamağa çalış və özünü dünyadan getmiş insanların sırasında hesab et».
Peyğəmbər (s) nəsihətində qəriblər kimi dolanmağı buyurur. Qərib bir insanın tanımadığı bir şəhərə daxil olanda onun dostu, tanışı olmadığı üçün necə yaşamasına diqqət et. Heç kəslə ünsiyyət tapa bilmədiyi halda, eyş-işrətə baş qoşa bilərmi? Möminin vətəni axirətdir və dünyada bir yolçu, müsafir kimidir. Heç vaxt da düşünmür ki, özünə cah-cəlal düzəldib eyş-işrətə qapılsın. Həmçinin, Peyğəmbər (s) səfər zamanı dayanmağa fürsəti olmayan yolçu kimi olmağı tapşırır.
Mümkündür, yuxarıdakı cümlələrin zahirinə diqqət edərkən insan səhv nəticə çıxartsın ki, cəmiyyətdən kənarlaşıb, dünya nemətlərindən əlini üzməli, insanın əbədi mənzili olan axirət barəsində düşünməlidir. Şübhəsiz, bu cür yanlış fikirlər İslamın əsasları ilə uzlaşmır. Mümkündür, insanın özünə dost seçməsi, ailə qurması, mülk alıb, mal toplaması – hamısı axirət mehvəri əsasında olsun və dünya məhəbbətinin bu arada heç bir rolu olmasın. Əksinə, insanı bu işə təşviq edən əsas amil, axirətə diqqət və Allaha itaət olsun. Əslində insanın ruhi kamala çatması və Allaha yaxınlaşması yolu bu dünyadan keçib onun ləzzətlərindən, imkanlarından düzgün bəhrələndiyi halda mümkün olur. Həqiqətdə, axirəti özünə əsas hədəf seçmiş insan dünyanı, onu öz hədəfinə qovuşduracaq vasitə qərar verir. Əgər insan dünyadan gözünü çəkmir və onu axirət üçün vəsilə qərar verə bilmirsə, heç olmasa, yoldan ötüb keçən yolçunun öz yorğunluğunu çıxartmaq və mənzil başında istirahət edərək, öz gücünün bərpası üçün dayandığı kimi bu dünyada yaşasın. Düzdür, belə şəxsin nəzərində dünya işləri önəmli yer tutur və birdəfəlik ondan gözünü çəkə bilmir. Lakin dünyadan istifadə edəndə də, heç olmasa ehtiyaclarını təmin edəcək qədər, ona zəruri olacaq qədər istifadə etməlidir. İmam Musa ibni Cəfər (ə) göstərişlərinin birində diqqəti bu məsələyə yönəldərək buyurur: «Gündəlik saatlarınızın bir hissəsini də halal ləzzətlərə ayırın».
Peyğəmbərin (s) «özünü ölülər sırasında gör» cümləsi, məna dərinliyinə görə buyurduğu ən ali təbirlərdən biridir. Lakin mümkündür, bəziləri bu cümlənin mənasını da səhv anlasınlar. Onun zahirindən belə anlaşılır ki, ölülər hərəkətsiz olub dünyanın zahiri mənalarından məhrum və xəbərsiz olduqları kimi, sən də özünü dünya ləzzətlərindən məhrum et. Halbuki, Peyğəmbərin (s) bu sözü söyləməkdən məqsədi, insanın diqqətini onun əbədi mənzilinə yönəltməkdir. Dünya keçid yeri olub axirətə aparan bir körpüdürsə, sənin də diqqətin əsas məqsədə - əbədi mənzilə olmalıdır və səy edib özünü o gün üçün hazırlamalısan; keçidləri, dayanacaqları çətin və qorxulu olan bu yolda kifayət qədər azuqən olmalıdır ki, sabah üzüqara olmayasan. Deməli, Peyğəmbər (s) heç də demək istəmir ki, əlini birdəfəlik dünyadan üz, öz məişətin və gələcək asayişinin təmini barədə düşünmə.
Ayə və rəvayətlərin mənasından səhv çıxarışlar hələ qədimdən müsəlmanlar arasında mövcud olmuşdur. Peyğəmbərin (s) zamanında «əzab ayəsi» nazil olan kimi, bəzi səhabələr ev-eşiklərini, arvad-uşaqlarını, yeyib-içməyi buraxıb, ibadətlə məşğul olmağa başladılar. Bu xəbər Peyğəmbərə (s) çatanda, onları çağırıb buyurdu: «Bu nə işdir görürsünüz? Mən sizin peyğəmbəriniz ola-ola ibadət edib oruc tutmaqla yanaşı, ailə işlərimlə də məşğul oluram, dünya ləzzətlərindən də istifadə edirəm. Siz də mənim yolumu tutun və həyatdan, ailədən üz döndərməyin».
Yuxarıda dediklərimizi nəzərə alaraq bunu əlavə etmək lazımdır ki, mümkündür, insan dünyada bütün maddi imkanlarla təmin edilmiş olduğu halda dünyaya bağlı olmasın. Çünki insan bütün maddi işlərini haqqa aparan yolda vasitə kimi istifadə edə bilər. Həmçinin, diqqət etmək lazımdır ki, söhbət dünyanın mənfi cəhətlərindən, pislənilməsindən gedəndə, bu təbii və maddi neməti dəyərsiz bilib, lazımsız saymaq kimi başa düşülməməlidir. Çünki onların hamısı Allahın yaratdıqları və ayətlərindəndir. Əslində, pislənilən şey, insanın dünyaya və onun nemətlərinə niyyət və baxışından asılıdır. Yəni pislənilən nemət deyil, bu nemətə insanın səhv baxışıdır ki, dünyanı özünün əsas hədəfi seçir və onun vasitə rolu olmasından qafil olur. Deməli, həqiqətdə, insan və onun maddi vasitələrdən səhv istifadəsi məzəmmət olunur.
Əli (ə) Peyğəmbərin (s) vəsfində buyurur: «Peyğəmbərin (s) qəlbi dünyaya uymadı. Onun adı və yadını öz nəfsindən uzaqlaşdırmışdı»1.
Rəsuləllah nəsihətlərinin davamında buyurur:
«Ey Əbuzər! Səhərə salamat çıxdınsa «axşama da salamat qalaram», axşam vaxtı da «səhərə salamat çıxaram» demə».
Nəsihətin bu hissəsi əvvəldə işarə olunan mətləblərə təkid olub, insanın öz gələcəyinə bel bağlaya bilməyəcəyini anladır:
«Elə indi bir xəstəliyə düçar olmamış sağlamlığından və ölüm səni yaxalamamış, həyatından bəhrələnməyə çalış. Çünki sabah başına nə gələcəyini bilmirsən».
Hədisin bu hissəsində Peyğəmbər (s) tövsiyə edib buyurur:
«Fürsətdən istifadə et və bu gününü qənimət say, çünki sabah sağ olub-olmayacağından xəbərdar deyilsən. Həmçinin, xəstələnməmiş sağlamlığının qayğısına qal».
Dostları ilə paylaş: |