BİRİNCİ BÖLMƏ
ABDULGƏDİROV AZƏRBAYCANA QARŞI
(Ərizə № 24510/06)
QƏRAR
STRASBURQ
20 iyun 2013
QƏTİ QƏRAR
20/09/2013
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən qətidir. Qərarın mətni redaktə oluna bilər.
Abdulqədirov Azərbaycana qarşı işində,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (Birinci Bölmə) Palatası hakimlər:
Isabelle Berro-Lefèvre, Sədr,
Elisabeth Steiner,
Khanlar Hajiyev,
Linos-Alexandre Sicilianos,
Erik Mose,
Ksenija Turković,
Dmitry Dedov
və Bölmə Katibi Sören Nilsendən ibarət tərkibdə 28 may 2013-cü ildə qapalı müşavirə keçirməklə həmin tarixdə aşağıdakı qərarı qəbul edib.
PROSEDUR
. İş İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan Cənab Rizvan Məmməd oğlu Abdulqədirovun (“Ərizəçi”) Azərbaycana qarşı verdiyi ərizə üzrə (№ 24510/06) 29 may 2006-cı ildə başlanıb.
. Ərizəçini Azərbaycanda fəaliyyət göstərən hüquqşünas Cənab E.Osmanov təmsil edib. Azərbaycan Hökumətini (Hökumət) onun nümayəndəsi Cənab Ç. Əsgərov təmsil edib.
. Ərizəçi özəlliklə də iddia etdi ki Apellyasiya və Ali Məhkəmədəki proseslərdə iştirak etməməsi onun ədalətli məhkəmə araşdırması hüququnu pozub.
. 8 iyun 2009-cu ildə ərizə ilə bağlı Hökumətlə kommunikasiya başlanıb. Həmçinin qəbuledilənlik və mahiyyət üzrə qərarın eyni zamanda çıxarılması qərara alınıb (29-cu maddənin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
. Ərizəçi 1958-ci ildə anadan olub və Bakıda yaşayır.
. Ərizəçi ibadət edən müsəlmandır və A. ilə qarşılaşdığı məscidə gedirdi. Sonradan A. keçmişdə Al-Qaidə ilə əlaqəsinin olması və Azərbaycanda terror aktlarını həyata keçirməyi planlaşdıran qrupun rəhbəri olmaqda şübhəli bilinməklə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilir. Hakimiyyət orqanları bu qrupu dini fundamentalistlər (“Vəhhabilərin davamçıları” kimi istinad edilir) hesab edir.
. 7 sentyabr 2004-cü ildə ərizəçini də MTN-nin əməkdaşları həmin qrupla əlaqəsinin olması şübhəsi ilə həbs edir.
. Eyni gündə onun yaşayış yerində aparılan axtarış zamanı onu cinayət törətməkdə ittiham edən hər hansı sübut aşkar edilmədi. Amma ərizəçinin həyat yoldaşının mənzilində MTN əməkdaşlarının apardığı axtarış zamanı əl qumbarası tapıldı.
. Ərizəçi Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş silahı qanunsuz saxlama cinayətini törətməkdə ittiham olundu. Cinayət icraatı ərizəçi ilə yanaşı başqa beş təqsirləndirilən şəxsi (A. da daxil olmaqla) əhatə etdi və onların hamısı ərizəçidən daha ağır cinayət törətməkdə ittiham olundular. Onlardan dördü terror aktının hazırlanmasında iştirakda ittiham olundu.
. 10 sentyabr 2004-cü ildə ərizəçi hakim qarşısına çıxarıldı və hakim onun məhkəməyədək icraat zamanı həbsi barədə qərar çıxardı.
. Ərizəçinin işinə digər beş təqsirləndirilən şəxslə birgə Ağır Cinayət İşləri Məhkəməsi baxdı. Məhkəmə ictimaiyyətə qapalı keçirildi. Ərizəçiyə əsasən, Ağır Cinayətlər Məhkəməsində o, əl qumbarasının ona məxsus olmadığını və MTN əməkdaşları tərəfindən onun həyat yoldaşının evinə “yerləşdirildiyini”, onun həyat yoldaşına hiylə etməklə ondan, ərizəçinin özündən və axtarışa şahidlik etmək üçün çağırılmış iki hal şahidindən 30 dəqiqə əvvəl mənzilə girdiklərini bildirdi.
. 7 fevral 2005-ci ildə Ağır Cinayətlər Məhkəməsi ərizəçini qanunsuz silah saxlama cinayəti ilə məhkum etdi və onu üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etdi. Digər təqsirləndirilən şəxslər daha ağır cinayət əməllərinə (terrorçuluq əməlləri) görə məhkum edildilər və beş ildən on dörd ilə qədər dəyişən azadlıqdan məhrum etmə cəzasına kimi uzun müddətli azadlıqdan məhrumetmə cəzası aldılar.
. 18 fevral 2005-ci ildə ərizəçi hökmdən apellyasiya şikayəti verməklə Apellyasiya Məhkəməsindən hökmün ona aid hissəsini ləğv etməsini və ona qarşı cinayət işinə xitam verilməsini xahiş etdi. O, əl qumbarasının ona məxsus olmadığını, iş materiallarında ona qarşı hər hansı sübut olmadığını və məhkum olunduğu cinayət əməlini törətmədiyinə dair öz iddialarını təkrarladı. O bildirdi ki həyat yoldaşının evində əl qumbarasının tapılmasının onun əleyhinə demək olar ki yeganə sübut olduğu şəraitdə, işə baxan məhkəmə axtarışın qanunsuz şəraitdə aparıldığını nəzərə almaqdan və axtarış nəticəsində əldə edilmiş sübutun qəbuledilənliyi və mötəbərliyinin lazımi qaydada qiymətləndirməkdən imtina edib. O, həmçinin qeyd etdi ki birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş ən ağır cəzanı tətbiq edib və cəzanı təyin edərkən onun şəxsi vəziyyətini, inter alia, onun yaşlı və xəstə anasını təmin etmək və qayğısına qalmalı olması faktını nəzərə almayıb.
. Digər təqsirləndirilən şəxslərin bəziləri də apellyasiya şikayəti verdilər.
. Apellyasiya Məhkəməsində dövlət ittihamçısının iştirak etdiyi və təqsirləndirilən şəxslər və onların hüquqçularının iştirak etmədiyi 22 mart 2005-ci il tarixli ilkin baxış iclasında məhkəmə mahiyyət üzrə baxış iclasını 29 mart 2005-ci tarixinə təyin etdi və qərar verdi ki ancaq dövlət ittihamçısı və təqsirləndirilən şəxslərin hüquqçuları həmin iclasa dəvət olunmalıdırlar. Apellyasiya Məhkəməsinin qərarında təqsirləndirilən şəxslər və ya onların hüquqçularının ilkin baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılıb-məlumatlandırılmadıqları barədə heç nə qeyd olunmur (bax, aşağıdakı 23-cü bənd). Qərarda həmçinin mahiyyəti üzrə baxış iclasının “məhkəmə istintaqı” olub-olmadan keçiriləcəyi də göstərilmirdi (bax, aşağıdakı 24-cü bənd).
. 29 mart 2005-ci ildə Apellyasiya Məhkəməsi ərizəçi də daxil olmaqla altı təqsirləndirilən şəxsin hamısının verdiyi apellyasiya şikayətlərinə baxdı. Məhkəmə apellyasiya şikayətlərini “məhkəmə istintaqı” olmadan, yəni işə yenidən tam baxış keçirmədən apardı (məhkəmə istintaqı ilə və məhkəmə istintaqı olmadan keçirilən apellyasiya proseslərindəki fərqi izah etmək üçün aşağıdakı 25-ci bəndə baxın). Ərizəçiyə görə Apellyasiya Məhkəməsində iclas on və iyirmi dəqiqə arasında davam etdi. İclasın protokoluna əsasən, ərizəçi prosesdə yox idi, amma onun hüquqçusu və dövlət ittihamçısı iştirak edirdilər. Eyni gündə Apellyasiya Məhkəməsi Ağır Cinayətlər Məhkəmənin 7 fevral 2005-ci il tarixli hökmünü qüvvədə saxladı. Apellyasiya Məhkəməsinin hökmü əsasən 7 fevral 2005-ci il tarixli hökmün sözbəsöz təkrarı-surəti idi.
. 5 avqust 2005-ci ildə ərizəçi Ali Məhkəməyə kassasiya şikayəti verdi. O şikayət etdi ki inter alia, onun Apellyasiya Məhkəməsinin iclasında olmaması daxili qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozub. Ali Məhkəmə ərizəçinin kassasiya şikayətinə ayrıca baxdı və 29 noyabr 2005-ci ildə aşağı məhkəmələrin hökmlərini qüvvədə saxladı. Ali Məhkəmənin qərarında ərizəçinin Apellyasiya Məhkəməsindəki iclasda olmaması ilə bağlı şikayəti göstərilmirdi. Ali Məhkəmədəki iclasda ərizəçi şəxsən iştirak etmirdi və onu hüquqçusu təmsil edirdi.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Apellyasiya Məhkəməsinin səlahiyyətləri
. Cinayət Prosessual Məcəllənin (CPM) 397-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi (ikinci instansiya) birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
. CPM-in 398-ci maddəsinə əsasən, apellyasiya şikayətinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanılması haqqında, birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək yeni hökm çıxarmaq, birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək cinayət işinə xitam verilməsi barədə qərar qəbul etmək və ya birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edə bilər.
B. Təqsirləndirilən şəxsin apellyasiya məhkəməsində iştirakı
. CPM-in 91.5.25-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək hüququna malikdir.
. CPM-in 392.2-ci maddəsinə əsasən, apellyasiya məhkəməsi qarşısında qaldırılmış məsələlər məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətinin pisləşməsinə səbəb ola bilərsə, yaxud tam məhkəmə araşdırmasının (məhkəmə istintaqının) aparılması apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri hesab edildikdə, məhkum edilmiş və ya bəraət almış şəxs, həmçinin onların müdafiəçiləri apellyasiya instansiyası məhkəməsinin iclasına mütləq çağırılmalıdırlar. Belə hallarda dövlət ittihamçısının iştirakı məcburidir. Eyni maddəyə əsasən, apellyasiya şikayəti vermiş şəxsin məhkəmə baxışında iştirakı və onun iştirak etməməsinin nəticələri CPM-in 311-ci maddəsində müəyyən olunmuş meyarlara müvafiq olaraq müəyyən olunur.
. CPM-in 311-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı məhkəmənin bütün iclaslarında iştirak etmək və CPM-də nəzərdə tutulmuş bütün müdafiə hüquqlarından istifadə edir. 311.2-ci maddə təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə baxışına yol verilən iki müstəsna halı müəyyən edir: (a) təqsirləndirilən şəxs ölkə hüdudlarından kənardadır və məhkəməyə gəlməkdən qəsdən boyun qaçırır; (b) şəxs böyük ictimai təhlükə törətməyən cinayətdə ittiham olunur və məhkəmə iclaslarında iştirak etmək hüququndan imtina edir.
CPM-in 311.4-cü maddəsinə əsasən, CPM-in 311.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, təqsirləndirilən şəxs məhkəmə iclasına gəlmədikdə, məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir.
-
Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinə baxması proseduru
. CPM-in 391.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti daxil olduqdan sonra apellyasiya instansiyası məhkəməsi on beş gün müddətində (bəzi hallarda otuz gün ərzində) məhkəmə iclasında apellyasiya şikayətinin ilkin baxışını aparır. Apellyasiya şikayəti vermək hüququ olan şəxslər və dövlət ittihamçısı məhkəmənin ilkin baxış iclasında iştirak etmək hüququna malikdirlər. Bu tərəflər ilkin iclasın vaxtı və yeri haqqında öncədən məlumatlandırılmalıdırlar, lakin onların gəlməməsi apellyasiya şikayətinə ilkin baxılmasına mane olmur. Apellyasiya şikayətinə ilkin baxılması üzrə məhkəmə iclasında iştirak etmək barədə müraciət etdikdə həbsdə saxlanılan məhkumun gətirilməsi barədə qərarı apellyasiya instansiyası məhkəməsi çıxarır.
. Apellyasiya şikayətinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi qəbuledilənliyə dair müxtəlif məsələləri araşdırır və bir sıra prosessual məsələlər üzrə qərarlar qəbul edir və bundan sonra CPM-in 394.3.4-cü maddəsinə əsasən, apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında qərar verə bilər. CPM-in 392.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin baxışını təyin edərkən və baxış iclasının tarixini müəyyən edərkən məhkəmə aşağıdakı məsələlər üzrə də qərar verməlidir, inter alia, “məhkəmə istintaqının” aparılması zərurəti və zəruridirsə, onun həcmi; əlavə sübutların tələb edilməsi zərurəti və məhkəmə iclasına çağırılmalı olan şəxslər haqqında.
. CPM-in 394.3-cü maddəsinə əsasən (CPM-in 339-341-ci maddələrinə başqa istinadları əks etdirir), apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin baxışını “məhkəmə istintaqını aparmadan” keçirdikdə məhkəmə iclası təqribən aşağıdakı qaydada davam edir: məhkəmə (a) inter alia, birinci instansiya məhkəməsinin mübahisə edilən hökmünün mahiyyətini izah etməklə, apellyasiya şikayətinin əsas dəlillərini ümumiləşdirməklə və tərəflərin etirazlarının olub-olmadığını soruşmaqla iclası açır; (b) əlavə vəsatətlər verildiyi halda cinayət prosesi iştirakçılarını həmin vəsatətlərlə tanış edir; (c) apellyasiya şikayətinə dair cinayət prosesi iştirakçılarının dəlillərini dinləyir; (d) tərəfləri məhkəmə çıxışlarına keçməyə və tərəflərin çıxışlarına dair cavab vermək hüququndan istifadə etməyə dəvət edir (CPM-in 339-341-ci maddələrində nəzərdə tutulmuş qaydada) və (e) iclası bağlayır və müşavirə otağına gedir.
CPM-in 394.4-cü və 394.6-cı maddələrinə əsasən (CPM-in 324-341-ci maddələrinə digər istinadları əhatə edir), apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin baxışını “məhkəmə istintaqını” aparmaqla keçirdikdə, məhkəmə iclası birinci instansiya məhkəməsinin iclasına oxşar şəkildə işin məhkəmə istintaqını tam təzələməklə keçir (amma apellyasiya şikayətində qaldırılmış məsələlərlə məhdudlaşmaqla).
Özəlliklə də apellyasiya məhkəmə iclası təqribən aşağıdakı kimi davam edir: məhkəmə (a) inter alia, birinci instansiya məhkəməsinin hökmünün mahiyyətini izah etməklə, apellyasiya şikayətinin əsas dəlillərini ümumiləşdirməklə və tərəflərin etirazlarının olub-olmadığını aydınlaşdırmaqla iclası açır; (b) “məhkəmə istintaqını” dövlət ittihamçısının ittiham aktının nəticəvi hissəsini oxumaqla, təqsirləndirilən şəxsə qarşı ittihamın mahiyyətini və hüquqlarını izah etməklə, özünü təqsirli və ya təqsirsiz olmasını bildirmək istəyi barədə soruşmaqla başlayır; (c) təqsirləndirilən şəxsi işin bütün müvafiq halları barədə dindirir və digər tərəfə onu çarpaz dindirməyə imkan verir və zəruri olduqda, məhkəmə mərhələsinədək təqsirləndirilən şəxsin verdiyi digər ifadələri yoxlayır; (d) sübutların təqdim edilmə ardıcıllığını müəyyən edir, tərəfləri öz sübutlarını təqdim etməyə dəvət edir və tərəflərə şahidləri çarpaz dindirməyə imkan verməklə açıq iclasda sübutları araşdırır: bura şahidlərin dindirilməsi, şahid ifadələrinin oxunması, zərərçəkənlərin dindirilməsi, ekspert rəylərinin yoxlanılması, ekspertlərin dindirilməsi, material və sənədlərin tədqiq edilməsi və s daxildir; (e) məhkəmənin məhkəmə çıxışlarına keçmək üçün hazır olduğunu tərəflərə bildirməklə və tərəflərin əlavə vəsatətlərinin olub-olmadığı barədə soruşmaqla “məhkəmə istintaqını” bağlayır; (f) tərəfləri məhkəmə çıxışlarına keçməyi və digər tərəfin çıxışlarına cavab vermək hüququndan istifadə etməyə dəvət etdi; (g) məhkuma son söz söyləmək imkanı verir; (h) məhkəmə iclasını bağlayır və qərar qəbul etmək üçün müşavirə otağına gedir.
D. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri və kassasiya instansiyası məhkəməsinin iclaslarında təqsirləndirilən şəxsin iştirakı
. CPM-in 419-cu maddəsinə əsasən, Ali Məhkəmə şikayətə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və cinayət prosesinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayəti vermək hüququ olan şəxslər və dövlət ittihamçısı Ali Məhkəmənin iclasında iştirak etmək hüququna malikdir (CPM-in 419.2-ci maddəsi). Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması Ali Məhkəmənin iclasının həmin şəxsin iştirakı olmadan davam etdirməsini istisna etmir (CPM-in 419.4-cü maddəsi).
E. Cinayət Məcəlləsi
. Cinayət Məcəlləsinin 228.1-ci maddəsi (Qanunsuz olaraq odlu silah və ya onun komplekt hissələrini və ya partlayıcı maddələri əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maksimum üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.
HÜQUQ
I. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-Cİ VƏ 3 (C) BƏNDLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU
. Ərizəçi şikayət etdi ki, Apellyasiya və Ali Məhkəmədəki iclaslarda olmaması onun Konvensiyanın mətni aşağıda nəzərdə tutulmuş 6-cı maddəsinin 1-ci və 3 (c) bəndlərində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu pozub:
“1. Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən ...məhkəmə vasitəsi ilə ...işinin ədalətli ...araşdırılması hüququna malikdir...
3. Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir:
...
c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək...”.
A. Qəbuledilənlik
. Məhkəmə hesab edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinin nəzərdə tutduğu mənada açıq-aydın əsassız deyil. Həmçinin bildirir ki, o hər hansı başqa səbəblərə görə qəbuledilməyən deyil. Buna görə də şikayət qəbuledilən elan edilməlidir.
B. Mahiyyət
-
Tərəflərin arqumentləri
. Hökumət bildirdi ki ərizəçi birinci instansiya məhkəməsindəki icraat zamanı ədalətli mühakimə olunub. O və onun hüquqçusu birinci instansiya məhkəməsindəki bütün iclaslarda iştirak edib. Apellyasiya Məhkəməsindəki proseslərə gəldikdə isə Hökumət qeyd etdi ki bu işdə Apellyasiya Məhkəməsi qərar vermişdi ki apellyasiya şikayətinə “məhkəmə istintaqını” keçirmədən mahiyyəti üzrə baxacaq və apellyasiya şikayətinin nəticəsində ərizəçinin vəziyyətinin pisləşməsi mümkün deyildi. Bu halda CPM-in 392.2-ci maddəsinə əsasən, Apellyasiya Məhkəməsi ərizəçinin iştirakı olmadan “işə baxmaq hüququna” malik idi. Bundan əlavə, ərizəçinin hüquqçusu mahiyyəti üzrə baxış iclasında iştirak etdi və onun ərizəçinin adından arqumentləri təqdim etməsinə imkan verildi. Özəlliklə də CPM-in 394.3-cü maddəsinə əsasən, müdafiəçi apellyasiya şikayətini müdafiə etmək üçün dəlillər təqdim etdi. Hökumət yekun olaraq bildirdi ki Apellyasiya Məhkəməsindəki proseslərdə tərəflərin bərabərliyi tam təmin olunub.
. Ərizəçinin Ali Məhkəmədəki iclasda iştirak etməməsi ilə bağlı Hökumət bildirdi ki daxili qanunvericiliyə əsasən Ali Məhkəmənin işin yalnız hüquqi tərəflərini araşdırmaq səlahiyyəti vardı. Hökumət yekunda qeyd etdi ki Ərizəçini Ali Məhkəmə qarşısında hüquqçu təmsil etdiyinə görə ki onun şəxsən iştirak etməməsi müdafiə tərəfinin hüquqlarını pozmayıb.
. Ərizəçi öz şikayətlərini təkrarladı.
-
Məhkəmənin qiymətləndirməsi
(a) Ümumi prinsiplər
. Məhkəmə bir daha xatırladır ki, bütövlükdə götürüldükdə Konvensiyanın 6-cı maddəsi “cinayət törətməkdə ittiham olunan şəxsin” ona qarşı cinayət ittihamlarının müəyyən edildiyi məhkəmə iclasında iştirak etmək hüququnu təmin edir. Bundan əlavə 3-cü bəndin “c”, “d” və “e” yarımbəndləri “cinayət törətməkdə ittiham olunan hər kəsə” “şəxsən özünü müdafiə etmək”, “şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq” və “məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifadə etmək” hüquqlarına təminat verir (bax: Kolozza İtaliyaya qarşı, 12 fevral 1985-ci il, 27-ci bənd, A Seriyası № 89) və ərizəçinin iclasda iştirak etmədiyi halda bu hüquqları necə həyata keçirə bilməsini anlamaq çətindir. İşə məhkəmə baxışı və ya yenidən baxış zamanı təqsirləndirilən şəxsin məhkəmə iclasında iştirak etmək hüququnu təmin etmək vəzifəsi 6-cı maddənin əsas tələblərindən biri sayılır (bax: Stoiçkov Bolqarıstana qarşı, № 9808/02, 56-cı bənd, 24 mart 2005-ci il).
. Apellyasiya instansiyasının iclasında məhkum edilmiş şəxsin şəxsən iştirakı birinci instansiya iclasında iştirak qədər həlledici əhəmiyyət daşımır (bax: Kamasinski Avstriyaya qarşı, 19 dekabr 1989-cu il, 106-cı bənd, A Seriyası № 168). 6-cı maddənin apellyasiya məhkəməsinin iclaslarına tətbiqi qaydası müvafiq proseslərin özəl xüsusiyyətlərindən asılıdır, bunun üçün yerli hüquq qaydasında prosesləri bütövlükdə və apellyasiya məhkəməsinin bunda rolunu nəzərdən keçirmək lazımdır (bax, Ekbatani İsveçə qarşı, 26 may 1988-ci il, 27-ci bənd, A Seriyası № 134).. Ərizəçi birinci instansiya məhkəməsində dindirilibsə, hətta apellyasiya və ya kassasiya məhkəməsində şəxsən dindirilmək imkanı verilməyibsə belə şikayət vermək hüququ ilə bağlı proseslər və faktla bağlı məsələlər deyil, yalnız hüquqi məsələlərin nəzərdən keçirildiyi proseslər 6-cı maddənin tələblərinə uyğun ola bilər (bax, başqa mənbələr arasında, şikayət vermək hüququ məsələsi ilə bağlı Monnell və Morris Birləşmiş Krallığa qarşı, 2 mart 1987-ci il, 58-ci bənd, A Seriyası № 115 və kassasiya mərhələsi ilə bağlı Sutter İsveçrəyə qarşı, 22 fevral 1984-cü il, 30-cu bənd, A Seriyası № 74).
. İşin həm faktiki halları, həm də hüquq məsələlərinin araşdırıldığı apellyasiya instansiyasındakı icraat zamanı 6-cı maddə heç də həmişə açıq məhkəmə araşdırması hüququnu tələb etmir və şəxsən prosesdə iştirak etmək hüququna münasibətdə bu tələb daha zəifdir (bax Fejde İsveçə qarşı, 29 oktyabr 1991-ci il, 33-cü bənd, A Seriyası, № 212-C). Bu məsələni həll etmək üçün başqa məsələlərlə yanaşı sual altında olan prosesin spesifik xüsusiyyətləri və apellyasiya məhkəməsi qarşısında ərizəçinin maraqlarının faktiki təqdim olunma və müdafiəsi qaydası, özəlliklə də onun həll etməli olduğu məsələlərin xarakteri və ərizəçiyə önəmi işığında nəzərə alınmalıdır (bax, başqa çoxsaylı mənbələr arasında Kremzow Avstriyaya qarşı, 21 sentyabr 1993-cü il, 59-cu bənd, A Seriyası № 268-B; Belziuk Polşaya qarşı, 25 mart 1998-ci il, 37-ci bənd, Qərarlar Toplusu 1998-II və Hermi Italiyaya qarşı [Böyük Palata], № 18114/02, 62-ci bənd, İHAK 2006XII). Məsələn, apellyasiya məhkəməsi təqsirlilik və ya təqsirsizlik məsələsini tam qiymətləndirməli olduğu halda təqsirləndirilən şəxsin onun cinayət sayılması iddia olunan əməli törətmədiyini sübut etmək məqsədilə şəxsən verdiyi sübutu birbaşa qiymətləndirmədən məsələni həll edə bilməz (bax Dondarini San Marinoya qarşı, № 50545/99, 27-ci bənd, 6 iyul 2004-cü il).
. Məhkəmə daha sonra vurğulayır ki, tərəflərin bərabərliyi prinsipi həm də cinayət icraatının çəkişmə prinsipi əsasında keçirilməsinə dair fundamental hüququ da əhatə edən ədalətli məhkəmə araşdırması kimi daha geniş konsepsiyanın elementlərindən biridir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə əks tərəfin qarşısında əhəmiyyətli dərəcədə əlverişsiz vəziyyətə salınmamaq şərti ilə öz arqumentlərini təqdim etməsi üçün ağlabatan imkan yaradılmasını tələb edir (bax: Nideröst-Huber İsveçrəyə qarşı, 18 fevral 1997-ci il, 23-cü bənd, Qərarlar toplusu, 1997-I). Çəkişməyə əsaslanan məhkəməyə hüquq o deməkdir ki cinayət işində, həm ittiham tərəfinə, həm də müdafiə tərəfinə imkan yaradılmalıdır ki, digər tərəfin təqdim etdiyi materiallardan və sübutlardan xəbərdar olsunlar və onlara dair şərhlərini versinlər (bax: Brandştetter Avstriyaya qarşı, 28 avqust 1991-ci il, 66-67-ci bəndlər, A Seriyası № 211).
(b) Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
. Məhkəmə ilkin olaraq qeyd edir ki onu Hökumətin o arqumenti inandıra bilməyib ki CPM-in 392.2-ci maddəsi açıqcasına Apellyasiya Məhkəməsinə apellyasiya şikayətinə “məhkəmə istintaqı aparılmadan” baxıldıqda və apellyasiya şikayətinə baxış təqsirləndirilən şəxsin vəziyyətinin pisləşməsi ilə nəticələnə bilməzsə, təqsirləndirilən şəxsin iştirakı olmadan iclas keçirməyə icazə verir. Məhkəmə bildirir ki ümumiyyətlə CPM açıqcasına ikinci instansiya apellyasiya iclasında təqsirləndirilən şəxsin iştirak hüququnu nəzərdə tutur və Məhkəmə bununla bağlı özəlliklə də CPM-in 91.5.25-ci maddəsinə istinad edir (bax yuxarıdakı 20-ci bənd). İlk baxışda belə görünür ki təqsirləndirilən şəxsin iclasda iştirakının “məcburi” olduğu halları sadalamaqla CPM-in 392.2-ci maddəsi ilk baxışda bu hüququn önəmini daha da vurğulayır (bax yuxarıdakı 21-ci bənd). Bundan başqa Hökumət aydınlıq gətirməyib ki CPM-in 91.5.25-ci maddəsində aydın şəkildə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin iştirak etmək hüququ CMP-in 392.2-ci maddəsində göstərilmiş halların olmadığı şəraitdə necə nəzərə alınmaya bilər. Onlar bu hüquq normalarının şərhini özündə əks etdirən və Hökumətin arqumentlərini dəstəkləyəcək yerli məhkəmə təcrübəsinə də istinad etmirlər. Bundan əlavə CPM təqsirləndirilən şəxsin ikinci instansiya apellyasiya iclaslarında iştirak etmək hüququndan ancaq iki istisnanı nəzərdə tutur (yuxarıda 22-ci bənd) ki onların da bu işə aidiyyatı yoxdur.
. Hər bir halda təqsirləndirilən şəxsin şəxsən iştirakı ilə bağlı daxili qanunvericiliyin mövcud tələbləri indiki şikayətin araşdırılması baxımından əhəmiyyətli deyil, çünki bu işdə Məhkəmənin vəzifəsi ərizəçinin Apellyasiya Məhkəməsinin iclaslarında iştirak etməməsinin milli qanunvericiliyin tələblərinə münasibətdə avtonom olan Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olub-olmadığını müəyyən etməkdir.
. Məhkəmə hesab edir ki bu işdə ərizəçinin Apellyasiya Məhkəməsindəki mahiyyəti üzrə baxış iclasında olmaması məsələsinə onun və hüquqçusunun eyni məhkəmənin ilkin iclasında olmaması məsələsi ilə birgə baxılmalıdır.
. Məhkəmə müşahidə edir ki Azərbaycan hüquq sistemində Apellyasiya Məhkəməsi işin həm hüquqi, həm də faktiki tərəflərini yoxlamaq və təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasının qiymətləndirilməsini tam araşdırmaq səlahiyyətinə malikdir. Zəruri olsa, Apellyasiya Məhkəməsi işə təzədən baxmaq və sübutları birbaşa yoxlamaq, şahidləri dindirmək və digər səlahiyyətlərə malikdir.
. Apellyasiya şikayətinin dəlillərində ərizəçi onun məhkum olunmasını və ona verilən cəzanı faktiki və hüquqi əsaslarla mübahisələndirdi. O, özəlliklə bildirdi ki onun təqsiri qanuni yolla əldə edilmiş sübutla təsdiq olunmayıb və birinci instansiya məhkəməsi onun əleyhinə olan yeganə sübutun, yəni prosesual baxımdan qüsurlu olması iddia edilən axtarış zamanı əldə edilmiş əl qumbarasının tapılmasının qəbuledilənliyi və mötəbərliyini lazımınca qiymətləndirə bilməyib. Məhkəmə hesab edir ki bu arqumentlər göstərir ki ərizəçi arzulayırdı ki Apelyyasiya Məhkəməsi axtarışın aparılmasının faktiki hallarını araşdırsın və əldə edilmiş sübutun qəbuledilənliyi və mötəbərliyinə yeni qiymət versin. Bundan əlavə, ərizəçi həmçinin məhkəmənin onun şəxsi hallarına lazımi qiymət vermədən Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş ən ağır cəzanı tətbiq etməsindən şikayət etdi. Buradan belə görünür ki öz şikayət ərizəsində ərizəçi Apellyasiya Məhkəməsindən onun məhkum olunması və cəzalandırılmasının faktiki və hüquqi əsaslarına tam baxmasını xahiş etdi.
. Hökumət bildirdi ki Apellyasiya Məhkəməsi 22 mart 2005-ci il tarixli ilkin məhkəmə iclasında işə yenidən tam baxmamaq qərarına gəldi (yəni “məhkəmə istintaqı olmadan” iclas keçirmək qərarına gəldi). Lakin Məhkəmə qeyd edir ki Hökumətin iddiasının əksinə olaraq və CPM-in 392.1-ci maddəsinin tələbinə baxmayaraq (bax: yuxarıdakı 24-cü bənd), Apellyasiya Məhkəməsinin 22 mart 2005-ci il tarixli qərarı “məhkəmə istintaqı” ilə bağlı heç bir qeyd əks etdirməməklə bu məsələdə faktiki olaraq susdu (bax yuxarıdakı 15-ci bənd). Baxmayaraq ki Apellyasiya Məhkəməsi sonda “məhkəmə istintaqı olmadan” məhkəmə prosesini keçirdi, Məhkəmə bildirir ki nə ilkin iclasda qəbul edilmiş qərarında, nə də hökmdə Apellyasiya Məhkəməsi bu qaydada prosesə davam etmək barədə qeyri-rəsmi qərarı üçün səbəblər göstərdi və ya nəyə görə ərizəçinin şikayətinə “məhkəmə istinaqını” keçirmədən baxması ilə bağlı hər hansı izahat verdi.
. Bundan əlavə, Məhkəmə müəyyən edir ki, birincisi, 22 mart 2005-ci tarixli ilkin məhkəmə iclasında Apellyasiya Məhkəməsi dövlət ittihamçısının dəlillərini dinlədi, bununla belə nə ərizəçi, nə də onun hüquqçusu orada iştirak edirdi. Müvafiq olaraq, müdafiə tərəfi ittiham tərəfi ilə müqayisədə əlverişsiz vəziyyətə salındı, çünki müdafiə tərəfi apelyyasiya şikayətində göstərilmiş məsələlərə yenidən tam baxılmasına nail olmaq üçün “məhkəmə istintaqı keçirməklə” mahiyyəti üzrə baxış iclasının olmasının lehinə çəkişə bilmədi və bundan başqa, dövlət ittihamçısının şifahi təqdimatlarından xəbərdar olmaq və ya onlara dair şərh vermək imkanı verilmədi.
. İkincisi, apellyasiya şikayətinə mahiyyəti üzrə baxış Apellyasiya Məhkəməsində bir iclasda keçirildi və ərizəçinin hüquqçusunun iştirak etdiyi həmin iclas on və iyirmi dəqiqə arasında davam etdi. Bu iclasda məhkəmə işin materialları əsasında birinci instansiya məhkəməsinin qərarına baxdı və ərizəçinin apellyasiya şikayətinin lehinə şifahi təqdimatlarını, eləcə də ittiham tərəfinin əks arqumentlərini dinlədi. Məhkəmə bildirdi ki yuxarıda qeyd edildiyi kimi müdafiə tərəfinin apellyasiya məhkəməsi qarşısında qaldırdığı məsələlər başqa məsələlərlə yanaşı ərizəçinin şəxsi vəziyyəti ilə bağlı idi və buna görə də onu birbaşa dinləmək zəruri idi.
. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə hesab edir ki müdafiə tərəfinin iştirakı olmadan ilkin iclası keçirməklə, rəsmi qərar olmadan və müdafiəyə başqa cür iddia etmək imkanı vermədən işi yenidən tam araşdırmaqla və sonradan ərizəçinin iştirakı olmadan apellyasiya şikayətini mahiyyəti üzrə araşdırmaqla Apellyasiya Məhkəməsi ərizəçini apellyasiya şikayətinin dəlillərini tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə uyğun qaydada səmərəli müdafiə etmək imkanından məhrum edib və apellyasiya şikayətinin dəlilləri ilə bağlı şəxsən dinlənilmək hüququndan, ən azı primae facie onun birbaşa dinlənilməsi hüququndan məhrum edib. Ərizəçinin hüquqçusunun mahiyyəti üzrə baxış iclasında iştirak etməsi və apellyasiya şikayətinin müdafiəsi üçün çox qısa təqdimatlar etməsinə icazə verilməsi faktı şərati düzəltmədi.
. Bundan başqa işin materiallarını nəzərə alaraq Məhkəmə qeyd edir ki ərizəçinin hər hansı qaydada apellyasiya məhkəməsinin iclaslarında iştirak etmək haqqından imtina etməsi müəyyən edilə bilməyib (bax, məsələn, Samokhvalov Rusiyaya qarşı, № 3891/03, 55-ci bənd və başqaları, 12 fevral 2009-cu il)
. Müvafiq olaraq 6-cı maddənin 1-ci və 3 (c) bəndlərinin pozuntusu baş verib.
. Yuxarıda çıxarılmış nəticəyə əsaslanaraq Məhkəmə ərizəçinin Ali Məhkəmənin iclasında iştirak etməməsi ilə bağlı şikayətini ayrıca araşdırmağı zəruri hesab etmir.
II. KONVENSİYANIN İDDİA OLUNAN DİGƏR POZUNTULARI
. Ərizəçi həmçinin Konvensiyanın 3-cü, 5-ci, 6-cı, 7-ci, 13-cü və 14-cü maddələrinə istinad etməklə həbsxanada saxlanma şəraitinin pis olduğunu, onun həbsi və məhkəməyəqədər saxlanmasının Konvensiyanın bəzi tələblərinə uyğun olmadığını; Ali Məhkəmənin sədrinin (ərizəçinin işinə şəxsən baxmayıb) ərizəçinin ittiham aktını imzalayan prokurorla eyni insan olduğundan Ali Məhkəmənin qərəzsiz olmadığını, onun işinə xüsusilə ağır cinayətlərə baxan məhkəmə kimi Ağır Cinayətlər Məhkəməsinin baxmalı olmadığını; onun işində heç bir səmərəli daxili müdafiə vasitəsinin olmadığını və onun Vəhhabilik ilə iddia olunan əlaqəsinin olmasına görə ayrı-seçkiliyə məruz qalıb.
. İxtiyarında olan bütün materiallar əsasında və şikayət olunan məsələlərlə bağlı səlahiyyəti çərçivəsində Məhkəmə hesab edir ki, şikayət ərizəsinin bu hissəsi ərizəçinin şikayət etdiyi pozuntuları üzə çıxarmır. Buradan belə nəticə çıxır ki, bu şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinə əsasən açıq-aydın əsassız şikayət olaraq qəbuledilməyəndir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.
III. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.
A. Zərər
1. Maddi zərər
. Ərizəçi həbsi və məhkumluğu zamanı itirdiyi əmək haqqını əhatə edən maddi zərərə görə 13200 Avro tələb edib.
. Hökumət bildirdi ki ərizəçinin tələbi əsaslandırmayıb və ərizəçi tələbinin lehinə hər hansı sübut təqdim edə bilməyib.
. Məhkəmə hesab edir ki iddia edilən maddi zərərlə tapılan pozuntu arasında səbəbli əlaqə yoxdur. Ona görə də o, bu başlıq altında ərizəçinin tələbini rədd edir.
2. Mənəvi zərər
. Ərizəçi mənəvi zərərə görə 150 000 Avro tələb edib.
. Hökumət tələb olunan məbləğin həddindən artıq olduğunu hesab etdi. Onlar əlavə etdilər ki Məhkəmə ərizəçinin işində Konvensiyanın pozulmasını tanısa, ərizəçinin işinə yenidən baxılması hüququ olacaq. Bu səbəbdən pozuntunun müəyyən edilməsinin özü ərizəçinin məruz qaldığı hər hansı mənəvi zərərə görə yetərli kompensasiya təşkil etmiş olardı.
. Məhkəmə hesab edir ki, ərizəçi yəqin ki mənəvi zərərə məruz qalıb və bu zərər yalnız pozuntuların müəyyən edilməsi ilə kompensasiya oluna bilməz. Lakin tələb olunan məbləğ həddən artıq yüksəkdir. Konvensiyanın 41-ci bəndinin tələb etdiyi kimi qiymətləndirməni ədalətlilik tələbi əsasında həyata keçirərək, Məhkəmə ərizəçiyə mənəvi zərərə görə 2400 avro, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləğini təyin edir.
. Məhkəmə bir daha xatırladır ki, ərizəçi Konvensiyanın 6-cı maddəsi ilə təmin olunan hüquqlarının pozulması ehtimalına baxmayaraq məhkum edilibsə, öncədən həmin maddənin tələblərinə əməl edilsə ərizəçi hansı durumda olacaqdısa, vəziyyət mümkün qədər həmin duruma gətirilməlidir (bax: Pyersak Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1984-cü il, 12-ci bənd, A Seriyası № 85). Yuxarıda müəyyən edildiyi kimi, hazırkı işdə apellyasiya məhkəmə icraatı ədalətlilik tələblərinə cavab verməyib. Belə olan halda, məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etmək üçün ən münasib kompensasiya forması prinsipcə məhkəmə icraatının təzələnməsi olardı (bax: mutatis mutandis, Somogi İtaliyaya qarşı, ərizə № 67972/01, 86-cı bənd, ECHR 2004-IV; Şulepov Rusiyaaya qarşı, ərizə № 15435/03, 46-cı bənd, 26 iyun 2008-ci il; Maksimov Azərbaycana qarşı, ərizə № 38228/05, 46-cı bənd, 8 oktyabr 2009-cu il və Abbasov Azərbaycana qarşı, ərizə № 24271/05, 41-42-ci bəndlər, 17 yanvar 2008-ci il). Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi nəzərdə tutur ki, Məhkəmə Konvensiyanın pozulduğunu aşkar edərsə, yerli cinayət icraatı qərarları Ali Məhkəmənin Plenumu tərəfindən yenidən baxıla və yenidən baxılmaq üçün göndərilə bilər (bax, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 455-ci, 456-cı və 459-cu maddələrinin müvafiq mətnləri üçün İnsanov Azərbaycana qarşı işi, № 16133/0, 102-ci bənd, 14 mart 2013-cü il).
B. Xərc və məsrəflər
. Ərizəçi həmçinin Məhkəmə qarşısında çəkdiyi xərc və məsrəflərə görə 4000 Avro tələb edib.
. Hökumət bildirdi ki ərizəçi öz tələbinin bu hissəsini əsaslandırmaq üçün zəruri olan hər hansı sənəd təqdim edə bilməyib.
. Məhkəmənin presedent hüququna uyğun olaraq, ərizəçi çəkdiyi məhkəmə xərclərinin və digər məsrəflərin əvəzini o halda almaq hüququna malikdir ki, həmin xərclər həqiqətən və zəruri olaraq çəkilmiş olsun və miqdarca ağlabatan olsun. Bu işdə əldə olan sənədlərə əsaslanaraq Məhkəmə xərc və məsrəflərə görə məbləğdən tutula bilən hər hansı vergi məbləğləri də əlavə edilməklə 1000 Avro təyin edir.
C. İcranın gecikdirilməsinə görə faiz
. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Elan edir ki, Apellyasiya instansiyasındakı icraatın ədalətliliyi ilə bağlı şikayəti qəbulediləndir və şikayətin qalan hissəsi qəbuledilməyəndir;
2. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3 (c) bəndləri pozulub;
3. Qərara alır:
(a) cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində ərizəçiyə aşağıdakı məbləğləri ödəniş tarixində tətbiq edilən məzənnə üzrə Azərbaycan manatına çevirərək və üzərinə ondan tutula biləcək hər hansı vergi məbləği əlavə olunmaqla mənəvi zərərə görə 2400 Avro (iki min dörd yüz avro) məhkəmə xərcləri və məsrəflərə görə 1000 Avro (min Avro) ödəməlidir;
(b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda göstərilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
4. Ərizəçinin ədalətli əvəzlə bağlı qalan tələblərini rədd edir.
Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 20 iyun 2013-cü ildə qərar barədə yazılı məlumat verilib.
Sören Nielsen Isabelle Berro-Lefèvre
Katib Sədr
Dostları ilə paylaş: |