Məhsul çeşidinin planlaşdırılması müəssisədə istehsal edilən və ya gələcəkdə istehsalı nəzərdə tutulan məhsulların seçilməsinə, seçilən həmin məhsulların texniki-iqtisadi, funksional, estetik və digər xüsusiyyətlərinin istehlakçıların tələbatına uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər sisteminin işlənib hazırlanması və icrası prosesidir. Buraya:
-istehsalın çeşid quruluşunun müəyyən edilməsi və tərtibi;
-seçilmiş məhsulların rəqib müəssisənin oxşar məhsulları ilə müqayisəsi;
-istehsal olunan məhsulların təkmilləşdirilməsi, yeniləşdirilməsi və ya yeni məhsulların istehsal edilməsi ilə onların texniki-iqtisadi və istismar göstəricilərinin (parametrlərinin) istehlakçıların tələbatına uyğunlaşdırılması və s. daxildir.
Başqa sözlə desək, bu funksiya vasitəsilə bazar və onun ətraf mühiti, istehlakçıların tələbatı və tələbi haqqında məlumatlar məhsula, onun texniki-istismar, keyfiyyət və dəyər parametrlərinə transformasiya olunur.
Məhsulların bölüşdürülməsi və satışı. Bu funksiyanın yerinə yetirilməsi sayəsində məhsulların bölüşdürülməsi və satışı, onların istehsalçıdan istehlakçıya çatdırılması həyata keçirilir. İqtisadi ədəbiyyatlarda məhsulların bölüşdürülməsi və satış funksiyasına:
-məhsulların bazarlar üzrə bölüşdürülməsi;
-satış kanallarının seçilməsi;
-ticarət- bölüşdürmə şəbəkələrinin təşkili, onların vasitəsi ilə məhsulların satışı;
-məhsulların nəql edilməsi;
-anbarlara yığılması;
-satışın həcminin təhlili və proqnozlaşdırılması;
-ticarət büdcəsi və s. bu kimi fəaliyyət növləri daxildir.
Reklam və satışın həvəsləndirilməsi. Bu funksiya daxilində həyata keçirilən fəaliyyət növlərinin məqsədi istehlakçıya təsir etməklə onu daha çox məhsul almağa təhrik etmək və bunun sayəsində satışın həcmini artırmaqdır. Bu funksiya çərçivəsində:
-reklam və satışın həvəsləndirilməsi siyasətinin hazırlanması;
-kommunikasiya sisteminin təşkili;
-satışın həvəsləndirilməsinin effektli metod və üsullarının seçilməsi və tətbiq edilməsi;
-ictimaiyyətlə əlaqənin təşkili; müəssisədaxili reklamın təşkili;
-istehlakçılara satış prosesində və satışsonrası servis xidmətinin təşkili və s. həyata keçirilir.
-alıcılara (istehlakçılara) təsiretmə və məhsullar haqqında məlumat verilməsi;
-istehlakçıların müəssisənin məhsulunu almağa həvəsləndirilməsi;
-müəssisənin məhsuluna, eləcə də kommersiya əhəmiyyətli ideyalarına müsbət münasibət yaradılmasına fərdi, yaxud dolayı yolla təsir edilməsi üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi aid edilir.
Qiymətqoyma. Marketinqin qiymətqoyma funksiyası onun ən çətin və mürəkkəb funksiyasıdır. Çünki məhsulun qiyməti, bir tərəfdən, istehsalçıya öz xərclərini ödəməklə yanaşı müəyyən məbləğ mənfəət əldə etməyə, digər tərəfdən, alıcıya daha az xərclərələ daha çox miqdarda məhsul almağa imkan verməlidir. Başqa sözlə, bir-biri ilə ziddiyyət təşkil edən iki bazar subyektinin mənafeyini ödəməyə imkan verməlidir.
Marketinqin qiymətqoyma funksiyası daxilində müəssisənin qiymətqoyma strategiyası və taktikası hazırlanır; qiymətqoyma metodları seçilir; hər bir bazar üzrə məhsulun həyat dövranına uyğun olaraq məhsulların qiyməti müəyyənləşdirilir; qiymətin dəyişmə mexanizmi hazırlanır və müəssisənin qiymət siyasətinə aid olan digər əməliyyatlar həyata keçirilir.