İbn Sina Əbu Əli Hüseyn ibn Abdullah (latınlaşdırılmış adı Avisenna) (980-1037) həkim, filosof, ədəbiyyatçı olmuşdur. O dövrdə elə bir elm yox idi ki, o məşğul olmasın. Lakin İbn Sinanın dühası iki sahədə-tibb və fəlsəfə-daha parlaq özünü biruzə vermişdir. Onun tibbə dair beş hissədən ibarət “Tibb elminin qanunu” əsəri- tibbi biliyin əsil ensiklopediyası kimi geniş şöhrət qazanmışdır. Uzun əsrlər boyu bu əsər Şərqin və Qərbin həkimlərinin stolüstü kitabıdır. Başlıca fəlsəfi əsəri isə məntiq, fizika, riyaziyyat və metafizikanın əsaslarının öyrənilməsinə həsr olunmuş “Şəfa kitabı” traktatıdır. İbn Sinanın fəlsəfəsi empirik-rasionalist mövqedən irrasionalizmə yönəlmiş, peripatetizmdən işraqiliyə doğru getmişdir. İbn-Sinaya görə, fəlsəfə varlıq haqqında elmdir. Onun predmetini varlığın təzahürünün ayrı-ayrı hissələri deyil, bütovlükdə varlıq təşkil edir. O, fəlsəfəni üç hissəyə- fizika (təbiət haqqında təlim), məntiq (təbiət və insanın dərk edilməsi yolları haqqında təlim) və metafizika (bütövlükdə varlığın dərk edilməsi haqqında təlim) bölür. Filosof dünyanı ilahi iradənin deyil, ilahi əqlin məhsulu kimi başa düşürdü. Dünya heç nədən yox, materiyadan törəmişdir, materiya isə əbədidir. Maddi aləm konkret imkan xarakterinə malikdir və zamanca mövcuddur. İbn Sinaya görə, Allah hərəkətsiz mühərrikdir, bütün formaların formasıdır, əbədi yaradıcı şəraitdir.
İbn Sina öyrədirdi ki, əgər Allah əbədidirsə, onda dünya da əbədidir, çünki səbəb və nəticə bir-biri ilə həmişə bağlıdır. İbn Sinaya görə, var olan hər bir yaxşı (xeyir) və ya pis (şər) nə varsa hamısı Allahın sayəsində mövcuddur. Lakin Allahın meyli yalnız xeyir işlərə yönəlmişdir. Aləm mövcud olduğundan daha yaxşı və gözəl ola bilməz, çünki Allah onun bu halını bəyənmişdir.
İbn-Sina məntiq haqqında təlimində Aristotelin baxışlarına tərəfdar çıxırdı. O, Aristotelin məntiqini təmiz şəkildə, orta əsrlərdə ona edilmiş əlavələrsiz və təhriflərsiz vermək üçün çox iş görmüşdür. İbn-Sina məntiqi təfəkkürün qanunlarını və formalarını şərh edərkən onları varlığın özünün xüsusiyyətlərindən çıxartmağa çalışırdı. Məntiqi kateqoriyalar və prinsiplər şeylərə, yəni obyektiv aləmin qanunauyğunluğuna uyğun gəlməlidir.
Filosof məntiqi insanları fikri və əməli xətalardan qoruyan vasitəçi elm hesab edir, təfəkkür sənəti sayırdı. Məntiq materiyadan ayırılmış fikirlərlə məşğuldur, bu işdə o riyaziyyata bənzəyir. Başqa cür desək, İbn Sina üçün məntiq müəyyən idrak formaları haqqında elmdır. İnsan düşüncəsi məntiq qanunlarına möhtacdır. İbn Sina məntiqə yüksək qiymət verir, onu fəlsəfi biliyə giriş hesab edir və kitabı məhz ondan başlayır. O, məntiqi “elmlər-elmi” adlandırırdı. Məhz İbn Sina müəyyən etmişdir ki, “çəkidə (əqldə) yoxlanmayan hər cür bilik doğru bilik deyildir, və ona görə də həqiqi bilik ola bilməz”.
Ümumiyyətlə, İbn-Sina biliyin və valığın strukturu haqqında təlimində peripatetikdir. Filosofun peripatetizmi qismən onun idealizmin Platon formasının tənqidi ilə bağlıdır. Əgər nəzərə alsq ki, Əl-Fərabi iki böyük antik yunan mütəfəkkirlərinin baxışlarını yaxınlaşdırmışdır, onda bu heç də az əhəmiyyətə malik deyildir. Fəlsəfədə Fərabinin davamçısı olan İbn Sina Aristotel təliminə əsaslanaraq antik fəlsəfi fikrin inkişafında böyük rol oynamışdır.
İbn-Sinanın fəlsəfəsində mahiyyət və mövcudluğun fərqləndirilməsi çox böyük əhəmiyyətə malik idi. Şeylərdə son mahiyyət mövcudluğa uyğun gəlmir, ona görə də son şeylər haqqında anlayışdan onun mövcudluğunu çıxartmaq olmaz. Bu anlayışlar yalnız sonsuz mövcudluq kimi Allahda uyğun gəlir. Bu cür fərqləndirmə Böyük Albert və digər Avropa sxolostikləri tərəfindən mənimsənilmişdir. Bu fikrin təsirini Spinozada da aşkar etmək olur. Bizə elə gəlir ki, elmin təsnifatı ilə bağlı filosofun fikirlərini qeyd etmək məqsədəuyğundur.
İbn Sinada nəzəri fəlsəfə üç qrupa bölünür: I.İbtidai elm- bu təbiətşünaslıq adlanır və bu mövcudluğu və müəyyənliyi maddi cisimlər və hərəkətlərlə bağlı olan hər şeylə məşğul olur. Onun səkkiz başlıca hissəsi var və bu da aşağıdakıları öyrədir: *təbiətin ümumi məsələlərini; *dünyanın əsasını təşkil edən cisimlərin vəziyyətini; *qurulma və məhv olma anlayışlarını; *müxtəlif hərəkətlər nəticəsində onların qarışmasına qədər dörd ünsürdə yaranmış müxtəlif vəziyyətləri; *qeyri-üzvi aləmi; *bitki aləmini; *heyvanlar aləmini; *ruhu və heyvanların, xüsusilə insanın dərkedici gücünü anlamağı. Bu qrupanın da yeddi qolu-tibb, astrologiya, fizioqnomika, yuxuların yozulması haqqında elm, talismanlar haqqında elm, sehrbazlıq, əlkimya vardır.
II.Orta elm- riyaziyyat adlanır və mövcudluğu materiya hərəkətlə bağlı olan, lakin müəyyənliyi onlarla bağlı olmayan obyektlərlə məşğul olur. Riyaziyyatın dörd başlıca hissələri- ədədlər haqqında elm, həndəsə, astronomiya, musiqi- var. Onun da bir sıra qolları vardır: toplama və çıxma incəsənəti, cəbr, yerölçmə, mexanika, ağırlıq qaldırmaq haqqında elm, çəkmə və çəkilən haqqında elm, dəqiq cihazlar haqqında elm, optika, suyun yerini dəyişməsi haqqında elm, astronomik cədvəl və təqvimlər haqqında elm, “qeyri-adi” alətlərin hazırlanması haqqında elm.
III.Ali elm- teologiya adlanır və nə mövcudluğu, nə də müəyyənliyi materiya və hərəkətə ehtiyacı olmayan obyektlərlə məşğul olur. Onun beş başlıca hissələri vardır: *bütün mövcudluq üçün ümumi olan anlayışların dərk edilməsi; *təbii və riyaziyyat elmlərinin və məntiqin əsası və başlanğıcı haqqında təlim; *ilk həqiqətin və onun yeganəliyinin sübutu haqqında təlim; *birinci, o cümlədən ikinci mənəvi substansiyanın sübutu; *göydəki və yerdəki maddi substansiyaların yuxarıda qeyd olunan substansiyaya tabe olması haqqında Vəhyin dərk olunması və ruhun qayıtması haqqında elm onun qollarına aiddir.
Praktiki fəlsəfə də üç hissəyə bölünür: *birinci hissə- yalnız şəxsiyyətlərə aid olan məsələlərlə məşğul olur, yəni etika; *ikinci hissə- ailə çərçivəsində adamların bir-biri ilə olan ünsiyyəti ilə bağlı məsələlərlə məşğul olur, yəni evdarlıq; *üçüncü hissə-şəhər və ya ölkə çərçivəsində insan cəmiyyəti ilə məşğul olur, yəni siyasət. Bu elmlər qrupu da öz növbəsində əsas hissə və qollardan ibarətdir.
Bizim elmlərin təsnifatını ətraflı şərh etməkdə məqsədimiz onların təbii elmlərin daha dərindən öyrənilməsinə kömək etdiyini göstərmək idi. İbn-Sina öz təsnifatına yeni anları və elmləri daxil edir. İbn-Sinanın elmlər nəzəriyyəsi onun dünyanın dərk olunması inamına əsaslanır. Dünyanın insanın öz gücü hesabına dərk olunması imkanına və bu dərk olunmanın dəyərinə onda heç bir şübhə yox idi.
Ruh haqqında onun fəlsəfi təlimində xüsusi yer tutur. Aristotel kimi İbn-Sina da bitki, heyvani və zəkalı ruhu fərqləndirir-bunlar insanda onun üzvi bacarığının müxtəlif funksiyaları kimi çıxış edir. Dörd ünsürün qarışığının ardıcıl nizama salınması bütün bu ruh müxtəlifliyini - insan ruhuna qədər – yaradır. İbn-Sina ruhu materiya və forma təlimi mövqeyindən izah etməyə çalışır. Onun fikrincə, hər bir şey materiya və formanın vəhdətindən ibarətdir. Ruh bədənin içindəki hərəkət mənbəyidir və formaya yaxındır. Ruh mənəvi bir mahiyyətdir. Filosofun fikrincə, ruh bədəndən əvvəldir, onun yaradıcısıdır-ruhun tərk etdiyi bədən cəsəddən başqa bir şey deyildir, ruh mələkələrin köməyi ilə bədəni mühafizə edir, ruh bədənin ağacı, bədən isə ruhun əlində bir alətdir. Bədən ruhu duyğularla təlim edir.
İbn-Sina həyatın başlıca məqsədini maksimum dərəcədə idrakın təkmilləşməsində görürdü. Bunula belə öz dövrünün adamı kimi, Göy aləminin ali mənəvi varlığı, xüsusilə mələkələr haqında baxışlardan imtina etməmişdir. Lakin onların da funksiyasına etik-qnoseoloji baxımdan yanaşırdı. Hissiyyatdan uzaqlaşdırılmış insan ruhunun gücünü o mələkələrin ruhuna oxşadır. Məhz buraya “insanlığın mələkələr mərhələsi ilə bağlı olan axırıncı mərhələsi daxil olur. Bu cür adam yerdə Allahın müavinidir”. Doğrudur, hissiyyatdan tam azad olmaq yalnız “böyük peyğəmbərlərin müqəddəs ruhu” üçün mümkündür, onlar “ağlabatan hər şeyi müəllimin və oxumağın köməyi olmadan, güman və mələkələr aləmi ilə əlaqə hesabına bilirlər. Onlar təfəkkür yolu ilə sirli aləmin vəziyyətinə həqiqətən çatırlar və vəhy alırlar”.