Maliyyə-kredit müəssisələri. Maliyyə-kredit təşkilatları müəssisəni maliyyə və kredit resursları ilə təmin edən, ona müxtəlif bank xidməti göstərən və onun müxtəlif əməliyyatlarını risklərdən sığortalayan müəssisə və təşkilatlardır. Bura maliyyə təşki-latları, banklar, sığorta təşkilatları və bu tip digər təşkilat və müəssisələr aiddir.
Müştərilər. Müştərilər bilavasitə müəssisənin məhsullarını satın alan və ya onu almağa maraq göstərən istehlakçılar, alıcılar və ödəyicilərdir.
Rəqiblər. Rəqiblər alıcılara və istehlakçılara müəssisə ilə eyni növ, ya da əvəzedici məhsullar təklif edən müəssisə və təşkilatlardır. Müəssisə məhsulların rəqabətilə yanaşı bazarın rəqabət strukturunu da nəzərə almalıdır. Rəqabət strukturundan asılı olaraq bazarlar mükəmməl rəqabət bazarına, inhisarçı rəqabət bazarına, oliqopolik rəqabət bazarına və xalis inhisar bazarına bölünürlər.