Bizim ulu babamızın adı Hacı Vəli olub. Babam söyləyərdi olmuş əhvəlatdı. Buların bi əmisi oğlu olar, Cəfər adında. Deyərdi hə, bi gün, bala, bunu babam çağırar, deyər:
– Əmioğlu.
Deyər:
– Nədi?
Deyər:
– Kəli-zadı, öküzü qoşgunan, gedəcəksiz meşəyə odun gətirməyə.
Öküzü qoşarlar, Cəfər də qara heyvanı xoşdıyarmış, hər şeyi qara rəngdə olarmış, kəli də olsaymış qara rəng olarmış, öküzü də olsaymış qara rəng, inəyi də qara rəng.
Gətirib dört-beş araba qoşarlar Cəfərə ki, getsin meşədən odun gətirməyə. Bulara yemək-zad da qoyarlar. Hacı Vəlinin arvadı bunnara yemək qoyar. Götürərlər, gedəllər odunu arabalara yüklədikdən sora yməyə oturallar. Açallar boxçanı, görəllər Hacının arvadı çörək qoyub, qatığ qoyub, bi də şor.
Cəfər bulara deyər:
– Qatığı yeməyəcəksiz.
Bular deyər, əşi, yayın günüdü, istidi, qoy qatığı ovduğ eliyək içək.
Deyər:
– Yox, qatığ qalacağ.
Odunu vurarlar, odunu vurandan sora axşamçağı sərinə Sığıncağ yoluynan gəlməyə başlarlar, yol burdan imiş, burdan gediblər. Cəfər Sığıncağ yolun keçən kimi qatığı çəkər öküzlərin başına.
Hacı Vəli də baxar arabalar gəlir, görər hə dört dənə araba olmağnan bizimdi, amma kəllər, öküzlər dəyişib. Bunlar yavaş-yavaş gələr girər həyətə.
– Ayə Cəfər, a başaa daş düşməsin, nağayrıbsan, bu öküzü, kəli nə günə qoyubsan?! Deyər Hacı Vəli.
Deyir:
– Mənim başıma niyə daş düşür ki, arvadının başına daş düşsün, arvadının başına düşsün, yağ qoya bilmirdi, götürüb qatığnan, şor qoyub bizə. Bir kasa yağ qoyeydi də, yağ yeyeydik orda.
Kosara əhvalatı
O vaxtlar kosara qurardılar özü də evin banında. Bu Cəfər də arvadı ilə kosa qurmaq üçün çıxır evin damına. Cəfər deyər:
– Ay arvad hey!
Deyər:
– Nədi, a kişi.
Deyər: – Gir kosaranın içərisinə suvağıynan.
Arvad balaca arvad imiş dənə, kişi qaldırarmış belənçik qoyarmış kosaranın içinə, kosara həsirdən olardı, o üzlü, bu üzlü palçıxdan şirəliyərmişdər, taxılı tökərmişlər içinə ki, qışı qalsın orda.
– Başaa daş düşsün, mən səni burdan qaldırım qoyum qırağa, sora təzədən yenə qaldırım qoyum içəri, bi təhər döz.
Arvad baxar ki, Cəfər bunu çıxarmağ hiyəti yoxdur. Arvad sidiyə də gedər, böyük bayıra da gedər, qarışdırar palçığa, suvayar kosaranın duvarına.
Cəfər işini təmiz qutarar, təmiz qutarandan sonra deyər ki, arvad indi gəl səni çıxardım. Gəl get bayıra.
Arvad deyər:
– Ehtiyac yoxdu, ay Cəfər, işədim də, suladım da.
Rəhmətlik çox danışardı e, belə şeylərdən.
Bozu kişinin həftə bazarı
Bozu kişi bi dəfə həftə bazarına gedirmiş. Sübh tezdən atı arabaya qoşub yola düşəndə qonşunun oğlu Kamal Sahob oğlu da ona qoşulur. İki nəfər at arabası ilə bazara gedirlər. Bazar işlərini görüb geri qayıdarkən hava çox isti olur. Bozu atı suvarmaq, həm də atlara bir az istirahət vermək üçün yolüstü kəndlərdən olan Səmidxanlıda bir həyətə dönüb atı arabadan açır. Həyət sahibindən icazə alıb atı sulayır, özləri də sarinlənirlər. Bir də baxırlar ki, həyətdə çoxlu meyvə agacları var. Fikirləşirlər ki, bunnardan bir neçəsini çıxarıb aparsınlar öz həyətlərində əkməyə. Bu fikirlə işə başlayırlar. Bir neçəsini çıxaranda ev yiyəsinin arvadı görür, hay-həşir salır, qonşular tökülüb gəlirlər. İşin bəd olduğunu görən Bozu tez Kamalı səsləyib deyir:
– Bala, bala, atı qoş arabaya, yolda xamıtlayarıq.
Kişi tələsdiyindən belə deyir, çünki atı xamıtsız arabaya qoşmaq olmaz.
Qoy çay bişsin
Bozu kişinin kəndin qələbəlik yerində bir balaca çayxanası var idi. Gün günortadan əyiləndə camaat gəp vurmaq üçün ora yığışardılar. Çay sifariş verənlər aradabir onu tələsdirəndə kişi deyərdi:
– Bala, bala, dayan, qoy çay bişsin, hələ bişməyib.
Bozu bulağı
Bozu kişi təmənnasız çox işlər görərdi. Ağqobu çayı yayda qurumağa başlayan zamanlarda camaat çox əziyyət çəkərdi. Quyuların da suyu çox şor olardı. Yuyunmağa, heyvana verməyə su tapılmazdı. Bozunun evi çayın üstündə idi. Kişi çox fikirləşir, axır ki, çarə tapır. Çayın döşündə bir nəmli yer onun diqqətini çəkir, başlayır qazmağa. Birdən su gorünür. Orada bir çala qazıb suyu ora axıdır. Camaat başlayır istifadə etməyə. Adı da qalır “Bozu bulağı.” Kənddə o gündən bir deyim də yaranır. Yaşlılar gənclərə deyərmişlər:
– Hə, ogul, deyəsən Bozu bulağından su içmisən, ha!
Yandım Xanəli
Kərbəlayi Hüseynəli oğlu Xanəli kişinin iki arvadı var imiş. Bir gün kişinin kefinə düşür ki, bu arvadları sınasın, görsün onu hansı arvad çox istəyir. Kişi eləmir tənbəllik “öldüm, öldüm”, – deyib vurur özünü ölmüşlüyə.
Qəzadan bir neçə gün bundan əvvəl bunlara gələn salyanlı qonaq da kişiyə bir bardaq Salyan doşabı gətirmiş imiş. Doşabı qoyublar yükün altına ki, ağzı qışa yeyərlər. Əlqərəz, kişi uzanır ortalıqda, doğrudan ölmüş kimi nəfəsini də çəkir içinə. Arvadlar baxır ki, bu kişi lapdan düşüb öldü. Əvvəl başlayıllar haray-həşir salmağa, sora arvadın biri o birinə deyir:
– Başın batsın, nə qışqırırsan, indi qonum-qonşu tökülüb gələcək, ölü bir yana qalacaq, arada doşabı yeyib qurtaracaqlar.
İkinci arvad mat-mat baxır onun üzünə, soruşur:
– Aaz, bə nağayrax?
O biri:
– Nə qayiraceyek, gəl doşabı yeyək, sora hay salax.
Hər iki arvad də bayaq, bardağı qoyurlar ortaya, nə bilirlər, nə yeyirlər. Sonra başlayırlar başlarına, dizlərinə döyə-döyə hay-küy salmağa. Səsə-haya qonşular tökülüb gəlir. Dipdiri kişini uzadırlar üzü qibləyə, başlayırlar ağlamağa.
Doşab da ki, öz işini görür, arvadlara verir yanğını. Yazıq arvadlar dərdlərini heç kəsə deyə bilməyib, dizlərinə vura-vura ağlayır, ağlaya-ağlaya deyirlər:
– Yandım, Xanəli! Yandım, Xanəli!
Xanəli də eşidirmiş hər şeyi. Görür ki, arvadlar dil boğaza qoymurlar, de bayaq, qalxır ayağa, cumur arvadlarına sarı:
– Ay köpəyin qızları, sizi yandıran Xanəli döyül e, doşabdı!
O vaxtdan bu söz dilə-ağıza düşüb, məsələ çevrilib.
Pud alan Kərim
Kənddə çox qabaqlar Qarışqay oğlu Kərim adlı biri varmış. Bir az da zarafatı sevərmiş. Bi gün qonşulardan biri öz heyvanını kəsib camaat içində pay-püş eləmək istəyir. Bir az pul-paraya ehtiyacı var imiş. O qonşuya, bu qonşuya xəbər eləyir ki, kim ət istəyir pay olsun. Biri bir kilo, o biri yarım kilo. Kişi görür ki, bundan Fatıya tuman olmaz. İstəyir fikrindən daşınsın. Kərim bunu görüb, gəlir qonşusunun yanına:
– Ay qonşu, heyvanı niyə kəsmədin? – deyir.
Qonşu deyir:
– Ay başına dönüm, kəsməyinə kəsim də, amma əti kimə verim? İstəyən yoxdu axı, qorxuram malı kəsəm əti yerdə qala, alan olmaya.
Kərim ciddi şəkildə başlayır qonşusunu inandırmağa:
– Ay qonşu, – deyir, – qorxma, kəs, bax, bir pudu mənim, qalanı da payla başqalarına.
Qonsu baxır ki, bir pudu Kərim götürsə, bir az da yerdə qalır, elə istəyən də var idi. Səhər tezdən heyvanı yıxır yerə, kəsib başlayır ət istəyənlərə paylamağa, bir pud da ayırıb qoyur ki, Kərim gəlib aparacaq. Axşamacan gözləyir, Kərim gəlmir, gedir qapısına ki, görsün bu kişi niyə gəlib əti aparmır. Hay çağırır, Kərimdən bir səs çıxmır. Gözləyir səhəri. Səhər də belə. Nəhayət, ət qalıb iylənir kişi atır çölə.
O vaxtdan Kərimin adı qalır pud alan Kərim.
İmməlinin cəhdi
Mir Əsəd xan Talışinski qardaşından küsür, aralarında bərk inciklik yaranır. Heç kəs onları barışdırmağa cürət etmir. Günlərin birində xanın nökəri İmməli (əsl adı İmaməli olub, gözəl bənna imiş, xanların arasında böyük hörmət qazanmış, hətta ona sonralar bəylik hüququ verilmişdi) hər iki qardaşın yanında olan hörmətindən istifadə edib, onları barışdırmaq istərkən Əsəd xan ona deyir:
– Kül olsun o xanın başına ki, onları nökər barışdırır, başına da ağıl qoyur.
Kasıb Zərbəlinin hazırcavablığı
Mahmudavar və ətraf kəndlərin əhalisi İsmayıl bəyin rəiyyəti hesab olunurdu. Günlərin birində o, yolunu Mədo-Miyanku (indiki Miyankü) kəndinə salıb, burada kömür hazırlayan qadınların işi ilə maraqlanır. Üz-gözü sir-sifəti tüstüdən qaralmış qadınlara gözü sataşır və üzünü bu qadınların ərlərinə tutub deyir:
– Siz bu əcaib vəziyyətə düşmüş, üzü toz-torpaqlı qadınlarla başınızı bir yastığa necə quyursunuz?
Zərbəli adlı bir kəndli bəyə hazırcavablıqla deyir:
– A bəy, başını bu qadınlarla bir yastığa qoymaq hünər istəyir, yoxsa bənizi ağappaq olan evdəki xanımlarınızla hər kəs yata bilər.
Nəhəng pəhləvanın xasiyyəti
İxtiyar babalar nəql edirlər ki, ötən əsrdə Mahmudavarın Bəyoba məhəlləsində ucaboylu, ağırçəkili, döyüşkən xarakterli, amma əqli cəhətdən bir qədər küt, nəhəng bir pəhləvan yaşayırdı. O, on nəfərin yeməyini bir oturuma yeyir, yedikcə də doymazdı. Kimə əl verib görüşsəydi, qolunu burar, yerindən çıxarardı. Bu cəhətinə görə çoxları ona əl verməkdən çəkinərdi. Deyirlər, bu əcaib məxluqda o qədər güc vardı ki, öküzü vurub yerə yıxar, bir neçə illik ağacı isə dartıb yerindən çıxarardı. Məhəllə, tayfa davalarında, əlbəyaxa döyüşlərində onun misli yox idi. Onun döyüşqabağı bir xasiyyəti də var idi. Pəhləvan köynəyini soyunar, yanındakılara deyərdi ki, çiyinlərinə qırmanc və ya ağacla bir neçə bərk zərbə vursunlar ki, qızışsın. Bundan sora qızışıb bütöv bir kəndin əhalisini qabağına qatıb qovur, əlinə keçəni isə şikəst edərdi.
Hopp, çı nığılə?
Mahmudavarda elə kişilər yaşamışdır ki, özünü kimsənin yanında əksiltməyərək qürur və ləyaqətlərini hər şeydən uca tutublar. Hətta onlardan biri çayda boğulduğu yerdə, üzə bilmədiyindən çayın dərin yerində batıb-çıxdığı vaxtda qürurundan deməyib, qışqırmayıb, haray salmayıb ki, ay aman, boğuluram, yaxud kömək edin. Əksinə, hər batıb çıxanda deyib:
Yaxındakılar görüblər ta kişi boğulur, onu xilas ediblər.
Hə, indi islanmışam
Özünü təkəbbürlü aparan, başını dik tutan biri körpüdən arxa yıxılıb tamam islanır. Həmyaşıdları haraya çatıb onu sudan çıxarmaq, halına yanmaq istəyirlər, yığılıb islanmağının səbəbini soruşurlar.
O cavabında özünü o yerə qoymayaraq deyir:
– Sizin xəstə gözləriniz məni islanmış görür, əslində mənim pal-paltarım qupqurudur.
Cavanın yekəxanalığı həmyaşıdlarını təbdən çıxarır, onu yenidən arxa atır, özünü bir neçə dəfə suya salıb çıxarırlar, hər dəfə soruşurlar:
– İndi necə islanmısan, ya yox.
Təkəbbürlü cavan da hər dəfə bildirir ki, islanmayıb ki, islanmayıb.
Sonuncu dəfə təkəbbürlü cavanın başını suya basıb o qədər saxlayırlar ki, ta cavan boğulub ölmək həddinə gəlir. Əldən gedən şirinliyini dərk edən cavan yalvarır ki, onu buraxsınlar. Onu buraxanda:
– Hə, indi bir az islanmışam, – deyir.
Şüşə çəkərəm
Boladılı Qubad kolxozlaşma dövründə Mahmudavarda kənd sovetinin sədri işləyib. Çox sərt və intizamlı adam olub. Kolxozun əkin sahəsinə qarovulçu təyin etməyib. Camaat qarşısında and içib ki, kolxozun əkin sahəsində tutulan oğrunun barmaqlarına şüşə çəkərəm. O, bu sözü tez-tez təkrar etdiyindən camaat ona “şüşə çəkərəm” adını qoymuşdu.
Şıxəli, sən yaxşı bilərsən
Kəndin kolxoz sədri məzuniyyətdə olanda kolxoza bir müxbir gəlir. Məqsədi kolxozun təsərrüfat göstəricilərini öyrənib qəzetə yazıb vermək imiş. Kolxoz sədrinin əvəzi işləyən Baloğlan Kərimov baş mühasib Şıxəli Rüstəmovu yanına çağırır, müxbirin sorğularına hər dəfə cavab vermək əvəzinə üzünü baş mühasibə tutub:
– Şıxəli, sən yaxşı bilərsən, – deyir.
Müxbirin çoxsaylı suallarına:
“Şıxəli, sən yaxşı bilərsən” sözündən başqa cavab ala bilməyən müxbir çaşıb qalır.
İstədiyinə nail ola bilmir. Bir neçə gün sora müxbir qəzetdə “Şıxəli, sən yaxşı bilərsən” adlı bir felyeton dərc etdirir. Bu yazıdan sonra həmin söz kənddə ağızdan-ağıza düşür.
Mollalar düşüblər Zülfüqarın çayına
Günlərin birində kəndin mollaları Molla Qulamhüseyndən xəbərsiz Molla Zülfüqarın evinə ehsan yeməyə gedirlər. Ehsandan qayıdarkən bu mollalar ağac körpüdən hamılıqla birdən keçərkən körpü tab gətirmir, ağırlıqdan sınır, mollalar da çaya düşürlər, islanıb əzilirlər. Bundan bərk pərt olan mollalar and içib sözü bi yerə qoyurlar ki, bu barədə heç kimə bi kəlmə də deməsinlər. Yoxsa Qulamhüseyn bilər, onları lağa qoyub biabır edər.
Hadisədən bir müddət keçir, necə olursa, Qulamhüseyn bundan xəbər tutur. Məclislərin birində Quran oxuyarkən Qulamhüseyn kişi bu işdən agah olduğunu mollalara anlatmaq üçün ayələrin birinə “mollalar düşüblər Zülfüqarın çayına” mənasında həmqafiyə deyir:
Əlləzinə kəfəru
Məlon peş bən bə Zülfiqari ru...
Bunu eşidən mollalar bir daha əmin olurlar ki, Qulamhüseyn kişidən heç nə gizlətmək olmaz.
Hərəniz on manat verin
Molla Qulamhüseyn çayxanada əlini cibinə salıb içdiyi çayın pulunu vermək istərkən, hiss edir ki, cibi boşdur, özü ilə pul götürməyi unudub. Vəziyyətdən çıxmaq üçün üzünü həmyaşıdlarına tutub deyir ki, hərəniz mənə on manat verin. Çayxanadakılar bunun səbəbini soruşanda molla deyir:
– Dünyanın işini bilmək olmaz, bəlkə bir az sora öldüm, hüzrümdə kim nə qədər pul atacaqsa, qoy indidən bilim. Həm də öyrənim ki, xətrimi kim çox istəyir. Mən öləndən sora kim nə qədər pul atsa, bunun mənim üçün heç bir əhəmiyyəti olmayacaq, çünki onsuz da o pul mənə çatmaz.
30-cu illərdə kəndimizdə kolxoz sədri işləmiş Qubad kişi çox sərt adam imiş, kolxoz quruluşunun əleyhinə çıxanları, ona mane olanları qorxutmaq məqsədilə camaat qarşısındakı çıxışında tez-tez deyərmiş:
– Mahmudavarı sökərəm, yenidən tikərəm.
İlahi, hamı qırılsın, təki mən qalım Nisə xanımla
Mahmudavar xanlarının birinin Nisə xanım adında gözəl, göyçək bir arvadı varmış. Xanın xidmətçisi, faytonçusu Zahid Kərimov ona aşiq olur, hər dəfə Nisə xanımı görəndə sanki huşu başından çıxarır. Nisə xanıma heç vaxt qovuşa bilməyəcəyinə əmin olan Zahid Kərimovun bircə ümidi qalır ki, bəlkə hamı öləndən sonra Nisə xanım rəhmə gəlib ona ərə gələr və bu ümidlə Allaha yalvarır ki, İlahi, hamı qırılsın, təki mən qalım Nisə xanımla.
Fətullanın çuxası
Yeddi qardaşın geyməyə bir çuxası varmış, o da ataları Fətulladan yadigar qalmışdı. Səhər tezdən hansı qardaş yuxudan tez oyanardı, o, bu çuxanı geyərdi. O vaxtdan bir şeydən çox istifadə edəndə Mahmudavarda deyərlər: Məgər bu, Fətullanın çuxasıdır?
Donuz soyan Demon
Mahmudavarda Demon adında bir xristian mütəxəssis müvəqqəti yaşayırmış. O, tez-tez Talış meşələrinə gedər, çöl donuzları ovlayıb gətirər, ətini kabab edib yeyərdi. Adamlar çox vaxtı onu donuz soyan görərdilər. O zamandan bəri mahmudavarlılar gecə-gündüz əli işdə olan, hey əlləşib çalışan bir adama mənfi mənada deyərlər: Donuz soyan Demondur elə bil.
Bu sözün başqa yozumu da var. Demon kənddə heç kəsin maraq göstərmədiyi, şəriətdə yeyilməsi haram olan donuz soymaq, ətini yeməklə məşğul olmuşdu. Odur ki, nadir-qəribə işlərlə məşğul olan adama da donuz soyan Demon deyərlər.