Kimya məktəbdə
Orta məktəbİn kİmya kursunda
fəal/İnteraktİv təlİmİn tətbİqİnə
aİd dərs nümunəsİ
A.Z. Məmmədova, Z.A. Qarayeva, A.M. Umudova
Hamıya məlumdur ki, ölkəmizin bütövlükdə təhsil sistemində, o cümlədən ümumi təhsil sahəsində 10 ildən artıq bir müddətdə aparılan islahatlar təhsilin məzmununda, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, təhsil texnologiyalarında, təhsilin idarə olunmasında, müəllim hazırlığında və s.-də ciddi dəyişikliklər aparmaq, hamının keyfiyyətli təhsil almasını təmin etmək məqsədini qarşıya qoyur.
Həmin məqsədlərdən biri olan yeni təlim texnologiyalarının, o cümlədən fəal/interaktiv təlimin tətbiqinə artıq başlanılmışdır. Fəal təlimdən tədris prosesində istifadə edilməsi şagirdlərdə yaradıcılıq, tədqiqatçılıq, təşəbbüskarlıq, məsuliyyətlilik və cavabdehlik, liderlik bacarıqlarının formalaşdırılmasına, onların passivliyini aradan qaldırılmasına və təlimin keyfiyyətinin yüksəldilməsinə şərait yaradaraq Azərbaycan Respublikasının Təhsil islahatı Proqramında göstərilən demokratikləşdirmə, humanistləşdirmə, differensiallaşdırma, fərdiləşdirmə, inteqrasiya və humanitarlaşdırma prinsiplərini həyata keçirməyə imkan verir.
Fəal/interaktiv təlim üsulları həm şagirdlərin, həm də müəllimlərin qarşısında yüksək tələblər qoyur. Fəal təlim üsulları ilə dərslərin qurulması müəllimdən yüksək bilik, bacarıq, səy və təmkin tələb edir. Fəal dərsdə əsas məqsəd şagirdlərə hazır biliklər vermək yox, onların faktlar və hadisələrlə sərbəst işləmək və təhlil etmək, müstəqil nəticələr çıxartmaq bacarıqlarını inkişaf etdirməkdir. Bu üsulla qazanılan biliklər şagirdlərin yaddaşında uzun müddət qalır və sonradan tətbiqi xarakterli bacarıqlara çevrilə bilər.
Fəal təlim üsullarının seçilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır:
1. Dərsin hansı fənnə aid olması.
2. Seçilən üsulun dərsin qarşısında qoyulan vəzifələrə uyğunluğu.
3. Şagirdlərin inkişaf və bilik səviyyələri.
4. Müəllimin seçdiyi üsulu özünün nə dərəcədə bilməsi və pedaqoji ustalığı.
5. Fəal təlim üsullarının tətbiqi üçün lazımı şəraitin olması.
Yaxın gələcəkdə yeni kimya kurikulumunun tətbiq olunacağını nəzərə alaraq fəal/interaktiv təlim metodlarının tələblərinə uyğun bir dərs nümunəsini vermək məqsədəuyğun olardı.
Mövzu: Elektrolitik dissosiasiya prosesinin mahiyyəti.
Standartlar: 1.1.1., 1.2.1., 1.3.1., 2.1.1., 2.2.1. , 3.1.1., 4.1.1., 4.3.1.
Məqsəd:
-
Kimyəvi rabitənin tiplərinə aid bilikləri aktuallaşdırmaq.
-
Müxtəlif kimyəvi rabitəli maddələrin elektrik cərəyanını necə keçirməsini təcrübə vasitəsi ilə nümayiş etdirməklə şagirdlərdə elektrolit və qeyri-elektrolitlər haqqında təsəvvür yaratmaq.
-
Maddələrin məhlulda suyun, əridildikdə isə temperaturun təsirindən ionlara ayrılmasını izah etmək.
-
Elektrolitik dissosiasiya prosesinin müddəalarını aydınlaşdırmaq.
-
Həllolmanın fiziki-kimyəvi proses olmasını və D.İ.Mendeleyevin məhlulların hidrat nəzəriyyəsinin şagirdlər tərəfindən dərk edilməsinə nail olmaq.
-
Svante Arreniusun elektrilitik dissosiasiya prosesinin mahiyyəti haqqında olan ziddiyyətli fikirlərini aydınlaşdırmaq.
-
Hidroksonium ionunun əmələgəlmə mexanizmi və ionların atomlardan fərqli cəhətləri haqqında məlumat vermək.
Dərsin tipi: Yeni bilik və bacarıqlar formalaşdıran.
Təlim üsulları: Müsahibə, müzakirə, problemli şərh, diskussiya, əqli hücum, fəndaxili və fənlərarası inteqrasiya.
İş forması: Ümumi sinifdə iş, qruplarla iş
Resurslar: Məhlulların elektrik keçiriciliyini yoxlamaq üçün cihaz, natrium-xlorid, xlorid turşusu, natrium-hidroksid, şəkər məhlulları, distillə edilmiş su, kalium-xlorid, natrium-hidroksid kristalları, kimyəvi stəkanlar, şüşə çubuq və s.
Dərsin gedişi:
I mərhələ.
Motivasiya, problemin qoyulması.
Müəllim ilk növbədə şagirdlərin bir neçəsinin iştirakı ilə əvvəlcədən hazırlanmış cihaz vasitəsi ilə təcrübələr nümayiş etdirir. Belə ki, cihazın elektrodları əvvəlcə quru kalium-xloridə toxundurulur və sonra duz, qələvi, turşu, şəkər məhlulları və distillə suyu tökülmüş stəkanlara salınır və şagirdlərin diqqəti lampanın hansı halda yanmasına yönəldilir. Müşahidələrdən sonra tədqiqat sualı qoyulur:
Nə üçün cihazın elektrodları natrium-xlorid, natrium-hidroksid, xlorid turşusu, məhlullarına salındıqda lampa yanır, lakin onları quru duza, şəkər məhlulu və distillə edilmiş suya saldıqda yanmır?
II mərhələ.
Tədqiqatın aparılması.
Müəllim sinfin tərkibindən asılı olaraq şagirdləri 4-6 qrupa bölür və onlara aşağıdakı suallardan ibarət dörd variantda tərtib edilmiş sorğu vərəqləri paylayır:
-
Kimyəvi rabitə nəyə deyilir?
-
Kimyəvi rabitə maddələri təşkil edən elementlərin hansı xarakteristikasına görə fərqləndirilir?
-
Kovalent rabitə nəyə deyilir?
-
Qeyri-polyar kovalent rabitəli maddələrə misal göstərin.
-
Polyar kovalent rabitəli maddələrə misallar göstərin.
-
İon rabitəsi nəyə deyilir?
-
İonlar necə əmələ gəlir və yüklərinin işarəsi necədir?
-
İon rabitəli maddələrə misallar göstərin.
-
İon rabitəsi ilə güclü polyar kovalent rabitə arasında münasibət necədir?
-
Güclü polyar kovalent rabitəli maddələrə misallar göstərin .
-
Natrium-xlorid, kalium-xloriddə kimyəvi rabitənin hansı növüdür?
-
Xlorid turşusunda kimyəvi rabitənin tipi necədir?
-
Şəkər məhlulunda kimyəvi rabitənin hansı tipidir?
-
Natrium hidroksiddə kimyəvi rabitənin xarakteri necədir?
-
Fizika kursundan və gündəlik həyatınızdan elektrik cərəyanı, elektrodlar haqqında nələri bilirsiniz?
-
Su molekulunda kimyəvi rabitənin hansı növüdür ?
-
Dielektrik nüfuzluluğu nəyə deyilir?
-
Sizcə cihazın lampasının yanması nəyi sübut edir?
-
Lampanın elektrodları natrium-xloridin ərintisinə salınarsa nə baş verər?
-
Lampanın elektrodları adi suya salındıqda nə müşahidə edilər?
III mərhələ.
İnformasiya mübadiləsi.
Verilən suallara cavablar qrup daxilində müzakirə edilir, fikir mübadiləsi aparılır, sonra hər qrupun nümayəndəsi verilmiş sual-tapşırıqlara aid cavabları lövhədə ümumi sinfə təqdim edir.
IV mərhələ.
İnformasiyanın müzakirəsi və təşkili.
Təqdimat aparan şagirdlər və ya onların qrup yoldaşları suallara cavab verir və təkliflər dinlənilərək cavablar dəqiqləşdirilir.
V mərhələ.
Nəticə, ümumiləşdirmə.
Şagirdlərin cavabları bir daha nəzərdən keçirilir və müəllim lazım gəldikdə yeni suallar verir və əlavələr edir. Aparılan ümumiləşdirmələr nəticəsində tədqiqat sualına cavab aşağıdakılarla xarakterizə olunur.
-
Lampanın yanması elektrodlar salınan maddələrin elektrik cərəyanını keçirməsini sübut edir.
-
Maddələr elektrik cərəyanını keçirməsinə görə elektrolit və qeyri-elektrolitlərə ayrılırlar.
-
Suda məhlulları və ərintiləri elektrik cərəyanını keçirən maddələrə elektrolitlər, keçirməyənlərə isə qeyri-elektrolitlər deyilir.
-
Maddələrin elektrik cərəyanını keçirməsi onlarda olan kimyəvi rabitənin xarakterindən asılıdır.
-
İon və güclü polyar kovalent rabitəli maddələr elektrik cərəyanını keçirir.
-
Qeyri-polyar və zəif polyar rabitəli maddələr isə keçirmir.
-
Maddələrin suda məhlullarının elektrik cərəyanını keçirməsinin səbəbi dielektrik nüfuzluğu yüksək (81) olan polyar su molekullarının onlara təsirindən, əridildikdə isə hissəciklərin rəqsi hərəkətlərinin güclənməsindən kimyəvi rabitənin qırılması və əks yüklü ionların əmələ gəlməsidir ki, buna da elektrolitik dissosiasiya deyilir.
Sonra müəllim məlumat verir ki, elektrolitik dissosiasiyanın nəzəri müddəalarını (müddəalar sadalanılır) 1887-ci ildə İsveç alimi Svante Arrenius vermişdir. Lakin o, həlledici molekullarının rolunu nəzərə almamış və suda məhlulda sərbəst ionların olduğunu güman etmişdir. Sonralar D.İ. Mendeleyevin hidrat nəzəriyyəsi, rus alimləri İ.A. Kablukov və V. A. Kistyakovski su molekullarının təsirindən ionların hidratlaşması haqqındakı fikirlərinin təsdiqi elektrolitik dissosiasiya prosesinin mahiyyətini dəqiqləşdirilməsində böyük rol oynadı.
Bu məsələləri aydınlaşdırmaq üçün müəllim şagirdlərə sual verir:
Kimyəvi reaksiyaların baş verməsi əlamətləri hansılardır? Suala doğru cavab alındıqdan sonra kimyəvi stəkanlarda kalium-hidroksid, qatı sulfat turşusu (turşu ehtiyatla su üzərinə tökülməlidir) və ammonium-nitrat həll edilir və şagirdlərə təklif olunur ki, əllərini stəkanlara toxundursunlar. Sonra susuz mis(II) sulfat kristallarının rənginə diqqət yetirilir və suda həll edildikdə göy rəngli məhlulun alındığı müşahidə olunur. Beləliklə, şagirdlərin cavabları əyani şəkildə təsdiq olunur ki, kalium-hidroksid və qatı sulfat turşusu suda həll edildikdə istilik ayrılır, ammonium-nitrat həll edildikdə istilik udulur, mis(II) sulfat həll edildikdə isə rəng dəyişir. Deməli həllolma fiziki-kimyəvi prosesdir, məhlulda olan ionlar da hidratlaşmış ionlardır.
VI mərhələ.
Yaradıcı tətbiqetmə.
Şagirdlərə müxtəlif duz, turşu və qələvi məhlullarının dissosiasiya tənliklərini və hidroksonium ionunun əmələgəlmə mexanizmini yazmaq təklif olunur. Onlar dərsdə öyrəndikləri bilikləri tətbiq etməklə bu işi yerinə yetirə bilərlər. Sonda natrium-xlorid misalında ionların həm quruluş, həm də xassə etibarilə əmələ gəldikləri atomlardan fərqli cəhətləri aydınlaşdırılır.
Ev tapşırığı verilir və şagirdlərin bilik və bacarıqları meyar cədvəli ilə qiymətləndirilir.
VI mərhələ.
Qiymətləndirmə və refleksiya.
Qiymətləndirmə müəllimin hazırladığı aşağıdakı cədvəl üzrə aparılır.
Qruplar
Meyarlar
|
I
qrup
|
II
qrup
|
III
qrup
|
IV
qrup
|
V
qrup
|
VI qrup
|
1. Tapşırığa verilən cavabın doğruluğu
|
|
|
|
|
|
|
2. Qrupun fəallığı
|
|
|
|
|
|
|
3. Qrupda əməkdaşlıq
|
|
|
|
|
|
|
4. Nəticələrin təqdimatı
|
|
|
|
|
|
|
Refleksiya mərhələsində müəllim izah olunan bütün proseslərin ardıcıllığını təmin edən bir neçə dolğun sualla şagirdlərin dərs zamanı qazandıqları biliklər haqqında fikirlərini sistemləşdirə bilər.
Qeyd: Elektrolitik dissosiasiya prosesinin mahiyyəti mövzusu geniş olduğu üçün onun tədrisinə iki dərs saatı ayrılmalıdır və materialın bölgüsü müəllimin özündən asılıdır.
İstifadə edilmiş ədəbiyyat siyahısı
1. A.O. Mehrabov. Azərbaycan təhsilinin müasir problemləri. Bakı, Mütərcim, 2007, 447 s.
2. Ümumi təhsil pilləsinin dövlət standartları (kurikulumları). “Kurikulum”jurnalı. 2010, №3.
3. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün kimya fənni kurikulumu.“Kurikulum” jurnalı 2010, № 2.
4. Z.Veysova . Fəal/interaktiv təlim. Bakı, 2007.
5. V.M.Abbasov, M.M.Abbasov, A.H Əliyev və başqaları. Kimya (Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün dərslik). Bakı. “Aspoliqraf”, 2009.
Проведение активного занятия на химическом курсе средней школы
А.З. Мамедова, З.А. Kараева, А.М. Умудова
АНОТАЦИЯ
В статье рассматривается значение активного обучения и дается пример урока по химическому курсу девятого класса на тему: " электролитическая диссоциация".
Realization of active educating is in the chemical course of high school
A.Z. Mammadova, Z.A. Karayeva, A.M. Umudova
SUMMARY
The article discusses the importance of active learning and provides a tutorial on the chemical rate of ninth grade on "Electrolytic dissociation".
Açar sözlər: elektrolit, dissosiasiya, kation, anion, turşu, əsas, duz
Ключевые слова: электролит, диссоциация, катион, анион, кислотa, основаниe, соль
Keywords: electrolyte, dissociation, cation, anion, acid, base, salt
Dostları ilə paylaş: |