1. Kiçik qrup uşaqları ilə aparılan özünəxidmət və təsərrüfar-məişət işləri. Kiçik qrup uşaqlarında özünəxidmət vərdişlərini formalaşdıraraq, onlara müstəqil yeməyi, əl-üz yumağı, geyinib-soyunmağı öyrətmək mühüm şərtdir. Həddindən artıq himayəçiliyə öyrənən uşaqlar tərbiyəçiyə xeyli əziyyət verirlər. Lakin tərbiyəçi qoyulmuş məqsədə səbirlə nail olmağa çalışırsa, uşaq özü bacarmadığı hallarda ona kömək edirsə, bir-iki ay ərzində yaxşı nəticə əldə edilə bilər. Uşaqlara əl-üz yumağı öyrətmək üçün çox vaxt tələb olunur. Tərbiyəçi uşaqlara müəyyən ardıcıllıqla hərəkət etməyi öyrədir və bunun üçün necə edilməsini bir-iki uşağa göstərir. Uşaqlar əl-üz yuma vərdişlərinə tədricən yiyələnirlər. İlk günlərdə tərbiyəçi yalnız ən sadə hərəkətləri göstərir və izah edir. İki aydan sonra uşaqlar müəyyən bacarıqlara möhkəm yiyələnirlər ki, bu da tələbləri mürəkkəbləşdirməyə, məsələn qolları çırmalamağı öyrətməyə imkan verir. Bundan əlavə tərbiyəçi tədricən uşaqlara dəsmaldan düzgün istifadə etməyi öyrədir: dəsmalı necə tutmağı, onunla üzü necə silməyi göstərir. Əl-üz yuyulduqdan sonra tərbiyəçi uşaqların diqqətini onların xarici görünüşünə cəlb edir və qeyd edir ki, onlar təmiz və səliqəlidirlər, onlara baxmaq xoşdur. Yemək prosesində də uşaqlara mədəni gigiyenik vərdişləri-müstəqil və səliqə ilə yemək, qaşığı düzgün və səliqəli tutmaq kimi vərdişlər formalaşdırılır. Səhər və günorta yeməyinə hazırlaşarkən uşaqların diqqətini stolların təmizliyinə cəlb etmək, səliqə ilə yemək, yeməyi yerə tökməmək və boşqab üzərinə əyilməyi xatırlatmaq yaxşı olardı. Tərbiyəçi hər gün onun göstərişlərini uşaqlardan kimin necə yerinə yetirdiyini izləyir və uşaq tələblərdən hansı birini isə yaddan çıxarıbsa tərbiyəçi qaşığı necə düzgün tutmağı, xörəkdən nə qədər götürməyi ona xatırladır. Tərbiyəçi salfetdən düzgün istifadə etmə üzərində sistematik nəzarət təşkil edir. Geyinmə və soyunmada üç yaşlı uşaqlar əvvəlcə çox acizlik göstərirlər. Tərbiyəçi dayəyə müəyyən ardıcıllığa riayət edərək balacalara necə geyinməyi, soyunmağı, yəni nəyi ən əvvəl çıxarmağı və ya geyinməyi, paltarı hara qoymağı öyrətməyi izah edir. Uşaqlar daha müstəqil olduqda tərbiyəçi onlara düymələrin açılmasında, uzunboğaz çəkmənin bağlanmasında, ayaqqabının yerinə qoyulmasında bir-birinə kömək etməyi təklif edir. Təsərrüfat - məişət əməyinə rəhbərlik bu qrup uşaqlarının yaş xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilir. Burada tərbiyəçi bu və ya digər hərəkətin necə yerinə yetirilməsinin göstərilməsinə və izahatına xüsusi diqqət yetirməlidir. Balaca uşağı əməyə alışdırarkən çalışmaq lazımdır ki, o, həm hərəkətin məqsədini, həm də işin nəticəsini görsün. Buna yaşlının nümayişi də, izahatı da kömək edir. O, deyir “Boşqabı iki əlinlə tut, özünə söykəmə, boşqabı stolun üstünə qoy”. Bunlar hamısı balacaya aydındır. O, nəinki boşqabı stolun üstü üçün gətirdiyindən, həm də lazımı nəticə-onu stolun üstünə qoyduğundan-məmnunluq hissi keçirir, çünki uşaq tapşırığın öhtəsindən müvəffəqiyyətlə gəlmişdir. O, təsərrüfat-məişət əməyində iştirak etməyin birinci dərsini almışdır. Lakin hərəkəti necə yerinə yetirməyi, təkcə göstərmək və izah etmək azdır, belə uşaqlara bilavasitə kömək etmək də lazımdır. Bütün bunlar uşaqlarda təsərrüfat-məişət əməyinə düzgün münasibət və ona qarşı maraq tərbiyə etməklə, lazımı hərəkətlərin mənimsənilməsini də təmin edir. Tərbiyəçinin vəzifəsi uşaqları həvəsləndirmək və onları məqsədyönlü hərəkətlərə təhrik etməkdən ibarət olmalıdır. Burada ən əlverişli olan əməyin təşkilinin fərdi formasıdır. Tərbiyəçi ilə ünsiyyətdə olan uşaq müəyyən hərəkətləri, sonra isə bir sıra əməliyyatları yerinə yetirməyi öyrənir. Uşaqların müvəffəqiyyətini qeyd etmək lazımdır. Həvəsləndirmə uşaqda şən əhval-ruhiyyə, hərəkətin təkrarına meyl və arzu edilən nəticəyə cəhd yaradır. Uşaqlarda yaşlıların təsərrüfat-məişət əməyi haqqında təsəvvürlər formalaşdırmaq məqsədilə tərbiyəçi xüsusi müşahidələr təşkil edir, balacaların diqqətini dayənin gördüyü işə, kukla paltarını necə yumasına, ütüləməsinə, oyuncaq təsərrüfatında qayda-qanun yaratmasına cəlb edir. Bu cür müşahidələri təşkil edərək tərbiyəçi balacalara yaşlının əməyində elementar iştirak etməyə (qaşıqları bufetə yığmaq, əsgini vermək, su gətirmək və s.) yol verən situasiyalardan istifadə edir. Elementar əmək tapşırıqlarının yerinə yetirilməsi 2-3 yaşlı uşaqlar üçün o qədər də çətin deyil və eyni zamanda çox qiymətlidir, çünki bu onları əmək fəaliyyətinə hazırlayır ki, belə fəaliyyət də məktəbəqədər böyük yaşda təşəkkül tapır. 2. Orta qrup uşaqları ilə aparılan özünəxidmət və təsərrüfar-məişət işləri. Orta yaş qrupunda əvvəllərdə mənimsənilmiş vərdişlərin möhkəmləndirilməsindən başqa, uşaqlarda özünəxidmətin daha mürəkkəb vərdişlərinin formalaşdırılması üzrə iş aparılır. Orta qrup uşaqları əl-üz yuma, geyinmə və yeməkdə daha çox müstəqillik göstərirlər. Orta yaşlı uşaqlar özünəxidmət üzrə bir çox əsas vərdişlərə yiyələndikləri üçün onların qarşısında geyinmə zamanı qarşılıqlı kömək göstərmək vəzifəsi qoyulur. Uşaqlar öz-özlərinə xidmət göstərə biləcəkləri halda işi onların əvəzinə görmək qəbahət hesab edilir. Tərbiyəçi özünəxidmətdə kömək göstərmək bacarığını bütün uşaqlarda formalaşdırır. Aciz, qətiyyətsiz uşaqlar kömək göstərmə şəraitində fəallaşır, öz bacarıqlarını, icranın dəqiqliyini göstərməyə çalışırlar. Tərbiyəçinin rolu bu prosesə rəhbərlik etməkdən ibarətdir. Elə etmək lazımdır ki, ayaqqabılarını bağlaya bilən uşaqlar onu bilməyənləri öyrətsinlər. Orta qrup uşaqlarının kiçik uşaqlara kömək göstərməyə cəlb edilməsində yalnız o zaman müvəffəqiyyət qazanmaq olar ki, onlar əvvəlcədən nə kimi kömək göstəriləcəyini bilsin və bu bacarıqlara yiyələnmiş olsunlar. Öz yaşıdlarına və daha kiçik uşaqlara kömək göstərmək bacarığının formalaşdırılması uşaqların bir-biri ilə geyinmə-soyunma, yemək, əl-üz yuma prosesində fəal qarşılıqlı əlaqəsi nəticəsində həyata keçirilir. Tərbiyəçi bu qrup uşaqlardan özünəxidmətdə demək olar ki, tam müstəqillik tələb edir. Axı qoyulmuş tapşırığın yerinə yetirilməsi üçün lazım olan vərdişlər daha da möhkəmlənmiş və dərindən dərk edilmişdir. Orta qrup uşaqlarının təsərrüfat-məişət əməyinə rəhbərlik edərək, onları elə öyrətmək lazımdır ki, nəticənin əldə edilməsində ən başlıcası şəxsi mənafe, şəxsi tələbat yox, uşaq kollektivinin, eləcə də ətrafdakı yaşlıların tələbatı olmasını başa düşsünlər. Ona görə orta qrupda təsərrüfat-məişət əməyinin təşkilində tərbiyəçi iş prosesində şəxsi təşəbbüsü, şəxsi motivi bəyənərək, eyni zamanda onu mümkün qədər dəyişməyə, ona ictimai məna verməyə çalışır. Məsələn, tərbiyəçi Anara öz paltarlarını səliqəli şkafa qoymağı təklif edir. Uşaq məmnuniyyətlə bu işi görür. Tərbiyəçi onu başa salır ki, başqa uşaqlar haqqında da qayğı göstərmək lazımdır, qoy onların da paltarları səliqəli olsun. Oğlan cavab verir: “Yaxşı onların da paltarlarını səliqəli yığaram”. Fəaliyyət məqsədinə nail olaraq uşaqlar yerinə yetirilmiş işdən həzz alır ki, bu da onları bu cür işlərdə sonra da iştirak etməyə təhrik edir. Yaşıdları da bu cür işlərə qoşulmağa çalışır və tapşırığın öhdəsindən müvəffəqiyyətlə gəldiyi və başqalarına kömək etdikləri üçün yaşlıların tərifinə layiq olmağa can atırlar. Orta qrupda təsərrüfat-məişət əməyinin təşkili zamanı həmçinin oyundan istifadə etmək lazımdır. Tərbiyəçi uşaqları, “Bina tikmək” adlı oyunla tanış edir və binanın tikilməsi prosesini onlarla birlikdə başa çatdırır. Əmək oyunla birləşərək uşaqlarda işləmək arzusu yaradır, məqsədə nail olmaqda onlara kömək edir. Əlbir işdə uşaqlar bir-birinə daha da yaxınlaşır, oyunda və işdə mehribanlıqla ünsiyyətdə olurlar. Artıq orta qrupda məişət əməyinin ictimai xarakterini, onun başqalarının rifahına yönəldilən istiqamətini göstərmək vacibdir. Tərbiyəçinin diqqəti təsərrüfat-məişət əməyinin məzmunu haqqında təsəvvürlərin genişləndirilməsindən daha çox yaşlılara yaxşı xeyirxah niyyətlərin, onların işinə görə təşəkkür hissinin tərbiyəsinə yönəldilməlidir. 3. Böyük qrup uşaqları ilə aparılan özünəxidmət və təsərrüfar-məişət işləri. Məktəbəqədər böyük yaşlı uşaqların qarşısında özünəxidmət üzrə bir sıra daha mürəkkəb vəzifələr qoyulur. Məktəbəqədər böyük yaşlı uşaqların tərbiyəsi təcrübəsində özünəxidmət üzrə uzunmüddətli vəzifələrə və ona yaxın olan məişət əməyinə böyük əhəmiyyət verilir. Bu ona görə vacibdir ki, daimi tapşırıqlar məsuliyyət hissini artırır, uşaqlara ətrafdakılar üçün öz əməklərinin əhəmiyyətini hiss etməyə imkan verir, məktəbdə təlim üçün, həyatda zəruri olan əmək səyinə adət yaradır. Tərbiyəçi uşaqlara özünəxidmət üzrə işi əvvəllərdə olduğu kimi yerinə yetirməyi öyrədir. Lakin indi o, uşaqlara mürəkkəb bir də çətin vəzifənin həyata keçirilməsinə düzgün yanaşmaqda kömək edir, onu necə daha asan və daha yaxşı yerinə yetirməyi göstərir. Məktəbəqədər yaşlı uşaqların təsərrüfat-məişət əməyi yaş qrupundan asılı olaraq müxtəlif səpgilərdə təşkil olunmalıdır. Bu baxımdan məktəbəqədər böyük yaşlı uşaqların təsərrüfat-məişət əməyi daha məzmunlu kollektivdir. Böyük qrupun uşaqları ilə aparılan işdə onların yaşlıların köməyinə cəlb edilməsi böyük əhəmiyyət kəsb edir. Məsələn, təmiz dəyişəyi salmaq üçün dayə uşaqlara balış üzlərini keçirməyi, döşək ağılarını salmağı tapşırır. Bu tapşırığı yerinə yetirərək uşaqlar özlərini yaşlıların əsl köməkçiləri kimi hiss edirlər. Uşaqlar müntəzəm olaraq dayəyə kömək edirlər. Əlbir işi elə qurmaq lazımdır ki, uşaqlar hər hansı bir tapşırığın sadəcə olaraq passiv icraçısı yox, həm də dayənin simasında işin təşkilatçısını, onun əməksevərliyini, qrupdakı uşaqlara və ən balacalara olan diqqətini görə bilsinlər. Böyük qrup uşaqlarının təsərrüfat-məişət əməyinə cəlb edilməsində tərbiyəçinin hər hansı bir işi bir neçə uşağa təklif etməklə verdiyi ümumi tapşırıqlar mühüm rol oynayır. Uşaqlarda özünəxidmət vərdişləri kifayər qədər formalaşmadığı üçün tərbiyəçi onlarla ümumi tapşırığın yerinə yetirilməsini müzakirə edir: onlar işi nədən başlayacaq, bunun üçün nə lazım olacaq və s. Tərbiyəçi ümumi işin hansı hissəsini kimin görəcəyi haqda məlumat verməklə hamıya kömək edir. Əgər iş üsulları uşaqlara tanış deyildirsə tərbiyəçi özü işə qarışır, çətin yaxud tanış olmayan hərəkətin yerinə yetirilməsini və işin təşkilini göstərir, bir-biriləri ilə razılığa gəlmək, kömək göstərmək bacarığını aşılayır. Beləliklə tərbiyəçi hərəkətlərin yekdilliyinə və razılaşmağa necə nail olmağın yolunu göstərir. Tərbiyəçi tədricən məqsəd qoymağı, işi planlaşdırmağı, onu axıra çatdırmağı uşaqlara öyrədir. Bu çox vacibdir, çünki istər qrupda, istərsədə sahədə qayda – qanun yaratmağa həmişə ehtiyac olur. 4. Məktəbə hazırlıq qrup uşaqları ilə aparılan özünəxidmət və təsərrüfar-məişət işləri.Məktəbə hazırlıq qrupu uşaqların özünəxidmətin təşkili formalarından biri onları-kiçik qrup uşaqlarını elementar bacarıqların təliminə cəlb etməkdən ibarətdir. Böyük yaşlı uşaqlar özünəxidmətin bəzi qaydalarını mənimsəməkdə balacalara kömək edirlər. Məktəbə hazırlıq qrupu uşaqlarının işini müşahidə edən tərbiyəçi onların öz-özlərini, yəni özünəxidmət üzrə vəzifələri, yaşlının tələblərini yaxşı yerinə yetirib-yetirmədiklərini öz işlərini mükəmməl və səliqə ilə görüb-görmədiklərini yoxlamağı öyrədir, uşaqlardan hansının az qüvvə sərf etməklə öz vəzifəsinin öhdəsindən daha tez gələ bildiyini aydınlaşdırır. Uşaqların mənəvi inkişafı məqsədilə özünəxidmətdə onların imkanlarından daha tam istifadə etmək üçün tərbiyəçi uşaqlara dolayı yolla təsiretmə metodunu tətbiq etməlidir. Məsələn: “Əhmədə konstruktoru yığmaqda kömək et” əvəzinə tərbiyəçi deyir: “Əhməddən soruş, bəlkə ona konstruktoru yığmaqda kömək etmək lazımdır?” Özünəxidmət vərdişlərinin uşaqlar tərəfindən mənimsənilməsi onların yaxınlaşması, fəaliyyətin digər növlərində öz qüvvələri ilə yüksək nəticə əldə etməsi üçün daha əhəmiyyətlidir. Məktəbə hazırlıq yaşına qədəm qoyan uşaqların təsərrüfat-məişət əməyində fəal iştirakı eyni vaxtda iki istiqamətdə: ictimai əhəmiyyətli kollektiv əmək fəaliyyəti və tapşırıqların, növbətçilik vəzifələrinin ətrafdakılara faydalı olan fəaliyyət məqsədinin həyata keçirilməsi ilə bağlı işlərin yerinə yetirilməsi vasitəsilə təmin edilir. Məsələn, balacalar oynayan artırmada səliqə-səhman yaratmaq, onların sahəsində meydançanı, yolları süpürmək, skamya və stolların üstündəki tozu silmək, qrup və yataq otaqlarında səliqə yaratmaq və s. işlərdə yaşlılara kömək göstərməyi uşaqlara təklif etmək olar. Tərbiyəçinin vəzifəsi uşaqlarda təsərrüfat-məişət əməyinə müsbət emosional münasibət tərbiyə etməkdən ibarətdir. Bunun üçün səliqəsizliyə və pintiliyə qarşı dözümsüzlük şəraiti, ətraf mühitə emosional-estetik həssaslıq yaratmaq lazımdır. Bu vəzifə o zaman müvəffəqiyyətlə həyata keçirilir ki, uşaqlar təsərrüfat-məişət əməyinə qoşulduqda öz əməklərinin hamıya lazım olduğunu hiss etsinlər, həm də onlar ətraf mühiti təmizləyib və gözəlləşdirsinlər. Məktəbə hazırlıq qrupunun uşaqlarında eyni zamanda əmək bacarığı və vərdişlərinin əmək fəaliyyəti motivlərinin və ətrafdakı adamlara müsbət münasibətin formalaşdırılması böyük əhəmiyyət kəsb edir. Axırıncı iki vəzifəyə bu qrupun tərbiyəçisi xüsusi diqqət yetirməlidir. Birincisi ona görə ki, bu yaşda uşaqlarda əsasən təsərrüfat-məişət əməyi vərdişləri formalaşır, ikincisi təsərrüfat-məişət xarakterli işlərin yerinə yetirilməsi həmişə ictimai istiqamət daşıyır. Uşaqların əməyinə tərbiyəçinin rəhbərlik metodları işdə rast gələn səhvlərin qarşısını almağa, onun vaxtında düzəldilməsi üçün məsləhət verməyə, lazımı kömək göstərməyə yönəldilməlidir. Həvəsləndirmə uşağa sevinc gətirir və onlarda razılıq hissi yaradır, özünü bacarıqlı, müstəqil, əsl köməkçi kimi hiss etməyə imkan verir. Məktəbə hazırlıq yaşında pedaqoji rəhbərliyin bu cür priyomları məktəbə keçid dövründə uşağın şəxsiyyətinin mənəvi əsasını, onun əmək fəaliyyətini müəyyənləşdirən daha sabit motivlər formalaşdırmağa imkan verir. Beləliklə, demək olar ki, uşaq bağçasında özünə xidmət və təsərrüfat – məişət əməyinin təşkili və onun tərbiyəvi nəticələri düzgün pedaqoji rəhbərlikdən asılıdır.