Ə d ə b i y y a t
1. A. Həsənov Məktəbəqədər pedaqogika. Bakı 2000
2. A.Həsənov Məktəbəqədər yaşlı uşaqların əmək tərbiyəsi. Bakı 1993
3. V. Neçayeva Məktəbəqədər yaşlı uşaqların əməkdə tərbiyəsi. Bakı 1989
4. Ş.O.Ağayev S.S.Rzayeva Məktəbəqədər kurikulum: nəzəriyyə və təcrübə. Bakı 2017
5. M.Həsənov və b. Məktəbəqədər yaşlı uşaqların oyun və əmək fəaliyyətinin təşkili.
Bakı 2001
6. M.Həsənov, Ş.Ağayev Məktəbəqədər yaşlı uşaqların oyun və əmək fəaliyyətinin təşkili. Bakı 2001
Uşaqlara növbətçilik və kollektiv əməyin öyrədilməsi metodikası
P l a n
1. Növbətçilik əməyi üzrə kiçik qrupda aparılan işlər.
2. Növbətçilik əməyi üzrə orta qrupda aparılan işlər.
3. Növbətçilik əməyi üzrə böyük və məktəbə hazırlıq qrupunda aparılan işlər.
4. Kollektiv əmək haqqında.
5. Əməkdə uşaqların birləşdirilməsi üsulları.
N ə t i c ə
Ədəbiyyat
1. Növbətçilik əməyi üzrə kiçik qrupda aparılan işlər. Kiçik qrupda növbətçilik ilin axırında yeməkxanada keçirilə bilər. Növbətçi uşağın qarşısında ancaq bir şərt qoyulur: özü və yoldaşı oturan stolu düzəltməkdə dayəyə kömək etmək. Uşaq qaşıqları paylayır, çörək qabını, salfet stəkanını, meyvə boşqablarını stola qoyur. Uşaqlara rəhbərlik edərkən tərbiyəçi onların fəaliyyət prosesinə olan marağına istinad edir, ona qarşı müsbət – emosional münasibət yaradır, çalışmağın vacibliyini izah edir, hər vasitə ilə onları hər hansı bir müstəqilliyə həvəsləndirir. O, uşaqlarda növbətçi əməyinin əhəmiyyətinə, tapşırılmış işlərin yerinə yetirlməsində ardıcıllığa dair təsəvürlləri formalaşdırır: “Bugün Seymur öz yoldaşlarına qayğı göstərəcək, bu stola növbətçi olacaq, sabah isə başqaları, onların yanında oturanlar işləyər.” Uşaqların fəaliyyətinə rəhbərlik edərkən tərbiyəçi əsas diqqəti onların işdə ardıcıl olmağı öyrənmələrinə yönəldir. Tapşırığı almış bəzi uşaqlar vurnuxmağa, tələsməyə başlayırlar, onlar bir işi qurtarmamış başqasından yapışırlar. Bəzi uşaqlar öz qətiyyətsizliyi ilə fərqlənir, öhdəsinə düşən vəzifəni çox ləng yerinə yetirir və həmişə kömək üçün müraciət edirlər. Belə halda tərbiyəçi onları ruhlandırmaq və cəsarətləndirməklə işin yerinə yetirilməsinə nail olmalıdır. Bəzi uşaqlar isə çox inamla və müstəqil işləyirlər. Demək lazımi vərdişlər onlarda müvəffəqiyyətlə formalaşmışdır. 2. Növbətçilik əməyi üzrə orta qrupda aparılan işlər. Əgər orta qrupda növbətçilik ilk dəfə təşkil edilirsə, tərbiyəçi ilin əvvəlində (sentyabr-oktyabr aylarında) kiçik yaşlılarla apardığı üsullardan istifadə edir ki, uşaqların bacarıqlara nə dərəcədə yiyələndiyini öyrənsin, onlara qrupda həyat şəraitinə alışmağa imkan versin. Tərbiyəçi dayənin uşaqlara necə qayğı göstərməsi, stol açması, səhər yeməyi paylanması haqqında izahat verir. Dayənin əməyinə bu cür və xüsusi təşkil edilmiş müşahidələr prosesində alınmış məlumatlara istinad edərək tərbiyəçi məşğələlərdə dayənin necə işləndiyini xatırladır və uşaqlara təklif edir ki, ona kömək etsinlər. Növbətçiliyin təşkili forması – hər stolun öz növbətçisi olması bununla müəyyənləşdirilir. Növbətçi stolu düzəldir, yaxud vəsaitləri hazırlayır, tək işləyir, tərbiyəçinin qarşısında görəcəyi işə cavabdeh olur. Növbətçinin işinə qiymət verərək tərbiyəçi onun yoldaşlarına necə qayğı, diqqət göstərdiyini, öz vəzifəsinə necə münasibət bəslədiyini qeyd edir. Uşaqlar tədricən növbətçilik əməyinin əhəmiyyətini onun ictamai istiqamətini dərk etməyə başlayırlar. Uşaqlarda işə məsuliyyətli münasibət belə formalaşır. Tərbiyəçi növbətçinin işinin bütün qrup üçün lazımlı olduğunu, yoldaşlarının həmişə belə hərəkət etdiklərini, bir – birinə qayğı göstərdiklərini, yaşlıların gördüyü işlərdə uşaqların onlara kömək etməli olduğunu və s. izah edir, onların əməkdə müsbət davranış üsullarına yiyələnmələrinə şərait yaradır. İlin ikinci yarısında uşaqların vərdişləri möhkəmləndiyi zaman onlara verilən işin həcmini artırmaq olar. Məsələn, növbətçilərə dayənin stolun üstünə qoyduğu nəlbəkiləri süfrəyə düzməyi və paylayıcı stoldan fincanları iki-iki aparıb nəlbəkilərə qoymağı tapşırmaq olar və s. Yeməkdən sonra uşaqlar qabları üst-üstə qoyurlar. Növbətçilər süfrədən çörək qablarının, salfet stəkanlarının, dayə isə üst-üstə qoyulmuş nimçələri yığışdırır. İlin ikinci yarısında məşğələlərə hazırlıq üzrə növbətçilik keçirilir. Belə növbətçiliyin lazımlı olduğunu tərbiyəçi onunla əsaslandırır ki, uşaqlar artıq böyüyüblər, məşğələyə hazırlıq işində ona kömək etməyə öyrəniblər. Tərbiyəçi növbətçilik keçirərək uşaqların iş ardıcıllığını, ləvazimatın və materialın saxlanma yerini nə dərəcədə bildiklərini yoxlayır. Növbətçilərin sayı işin həcmindən asılıdır. Yay vaxtı dirrikdə və çiçəklikdə iş çoxalır, ona görə tərbiyəçi ya növbətçilərin sayını artırır, ya da uşaqların kiçik qrup halında ümumi epizodik işini təşkil edir. 3. Növbətçilik əməyi üzrə böyük və məktəbə hazırlıq qrupunda aparılan işlər. Böyük məktəbəqədər yaşlıların növbətçiliyi əməyin məzmunu üzrə olduğu kimi, uşaqları birləşdirmək forması, işdə müstəqillik və özünütəşkilə tələbkarlıq üzrə də mürəkkəbləşir. Məktəbəqədər yaşlı uşaqların böyük qrupunda növbətçiliyin təşkilində əsas məqsəd uşaqlarda tapşırılmış işə məsuliyyət hissinin, kollektivin xeyrinə çalışmaq səyinin vəzifəsini müntəzəm olaraq yerinə yetirmə vərdişlərinin formalaşmasından ibarətdir. Bu keyfiyyətlərin idarə olunmasına ancaq uşaqların əməkdə müntəzəm iştirakı ilə nail olmaq mümkündür. Növbətçiliyin hər növü üzrə adətən iki uşaq təyin olunur. Növbətçiliyin formal xarakter daşımaması, əksinə onun kollektivə lazımlı konkret işlərdən ibarət olması, onların əməyinin əhəmiyyətini uşaqların dərk etməsi üçün tərbiyəçiyə növbətçilərin işinin məzmunu barədə düşünmək çox vacibdir. O, növbətçiyə öz köməkçisi kimi müraciət edir, onun hərəkətlərini, səy, təşəbbüs göstərməsini, tapşırığı cəld yerinə yetirmə bacarığını, qənaətcilliyini tərifləyir. Bütün bunlar işə marağı artırır. Uşaqlar hiss edirlər ki, əməkləri qiymətləndirilir, o, bütün kollektivə lazımdır. Tərbiyəçi göstərdikləri xidmətə görə növbətçilərə təşəkkür etməyi, onların əməyinə hörmətlə yanaşmağı uşaqlara da öyrədir: məsələn “Növbətçiləri qabağa buraxır ki, qabaqca onlar əllərini yusunlar, axı hamı nahara hazırlaşana qədər stolu düzəltməlidirlər. Böyük qrupda növbətçiliyin daha bir növü – təbiət guşəsi üzrə də növbətçilik keçirilir. Tərbiyəçi diqqəti canlı guşənin yeni nümunələrinə yönəldir, onlara necə qulluq etmək haqqında danışır. Qeyd etmək lazımdır ki, əgər tərbiyəçi müntəzəm olaraq bütün uşaqlarda təbiət guşəsinə maraq tərbiyə edərsə, növbətçilərin işi müvəffəqiyyətli olar. Bu zaman təbiət guşəsinin sakinləri daimi müşəhidə obyektinə çevrilir, uşaqlar ən kiçik dəyişikliyi görür, tərbiyəçi isə konkret faktlara istinad edərək növbətçilərin işinin əhəmiyyətini xüsusi olaraq qeyd edir. Məktəbə hazırlıq qrupunda növbətçilərin işinin həcmi artırıla bilər. Məsələn, uşaqlar heyvanlar üçün həmişəyaşıl yem olması qayğısına qalır, tərbiyəçinin köməkliyi ilə çiçəkləyən bitkiləri çıxarıb başqa yerə köçürür və onları qrupa gətirirlər. Növbətçilərin işinin təşkili zamanı tərbiyəçi uşaqların iş priyomlarına nə dərəcədə yiyələnmələrini; lazımı avadanlıqdan necə istifadə etmələrinin, işin ardıcıllığını bilib-bilmədiklərini, tapşırılmış işi məsuliyyətlə yerinə yetirib yetirmədiklərini ilin əvvəlində müəyyənləşdirir. Belə müşahidələr və uşaqların davranışının formalaşmasının zəruriliyi ona gətirib çıxarır ki, tərbiyəçi ilin əvvəlində böyük qrupda hər növbətçiyə ayrıca tapşırıq verir. Bir neçə vaxt keçdikdən sonra ( 2-3 ay ) tərbiyəçi növbətçilərə ümumi tapşırıq verərək onların işini birləşdirə bilər. Belə şəraitdə tərbiyəçi uşaqlar arasında müsbət qarşılıqlı münasibətlər formalaşdırmaq üçün imkan əldə edir: o, necə kömək göstərməyi, onun hansı hallarda lazım olduğunu izah edir. Tərbiyəçi uşaqlara işi bərabər tərzdə bölməkdə, bir – birinin həvəsini nəzərə almaqda kömək edir. Bu fəaliyyəti uşaqlar özləri həyata keçirdikdə isə hərdən onlara “Əlbir işlədinizmi?”, “Bəs gələn dəfə necə işləyəcəksiniz?” və s. kimi suallar verərək nəzarət edir. Bununla da tərbiyəçi uşaqların birlikdə işləməyin nə demək olduğu, bunun üçün nəyin lazım olduğu və necə razılığa gəlmə haqqında bütün təsəvvürlərə yiyələnmələrinə kömək edir. Növbətçilərin ümumi əməyinin təşkili məsələsinə keçən zaman tərbiyəçi kollektiv iş üçün uşaqların iki – iki birləşdirilməsini nəzərdə saxlamalıdır. Əvvəllər uşaqlardan hər biri işi ayrıca icra etdiyindən qarşıya belə məsələlər çıxmırdı, indi isə onları ümumi işdə birləşdirərkən uşaqların tərbiyəçi üçün hansı birləşmənin faydalı olacağının qabaqcadan düşünülməsi çox əhəmiyyətlidir. Növbətçilər bir yerdə işləyərək bütün qrupa xidmət göstərirlər. İşin belə təşkilində onlar yeni şəraitə düşür, onların qarşısında öz işlərini yoldaşının işinə uyğunlaşdırmaq, nəticəyə birlikdə cavab vermək, işi öz aralarında ədalətlə bölmək və s. kimi daha mürəkkəb tələblər qoyulur. 4. Kollektiv əmək haqqında. Uşaq bağçasının böyük və məktəbə hazırlıq qruplarında müntəzəm olaraq, qrupun bütün uşaqlarını dərhal birləşdirən ümumi əmək fəaliyyəti təşkil olunur: məsələn, qrup otağını, yaxud sahəni yığışdırmaq, güllükdə, dirrikdə seyrəltmə aparmaq, bayramqabağı zalı və ya qrup otağını bəzəmək və s. uşaq bağçasının konkret şəraiti ilə bağlı əmək növləri. Kollektiv əməkdə bütün uşaqların eyni vaxtda iştirak edə bilməsi və tərbiyəçinin onların işinə rəhbərlik edə bilməsi üçün bir sıra şərtlər nəzərə alınmalıdır. Bu baxımdan bütün uşaqları əmək prosesində o vaxt birləşdirmək olar ki, onlar kiçik kollektivdə iş təcrübəsi əldə etmiş olsunlar. Bunu böyük qrupun tərbiyəçisi xüsusi olaraq nəzərə almalıdır. Əgər orta qrupda uşaqlar ümumi tapşırığın yerinə yetirilməsində müntəzəm olaraq kiçik kollektivdə (5-7 iştirakçı) birləşirlərsə, onların kollektiv iş təcrübəsi böyük qrupa keçmə anında sərbəst olaraq iş bölgüsü aparmaqda və iş prosesində bir-birini başa düşməkdə kifayət qədər kömək göstərir. Bütün qrup uşaqlarının kollektiv əməyini təşkil edərkən onları bir neçə manqaya ayırmaq məqsədəuyğundur. Hər manqaya hər hansı ümumi tapşırıq (məsələn, bir manqa kuklaların paltarlarını yuyur, digəri eyvan, üçüncüsü isə qrup otağını səliqəyə salır) təklif edilir. Manqanın sayı dörddən artıq olmamalıdır. Hər manqanın tərkibi sabit qala bilər, onların icra edəcəyi iş isə təbii ki, dəyişəcək. Bununla hər bir uşağın işə qoşulması tədricən təmin olunur. Tərbiyəçi əsas diqqəti ayrı-ayrı manqaların hərəkət koordinasiyasına, iş üsullarına hələ kifayət qədər yiyələnməmiş uşaqlara köməyə yönəltməlidir ki, bütün manqalar tapşırığın icrasını təxminən eyni zamanda qurtarsın. Ümumi işin məzmununu müəyyənləşdirərək, tərbiyəçi bura yalnız elə əmək növlərini daxil edir ki, uşaqlar onların vərdişlərinə yaxşı yiyələniblər və çalışmaq lazımdır ki, uşaqların hamısı bununla məşğul olsun. Uşaqlara rəhbərlik işində tərbiyəçiyə bəzən dayə də kömək göstərir. Məsələn, yatacağın üzü dəyişdiriləndə dayə uşaqların təmiz yataq dəyişəcəyini çarpayılara necə payladıqlarını və s. müşahidə edir. 5. Əməkdə uşaqların birləşdirilməsi üsulları. Uşaqların müntəzəm olaraq əməyə qoşulmasını müxtəlif əmək formaları təmin edir. Bunlara aşağıdakılar aiddir: ümumi əmək, uşaqların birgə əməyi və yanaşı əmək. a) Ümumi əmək. Uşaqların iş təcrübəsi və vərdişlərə yiyələnməsi artdıqca, eləcə də şəxsi əmək fəaliyyətinin təşkili, əməksevərliyin bəzi başlanğıclarının formalaşmasında inkişaf qaydaları (yəni qabaqcadan irəli sürülmüş tərbiyə məsələlərinin həlli) mənimsənildikcə, tərbiyəçi daha mürəkkəb məsələlərə keçməyə başlayır. Uşaqlarda kollektivizmin başlanğıcının: bir yerdə çalışmaq, bir-birinə kömək etmək, yoldaşının düşdüyü çətinliyini seçmək və ona öz köməyini təklif etmək, özünə kömək üçün yoldaşlarına müraciət etmək, onların müvəffəqiyyətlərinə, ümumi əməyin nəticələrinə sevinmək və s. bacarıqların formalaşması mühüm əhəmiyyətə malikdir. Uşaq bağçalarında kollektiv əməyin iki formasından: ümumi və birgə əmək formalarından tez-tez istifadə olunur. Uşaqları ümumi əməkdə birləşdirən ümumi tapşırıqlar bütün iştirakçıların işinin nəticəsidir. Ümumi işin bir hissəsinin yerinə yetirilməsi uşağa özünü kollektivin üzvü kimi hiss etməsi, öz işinin faydalı olduğunu dərk etməyə, kollektivin ona uşaq cəmiyyətinin üzvü kimi münasibət bəslədiyinə onda inam yaratması üçün imkan verir. Tərbiyəçi uşaqlara izah edir ki, onlardan hər biri işləyən qrupların üzvləridir, birlikdə işləyərkən çətinliyə düşdüklərini gördükdə həmişə bir –birinə kömək etməyə çalışmalıdırlar. Çətinlik çəkdikdə həmişə yoldaşına müraciət etmək lazımdır. Uşaqlar tərbiyəçinin izahatını dinləməklə yanaşı, həm də öz şəxsi təcrübələrində yəqin edirlər ki, işin ümumi yekunu hər kəsin ümumi əməyin bir hissəsini nə dərəcədə vicdanla yerinə yetirməsindən asılıdır. Burada tərbiyəçinin uşaqlar arasında kimin öz tapşırığını yaxşı, kimin pis yerinə yetirməsi barədə mübahisə yaranmasına yol verməməsi mühüm məsələdir. Bütün bunlar müsbət qarşılıqlı münasibətin formalaşmasına təsir edir. Uşaq bağçasının böyük qrupunda uşaqların əmək üçün birləşməsi daimi hal alır. Kiçik kollektivdə iş təcrübəsinin genişlənməsi tərbiyəçiyə ümumi əmək zamanı ilk özünütəşkil vərdişlərini, prosesin gedişində baş vermiş anlaşılmazlıqları müstəqil həlletmə bacarığını formalaşdırmağa imkan verir. Belə birləşmələrdə adətən üçdən altıya qədər uşaq iştirak edir. Ümumi iş tapşırılmış uşaqların miqdarı bir çox səbəblərdən: tapşırılmış işin həcmindən, əməyin məzmunundan, bacarıq qabiliyyətinin səviyyəsindən və s. asılıdır. Lakin qeyd etmək lazımdır ki, bir tapşırığı uşaqların böyük birləşməsinin yerinə yetirməsi məqsədəuyğun deyil, çünki işin gedişində baş verən müxtəlif məsələləri həll etmək və öz aralarında razılığa gəlmək onlar üçün çətin olar. b) Uşaqların birgə əməyi. Məktəbə hazırlıq qrupunda əməyin təşkilinin ümumi əmək növündən başqa daha bir mürəkkəb növü-uşaqları əmək fəaliyyəti prosesində bilavasitə birləşdirmək növü vardır. Əməkdə uşaqların belə birləşməsinin xüsusiyyəti onda bir sıra ardıcıl mərhələnin olmasından ibarətdir. Məsələn, uşaqlar kubikləri yuyarkən, əgər iş aşağıdakı şəkildə bölüşdürürlərsə yəni iki nəfər yuyur, üçü təmiz suda yaxalayaraq silir, biri isə təmiz kubikləri rəfə yığırsa onda işi yerinə yetirmək asan və rahat olar. Burada hər bir uşaq tapşırığı bütövlükdə deyil, onun hər hansı bir hissəni görür, bir hərəkəti dönə-dönə təkrar edir və hər dəfə öz işinin nəticəsini işi davam etdirən növbəti uşağa (yoldaşına) verir. Bununla da uşaqlar fəaliyyət prosesində bir-birindən asılı olaraq çalışırlar. İş prosesində uşaqların belə birləşmələri birgə əmək adlanır. Əməyin belə təşkilində hər bir ayrıca tapşırığın çətinliyini nəzərə almaq zərurəti yaranır, çünki onlardan bəziləri az və ya çox zəhmət tələb edən işdir. Məsələn, rəflərdən tozu silmək kuklanı geyindirməkdən asan, bitkiləri yumaq isə onları gətirib pəncərə altına qoymaqdan çətin və daha uzun çəkən işdir. Hər bir uşağın iş vaxtını təxminən bərabərləşdirmək üçün nisbətən çətin işi 2-3 uşağa tapşırmaq lazımdır. Məsələn, kuklaların paltarlarını yuyarkən ən yaxşı iş bölgüsü belə ola bilər: paltarı üç uşaq yuyur, biri suya çəkir, sonra hamısı birlikdə sərir. Uşaqların birgə əməyinin məzmununu müəyyənləşdirərkən onun bir sıra əməliyyatlara ayrılmasının məqsədəuyğunluğuna dair məsələlər həll olunmalıdır. Məsələn, təbii materiallardan oyuncaq hazırlanmasında birgə əməkdən istifadə etmək yersizdir. Çünki indiki halda tərbiyəçi uşağa fərasətini göstərmək bacarığı aşılayır. Uşaq işin planını fikirləşməli, fikrini həyata keçirməyə nail olmalıdır, bunun üçün isə oyuncağı əvvəldən axıra qədər özü hazırlamalıdır. c) Yanaşı əmək. Kiçik qrupda tərbiyəçi tez-tez bir neçə uşağa eyni vaxtda fərdi tapşırıq verir. Tapşırığı yerinə yetirərkən balacalar bir-birindən asılı olmayaraq sərbəst halda yanaşı işləyirlər. Uşaqların belə əməyi yanaşı əmək adlanır. Bu uşağa təkbaşına hərəkət etmək imkanı verir ki, bu da vərdişlərə yiyələnmə dövrü üçün xüsusilə lazımdır. İş prosesində o, işin ardıcıl icra olunması, nəticəyə verilən tələblər haqqında təsəvvür alır. Tərbiyəçi uşağın imkanlarını nəzərə almaq və onunla fərdi əlaqə yaratmaq imkanı əldə edir. Uşaqların konkret bacarıqlara yiyələnməsinin bu mərhələsində onları kollektivdə birləşdirmək, ümumi tapşırıq təklif etmək hələ məqsədəuyğun deyil, məsələn, yoldaşının hərəkətlərinə diqqət vermək, özünün iş sürətini başqasınınkı ilə uyğunlaşdırmaq uşaq üçün hələ çətindir. Yanaşı əməyin təşkili zamanı lazımi vərdişlərin, işə möhkəm diqqətin və işi axıra çatdıra bilmək bacarığının formalaşdırılması məsələlərinin müvəffəqiyyətlə həlli üçün imkanlar yaranır. Bu məsələnin 3-4 yaşlı uşaqların tərbiyəsində birinci dərəcəli əhəmiyyəti var. Orta, böyük və məktəbəhazırlıq qruplarında uşaqlarda yeni əmək vərdişləri formasından istifadə edilir. Uşaqların yanaşı əməyinə rəhbərlik edərkən, tərbiyəçi təkcə iş üsullarını göstərmir, həm də onlara bir-birinə diqqət göstərməyi və yoldaşına kömək etməyi öyrədir. Beləliklə, uşaqların gördüyü işin nəticəsinin zahirən kiçik görünməsinə baxmayaraq növbətçilik və kollektiv əmək onların mənəvi tərbiyəsində böyük əhəmiyyətə malikdir. Bu sadə və konkret işləri görərkən uşaqlarda başqaları naminə işləmək həvəsinin, yoldaşlarına və yaşlılara kömək etmək və eləcə də təbiət guşəsindəki heyvan və bitkilərə qayğı göstərmək arzusunun formalaşmasına imkan yaratmış olacaqdır.
Ə d ə b i y y a t
1. A. Həsənov Məktəbəqədər pedaqogika. Bakı 2000
2. A.Həsənov Məktəbəqədər yaşlı uşaqların əmək tərbiyəsi. Bakı 1993
3. V. Neçayeva Məktəbəqədər yaşlı uşaqların əməkdə tərbiyəsi. Bakı 1989
4. Ş.O.Ağayev S.S.Rzayeva Məktəbəqədər kurikulum: nəzəriyyə və təcrübə. Bakı 2017
5. M.Həsənov və b. Məktəbəqədər yaşlı uşaqların oyun və əmək fəaliyyətinin təşkili.
Bakı 2001
6. M.Həsənov, Ş.Ağayev Məktəbəqədər yaşlı uşaqların oyun və əmək fəaliyyətinin təşkili. Bakı 2001
Dostları ilə paylaş: |