Məktəbəqədər yaşlı uşaqların əmək təlimi və tərbiyəsinin mahiyyəti, məqsədi və vəzifələri
P l a n
1. Texnologiya fənninin tədrisinin ümumi məsələləri.
2. Əmək təlimi və tərbiyəsinin mahiyyəti.
3. Əmək təlimi və tərbiyəsinin məqsədi və vəzifələri.
N ə t i c ə
Ədəbiyyat
Ədəbiyyat
1. Azərbaycan Respublikasının ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu) Kurikulum, 2008, № 3.
2. Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş) Bakı - 2015
3. A. Həsənov Məktəbəqədər pedaqogika. Bakı 2000
4. Ş.O.Ağayev S.S.Rzayeva Məktəbəqədər kurikulum: nəzəriyyə və təcrübə. Bakı 2017
5. A.Həsənov Məktəbəqədər yaşlı uşaqların əmək tərbiyəsi. Bakı 1993
6. V. Neçayeva Məktəbəqədər yaşlı uşaqların əməkdə tərbiyəsi. Bakı 1989
7. Z.H.Orucov, Y.T.Rzayeva Texnologiya (əmək hazırlığı). Bakı 2006
8. M.Həsənov, Ş.Ağayev Məktəbəqədər yaşlı uşaqların oyun və əmək fəaliyyətinin təşkili. Bakı 2001
9. A.Həsənov Kiçik yaşlı məktəblilərin mənəvi tərbiyəsi. Bakı 1987
1. Texnologiya fənninin tədrisinin ümumi məsələləri. Məlum olduğu kimi texnologiya insanın maraqları və planları əsasında material, enerji və məmulatların dəyişdirilməsi və tətbiqi haqqında elm kimi müəyyən edilir. Bu elm qeyd olunan obyektlərin dəyişdirilməsi, tətbiqi, üsul və vasitələrinin (alətlərin, texnikanın) öyrənilməsini özündə əks etdirir. “Texnologiya” – inteqrativ (İnteqrativlik - təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsidir) təhsil sahəsi olub, digər fənlərdən bilikləri sintez edən və onların müxtəlif sahələrdə tətbiqini göstərən insan fəaliyyətidir. Yeni inteqrativ təhsil sahəsi olan “Texnologiya”nın öyrənilməsi və uyğun maddi-texniki bazanın mövcudluğu şəraitində uşaqlara ümumi əmək və hissə-hissə xüsusi bilik və bacarıqlara yiyələnməyə imkan yaradır, onlarda intellektual (müxtəlif məqsəd və vəzifələrin həlli imkanlarını təmin edən əqli qabiliyyətlərin məcmusu intellekt adlanır), fiziki, etik və estetik inkişafı təmin edir. Elm və texnikanın (Texnika – istehsal proseslərinin yerinə yetirilməsində və cəmiyyətin istehsalla əlaqədar olmayan tələblərinin ödənilməsində istifadə üçün yaradılan vasitələr məcmusudur) bugünkü inkişaf mərhələsi və bu sahədə əldə edilən yeni-yeni kəşflər hərtərəfli inkişaf etmiş gənclər yetiştirməyi qarşıya mühüm vəzifə kimi qoyur. Müstəqillik qazanmış, hüquqi dövlət quran, azad sahibkarlığın, bazar iqtisadiyyatının, xüsusi mülkiyyətçiliyin inkişafını ali məqsədi hesab edən respublikamızda uşaq və yeniyetmələrin əmək tərbiyəsi, peşəyönümü, estetik zövqlərinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb etməkdədir. Bu baxımdan məktəbəqədər yaşlı uşaqların hərtərəfli, ahəngdar inkişafına xidmət edən təhsil fənləri içərisində texnologiya fənninin də özünəməxsus yeri və rolu vardır. Belə ki, texnologiya fənni məktəbəqədər təhsilin ilk mərhələlərindən uşaqlarda əməyə və əmək adamlarına məhəbbət və hörmət hissi oyatmalı, onlarda gücləri çatan ictimai-faydalı məhsuldar işlərdə iştirak etmək bacarığı tərbiyə etməlidir. Texnologiya – yunan sözü olub (“techne” - bacarıq və “logos” - öyrənmə) məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu deməkdir. Bundan başqa istehsalla bağlı texnologiyaya belə bir tərif də verirlər - texnologiya dedikdə müddəti, ardıcıllığı, əmək və material sərfi göstərilməklə uyğun əməliyyatların yerinə yetirilməsi qaydası başa düşülür. Texniki tərəqqinin böyük vüsət aldığı, elektron və informasiya texnologiyalarının rolunun artdığı və bazar iqtisadiyyatı şəraitində rəqabətin gündən-günə gücləndiyi müasir dövrdə bu fənn məktəbəqədər yaşlı uşaqların texnoloji təfəkkürünün inkişafına, onlarda texnoloji bacarıqların formalaşmasına, sonrakı mərhələlərdə təhsillərini davam etdirmək üçün zəruri biliklərə yiyələnmələrinə xidmət edir. Müasir dövrdə məktəbəqədər yaşlı uşaqlara texnika və texnologiyaya dair lazımi biliklərin verilməsi və həmçinin texnoloji mədəniyyətin aşılanması böyük əhəmiyyət kəsb etməkdədir. Resursların və informasiyaların insanların maraq və mənafelərinə xidmət etməyə yönəldilməsinin zəruri tələb kimi irəli sürüldüyü bir vaxtda məktəbəqədər yaşlı uşaqların texnoloji bilik və bacarıqlara yiyələnmələri, öz fəaliyyətlərində onlardan məqsədyönlü istifadə edə bilmələri mühüm vəzifə kimi meydana çıxır. «Texnologiya»nın bir fənn kimi məktəbəqədər müəssisələrdə tədris olunması, ilk növbədə bu zərurətdən irəli gəlir və məktəbəqədər yaşlı uşaqlara həyati bacarıqların aşılanması baxımından böyük əhəmiyyət daşıyır. Müasir dövrdə elə bir vəziyyət yaranmışdır ki, dar bir ixtisasla kifayətlənmək mümkün deyildir. İnsan öz texnoloji bacarıqları sayəsində universal istehsal sahələrində fəaliyyət göstərə bilməlidir. Ona görə də məktəbəqədər müəssisələrdə gələcəyin geniş profilli mütəxəssisinin formalaşdırılmasının ilkin təməlinin qoyulması aktual problem kimi vacib hesab olunur. Məktəbəqədər müəssisələrdə «Texnologiya» fənninin tədrisi uşaqlarda yaradıcılıq qabiliyyətinin formalaşdırılmasına, texniki sahələr üzrə təhsillərini davam etdirmələrinə hərtərəfli şərait yaradır. Məşğələ prosesində uşaqlar texniki fəaliyyət imkanlarını müəyyənləşdirir, problemlərin həlli üçün “ideyalar” irəli sürür, sadə texnoloji işləri yerinə yetirir və nəticələri qiymətləndirmək imkanı əldə edirlər. Bu fənnin tədrisi eyni zamanda uşaqların xarakterinin formalaşdırılmasına, onların mənəvi, intellektual və estetik inkişafına zəmin yaradır. Bütün bunlarla yanaşı, bu fənn vasitəsilə uşaqlar ayrı-ayrı xidmət sahələri üzrə məhsuldar əməyə (fiziki qüvvə, fizioloji və psixoloji səy göstərərək adamın hər hansı maddi nemətlər istehsal etməsi məhsuldar əmək adlanır) hazırlanırlar. Bunları nəzərə alaraq demək olar ki, «Texnologiya» fənninin məqsədi yeni sosial-iqtisadi şəraitdə uşaqların müstəqil həyata, kütləvi və perspektivli peşələrə hazırlanmalarını, ümuməmək bacarıq və vərdişlərinə yiyələndirmələrini, yaradıcı düşüncə və aktiv fəaliyyət əsasında müxtəlif şəraitlərə asanlıqla uyğunlaşmalarını təmin etməkdən ibarətdir. 2. Əmək təlimi və tərbiyəsinin mahiyyəti. Əmək insan həyatının əsasını təşkil edir. Ləyaqət və xoşbəxtliyin bünövrəsi əməklə qurulur. Yaxşı tərbiyənin birinci şərti odur ki, uşaq bütün istifadə etdiyi maddi nemətlərin göydən hazır şəkildə düşmədiyini dərk etsin və onun kiminsə əməyinin bəhrəsi olduğunu hiss edə bilsin. Həyata yenicə qədəm qoyan, ətraf aləmlə, əşyalarla çox böyük maraqla tanış olan, hər bir şeyi öyrənmək həvəsində olan uşaqlarda əməksevərliyin inkişaf etdirilməsinə məktəbəqədər yaş dövründən başlanması zəruru şərtdir. Bu baxımdan uşaqlar hələ məktəbəqədər yaşdan öz güclərinə müvafiq əmək işlərinə cəlb olunurlar. Onların əmək fəaliyyətinin hüdud dairəsi getdikcə genişləndirilərək mürəkkəbləşdirilir. Əmək uşaqlarda zəhmətsevərliklə yanaşı, dözümlülük, cəsarət, yoldaşlıq, dostluq, qayğıkeşlik, xeyirxahlıq, qeyrətlilik və vətənpərvərlik kimi əxlaqi keyfiyyətlər formalaşdırır. Ona görə də əməyin cəmiyyətdə rolunun nədən ibarət olmasının uşaqlara çatdırılması və həm də onlarda zəhmətsevərlik hisslərinin aşılanması, əməyin yaşamaq üçün nə qədər zərurət olmasının onlara izah edilməsi bu gün mühüm vəzifələr sırasındadır. Düzgün təşkil olunan və məqsədyönlü həyata keçirilən əmək uşağın bütün şəxsi keyfiyyətlərinə müsbət təsir göstərir, onun gələcək həyat yolunun müəyyənləşdirilməsində həlledici rol oynayır. Fiziki əmək orqanizmin həm fizioloji inkişafında, həm də mənəvi yüksəlişində mühüm rol oynayır, insanın əzələlərinin, qan damarlarının və sinir sisteminin normal işlənməsinə müsbət təsir göstərir. Bu onunla izah edilir ki, fiziki iş zamanı insan tez-tez nəfəs alır və bununla da bədənə daxil olan oksigenin miqdarı artır ki, bu da uşaqların inkişafında mühüm rol oynayır. Tərbiyəçilər görkəmli klassiklərimizdən, şifahi xalq ədəbiyyatından, müasir şair və yazıçıların yaradıcılığından nümunələr gətirməklə, məktəbəqədər yaşlı uşaqları əməyə, halal zəhmətə məhəbbət ruhunda tərbiyə edə bilərlər. Uşaqlar başa düşməlidirlər ki, faydalı və şərəfli əmək insana əsl baş ucalığı gətirir. Y.A.Komenski uşağı kiçik yaşından namuslu əməkdə, xeyirxah işlərdə çalışdırmağı, bununla da onda müsbət adət və vərdişlər tərbiyə etməyi tələb edirdi: “Xeyirxahlıq, boşboğazlıq sayəsində deyil, iş görmək nəticəsində inkişaf edir.” Rus pedaqoqu K.D.Uşinski qeyd edirdi ki, həqiqi və azad əmək insanın həyatında o qədər böyük əhəmiyyətə malikdir ki, bunsuz o bütün qiymətini və ləyaqətini itirmiş olur. Əmək nəinki insanın inkişafı üçün zəruri şərtdir, həm də onun layiq olduğu ləyaqətin dərəcəsini mühafizə etmək üçün lazımdır. Ona görə də məktəbəqədər yaşlı uşaqların əmək tərbiyəsi düzgün qurulmalıdır. Bu onlarda fiziki iş görmə qabiliyyətinin tədricən formalaşmasına səbəb olur. Onlar fiziki iş prosesində əşyaların xassələri, qulluq etdikləri bitki, heyvan və quşlar haqqında geniş bilgilər alırlar ki, bu da uşaqlarda tədricən fərdi-psixi xüsusiyyətlər formalaşdırır. Müasir dövrdə ən mühüm məsələlərdən biri məktəbəqədər yaşlı uşaqların şəxsiyyətinin formalaşması üçün tam əlverişli şəraitin yaradılmasıdır. Hələ körpəlik dövründə uşaq şəxsiyyətinə onu əhatə edən yaşlılar tərəfindən təsir etmənin zəmini yaranır. Uşaq inkişaf etdikcə daha mürəkkəb psixolji keyfiyyətləri və əxlaq normalarını mənimsəyir. Məktəbəqədər yaş dövrünün axırlarında uşaq elə zəngin daxili aləmə malik olur ki, bu uşağı şəxsiyyət adlandırmaq üçün ilkin əsas verir. Lakin uşağın şəxsiyyəti hələ tam mənası ilə formalaşmamış qalır. Məktəbəqədər yaş dövründə mürəkkəbləşən qaydalar uşaqların gündəlik davranışlarını təşkil edir və bunlar müsbət hərəkətlərdə təkrar olunur. Uşaqlara tələblər verməklə və onların rəftarını düzgün qiymətləndirməklə, tərbiyəçilər əxlaq normalarının yerinə yetirilməsinə nail olurlar. Uşaq şəxsiyyətinin inkişafı fəaliyyət prosesində təşəkkül tapır. Uşağa yaşlıların və yaşıdlarının təsiri əsas etibarı ilə oyun, təlim, rəsm çəkmək, əmək fəaliyyəti prosesində həyata keçirilir. Böyüklər uşaqların fəaliyyətinə və rəftarına müəyyən tələblər verir, onları qiymətləndirir, fəaliyyət prosesində qarşıya çıxan çətinlikləri, mübahisələri həll etməkdə kömək göstərirlər. Birgə fəaliyyət zamanı uşaq cəmiyyətin əsasını təşkil edən qarşılıqlı əlaqəyə daxil olur. Belə qarşılıqlı əlaqə yaratmaq əmək fəaliyyəti prosesində də mümkündür. Məlumdur ki, uşaqların əsas fəaliyyət növü oyundur. Burada onlar daha geniş ünsiyyətdə olurlar. Lakin bağçada böyük qrupun uşaqları müəyyən əmək tapşırıqlarını da yerinə yetirərkən belə münasibətlər yaranır. Belə fəaliyyət prosesində uşaqlarda məsuliyyətli olmaq, özünə nəzarət, qarşılıqlı yoldaşlıq köməyi kimi keyfiyyətlər yaranır ki, bu da onların gələcəkdə ləyaqətli şəxsiyyət kimi yetişmələrində öz təsirini göstərir. Əməksevərliyin inkişafına kiçik yaş dövründən başlamaq vacibdir. Çünki həmin keyfiyyətin tərbiyə olunmasının müvəffəqiyyəti bu dövrdən çox asılıdır. Digər tərəfdən həyata yenicə qədəm qoyan, ətraf aləmlə, əşyalarla çox böyük maraqla tanış olan, hər bir şeyi öyrənmək həvəsində olan uşaqlarda əməksevərliyin inkişaf etdirilməsinə məhz bu dövrdən başlamaq tələb olunur. Əgər bu yaşdan uşaqlarla əməksevərliyin inkişafı istiqamətində iş aparılmazsa onlarda tənbəllik və ya əməyə laqeyd münasibət yarana bilər. Bu keyfiyyətlər isə xarakterin əlamətinə çevrildikdən sonra onları aradan qaldırmaq çox çətin olur. Məktəbəqədər yaşlı uşaqların əməyi özünəməxsus xüsusiyyətlərə malikdir. Onların əməyi çox vaxt oyunla əlaqədar olur. Bu özünü müxtəlif formada göstərir. Məsələn “Vaqon nəzarətçisi“ oyununda uşaqlar nəzarətçi rolunda sərnişinlərə mədəni xidmət edir. “Aşpaz“ oyununda aşpaz dadlı xörək bişirməyə çalışır. Kiçik qrup uşaqları isə oyun prosesində fiziki iş görmək zərurətini hiss edirlər. Əməyin oyunla əlaqələndirilməsi uşaqları müəyyən rolda çıxış etməyə (böyük qrup) və peşə nişanlarını daşımağa sövq edir (matros papağı qoymaq, yol qaydaları nişanları, bayraqcıq, fənər gəzdirmək və s.). Əmək prosesində bəzən uşaqlar qarşıya məqsəd qoyur, əvvəldən işi planlaşdırır, öz fəaliyyətlərini ona müvafiq qurur və müəyyən nəticə əldə edənə kimi işləyirlər. Böyük yaşlı qrup uşaqları bəzən öz əməklərinin ictimai mahiyyətini də dərk edirlər. Onlar həvəslə məişət və təsərrüfat işlərinə qoşulurlar. Məsələn, tərbiyəçi il boyu uşaqları kiçik uşaqlara qayğı ruhunda tərbiyə edir. Kiçik qrup uşağına təhkim olunan böyük qrup uşağı hamiliyə götürdüyü dostuna qonaq gəlir, ona necə səliqəli geyinməyi, oyuncağı yapışdırmağı öyrədir, onunla birlikdə oyunda iştirak edir. Tərbiyəçinin təklifi ilə kiçik dostu üçün oyuncaq hazılayır. Uşaqlar hazırladıqları oyuncaqları öz kiçik dostlarına hədiyyə edirlər. Başlıcası isə budur ki, uşaqlar öz əməkləri ilə başqalarına xeyir verməkdən həzz alırlar. Uşaqlar gündəlik əmək fəaliyyətlərində həyati əhəmiyyət kəsb edən bir çox bacarıq və vərdişlərə yiyələnir, müstəqil işləmək bacarığına sahib olurlar. Əmək prosesində uşaqlar onları əhatə edən əşyaları öyrənir, bitkilərin böyüməsini və inkişafını müşahidə edirlər. Onlar heyvanlara qulluq edir, onların həyat tərzi ilə tanış olurlar. Uşaqlar bütün bunları müqayisə edir, qarşılaşdırır və çoxlu suallara cavab tapmağa çalışırlar. Nəticədə onlarda bu qanunauyğunluqları öyrənməyə maraq get-gedə artır. 3. Əmək təlimi və tərbiyəsinin məqsədi və vəzifələri. Məktəbəqədər pedaqogika uşaq əməyi qarşısında müəyyən məqsədlər qoyur: yaşlıların əməyi ilə uşaqları tanış etmək, uşaqlarda onların əməyinə hörmət aşılamaq, sadə əmək bacarığı və vərdişləri yaratmaq, əməyə maraq formalaşdırmaq, əməyin ictimai mahiyyət daşıdığını öyrətmək. Yaş yarımlıq-iki yaşlı uşağın paltarını, ayaqqabılarını geyinib soyunması, başını daraması primitiv olsa da, onun əhəmiyyəti olduqca böyükdür. Bu hərəkətləri yerinə yetirməklə uşaq qarşısına qoyulmuş əmək məqsədinə nail olur. Üç-dörd yaşında isə o, daha mürəkkəb məişət işlərinə qoşulur. Çox vaxt uşaq əməyi oyun formasında həyata keçirilir. Nə isə etmək cəhdi uşaq xarakterində fəallıq, müstəqillik, məqsədəuyğunluq, təşəbbüs, fiziki qüvvə və ağıl gərginliyinin inkişafına müsbət təsir göstərir. Uşaqların qarşısına qoyulan əməyin məqsədi onların yaşı ilə əlaqədar olmalıdır. İki-üç yaşlı uşaqların fəaliyyəti üçün qarşıya məqsəd qoyulduqda, onların yaş xüsusiyyəti mütləq nəzərə alınmalıdır. Çünki onlar bir işi görə bilmədikdə bəzən onu yerinə yetirməkdən imtina edirlər. Uşaqları gücləri çatan işləri görməyə alışdırmaq əmək tərbiyəsi baxımından çox əhəmiyyətlidir. Tərbiyəçi çalışmalıdır ki, yalnız çətinlik çəkdikdə uşağa köməklik göstərib istiqamət versin. Bağçada güllərin alağını təmizləməkdə çətinlik çəkən uşaqlar bir-bir işdən uzaqlaşmağa cəhd edirlər. Tərbiyəçi bunu görcək alağın qalın yerlərini özü təmizləyir, uşaqlara nümunə göstərərək vəzifə bölgüsü aparır, uşaqların bir qrupu seyrək alağı edir, ikinci qrup alağı toplayır, üçüncü qrup isə alağı daşıyıb səliqə ilə müəyyən edilmiş yerə yığırlar. İşin sonunda tərbiyəçi uşaqlara müraciət edərək deyir; “ Həqiqətən sizin köməyiniz olmasaydı, bu qədər sahəni təmizləyib alağı bir yerə toplamaq mənim üçün çox çətin olardı.” Əlbəttə kiçik qrupun uşaqları əməyin uzaq məqsədini təyin etməkdə çətinlik çəkirlər. Belə ki, yalnız beş-altı yaşlı uşaqlar pomidor şitillərinə qulluq etməyin son nəticəsi haqqında aydın mühakimə yürüdə bilirlər. Fəaliyyət zamanı işləyə bilməyən uşaqları da işə qoşmaq, onlarda faydalı bacarıq və vərdişlər yaratmaq yüksək tərbiyəvi əhəmiyyət kəsb edir. Əmək prosesində eləcə də, oyun zamanı uşaqların birgə fəaliyyətinə üstünlük vermək lazımdır. Eyni işi bir neçə gün gördükdə qrup və ya yarımqrup olan uşaqların iş növünü dəyişmək də çox əhəmiyyətlidir. Məsələn, əgər bu gün oyun otağını səliqəyə salırsa, çalışmaq lazımdır ki, sabah onlar dibçəklərdəki güllərin sulanmasında iştirak etsin. Yaxud Novruz bayramı üçün qrup otağını səliqəyə salarkən tərbiyəçi uşaqlara deyir ki, bayramqabağı qrup otağının bəzəkləri, kuklaların geyimləri gözəl olmalıdır. Uşaqlar tərbiyəçinin tapşırığını həvəslə yerinə yetirir, hər işi səliqəli və vaxtında görməyə çalışırlar. Kiçik qrupdan başlayaraq, uşaqlar məqsədə nail olmaqdan dərin həzz alır və gördükləri işin nəticəsini sevinclə tərbiyəçiyə göstərirlər. Məktəbəqədər orta və böyük qrupun uşaqları qarşıya müstəqil məqsəd qoymağı (məsələn, tikinti materiallarını yığışdırmağı, kuklanın paltarını yumağı və s.) tərbiyəçidən öyrənirlər. Bu yaş dövründə də uşaqlar həmişə hər iş üçün qarşıya məqsəd qoymaq vərdişinə malik olmurlar. Onlar yalnız ən çox adət və vərdiş qazandıqları əmək sahəsində qarşıya məqsəd qoya bilirlər. Məsələn; “Gəzintiyə nə vaxt gedəcəksiniz?” sualına uşaqlar belə cavab verirlər “Oyuncaqları yığışdıracağıq, otağı səliqəyə salacağıq sonra gəzintiyə gedəciyik”. Uşaqlar dediklərinə əməl edərək bu işləri görəndən sonra gəzintiyə hazırlaşırlar. Belə işlərdə uşaqların əmək motivlərinə də (Motiv - tələbatların ödənilməsi ilə bağlı insanı fəaliyyətə təhrik edən aparıcı daxili qüvvədir) xüsusi əhəmiyyət vermək lazımdır. Uşaqların fəaliyyətində tərbiyəçinin nəyi necə yerinə yetirmək haqqında göstəriş verməsi işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün çox əhəmiyyətlidir. Orta və böyük qruplara məxsus uşaqlar gördükləri yaxşı iş üçün böyüklərin tərifindən çox xoşhallanırlar, buna görə də onların fəaliyyəti böyüklərin qiyməti ilə motivləşdirilir. Sonralar da uşaqlar onların tərifinə layiq olmaq üçün daha yaxşı işləməyə cəhd edirlər. Əmək tərbiyəsi zamanı həyata keçirilən vəzifələrdən biri gənc nəslin psixoloji cəhətdən əməyə hazırlanmasıdır. Psixoloji cəhətdən gənc nəslin əməyə hazırlanması nə deməkdir? Əməyin iqtisadi və sosial həyatda əhəmiyyətini tərbiyə olunanlara başa salmaq, insan orqanizmi üzvlərinin normal inkişafında, əxlaqi keyfiyyətlərin və psixoloji proseslərin formalaşmasında əməyin rolunu onlara izah etmək, habelə əməyə məhəbbət və əmək adamlarına hörmət hissi, zəhmətə xor baxan tüfeylilərə isə nifrət hissini onlara aşılamaq psixoloji cəhətdən əməyə hazırlamaq deməkdir. Gənc nəslin əməli cəhətdən əməyə hazırlanması da əmək tərbiyəsinin vəzifəsidir. Onun mahiyyəti nədən ibarətdir? Ailədə, uşaq bağçasında, məktəbdə özünəxidmət, məişət, ictmai faydalı fəaliyyət sahələri üzrə adi əmək bacarıqları və vərdişlərinin uşaqlara, yeniyetmə və gənclərə aşılanmasından ibarətdir. Bu istiqamətdə aparılan iş gənc nəslin əməli cəhətdən əməyə hazırlanmasına xidmət edir. Əməyə hazırlıqla əlaqədar söhbətdə əməyin digər növü olan zehni əməyi unutmaq olmaz. Çünki zehni əməyin də özünəməxsus spesifik bacarıq və vərdişləri mövcuddur. Məsələn; şeir yazmaq, şəkil çəkmək, musiqi bəstələmək,elmi tədqiqat işi, dərsə hazırlaşmaq, dərs təşkil edib keçirmək və s. fəaliyyət növləri zehni əməyə aiddir. Onların hər birini səciyyələndirən bir sıra bacarıq və vərdişlər var. Bu cür bacarıq və vərdişlərin gənc nəslə aşılanması da əməyə əməli şəkildə hazırlığın tərkib hissəsidir. Əmək mədəniyyəti, bacarıq və vərdişlərinin uşaqlara aşılanması əmək tərbiyəsinin vəzifələrindən biridir. Əmək mədəniyyəti deyəndə iş yerinin sahmana salınması, iş üçün lazım olan əşyaların, cihazların, alətlərin, avadanlıqların və s-nin gətirilməsi, işdən sonra iş yerinin səliqəyə salınması, təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulur. Sadaladığımız həmin tədbirlər barədə uşaqlara həm müvafiq məlumatlar verilir, həm də o bacarıq və vərdişlərlə silahlandırılır. Deməli, iş yerinin sahmana salınması, iş üçün lazım olan alətlərin gətirilməsi, işdən sonra iş yerində səliqə yaradılması ilə və təhlükəsizliklə əlaqədar uşaqlara məlumatların verilməsi, habelə müvafiq bacarıq və vərdişlərin aşılanması əmək mədəniyyəti tərbiyəsidir. Əmək tərbiyəsinin bünövrəsi ailədə qurulur. Ailədə valideynlərin müxtəlif növ əməyi uşaqlar üçün nümunə olur: ata-anaları kimi iş görməyə səy göstərirlər. Təcrübəli valideynlər övladlarını balacalıqdan gücləri çatan məişət və özünəxidmət işlərinə cəlb edirlər. Əmək tərbiyəsi uşaq bağçasında davam etdirilir. Uşaqlar burada müəllimlik, həkimlik, sürücülük və s. peşələri əks etdirən oyunlarda həvəslə iştirak edirlər. Beləliklə, demək olar ki, uşaq şəxsiyyətinin inkişafı fəaliyyət prosesində təşəkkül tapır. Bu baxımdan əməyin cəmiyyətdə rolunun nədən ibarət olmasının uşaqlara çatdırılması və həm də onlarda zəhmətsevərlik hisslərinin aşılanması, əməyin yaşamaq üçün nə qədər zərurət olmasının onlara izah edilməsi bu gün mühüm vəzifələr sırasındadır.
Dostları ilə paylaş: |