Məktəbəqədər yaşlı uşaqların əmək təlimi və tərbiyəsinin mahiyyəti, məqsədi və vəzifələri Plan


Məktəbəqədər müəssisələrdə uşaq əməyinin məzmunu



Yüklə 0,68 Mb.
səhifə9/33
tarix01.01.2022
ölçüsü0,68 Mb.
#104220
1   ...   5   6   7   8   9   10   11   12   ...   33
Məktəbəqədər müəssisələrdə uşaq əməyinin məzmunu

P l a n

1. Təlim-tərbiyə işlərinin planlaşdırılması və həyata keçirilməsi.

2. Təlim-tərbiyə işlərinin planlaşdırılmasının məzmunu.

3. Uşaqların əməyinin məzmunu.

N ə t i c ə

Ədəbiyyat



1. Təlim-tərbiyə işlərinin planlaşdırılması və həyata keçirilməsi. Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim işlərinin planlaşdırılması vacib bir məsələdir və bu işlərin yerinə yetirilməsi müəssisə rəhbərliyi və tərbiyəçinin fəaliyyətindən çox asılıdır. Planlaşdırma məktəbəqədər müəssisədə tərbiyə və təlim işlərini pedaqoji, elmi və metodiki cəhətdən düzgün mövcud şəraitdə uyğun olaraq müntəzəm və ardıcıl həyata keçirilməsi nəzərdə tutulan nəzəri və əməli işlərə deyilir. Planlaşdırmada “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” əsas sənəd kimi nəzərə alınır. İşin planlaşdırılmasında uşaq şəxsiyyətinin kiçik yaşdan hərtərəfli inkişafı, sosial mühit və tərbiyə faktorlarının dialektik imkanı nəzərə alınmalıdır. İnkişaf üçün həlledici faktor olan tərbiyə prosesi uşaqlarda yaş və anlaq səviyyəsinə uyğun müəyyən ictimai, tarixi, əqli və əməli vərdişləri, bacarıqları, əxlaqi və estetik görüşləri formalaşdırır. Tərbiyə prosesinin məzmunu isə qabaqcadan proqram xarakterli planlaşdırmada öz əksini tapır. Məktəbəqədər müəssisələrdə tərbiyəçi fəaliyyətini planlaşdırarkən ümumi pedaqoji və psixoloji qanunauyğunluqlara əsaslanmalı, uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Uşaqların fizioloji, psixi və ictimai inkişafı obyektiv qanunauyğunluq olub, tərbiyə prosesinin məzmunundan və onun həyata keçirilməsindən çox asılıdır. Məktəbəqədər müəssisələrdə pedaqoji proses məktəbəqədər yaşlı uşaqların hərtərəfli tərbiyəsi və inkişafına, onların fiziki, əqli, əxlaqi və estetik cəhətdən formalaşmasına xidmət edir. Bunlar məktəbəqədər yaşlı uşaqların müxtəlif fəaliyyət prosesində-əmək, oyun, məişət işləri, elementar bədii fəaliyyət zamanı həyata keçirilir. Bu fəaliyyət növləri o cümlədən əmək fəaliyyəti məktəbəqədər yaşlı uşaqların formalaşmasına təsir edən mühüm amil kimi özünü göstərir. Plan tərbiyə işlərinin vəzifəsini, fəaliyyətinin əsas növlərini, onların həyata keçirilməsi yollarını, müəyyən vaxt çərçivəsində icrasını əhatə edir. Onda tərbiyə və təlimin yerinə yetirilməsi üçün müxtəlif metod və vasitə tərzlərinin (tərz - bu və ya digər metodun elementinə, hissəsinə deyilir) qarşılıqlı əlaqəsi, uşaqların müxtəlif fəaliyyətlərinin uzlaşdırılması, tərbiyəçilərin təşkilatçılıq bacarığı, fəaliyyətdə onların müstəqilliyini, kollektiv, qrup və fərdi şəkildə həyata keçirilən iş növlərini əhatə edir. Beləliklə, pedaqoji prosesin təşkilində iştirak edən komponentlər planlaşdırmada vahid məqsədin yerinə yetirilməsinə xidmət edir və aparıcı rol oynayırlar. Planlaşdırmanın ikinci funksiyası müəyyən zaman daxilində pedaqoji fəaliyyətin həyata keçirilməsidir. Uşaqlarla aparılan işin məzmununu, forma və metodlarını tədricən çətinləşdirmək, pedaqoji prosesin quruluşunda dəyişiklik yaratmaq da planlaşdırmada geniş yer tutur. Tərbiyə işlərinin gedişi zamanı uşaqların fərdi xüsusiyyətləri, eləcə də kollektiv inkişaf səviyyəsi də nəzərə alınmalıdır. Bu funksiyanın icrasını planlaşdırarkən pedaqoji prosesə təşkilatçılıq və planauyğun xarakter vermək, tərbiyəçinin fəaliyyətində məqsədyönlülüyü və səmərəliliyi gücləndirməklə uşaqların formalaşdırmasında hərtərəfliyi təmin etməkdir. Fəaliyyətin qabaqcadan planlaşdırılmasını çox zaman tərbiyəçi yerinə yetirir. Lakin qeyd etmək lazımdır ki, əmək prosesinin özünə nisbətən bu planlaşdırma o qədər də vaxt tələb etmir. Elementar planlaşdırmanı 5-6 yaşlı uşaqlar da yerinə yetirə bilərlər. Fəaliyyəti planlaşdırmaq bacarığı tədricən məntiqi ardıcıllıqla yerinə yetirilməsi labüd olan sadə hərəkətlərdən yaranır. İlk vaxtlar bu iş uşağa çətin gəlir. Lakin hətta məktəbəqədər kiçik yaşlı uşaqlarla aparılan işdə də tələbləri elə qoymaq olar ki, rejim prosesində onların mütəşəkkil hərəkət etməyi, nəyi əvvəl, nəyi sonra, nə üçün başqa cür deyil, məhz bu ardıcıllıqla görməyi öyrətmək imkanları tədricən yaransın.Kiçik yaşlı uşaqların hərəkətlərinin planlaşdırılmasının elementar sadə yanaşmaların əsasında məktəbəqədər orta və böyük yaşlı uşaqlarla aparılan işdə planlaşdırmanın daha mürəkkəb formalarına tədricən keçmək üçün imkan yaranır. Fəaliyyəti planlaşdırmaq bacarığı əmək prosesində daha müvəffəqiyyətlə formalaşır, çünki oyunda uşaq daha çox sərbəst olana tabe olur ki, bu plan da oyunun gedişində çox zaman təsadüfi təəssüratlarla izah olunan dıyişikliklərə məruz qalır. Məktəbəqədər müəssisələrdə təlim və tərbiyə işlərinin planlaşdırılmasının səmərəliyi və faydalığı bir sıra pedaqoji tələblərə əməl olunmasından asılıdır. Bu tələblər aşağıdakılardır: a. Planlaşdırma uşaqlarla aparılan işin ideya istiqamətini müəyyənləşdirməlidir. Təlim-tərbiyə işləri uşaqların yaşına və anlaq səviyyəsinə uyğun olaraq müstəqil respublikamızın xarici və daxili siyasətinin məzmununu özündə əks etdirməlidir. Uşaq həyatının mahiyyəti, məzmunu, uşaqla aparılan tərbiyə işlərinin metod və vəzifələri onların hərtərəfli inkişafına xidmət etməlidir. Planda birinci növbədə uşaqların əxlaqi cəhətdən formalaşdırılması nəzərdə tutulmalı, onun fəallığı, müstəqilliyi təmin edilməli, vətənpərvərlik, milli həmrəylik, humanizm və s. hisslərinin tərbiyəsinə xüsusi yer verməli, uşaqların mədəni davranış qaydalarına yiyələnməsi həyata keçirilməlidir. Uşaqların təlim-tərbiyəsinin məzmununda adamların əməyi, öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirməsi və milli ənənələr real ictimai həyatla əlaqələndirilməlidir. b. Planlaşdırma pedaqoji prosesin təşkilini tam əhatə etməlidir. Uşaq kollektivinin və ayrı-ayrı uşaqların fərdi qaydada tərbiyəsini konkretləşdirməli, pedaqoji təsiri düzgün həyata kecirmək üçün uşaqların yaşı, işin məzmunu, təşkili forması nəzərə alınmalı, uşaq fəaliyyətinin növü, metodları və prinsipi düzgün seçilməlidir. Planda kollektiv işlə (frontal və qrup) fərdi işin uzlaşdırılmasında səmərəlik nəzərə alınmalıdır. c. Tərbiyə işlərinin planlaşdırılması zamanı pedaqoji tələblərə ciddi diqqət yetirilməlidir. Planlaşdırma zamanı tərbiyə və təlim işlərinin məzmunu, uşaq fəaliyyətinin təşkili formaları, onlara rəhbərlik, pedaqojl prosesin tədricən çətinləşdirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Fəaliyyət prosesində uşaqların müvəffəqiyyətlərini nəzərə alaraq tərbiyəçi onların yeni anlayışları ardıcıl surətdə mənimsəmələrinə kömək etməli və yeni-yeni iş formaları ilə qarşılıqlı əlaqədə istifadə etmək bacarığı yaratmalıdır. Plan iş sisteminin ayrı-ayrı formaları arasında əlaqəni əks etdirməlidir. Tərbiyəçi tərbiyə işlərinin təşkilində və həyata keçirilməsində ətraf mühitlə tanışlığı da nəzərə almalıdır. d. Planda bağça rəhbərliyinin fəaliyyəti tam və real əhatə olunmalıdır. Planda uşaqların inkişafını təmin etməklə, onların əvvəlki illərdə qazandıqları fəzil əxlaqi keyfıyyətlər və mədəni davranış qaydaları möhkəmləndirilməlidir. Planlaşdırma zamanı uşaqların kollektiv fəaliyyətinə geniş yer verilməlidir. Plan uşaq maraqlarının nəzərə alınması baxımından da real olmalıdır. Planda ictimai hadisələrin, yaşlıların əmək və məişət fəaliyyəti, ətraf mühit və təbiətdə fəsillər üzrə dəyişiliklərin baş verməsinin mahiyyəti əks olunmalıdır. 2. Təlim-tərbiyə işlərinin planlaşdırılmasının məzmunu. Məktəbəqədor yaşlı uşaqların təlim-tərbiyəsinin planlaşdırılması "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı”nda öz məzmununu tapmışdır. Bu sənəddə bütövlükdə və yaşlar üzrə ayrı-ayrı qruplarda uşaq fəaliyyətinin sistemi verilmişdir. Planlaşdırma zamanı qarşıda duran vəzifələr müəyyən edilmiş vaxtda və aıdıcıllıqla həyata keçirilir. Planlaşdırmada görülən işlərin məzmunu, işin təşkili, uşaqlara mədəni-gigiyenik vərdişlərin aşılanması, asudə vaxtın təşkili, ailə ilə işin növləri və xarakteri öz ifadəsini tapır. Təlim işlərinin planlaşdırılması. Uşaq bağçasında təlimin əsas təşkilat forması məşğələdir. Təlim prosesində uşaqlara müxtəlif sahələr üzrə yaş və anlaq səviyyələrinə uyğun müvafiq bilik verməklə əqli, əxlaqi, fiziki, estetik və praktik işlərə dair bacarıq və vərdişlər aşılanır, nitq və ünsiyyət qaydaları inkişaf etdirilir. Qeyd etmək lazımdır ki, bilik, bacarıq və vərdişlər təlimin məzmununu təşkil edir. Bilik - təbiət, cəmiyyət və təfəkkürə aid faktlar və hadisələr, qaydalar, qanunlar və qanunauyğunluqlar sistemidir. Bacarıq - bilikləri tətbiq edə bilməkdir. Vərdiş - bacarıqların, dönə-dönə təkrarı nəticəsində avtomatlaşmış formasıdır. Planda həyata keçiriləcək işlərin məzmunu onun bölmələrində ətraf mühitlə tanışlıq və nitq inkişafı, sadə riyazi təsəvvürlərin inkişaf etdirilməsi, rəsm, yapma, əmək-quraşdırma, musiqi tərbiyəsi, fiziki mədəniyət öz ifadəsini tapır. Məşğələlərin planlaşdırılmasında uşaq bağçasının konkret şəraiti və qruplar üzrə uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınır. Bağçanın kənd yerində, şəhər mərkəzində və ya müxtəlif bölgələrdə yerləşməsindən asılı olaraq, uşaqların təbiətlə tanışlığı da yerli şəraitə uyğun təşkil olunmalıdır. Hər bir bölmə üzrə təlimə məxsus məşğələləri planlaşdırarkən verilmiş biliyin əsas mərhələsi nəzərə alınır. Planda biliyin məzmununu təkrarla möhkəmləndirmə və tədricən çətinləşdirmə nəzərdə tutulur. Bütün mövzular üzrə əlaqələndirmədə uşaqların marağına fikir verilməlidir. Onlar uşaqların fiziki və zehni inkişafına kömək etməlidir. Ana dili, təsviri sənət və texnologiyaya aid məşğələlərdə uşaqların ətraf mühitlə, təbiətlə tanışlığına diqqət yetirilməlidir. Bilikvermə işi məşğələlərdən kənar tədbirlərdə də davam etdirilməlidir. Tərbiyəçi ayrı-ayrı uşaqlarla və ya qrupla məşğələdən kənar işlərdə didaktik oyunlardan, didaktik materiallardan (uşaqların nitq mədəniyyəti üzrə işdən, riyazi təsəvvürlər üzrə bu və ya digər tədbirlərdən) istifadə etməlidirlər. Beləliklə, planda uşaqlara öyrədici və həm də inkişafetdirici iş formaları öz məzmununu tapmalıdır. Məktəbəqədər müəssisələrdə əməyin səmərəli planlaşdırılması onun həyata keçirilməsinin təşkili ilə sıx bağlıdır. Bu baxımdan bütün qruplarda əməyin təşkilində tapşırıqlardan geniş istifadə olunur. Məzmununa görə tapşırıqlar müxtəlif olur. İş planında tərbiyəçinin yeni tapşırığın məzmununu qeyd etməsi məqsədəmüvafiqdir. Bu zaman tapşırığı icra edən uşağın adı konkret müəyyən olunmalıdır. Bu tərbiyəçiyə imkan verir ki, bütün uşaqları mövcud tapşırığın icrasına cəlb etsin. Lakin tərbiyəçi planda o, uşaqları qeyd edir ki, onlar tərbiyəçinin bilavasitə diqqəti altında olurlar. Növbətçi təyin olunarkən tərbiyəçi əməyin həcmi və məzmununu, təchizatı, metod və vəzifələri növbətçiyə başa salır və işin icrasını diqqət mərkəzində saxlayır. Növbətçiliyin birinin başqasına verilməsi üçün tərbiyəçi müntəzəm surətdə təlimati söhbətlər keçirərək ( böyük qruplarda ) işin əhəmiyyətli və məsuliyyətli olmasını başa salır. Planda işin həyata keçirilməsi vaxtı, kollektiv əməyin məzmunu və quruluşu, istifadə olunacaq təchizat vasitələri və onların yerləşdirilməsi göstərilir. 3. Uşaqların əməyinin məzmunu. Məktəbəqədər müəssisələrdə uşaqların əmək fəaliyyətinin təşkili, işin planlaşdırılması və düzgün başa düşülməsindən çox asılıdır. Hələ vaxtı ilə əməyin düzgün planlaşdırılmasına yüksək qiymət verən H.Zərdabi yazırdı: “Düzgün təşkil edilən və şüurlu surətdə müəyyən məqəsədə doğru yönəldilən əməklə əxlaqca pozulmuş adamları, hətta cinayətkarı da tərbiyə etmək mümkündür”. Uşaq nəyin, necə və nə üçün icra olunması arasındakı əlaqəni görməlidir. Tərbiyəçi uşaq əməyini planlaşdırarkən mövcud olan çətinliklərin uşağın həyat təcrübəsinə müvafiq olmasını nəzərə almalı və onların aradan qaldırılması yollarını qabaqcadan müəyyən etməlidir. Əməyi planlaşdırma görüləcək işin ardıcıl icrası ilə bağlı olur. Nəyi əvvəl, nəyi sonra, nə üçün başqa cür deyil belə işləmək kimi vəzifələr əsasən işi sistemlə qurmağı tələb edir. Məsələn, əl-üzü yumaq üçün əvvəlcə paltarın qollarını çırmalamaq, sonra əlləri və nəhayət üzü yumaq ardıcıllığını uşaqlar aydın başa düşəndə, işi daha səmərəli icra edirlər. Beləliklə işin ardıcıllığını tərbiyəçi müəyyən edir, uşaqlar isə fəaliyyət prosesində bu ardıcıllığa riayət edirlər. Orta və böyük qruplarda otaq bitkilərinə qulluq edilməsini, işin sistemli və planlı aparılmasına nümunə göstərə bilərik. Bitkilər elə yerləşdirilməlidir ki, onları silmək və sulamaq rahat olsun. Bunun üçün güllər əvvəlcə pəncərənin qabağından stolun üstünə keçirilir, onların yarpaqları, altlıqları silinir, bitkilər sulanır, pəncərələrin qabağı təmizlənir və bütün bunlardan sonra bitkilər öz yerinə qoyulur. İşin belə planlı yerinə yetirilməsi uşaqlarda sərbəstlik, səliqəlilik və məqsəd aydınlığı yaradır.

Uşaqların əmək fəaliyyəti nə qədər məqsədyönlü və aydın olursa onun yerinə yetirilməsi bir o qədər maraqlı və səliqəli olar. Tərbiyəçi uşaqların hərəkətlərini məntiqi ardıcıllığa yönəldərək, az qüvvə və vaxt sərf etməklə daha çox səmərəli iş əldə etməyə nail olur.

Böyük qrupun uşaqları çox vaxt verilən işin planını özləri hazırlayırlar. Tərbiyəçinin əsas məqsədi uşağa bacarmadığı işi öyrətməkdən ibarət olur. Əlbəttə uşağa öz fəaliyyətini planlaşdırmaq üçün ona nümunə vermək, əvvəlki planlaşdırmadan istifadə etmək, öz fəaliyyəti haqqında onu əvvəlcədən fikirləşməyə alışdırmaq lazımdır. Belə iş prosesində uşağa əvvəldən suallar da verilə bilər. “Nədən başlamaq lazımdır? Əvvəlcə hansı alətlə işləyəcəksən? Sənə nə qədər material lazım olacaq? “ və s. Böyük qrup uşaqları əməyin məqsədini aydın bildikdə sərbəst və müstəqil işə qoşulurlar. Bəzən də uşaqlar iş prosesində əməyin məqsədini müəyyən edir və qarşıya qoyulmuş vəzifəni müvəffəqiyyətlə həll edirlər.

Uşaqlar əmək işləri, əmək növləri haqqında şəkillər üzrə nəql edib hərəkətin məzmunu haqqında məlumat da verə bilirlər. Bəzən də uşaqlar tərbiyəçinin təklifi ilə şəkillər əsasında hekayə düzəldib danışırlar.

Beləliklə, demək olar ki, məktəbəqədər yaşlı uşaqların fizioloji, psixi, və ictimai inkişafı obyektiv qanunauyğunluq olub, təlim-tərbiyə işlərinin düzgün planlaşdırılmasından və həyata keçirilməsindən çox asılıdır. Planlaşdırmada həmçinin uşaqlara öyrədici və həm də inkişafetdirici iş formaları öz məzmununu tapmalıdır.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin