www.adyazar.az
-------------------------
Aleksandr Soljenitsının son müsahibəsi
Alman intellektualları üçün nəzərdə tutulan “Cicero” jurnalının xahişi ilə görkəmli rus yazıçısı, Nobel mükafatı laureatı Aleksandr Soljenitsın Avstriyalı gənc yazar Daniel Kelmanın bəzi suallarını yazılı cavablandırmağa razı olmuşdur. Həmin müsahibə 2006-cı ilin payızında “Cicero” jurnalında, sonra fransız dilinə çevrilərək “Fiqaro” qəzetində və “Nyu York Tayms”da dərc olunmuşdur. Ötən ilin sonlarında isə dahi yazıçının 90 illik yubileyi ərəfəsində o, Moskvada rus dilində də işıq üzü gördü (“İzvestiya”, 11 dekabr 2008).
Xatırladım ki, sabiq Sovetlər dönəmində SSRİ Yazıçılar İttifaqının bütün yerli filialları (o cümlədən, AYİ) tərəfindən “planauyğun” şəkildə çox kəskin tənqid olunaraq əslində təhqirlərə məruz qoyulan və dissident yazıçı kimi ölkədən qovulan A.Soljenitsının Azərbaycan dilində ilk çap əsəri oxuyacağınız bu müsahibədə sözü gedən “Matryonanın ocağı” povesti olub. “Xəzər” jurnalının 1990-cı il, 1-ci №-də mənim tərcüməmdə dərc edilmiş həmin povest kimi, ömrünün son günlərini yaşayan ədibin qlobal tarixi hadisələrə, ictima-siyasi və ədəbi-mədəni proseslərə dair orijinal fikirlərlə zəngin bu son müsahibəsinin də oxucularda maraq doğuracağını güman edirəm.
Akif ƏLİ,
yazıçı-publisist
***
Aleksandr Soljenitsın: “Öz tariximizi biz özümüz yaradırıq, özümüz də özümüzü quyuya salırıq”
Sual: - Siz hələ ilk əsərlərinizdən başlayaraq daim belə bir fikri vurğulamısınız ki, QULAQ (siyasi məhbuslar üçün ciddi rejimli düşərgə - Tərc.) həyatını keçməsəydiniz sonrakı taleyiniz tam başqa cür ola bilərdi və hətta düşünmək belə dəhşətdir ki, QULAQ təcrübəsi olmasaydı allah bilir siz necə yazıçı olacaqdınız. Bax buradan sual doğur: siz necə yazıçı olacaqdınız ki?
Cavab: - QULAQ-ın mənim ədəbi həyatımdakı həlledici roluna dair dediyim fikirlərə aydınlıq gətirə bilərəm. Həqiqətən mənim hələ 18 yaşım olanda (1936-da) 1917-ci il rus inqilabının mahiyyətini ətraflı şəkildə təsvir və izah etmək qərarına gəlmişdim. Təkcə elə bir bu əsaslı səbəbdən mənim ədəbi inkişafım heç zaman loyal sovet yazıçısının keçdiyi yolla getməyəcəkdi. Ancaq 1945-də başıma QULAQ müsibətinin gəlməsi ilbəil dünyagörüşümə və inamıma dərin təsir göstərdi, bolşevizm, Sovet Kommunizmi deyilən şeylərin mahiyyətini mənim üçün tam aşkarladı və hətta bundan başqa bütün həyatımızın ümumi əsaslarına varmaq imkanı yaratdı.
Sual: - Siz əsərlərinizdə realizmin böyük ənənələrini, Tolstoy və Zolya ənənələrini davam etdirirsiniz. Hətta “On dördüncü ilin avqustu” əsərinin elə ilk fəslindən başlayaraq Tolstoy üslubu meydana çıxır. Ümumiyyətlə, yenə belə yazmağın mümkünlüyü, bu kimi ənənələrin hələ heç də ölmədiyi şəxsən mənim üçün əsil kəşf oldu. Bəs Sizi nə zamansa daha belə yazmağa lüzum qalmadığı barədə fərqli nəzəriyyələr (ədəbi yaradıcılıq baxımından) heç sıxıbmı?
Cavab: - Realizm ənənəsini mən özüm seçməmişəm, o üzvi şəkildə mənimlə doğulub. XX əsrdə onun artıq bitdiyi, yaxud roman janrının “öldüyü” barədə haylı-küylü mülahizələr məndə yalnız təbəssüm doğurur. Ancaq realizm ənənəsi öz daxilində təkcə realistcəsinə rəvayət söyləmək üslubunu ehtiva etmir, başqa üsul və formaları da nəzərdə tutur, təki onlar real hadisələri olduğu kimi qavramaqda oxucuya kömək etsin. Ona görə də mən, məsələn, “Qırmızı təkər”də ayrı-ayrı epizodlarda hadisələrin kino-ekrandakı kimi nümayişi, tarixi sənədlərdən sitat gətirilməsi, o dövrkü qəzetlərdən parçalar verilməsi, olayların folklor (xəlqi düşüncə, zərb-məsəllər) şəklində dərki kimi müxtəlif formalardan da istifadə etmişəm.
Sual: - Siz tez-tez belə bir fikir söyləyirsiniz ki, Rusiyanın baxtına bütün dünyanın əvəzindən XX əsrin acı təcrübəsini yaşamaq, o yolu bütün bəşəriyyətin yerinə keçib getmək taleyi düşdü.
Eyni zamanda “Qırmızı təkər”də belə bir fikir də səslənir ki, 1917-ci il fəlakətindən qaçmaq mümkün idi. Bəs onda hər mənada bu dəhşətli əzabları yaşamaq hansı zərurətdən doğurdu? Axı, bir halda ki onlardan yayınmaq, qaçıb can qurtarmaq mümkün idi, onda bu təcrübəni yaşamağın mənası və məqsədi nəydi axı? Başqa sözlə desəm: yoxsa Allah hər şeyin məhz bu cür qurulmasınımı istəmişdi?
Cavab: - “Qırmızı təkər”in on cildi yalnız 1917-ci il Fevral inqilabına həsr olunubdur (1905-ci ildən, bəlkə də XIX əsrin sonlarından başlayaraq). Mən o əsərdə Rusiyanın inqilab naminə apardığı bütün sosial hazırlıqları, – təbii ki eyni zamanda 1917-ci ilin fevralında hadisələri inqilaba doğru sürükləyən qeyri-adi gedişatı da, - addım-addım izləməyə, təsvir etməyə çalışmışam. Həmin hadisələr olmasaydı inqilab da olmayacaqdı. Ancaq 1917-ci ilin oktyabrında bolşeviklərin çevrilişi – Fevral inqilabının birbaşa və tamamilə labüd nəticəsi idi.
Allah hadisələrin bu cür inkişafını nəzərdə tutmuşdumu? Allah heç vaxt bizləri ən azı bir dəfə əta etdiyi seçim imkanından məhrum qoymur. Biz öz tariximizi özümüz yaradırıq, özümüz də özümüzü quyuya salırıq. O ki qaldı əzabların zəruriliyinə, yaxud mənasızlığına – bu artıq insanların və xalqların çəkdikləri əzablardan necə nəticə çıxartmaq bacarığından asılıdır.
Ümumiyyətlə, dünyanın taleyindən danışanda – hesab edirəm ki, əgər Rus inqilabı olmasaydı, buna bənzər başqa bir şey mütləq yer üzünü silkələyəcəkdi (XVIII əsr Fransa inqilabının davamı olaraq). Çünki bəşəriyyət - öz həddini aşmaq, arzuların, tələblərin çərçivəsini müəyyənləşdirmək hissini itirdiyinə görə, hökmdarların və zənginlərin (istər insan olsun, istər dövlət) tamahını saxlamadığına görə, xoş niyyətli insani duyğuların yer üzündən yoxa çıxdığına görə - cavab vermək məsuliyyətindən qaça bilməz.
Sual: - Sizin əsərlərinizin mərkəzində xaosa qarşı təkbaşına mübarizə aparan sadə, ağıllı, əxlaqlı adamların obrazları durur (Vorotınsev, və ya Matryona kimi). Məgər sadə insani Əxlaqı qoruyub saxlaya bilmək Mütləq Şərin qarşısını almaq üçün bəs edərmi? Bir də: Şər nədir axı? Adi sərsəmlik və sarsaqlıq (məs., Müq. Avqustin dediyi kimi), yoxsa nəhəng, hökmlü bir qüdrət?
Cavab: - Bəli, Matryona kimi, yaxud İvan Denisoviç kimi sadə, müdafiəsiz adamlar məndə həqiqətən böyük rəğbət hissi oyadır. Ancaq daha böyük rəğbətim ümumi haqq-ədalət naminə mübarizə aparan insanlaradır (Belələrinin adını mən “QULAQ Arxipelaqı” əsərində çox çəkmişəm, “Qırmızı təkər”də də belələri haqqında xüsusi olaraq yazıb göstərmişəm).
Əlbəttə, sadəcə əxlaqlı olmaq dünyəvi Şərə qarşı duruş gətirmək üçün kifayət deyil. Dünyəvi Şər – sadəcə ağılsızlıq və sarsaqlıq da deyil. O çox qüvvətli bir nüvəyə və vektoral təsir gücünə malikdir. Ona qarşı fəal mübarizə aparmaq lazımdır. Məncə Şərin qüdrəti ondadır ki, o daha çox insanın qəlbinə təsir edib onları zədələyə bilir.
Sual: - “Birinci dövrə” əsərində dindar Dmitriy Soloqdinlə ateist Lev Rubin arasında ardıcıl mübahisə gedir, mövqeyi “hələ müəyyənləməmiş” Qleb Nerjin isə hardasa ikisinin arasında vurnuxur. Sizin özünüzün yazıçı və mütəfəkkir kimi inkişafınıza bu prizmadan nəzər salsaq belə təəssürat yaranar ki, Siz özünüz də həmin “orta” mövqedən Soloqdinə doğru yol getmisiniz. Bu belədirmi?
Cavab: - “Birinci dövrə”də Soloqdinlə Rubinin mübahisəsi dialektika qanunları barədə düşüncələrdən başqa, həm də çox güclü siyasiləşdirilibdir. Ümumən ehmallı skepsis vəziyyətində olan Nerjin onların mübahisəsinə qarışmamalı idi. O çox güman ki yalnız kommunizm problemindən daha geniş, daha kardinal ümumi problemi araşdırmağa meyllidir. O vaxt Nerjinlə birgə müəllif də hələ bu problemi görmürdü. O problem sonralar nəhəng dünyəvi təfəkkür hadisəsi kimi meydana çıxdı. O zamandan, illər boyu mən bir neçə dəfə bu barədə fikir yürütmüşəm: problem – XX əsrdə Maarifçilik fəlsəfəsinin və sekulyar antroposentrizmin (dindən kənar, dünyəvi insanpərvərliyin – Tərc.) əsaslarının dağılmasıdır (Bu dağılmanın dünya boyu nəticələri hələ indi də davam edir).
Sual:- Ötən yüzilliyin ən kədərli təmayüllərindən biri – Qərbin bəzi yazıçıları və fikir adamları tərəfindən Sovet diktaturasının geniş şəkildə dəstəklənməsi oldu. Elə bu səbəbdən Sartr Sovet İttifaqına gələndə siz onunla görüşməkdən imtina etdiniz. Həmin vəziyyət yalnız siz və sizin şahidliyiniz meydana çıxdıqdan sonra dəyişdi. Düşünürsünüzmü ki, o vaxtlar bir qisim “qələm adamlarının satqınlığı”, daha dəqiq desək - intellektualların xəyanəti mövcud olub? Və bütün bunları necə, nəylə izah etmək olar?
Cavab: - XX əsrin 30-cu illərində Qərbin müəyyən fikir adamlarının Kommunist diktaturasını dəstəkləməsi – məhz dediyim həmən sekulyar humanizmin dağılmasının nəticəsi və əlaməti idi. Bunun altını biz bu gün də çəkirik və hələ çox çəkəcəyik.
Sual: - Siz Volterdən ta indiədək yaşamış hər hansı yazıçıdan daha çox siyasi və sosial sferaya təsir göstərmisiniz. Sizin köməkliyinizlə diktatura çökdürüldü, necə deyərlər, kötüyü vurub aşıran buzov (icazənizlə sizin avtobioqrafiyanızın başlığından burada sitat kimi istifadə edirəm) məhz siz oldunuz. Siz insanın (eləcə də ədəbiyyatın) öz ölkəsinin taleyinə necə təsir göstərə bilməsinin canlı şahidi-sübutusunuz. Yəni nailiyyətlərinizdən məmnun qalmaq üçün əlinizdə yetərincə səbəb var. Lakin siz məmnunsunuzmu? Və Rusiya üçün, dünya ədəbiyyatı üçün daha nələrsə etmək istəyirsinizmi?
Cavab: - Kommunist diktaturası mütləq qaydada onunla mübarizə aparmağı tələb edirdi. Ancaq mən dəfələrlə Qərb qüvvələrini Sovet Kommunizmi ilə Rusiyanı və Rus tarixini eyniləşdirməməyə çağırmışam. Təəssüf ki, Qərbdə bir çox qüvvələr bu fərqi görə bilmədilər, bu səbəbdən də Qərbin qüdrətli dövlətlərinin siyasəti Sovet diktaturası çökəndən sonra da Rusiyaya münasibətdə çox dəyişilmədi. Bu məni xeyli mütəəssir edir. Amma 90-cı illərdən sonra Rusiyanın özündə də hadisələr daha ağır keçdi. Ölkəni sağaltmaq üçün gərək olan mənəvi, iqtisadi məlhəm tapmaq əvəzinə, qara qüvvələr, ən prinsipsiz quldurlar fürsətdən yararlanıb vəzyyəti ələ aldılar, millətin dəyərlərini maneəsiz oğurlamaqla hədsiz dərəcədə varlanıb cəmiyyətə sinizm və əxlaqsızlıq toxumu səpdilər. Bu – ümumrusiya fəlakəti idi. Bu dəyişiklikləri mən ürək ağrısı ilə yaşadım, sizsə “məmnunluqdan” danışırsınız. Mənim artıq 87 yaşım var, sağlamlığım pozulub və daha hadisələrin gedişinə təsir göstərmək gücüm qalmayıb.
Sual: - Nəhayət, sonuncu sual: Rusiyanın gələcəyi necə olacaq? Burada demokratiya olacaq, yoxsa Çin modeli üzrə avtoritar dövlət qurulacaq? Başqa ölkələrin Rusiyadan öyrənməli nəsə varmı? Yaxud əksinə, Rusiya özü kimdənsə nəsə öyrənməlidirmi? Rusiya Qərblə yaxınlıq etməlidir – yoxsa öz yolu ilə gedib özünün siyasi modelini tapmalıdır? Və Rus ədəbiyyatını digər dünya ədəbiyyatından fərqləndirən nələrsə hələ qalırmı?
Cavab: - Rusiyanın gələcəyi – məni çox narahat edir. Onun necə olacağını indidən söyləmək məsuliyyətini üzərimə götürmürəm. Sizin sualınız əsasən ictimai quruluşla bağlıdır (O həqiqətən vacib məsələdir, ancaq mənəvi quruluş daha vacibdir və hətta ondan da vacibdir). Mən Rusiyada görmək istədiyim demokratiya haqqında hələ 1990-cı ildə öz modelimi (“Biz Rusiyanı necə qurmalıyıq”) yazıb təklif etmişəm: yerli özünüidarədən başlayaraq ən yuxarılarda ümumdövlət miqyasınadək demokratik quruluşun mərhələ-mərhələ düzənlənməsi (Bir çox Qərb ölkələrində mövcud olan yerli özünüidarə fəaliyyəti - tam fərqli bir quruluşdur və mən həmişə öz həmvətənlərimi bu nümunədən bəhrələnməyə çağırmışam).
Mənim modelim Qərbdə geniş yayılmış partiya parlamentarizmindən fərqlənir (Ümumiyyətlə, işi-peşəsi yalnız hakimiyyətə can atmaq olan siyasi partiyaların mövcudluğunu mən müsbət hal yox, bədbəxtlik hesab edirəm). Hələlik təklif etdiyim o plan baxılmamış qalır. Ancaq mən gələcəyin Rus demokratiyasını kor-koranə Qərbdən köçürtməkdənsə, məhz bu cür görməyə üstünlük verərdim.
Rus ədəbiyyatı ilə digər dünya ədəbiyyatları arasında prinsipial fərqi, ya ayrılığı isə mən görmürəm.
Tərcümə edəni: Akif ƏLİ
27 yanvar 2009
-------------------------
Dostları ilə paylaş: |