ƏCƏMİ TÜRBƏLƏRİNİN KONSTRUKTİV HƏLLİ
Əcəmi memarlıq nümunələrinin formalarının təşəkkülündə günbəz və çatma tağ əyriləri həlledici rol oynayır. Orta əsr müsəlman Şərq memarlığındı tağ və günbəz konstruksiyaları nəzəriyyəsinin yaradılmasındə Həsən Fəthi mühüm rolu oynamışdır. Onun layihələndirmə üsulu kvadrat formalı bişmiş kərpiclərdən istifadə edilməklə tağ və günbəzlərin əyri, hamar səthlərinin alınmasına şərait yaradır, maili hörgü sisteminə əsaslanan oricinal layihələri bir çox ölkələrdə o cümlədən Amerikada geniş tətbiq olunur [35.s.76].
Son dövrlərdə memarlıq nəzəriyyəsi araşdırıcıları M. Delam, M. Krasvella, həmçinin M. Bulatov ölçmə işləri nəticəsində müəyyən etmişlər ki, çatma tağ əyrilərinin formalaşması nəzəriyyəsi ellipslərin quruluşuna əsaslanır. Onlar Azərbaycan və Orta Asiya memarlıq abidələrinin çatma tağ əyriləri üzərində araşdırma apararaq müəyyən etmişlər ki, bu əyrilər ellipsin hissələridir.
Məlumdur ki, orta əsr inşaatçıları formaca ikitərtibli əyrilər ailəsinə daxil olan bu konstruksiyaları əyrilər nəzəriyyəsi olmadan ala bilməzlər. Deməli, həmin dövrdə mükəmməl riyazi nəzəriyyə mövcud olmuşdur. Bu mənada əsərlərindən bir çoxu latın dilinə tərcümə edilən, bir sıra elmi əsərlərin müəllifi, məşhur orta əsr alimi, riyaziyyatçısı və astronomu Əhməd əl Fərqanini [XI əsr] xüsusilə qeyd etmək lazımdır. Memarlığın nəzəri məsələləri ilə məşğul olan Əhməd əl Fərqani çatma tağ əyrilərinin və günbəzlərin qurulmasının müxtəlif yollarını göstərməklə bu formaların Misirdən gəldiyini qeyd edir [36. s. 302-303].
Yaxın və Orta Şərq memarlığında tağ və əyrilərin öyrənilməsində A. Matus, M. Delaufa, V. Donald, A. Flitçer, Azərbaycan araşdırıcıları N. Rzayev, Q. M. Əlizadə görkəmli rol oynamışlar. 1949-cu ildə Q. M. Əlizadə "Tağların öyrənilməsinə dair" məqaləsində memarlıq tektonikasını, tağların qurma üsullarını, araşdırsa da, onların təhlilinə aid bəzi mülahizələri irəli sürsə də, tağ günbəzlərinin araşdırılması haqqında dəqiq fikir irəli sürə bilmir [55.s.79].
Dostları ilə paylaş: |