MEMAR ƏCƏMİ NAXÇIVANİ
YARADICILIĞINDA
AHƏNGDARLIQ
QADİR ƏLİYEV
MEMAR ƏCƏMİ NAXÇIVANİ
YARADICILIĞINDA
AHƏNGDARLIQ
Elmi redaktor və ön sözün müəllifi memarlıq doktoru,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
Cəfər Qiyasidir.
MÜƏLLİFDƏN
Sonsuz bir ümmana bənzəyən zəngin mədəniyyət tariximiz insan zəkasının məhsulu olan nadir elm, fəlsəfə və sənət inciləri ilə doludur. Xalqımız üçün daimi qüvvət və qürur duyma qaynağı təşkil edən bu tarixi incilərin qeyrətlə araşdırılması, dəyərləndirilməsi və mühafizə edilməsi yaşadığımız bu böhranlı günlərdə son dərəcə vacib olan müqəddəs vəzifələrimizdən biridir.
Mədəniyyət tariximizi bu gün də dönə-dönə diqqət və hörmətlə arayanlar min illik tariximizin içindən süzülüb gələn və bizi «biz» edən mədəniyyətimizdə «guşədaşı» vəzifəsini görən bu əsərləri tarixin qaranlıqlarından qurtarıb nəsillərə çatdırmağa çalışmalıdırlar. Hər nə olursa olsun bunların deformasiyası nəticə etibarı ilə cəmiyyəti çökməyə sürüklər. Tarixin əngin dərinliklərinə daldıqca dövrünün maddi mədəniyyətlərinin yüksəlməsinə baxmayaraq əski mənəvi dəyərləri heçə yendiyindən çökmüş neçə millət və xalqlardan ibrət dərsi almalıyıq.
Zaman-zaman bu əsərlərin mənasını, onların quruluşundakı fövqəladə incəliyi, zəngin və əngin əhatəni qavramayan bir zümrə öz dünyagörüşlərinə və ictimai-siyasi quruluşun mahiyyətinə uyğun görmədiklərini rədd və inkar etmişlər.
Bir çox fikir sahiblərimiz də bunu ilahi bir qaynaqdan gələn həqiqət və hidayət işığı kimi salamlamış, onların forma və quruluşundkı dərinlik və incəlikləri haqqı ilə olduğu kimi dərk etməyə çalışmış, bu incəlikləri yaradanların «dilini» anlamağa cəhd etmişlər.
Biz Əcəmi yaradıcılığını idrakımızın və biliyimizin yetdiyi qədər dərk etməyə çalışmış, bunun nə qədər dərin, müxtəlif elm sahələri ilə əlaqəli olduğunu qətiyyətlə anlamışıq. Bəşəriyyətin bilgi və idrak dairəsinə girən bütün elm və fənlərin bu şəkillənmə ilə əlaqəli olduğunu təsvir etdikdən sonra hələ kəşf edilməmiş, adları bəlli olmayan neçə gizli elmin bununla əlaqəli olduğunu etiraf edirik. Hələ sirri açılmamış, dərk edə bilmədiklərimizin tamamlanmasını gələcək nəsillərin öhdəsinə buraxmışıq.
Araşdırma işi illərin məhsulu olsa da şübhəsiz nöqsansız deyil. Oxuculardan dilədiyimiz ən səmimi arzu bu nöqsanların müəllifə bildirilməsidir. Bu yolla onlar Böyük Əcəminin yaradıcılığı haqqında olan düşüncələrimizin tamamlanmasına xidmət etmiş olarlar.
Sözümün sonunda bu əsərin hazırlanmasında böyük xidməti olan Azərbaycan MEA-nın müxbir üzvü Cəfər Qiyasiyə öz dərin təşəkkürümü bildirir, əsərin yazılmasının səbəbkarı olan, haqqa qovuşan Azərbaycan MEA-nın mərhum əməkdaşları Əbülfəzl Hüseyninin və Tağı Qasımoğlunun unudulmaz xatirəsini hörmətlə yad edir, Allahdan (c.c) rəhmət diləyirəm.
Dostları ilə paylaş: |