Mən dilləndim

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 14.32 Kb.
tarix24.05.2018
ölçüsü14.32 Kb.

Hekayə...
Müəllim lövhədə yazı yazırdı, daha doğrusu məsələ həll edirdi, daha da doğrusu funksiyaların tam differensialını tapırdı. Nədənsə bunu tez-tez təkrar edirdi. Auditoriyadakı 18 tələbənin isə sadəcə ya altısı, ya da yeddisi müəllimin yazdıqlarını dəftərə qeyd edirdi. Müəllim isə həmişə olduğu kimi böyük həvəslə məsələləri yazır, həll edirdi. Hərdənbir çalışqan tələbələrdən də , bura mən də daxiləm təbii ki, lövhəyə çağırardı, məsələ həll etməyə. Bu dəfə isə hamısını özü yazdı.

Bu , yəqin ki, sonuncudur, düşüncəsi ilə lövhədəkiləri yazıb qurtardım. O biri uşaqlar hələ yazırdılar. Müəllim isə uşaqlar rahat yazsınlar deyə lövhənin qarşısından çəkildi, iki əlini də oturacağın yuxarısına dayayıb, sanki çiyinlərinə söykəndi. Bu isə onun tez-tez etdiyi dincəlmək hərəkəti idi.

Məni isə düşündürən dünən, elə bu otaqda olan söhbət idi. Bu söhbət fikrimi tamamilə məşğul edir və hətta məni həyəcanlandırırdı. Mən düşündüklərimi müəllimə demək istəyirdim. Həm demək üçün tələsir, həm də ehtiyat edirdim. Fürsətdir! Qəfil ayağa qalxdım, geriyə yol yoxdur! Yanımda oturan qız əlimə toxundu və astadan dedi:-Noolub?

Mən başımı yellədim və müəllimə baxdım. Müəllim də bir anlıq mənə baxdı, amma üzünü lövhəyə tərəf tutub mənim nə deyəcəyimi gözlədi. Elə zənn etdi ki, deyəcəyim söz lövhədəki məsələ ilə bağlıdır.

Mən dilləndim:

--Məhəmməd müəllim, olar bir söz deyim?

--Buyur eşidirəm.

--Bilirsiniz, əslində mən bir məsələ haqqında sizin fikrinizi bilmək istəyirəm. Bu məsələ isə artıq çoxdandır ki, məni düşündürür. Sizə demək istəməyimin isə səbəbi var.

Müəllimin sifəti həmişəki təbəssümlə doldu və yarızarafat dedi:

--Bu şərəfə layiq görüldük?!

Mən tələsik dilləndim:

--Bilirsiniz müəllim, hələ ki, bu boyda universitetdə yeganə adamsınız ki, bu fikrimi sadəcə hələlik sizə demək istəyirəm.

Uşaqlardan deyəsən Bəxtiyarın səsi idi:

--Səbəb deyirdin, nə səbəbdir?

--Bəli səbəbi var. Yəqin ki, dünənki söhbət yadınızdadır? Məhəmməd müəllim bizdən şer yazıb-yazmadığımızı soruşdu. Deməli bizim nə düşündüyümüz onun üçün maraqlı idi. Mən iki şer oxudum, biri “Leyli və Məcnun” haqqında idi, amma onu bəyənmədiniz, elədir müəllim? O, gülümsünərək başı ilə təsdiq etdi. Amma o biri şerimi bəyəndiniz, o, bir az elmi və fəlsəfi idi. Bilirsiniz müəllim, az qala bir ildir burda oxuyuruq, amma hələ bir nəfər də olsun müəllimlərdən kimsə bizim nə düşündüyümüz ilə maraqlanmayıb. Yüz, bəzən də beş yüz il bundan öncə kəşf olunmuş qanunları, tənlikləri əzbərləməklə məşğuluq. Bunları əzbərləyib imtahan veririk, savadlı və ya savadsız, bilikli və ya biliksiz olaraq “qiymətləndirlirik”. Məgər bu doğrudur? İkinci sualım isə ondan ibarətdir ki, bu məlumatları, kəşfləri, qanunları əzbərləmək əvəzinə, onları oxuyub müzakirə etmək, bütün bu qanunları oxuyarkən bizim hansı nəticələrə gəlməyimiz, nə düşündüyümüz bəlkə daha maraqlı olardı? Bəlkə qiymətləri bizim öz kəşflərimizə görə verələr? Onda uşaqlar da hara gedəcəyi barədə bir az da olsa düşünər, bu sinifdəkilər də ruh yüksəkliyi ilə fizikanı sevər! Çünki əgər fizika fakultəsində yüz nəfər oxuyursa və onlar heç bir sual, yaxud öhdəlik qarşısında qalmırsa, onların nə düşündüyü heç kimi maraqlandırmırsa, onda kim istəsə gəlib burda oturacaq, vaxtını itirəcəkdir. Özünüz bilirsiniz ki, burda oturanların çoxu nə fizikanı, nə də cəbrini sevmir, heç bu elmlərdən xəbərləri də yoxdur. Amma bu onları narahat etmir.

Sonuncu cümləm sinfdə səs-küy yaratdı. Məhəmməd müəllim uşaqları sakitləşdirməyə çalışırdı və mənə də əyləşməyi əli ilə işarə etdi. Qəribə bir uğultu yaranmışdı sinifdə və bu uğultuya qəfil zəngin səsi də qarışdı. Əslində həm müəllimin, həm də uşaqların fikri mənimçün çox maraqlı idi, amma zəng susmaq bilmirdi...Bu ki, saatın səsidir, aman Allah, bu ki, yuxudur...Məyusluğumu təsəvvür etmək mümkün deyil...

Saat yeddinin yarısını göstərirdi. Durub çay hazırlamalı idim. Yuxunun təsiri hələ getməmişdi. Kaş ki, Məhəmməd müəllimin cavabını da eşidəydim...Həm də fikrim yarımçıq qalmışdı, ürəyimdən keçənlərin hamısını deməmişdim. Çay hazırladım, həyat yoldaşım işə tələsirdi, bazar günü olsa da. Uşaqlar isə hələ yatırdı. Qəribədir ki, yuxularımda çox vaxt özümü ya şagird, ya da tələbə kimi görürəm, müəllim kimi gördüyüm çox az yadıma gəlir. Hansı ki, şagirdliyimdən 28, tələbələyimdən isə 19 il keçmişdi. Doğrudan da zaman itkisi çox ağırdır. Qədərini bilmədiyimiz ömür adlı bir zamanı itirmək olmaz. Bu cür narahat yuxular görməyimin səbəbi, bəlkə də keçmiş narahatlıqlarımdır. Universitet illərimi ürəyim istəyən kimi maraqlı keçirə bilməmişdim, baxmayaraq ki, kitab oxumaqdan başqa maraqlarım çox az idi. Bir səbəbi isə müharibə idi, tez-tez gələn acı xəbərlər, işğal olunan kəndlərimiz, sonra rayonlarımız, soyqırım faciələrimiz, şəhid olan doğmalarım. Əlbəttə bütün bunlar sadəcə mənimkimilər üçün əhəmiyyətli idi. Bakıda isə heç bir məna kəsb etmirdi. Hələ universitetdə heç kim üçün maraqlı deyildi. Bir yandan da darıxdırıcı mühazirələr, bu mühazirələr bəlkə də yetmiş ildir ki, oxunur. Heç bir yaradıcı imkan yox idi, köhnə laboratoriyalarda isə cihazları sadəcə laborantlar idarə edirdi, qiymətli xəzinə kimi. Bəziləri isə heç işləmirdi.

Sonra da burda oxuyanların nə düşündüyünə əhəmiyyət vermədən onları ya rayonlara müəllim kimi göndərirdilər, ya da bəziləri ni şəhərdə saxlayırdılar ki, alim olsunlar. Bütün bunlar isə illər boyu təkrarlanırdı. Bu isə nə mənəviyyatın, nə düşüncənin, nə də elmin inkişafı demək deyildi. Elm fədailəri bu qanunları, məsələləri, düsturları biz illərlə əzbərləyib yerimizdə sayaq deyə kəşf etməyiblər, yəqin ki. Biz bu kəşflərin məntiqini, hikmətini anlayaq , onların nələr uğrunda həyatlarını fəda etdiklərini başa düşək deyə kəşf ediblər. Düzdür texnologiya durmadan yenilənir, elmi araşdırmalar çox sirrləri açır, amma bunlardan sadəcə kimlərsə varlanmaq üçün istifadə edir. Bu, insanlığın, mənəviyyatın inkişafı deyil, sadəcə texiki avadanlıqlar, onların çeşidləri artır. Yuxuda gördüklərim isə doğrudan da gözəl idi, kaş ki, həmin sualları Məhəmməd müəllimə nə vaxtsa verə biləydim. İnşaallah yəqin ki, sağ-salamatdır və Universitetdə yenə işləyir.


Mehparə Rəhimqızı.

2015

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə