Mən sağam məsumə Abadın qələmilə əsirlik dövrünün xatirələri Kitabın adı: Mən sağam



Yüklə 7,49 Mb.
səhifə21/23
tarix10.02.2018
ölçüsü7,49 Mb.
#42631
1   ...   15   16   17   18   19   20   21   22   23

Gül, gül, başlar yuxarı, başlar yuxarı, bir-birinizi qucaqlayın, afərin!

Bizi maraq götürmüşdü. Bu qarışıq sözlərdən nə baş verdiyini anlamağa çalışırdıq. Həmişə adi söhbətlərlə hamımızı güldürən Həlimə dedi:

Uşaqlar, gəlin bir-birimizi qucaqlayaq, başımızı yuxarı tutaq, bəlkə nə baş verdiyini anladıq.

Eşitmişdim ki, uşaqlar fars sözlərini iraqlılara yanlış öyrədirlər. Buna görə də eşitdiyimiz sözlər bizim üçün aydınladıcı deyildi. Gördüklərimizi, eşitdiklərimizi təhlil edir, müzakirə aparırdıq ki, gözətçi Hacının qəfəsimizə yaxınlaşma səsini eşitdik. Cəld çadralarımızı geyindik və hazır dayandıq. İçəri daxil olub dedi:

Bayıra çıxın.

Mən, bizi başqa bir yerə aparmaqlarından qorxub məktublarımı çadramın altında gizlətdim və bayıra çıxdım. Bizim ağıl dediyimiz həsir otaqcıqdan bir az o tərəfdə bir skamya qoymuşdular. Ağıl gizli qalsın deyə skamyanın arxasından adyal asmışdılar. O ot-alafsız biyabanda bəzək üçün kiçik xurma ağacı güldanı da qoymuşdular. Bütün bunların yanında bir kişi təbəssümlə bizə salam verdi və xoşgəldin dedi. Onu səsindən tanıdım. Qardaşları gülməyə, qucaqlaşmağa səsləyən kişi idi. O, fotoqraf idi. Öncə şəkil çəkdirməyə maraq göstərmədik. Amma sonra düşündük ki, bu şəkillər ailələrimiz üçün göndərilə bilər. Qoy, bu kiçik ağac, skamya və adyal onların narahatlığını azaltsın. Buna görə də razılıq verdik. Fotoqraf dedi:

Çadralarınızı çıxarın, sizin şəklinizi çəkim.

Çadra ilə çəkdiririk, - dedik.

Mən bunların nəyini çəkim? Heç olmasa, əllərinizi bayıra çıxarın, - deyə dodağının altında mızıldandı.

Biz sözlərindən baş açmadıq. Amma bu cümlələri yaxşı anlayan Həlimə bizim üçün tərcümə etdi. Skamyanın üstündə oturanda bir daha o sözləri təkrarladı: “Gül, gül, başlar yuxarı, başlar yuxarı, bir-birinizi qucaqlayın, afərin!” Biz eşitdiklərimizə etina etmədən bütün bunların sonunu gözləyirdik. İndi anladıq ki, “bir-birinizi qucaqlayın” ifadəsində məqsəd yaxınlaşmaqdır. Bizdən bir reaksiya görməyən fotoqraf sözünü dəfələrlə təkrarlayırdı. Əmin olandan sonra ki, biz bu çadra ilə şəkil çəkdirəcəyik, tez-tez yerimizi dəyişirdi. Ya deyirdi, hamınız oturun, ya deyirdi, hamınız qalxın. Nə qədər “başınızı yuxarı tutun” – desə də biz başımızı aşağı salırdıq. “Gülün!” – deyirdi, biz isə qaşqabağımızı sallayırdıq. Sonuncu dəfə üzünü Məryəmə tutub, “Qucaqlayın” – dedikdə, Məryəm yanımdan qalxıb, başımın üstündə dayandı. Fotoqraf o qədər əsəbiləşmişdi ki, bıçaq vursaydın, qan çıxmazdı. Fotoqrafın əməlli-başlı özündən çıxdığını görən Məryəm ona dedi:

İndi gül!

O da qərara aldı ki, şəkildə kimin necə duracağını öz öhdəmizə qoysun.

Bizə dörd şəkil verildi.1 Biz bu dəfə şəkillərimizi məktublarımıza əlavə etməyə hazır idik. Səbirsizliklə Qırmızı Xaçın gəlməsini gözləyirdik. Onlar bu dəfə ər-Rəşid zindanındakı çətin günlərimizin qonşusu Doktor Hadi Biqdeli ilə gəlmişdilər. O da oranın yadigarlarından biri idi. Onu görmək bizi çox sevindirdi. Qırmızı Xaç nümayəndələri öncə qəfəsin giriş qapısını əhatə edən ağılı görüb, çox təəccübləndilər. Hava soyuğa doğru gedirdi və o hasar Günəşin saçmasının qarşısını alır, otağın soyuğu və rütubəti daha çox hiss olunurdu. Human hələ də pəncərənin metal pərdəsinin açılmamasına görə xəcalət çəkirdi. Biz də hər şeyin göz qabağında olduğu üçün bir söz demədik. Doktor Biqdeli çox önəmli tibbi və gigiyenik tövsiyələr verdi. Bizə ümid vermək üçün bildirdi ki, ikinci korpus Qırmızı Xaça yemək, gigiyena, psixi və fiziki işgəncələr haqqında geniş məlumat verməyə müvəffəq olmuşdur. Odur ki əsirlərin saxlanma vəziyyətini, düşərgənin durumunu dəyişməyə ümidvar ola bilərik.

Bu dəfə həmişəkindən daha çox məktubumuz var idi və məktublar ətraflı yazılmışdı. İndi hamımız siyasi və parollarla danışmağı öyrənmişdik. Hamısından əvvəl qardaşım Kərimin məktubu diqqətimi cəlb etdi. O, məktubla birlikdə bir şəkil də göndərmişdi. Onlar İmamın şəklinin altında dayanıb şəkil çəkdirmişdilər. İraq senzura idarəsi də özünü göstərmək üçün şəkili iki barmaq bükümü qədər qayçılamışdı. Şəkilləri bütün bacılara göstərdim və gülüşdük.

Bizim düşmənçiliyimiz nə qədər idi ki, İmamın şəklini hətta başqa bir şəkildə görməyə dözüm göstərmirdilər. Bir barmaq bükümü boyda şəkil onlara nə zərər vura bilərdi? Məktublarla birlikdə Maidənin, Əmir Hüseynin, Həmzənin, Nimanın və digər ailə üzvlərinin şəkillərini də göndərmişdilər. Bacılar öz şəkillərinə və mənim şəkillərimə baxmaqla məşğul idilər. Mən də Kərimin məktubunu oxumağa başladım. Birdən otaq başıma fırlandı. Məktubun sözləri şillə kimi üzümü qızartdı və yol getmək gücümü aldı. Məktubu bir daha oxudum. Ümid edirdim ki, bəlkə səhv oxumuşam. Ümid edirdim ki, doğru oxumağı unutmuşam. Ümid edirdim ki, savadım nəm çəkib. Allaha şükür etdim ki, hava alma zamanıdır. Özlüyümdə dedim ki, Günəşin altına gedib, məktubu orada oxuyacağam. Ayaqyoluna getmək bəhanəsilə yerimdən qalxdım. Məryəm məni görüb dedi:

Məktubu hara aparırsan?

Çadramın altında tutacam. Orada oxumaq istəyirəm.

Nə işiniz var? Xəlvətə çəkilmək istəyir.

Sözləri zarafata salaraq gülüb keçdim və bayıra çıxdım. Ağlamaq istəyirdim. Çığırmaq istəyirdim. Özümü Fatimənin qucağına atmaq istəyirdim ki, bəlkə bədəninin soyuğundan bir az alım və sonra ona deyim:

Fatiməcan, mən də sənin qəminə şərikəm. Şəhadət bizim qələbə rəmzi və Allah yolunda cihadın mükafatıdır. Əlirza Allahın xəlvət hərəminə daxil olmuşdur.

Artıq Fatimənin gözlərinə baxa bilmirdim. Kərimin məktubunu bir daha oxudum:

“Bahara yaxın Arəş kompleksinin yanından keçəndə gənc bir oğlanın bəy hicləsi diqqətimi çəkdi. Dayanıb oxudum. Yazılmışdı: “İgid komandir Əlirza Nahidinin şəhid olması münasibəti ilə ailəsini təbrik edir və baş sağlığı veririk”.”

Sözlər gözümün qabağından paradla keçirdi. Dayanmadan göz yaşı axıdırdım. Bilmədim, ayaqyolunda nə qədər qalmışam. Məryəmin ayaqyolunun qapısına vurduğu zərbələrlə özümə gəldim. Cəld üzümü silib, qapını açdım. Mənə baxdı və dedi:

Yer qəhət idi. Buradan yaxşı yer tapa bilmədin? Dur gəl, başqalarının şəkillərinə bax.

Mən məktəbə gedəndə də bir dərsi yaxşı anlamayanda ayaqyoluna gedirdim, - deyə təlaşla dedim.

Başım ağırlaşmışdı. Bütün yerin ağırlığını çiyinlərimdə hiss edirdim. Dünya başıma fırlanırdı. Yavaşca o məktubu başqa məktublardan ayırdım və çantama, keçmiş məktubların arasına qoydum. Çantanı da şəxsi kisəmə yerləşdirdim.

Hamıya şəkil gəlmişdi və şəkillərə tamaşa etməklə məşğul idilər. Fatimə yavaşca yanımda oturub dedi:

Sənə xoş xəbərim var. Əlirzadan mənə şəkil gəlib. Görürsən nə qədər bir-birimizə bənzəyirik? İkiyə bölünmüş bir alma kimiyik. Yeni şəkildir, gör, Əlirza nə qədər böyüyüb.

Güldüm və sevincək dedim:

Bu şəkil mənim olsun?

Keçmə keçmiş gəlinlərdən. Ərlərinin adını çəkəndə xəcalətdən yeddi rəng dəyişirdilər. Amma bunun özünü üstümə yıxmağı getmir, hələ bir şəkil də istəyir.

Bilir axı bu sözlər könlümüzü xoş etmək, başımızı qatmaq üçündür. Artıq biz hara, İran hara, yaşamaq hara? Allah möcüzə göstərərsə, o başqa məsələ. Eşitmədinmi, Mahmudi nə dedi? Dörd ili gedib, on altı ili qalıb.

Bacılar hərəsi bir söz dedi. Amma Kərimin məktubu mənim dilimi qısaltmışdı.

Son günlərdə Hacını mülayim olduğu və kobudluq etmədiyi üçün Xalid adlı başqa bir gözətçi ilə dəyişmişdilər. Xalid enlikürək, ucaboy, kök və iri cüssəli yaşlı bir kişi idi. Amma aldadıcı siması var idi. Qaşqabaqlı, sərt görkəmindən, qaşlarının arasının heç zaman açılmayan düyünündən fərqli olaraq ürəyi çox mehriban və kövrək idi. O, bizə nəzarət etməkdən çox mətbəxə nəzarət edirdi ki, Allah eləməmiş, ac qalmasın, yemək saatı keçməsin. Onun bu xasiyyəti bizim üçün qızıl bir fürsət yaratmışdı ki, hava alma zamanı daha çox və daha yaxşı get-gəl edə bilək. Bizim çadra ilə gəzməyimizə kinofilm kimi baxan Həmzə, Əbdürrəhman və Yasindən fərqli olaraq, Xalid bizə diqqət etmirdi. Bir saatlıq hava alma saatında o daim mətbəxdə olurdu. Hətta qapını açıb-bağlamağa gələndə də hələ çeynəməkdə olurdu. Yeganə eybi bu idi ki, qapını düz vaxtında açıb-bağlayırdı. Əlbəttə, başı öz işinə elə qarışmışdı ki, biz mətbəxdən yemək alıb gəzişdiyimiz yoldan keçən qardaşların hər birindən məlumat ala bilirdik. Onların adlarını bilmir, hətta üzlərini də yaxşı tanımırdıq. Ümumiyyətlə Mehdi Təhanian kimi xəbər gətirən qardaşların yaşı daha az idi.

Qışın soyuğu, susuzluq, düşərgədə sanitar və yuyucu vasitələrin çatışmazlığı, qəfəsə işıq düşməməsi, heç olmasa bir ləyən isti suyumuzu təmin edən elementin və taxıc yuvasının xarab olması, hamısı əl-ələ verib bizi bit-birə və həşəratla həmnişin olmağa vadar etdilər. Əlbəttə, bu müsibət aban (23 oktyabr – 21 noyabr) ayından sonra bizə lütf edib əlavə adyallar verdikdən sonra başlandı. Heç şübhəsiz, bit-birə növündən olan çağırılmamış qonaqlar adyalların əsas cehizliyi idi. Həmin dönəmdə düşərgə su qıtlığı yaşayırdı. Bəzən hamama getmək bir aydan qırx günə qədər uzun çəkirdi. İki hamam növbəsi arasındakı fasilə bitlərin ziyafətini daha da ürəyə yayır, müsibətimizi ağırlaşdırır və dözülməz edirdi. Bizə iş tapılmışdı. Hava alma vaxtı bitəndən və qəfəsə geri dönəndən sonra saatlarla bitləri öldürməklə məşğul olurduq. Öncə ər-Rəşid zindanında bu xəstəliyə tutulmuşduq. Amma Anbar bit-birələrinin boy-buxunu Bağdad bit-birələri ilə müqayisə olunası deyildi. Bağdad bitləri arıq və uzun idi. Qarınları kiçik idi. Amma Anbar bitlərinin qarnı o qədər qanlı və böyük idi ki, hər dəfə birini öldürəndə kiçik qəfəsimizi çırtma səsi kimi səs bürüyürdü. Bütün saatlarda əllərimiz ya bitlərin sancdığı yeri qaşımaqla, ya da onları öldürməklə məşğul idi.

Nə qədər öldürürdük, xeyri olmurdu. Yayda işimiz may böcəyi, ağcaqanad və cırcırama öldürmək idi. May böcəkləri iki barmaq buğumu boyda olurdu. Qışda isə bit-birə ilə boğuşurduq.

Qırmızı Xaç heyətinin gəlməsinə az qalırdı. Biz nigaran idik ki, bu çağırılmamış qonaqlar onlara və tərcüməçi qardaşlara daraşar və hər şeydən xəbərsiz olan onlar da özləri ilə sovqat apararlar. İki adyalın xeyrindən keçib, geri qaytardıq. Dilxor idik. Belə ki Məryəm gündəlik namazlardan sonrakı dualarımıza bu duanı da əlavə etdi: “İlahi, BƏƏS ordusunun canına bit-birə sal, əlləri yalnız qaşınmaqda olsun!”

Həlimə də deyirdi: “Hansı biti öldürəndə səsi çıxsa, hamımız birlikdə Səddama lənət deyək”.

Xaliddən istədik ki, düşərgənin komandiri Sübhidən hanutdan bəzi şeyləri almaq istəsin. Öncə dedi: “Bir nəfəriniz alış üçün gedə bilər”. Amma çənə döyəndən sonra nəhayət iki nəfərin getməsinə razılıq verdi. Bu dəfə mən və Fatimə hanuta getdik. İki qutu süd, iki qutu lobya konservi, iki qutu da balıq konservi aldıq. Amma bu dəfə əlavə bir alış da etmişdik. Eydidən ülgüc istədim. Eydi ülgücü verməzdən qabaq Fatimə dedi:

Ülgücü neynirsən? Qoy qardaşlar istifadə etsinlər, onların daha çox ehtiyacı var.

Bir gilə ülgüclə bir şey olmaz, - dedim.

Nəhayət Fatimə ülgüc almağımıza razı oldu. Qəfəsə qayıdanda ülgücdən başqa bütün aldıqlarımızı Fatiməyə verdim. Bir daha soruşdu:

Yaxşı, indi de görüm, ülgücü neynirsən?

Bunu deyəndə Məryəm və Həlimə təəccüblə soruşdu:

Nə ülgüc? Ülgüc əvəzinə naxış tikmək üçün sap alaydınız.

Bu, naxış salmaqdan daha vacibdir, - dedim.

Fatimə əlini uzadıb dedi:

Haydı, ülgücü ver, tez ol! Alması belə yanlış idi.

Buyurun, bu onsuz da sizdə olmalıdır, - dedim. Çünki bu gecə saçımı ülgücə vermənizi istəyirəm.

Hər üçü gülməkdən qəşş etdilər və dedilər:

Nə? Başın xarab olub?

Bit-birəyə görə adam saçlarını zibil qabına atmaz. Qızın gözəlliyi saçındadır.

Hər şeylə zarafat, saçlarınla da zarafat?!

Bir azdan düşərgənin suyu qoşulacaq. O zaman qaynar su ilə başımızın dərisinin qopması hesabına da olsa, onları məhv edəcəyik.

Mən qərarımı vermişəm, - dedim.

Zarafatı qurtar, - deyə Həlimə dilləndi. Sən bu işi tutsan, mən adımı Zülfəli qoyacam.

Bu işi görsən mən də adımı Qəzənfər qoyacam, - Məryəm dedi.

Sən adını nə qoyacaqsan, - Fatiməyə dedim.

Mən adımı sevirəm, - Fatimə cavab verdi. Amma sənə söz verirəm ki, keçəlləşsən, azad olanda Əlirzaya deməyəcəm gəlinin keçəl olduğunu.

Bunu deyəndə özümü saxlaya bilmədim. Özümü onun qucağına atıb, hönkürməyə başladım.

Çox soruşdular ki, nə olub? Dedim, heç bir şey, həyəcanlandım.

Son anda məni fikrimdən döndərmək üçün dedilər:

Gəlin-zad söhbəti yığışılacaq.

Amma mən yenə geri addım atmadım. Fatimə işə başladı. Başımı ülgüclə dibində qırxdı. Qopmayan tək başımın dərisi qaldı. Tüklərin getməsi ilə bitlər yeni üzə çıxdı. Əjdəha kimi başımın dərisinə yapışmışdılar. Bacılar ürkək-ürkək bitlərə baxırdılar. Onlara dedim:

Qorxmayın, öz başınız da bu əjdəhalarla doludur.

Ondan sonra Həliməni Zülfəli, Məryəmi isə Qəzənfər çağırırdım. Yalın başla qışın soyuğunu daha çox hiss edirdim. O günlərdə başımız naxış işləməyə, Qurana və Məfatihə o qədər qarışmışdı ki, vaxt çatdıra bilmirdik. Lusinanın verdiyi paltarların kəsikləri ilə parça bir paket düzəltmiş, məktubları ona qoymuşdum.1 Başqa bir çanta da toxumuşdum. Onda uşaqların doğum günümdə bağışladıqları naxışları və İrandan gələn şəkilləri saxlayırdım. Onun üstünə bu sözləri naxışla işləmişdim:

“Biz azadlığa çıxanda leyləklər uçacaq”.2

Xalid arada gəlib deyirdi:

Digər korpuslarda gözətçiləri üçün naxışlı çərçivə və canamaz hazırlayırlar. Siz də mənim üçün naxışlı çərçivə və ya canamaz tikin.

Hansımıza deyirdi, nəticəsi olmurdu.

Yeni öyrənmişik, yaxşı bacarmırıq, - deyirdik.

Kişilər çox yaxşı naxış vururlar, - deyirdi.

Bizdən əl çəkməsi üçün dedik:

Kişilər naxış işləyirlər, qadınlar isə dərzilik edirlər.

Bunu eşidəndə ümidini kəsib getdi.

İki böyük sirri saxladığım üçün böyüdüyümü və ürəkli olduğumu hiss edirdim. Baxışlarımı Fatimədən gizlədirdim. Həlimə, Fatimə və Məryəmin zarafatlarına daha az cavab verirdim. Amma Fatimənin duyuq düşməsini heç istəmirdim. Özümü məşğul etmək və kimsənin məndən bir şey soruşmaması üçün ya Quran oxuyurdum, ya da naxış vurur və parça üzərinə güllər işləyirdim. Anam deyərdi: “İynəni saplamağı öyrəndinsə, demək, həyatın ip ucunu tapmısan”. Mən səssiz-səmirsiz həyatımı işıqlandırmaqla, düyünlərini açmaqla məşğul idim. Hamısı ilə danışmağa qorxurdum. Danışmağa qorxurdum ki, ürəyimdəki sirlərin üstü açılar. Heç vaxt bu qədər səssiz və dinməz olmamışdım. Küncə qapanmışdım. Hətta qəfəsdə yerim bəlli idi. Artıq kimsə orada oturmurdu. Mənim təsvirim başı qırxılmış, boz rəng paltar geyinmiş, əlləri soyuq, burnu buz bağlamış qızın təsviri idi ki, soyuq və rütubətli qəfəsin pəncərəsinin altında bir guşədə oturmuş və ətraf dünyaya fikir vermədən öz xəyallarına dalmış, nilufər və zanbaq güllərinin yarpaqlarını tikir, parça qırıqları və yarıtikilmiş güllərlə oturub-dururdu. Xəyal quşum iradə etdiyi an bir banda yuva qurur, məni istədiyim yerə aparırdı. Bəzən hər biri məni dilə gətirmək üçün bir söz deyir, bir zarafat edirdi. Həlimə deyirdi:

Dilinləmi tikirsən? Əlinlə tikirsən, dilin niyə işləmir?

Keçəlləşəndən bəri professorlara dönmüsən, özünü ağır aparırsan. Bir az bizi adam yerinə qoy, - Məryəm deyirdi.

Məsumə, başını qaldır, gözlərimə bax, qəşəng bir şey danışacam, Fatimə dedi.

Başımı dik tutub, gözlərinə baxa bilmirdim. Dedim:

Başım aşağı, qulağım səndə olsa, olmaz?

Yox! Baxmalısan, elə olmaz, - dedi. Başının qabağının tükü tökülənlər, düşünən adamlardır. Başlarının arxasının tükü tökülənlər gözəldir, sənin kimi həm qabağı, həm arxası tökülənlər isə özünü gözəl sananlardır.

Hamı gülməyə başladı. İndi də gülməsən, nə vaxt güləcəksən. Başımın bacıların gülüş obyekti olmasına, ara-sıra bir şey deyib, ürəkdən gülməklərinə sevinirdim. O gülüşləri müqavimət və mübarizə əlaməti hesab edirdim. Mosul düşərgəsində hacağa Əbuturabi deyirdi: “Kim başqa bir əsiri güldürsə, mələklər onun üçün savab yazacaqlar”. Gecə qəfəsin qapısı bağlanıb, BƏƏSçilər bayıra çıxanda, bizim qaşlarımızın düyünü açılırdı. Hərə bir söz deyir, gülürdük. Amma gülüşlərin arasında bəzən yavaşca ağlayırdım.

Qırmızı Xaç heyətinin tərcüməçi olaraq əsir qardaşlardan biri ilə gəlməsi bizim söz-söhbətimizi dəyişən və bir müddət başımızı qatan yeganə fürsət idi. Onların gəlməsini, məktubları və şəkilləri almağı səbirsizliklə gözləyirdik. Əlbəttə, mən bir az da anonim məktubla maraqlanırdım. Həmişə Qırmızı Xaç gəlmədən bir həftə öncə vəziyyət dəyişir və düşərgəyə meyvə gəlirdi. Hərçənd, yalnız iyini xatırlayacaq qədər idi. Yasin, Şakir, Əbdürrəhman və Əli yavaş-yavaş kabellərini gizlədirdilər. Amma Qırmızı Xaç hələ ayağını düşərgədən bayıra qoymamış o bir həftənin əvəzini çıxırdılar.

Bəhmən (21 yanvar – 19 fevral) ayının əvvəllərində qəfəsi və pəyəni təmizləməklə məşğul idik ki, Qırmızı Xaç nümayəndələri mayor Həmid Həmidian adlı bir qardaşla qəfəsimizə gəldilər. Həmid Həmidian qardaş şirazlı idi. Şirin Şiraz ləhcəsilə İranın vəziyyəti və son zamanlar cəbhədə əldə olunan uğurlar haqqında məlumat verdi. Bəzən həyəcanlandıq, bəzən çox təsirləndik. Xüsusilə bir və ikinci korpusların ağır şəraitindən xəbər verəndə və bir neçə qardaşın işgəncə altında şəhid və ya kor olduğunu, Qırmızı Xaçın da məlumatının olmasına baxmayaraq, hələ bir iş görülməməsini dedikdə daha çox öz yalqızlığımız və qəribliyimiz üçün təəssüfləndik. Mayor Həmidian kitabxanaya baxırdı. Ona dedik ki, biz də kitabxananın kitablarından istifadə etmək istəyirik. Amma Qırmızı Xaçın nümayəndəsi dedi:

Biz öncə bu məsələni qaldırmışıq. Amma iraqlılar qəbul etməyiblər. Sizinlə kişi əsirlər arasında heç bir ünsiyyət olmasını istəmirlər. Hətta ərəb və ya ingilis dilində qəzet oxumanızı da qəbul etmədilər. Amma mayor Həmidian zabit və pilot qardaşlarla bu mövzuda məsləhətləşib, bir çıxış yolu tapacaqlarına söz verdi. Qərara alındı ki, qəfəsi qızdırmaq, rütubətini azaltmaq üçün bizə bir cihaz verilsin.

Qırmızı Xaçın gedişindən bir neçə gün keçdi. Günortaya yaxın hava alma zamanı idi. Bədənimizin soyuğu və rütubəti bir az azalsın deyə həmişəki icazəli məsafədə gəzişirdik. Birdən düşərgəyə həmişəkindən artıq get-gəllərin olduğunu gördük. Bəxtimiz gətirmişdi ki, Xalid həmişə olduğu kimi mətbəxdə yeməklə məşğul idi və biz hava almaq bəhanəsilə vəziyyətdən hali ola bilərdik. BƏƏS əsgərləri tələm-tələsik və həyəcanla dekorasiya qurur, sürətlə hər iki korpusun həyətinə stolüstü tennis və şahmat stolları düzürdülər. Bir qrup əsir idman paltarı və ayaqqabısı ilə futbol oynayır, başqa bir qrup kart oynayır, bir dəstə şahmat stolunun ətrafına toplaşmışdı. Digər bir qrup isə gəzişirdi. Fəza və səhnələri elə təbii və aram göstərirdilər ki, baxan hər kəsin diqqətini çəkir və onu Səddamın burada əsirləri qəbul etmək üçün karvansara açdığını düşünürdü. Bəzi rəzil və özünü satan əsirlər yalan və uydurma reportaj hazırlamaq üçün BƏƏSçilərlə həmkarlıq edirdilər ki, İraqın cinayətlərinin üstünü örtə bilsinlər. Onlar və BƏƏSçilər istəyirdilər ki, dünya işgəncə altında şəhid olan əsirlərin nahaq tökülən qanlarına göz yumsun. Düşərgənin acılarından və əzablarından xəbərsiz qalsın. Uzaqdan onların qumar stolu ətrafında oturub, tum çırtladığını görürdük. Ürəyimizdə onlarla söhbət edir və deyirdik: “İnsafınız olsun! Qoyun kinooperatorun kameraları həqiqəti çəksin. Dünyaya və humanitar təşkilatlara sizin saxta tamaşanızı yox, insanlığın çöküşünü çatdırsın. Xainlər! Nə üçün başınızı qarın altına salmısınız? Utanın! Kameralara baxın ki, dünya sizi tanısın və bir paket siqaret bahasına öz izzət və şərafətinizdən imtina etməyə, vaz keçməyə hazır olduğunuzu görsün.

Bu pəncərələrin və divarların arxasında oturan digər qardaşlarınız kimi qeyrətiniz olsun. İndi yeni ayaqqabı və idman paltarı ilə oynayarkən Beytül-müqəddəs əməliyyatının on beş yaşlı yeniyetməsi Xosrov Səadəti yad edin. Yadınıza salın ki, o, elə bu həyətdə cırıq çəkələklərlə futbol oynayanda iraqlılara qol vurdu. İndi yanınızda dayanan gözətçi Həmid İraqi onlara qol vurduğuna görə qulağına elə möhkəm şillə vurdu ki, qulaq pərdəsi yerindəcə parçalandı və çənə sümüyü sındı.

Düşərgənin yoluxucu xəstəliyə ehtiyacı yoxdur. Ölüm özü düşərgənin canına daraşan yoluxucu xəstəlikdir. Hər neçə vaxtdan bir BƏƏS gücləri sizin ölüm işarəniz üzərinə tuşlanan əsirləri işgəncə otağına aparır və bir az sonra deyirlər: “Beş nəfəriniz gəlin, bir adyalla cənazəsini aparın”.

Nə üçün istəmirsiniz ki, dünya Temmuz və Səlahəddin xəstəxanalarının rəsmi qurbangah olduğunu anlasın. Hansı ki müharibə əsirləri oraya öz ayaqları ilə gedirlər. Jurnalistlərə deyin ki, bu iki xəstəxanada həkimlər hər səhər dərman nüsxəsi əvəzinə xəstəni görmədən ölüm şəhadətnaməsi verirlər.

Onlar yalan və saxta fəzada oynamağa, əylənməyə, çalıb-oynamağa elə qərq olmuşdular ki, sanki hamını və hər şeyi unutmuşdular. Biz də o qədər tamaşaya dalmışdıq ki, hava alma saatında görəcəyimiz su götürmək və s. işləri unutmuşduq. Hələ su götürməyə vaxtımız var idi ki, birdən çəkiliş avadanlığı yüklənmiş iki patrul maşını düşərgəyə daxil oldu. Birinci maşının sərnişinləri bir qrup mülki geyimli və BƏƏS hərbçiləri idilər. Növbəti maşının sərnişinləri isə bir qrup xarici idi. Belə ki öncə yenidən Qırmızı Xaç nümayəndələrinin düşərgəyə gəldiyini düşündük. Onlar düşərgəyə daxil olanda biz yadlarına düşdük. Xatırladılar ki, bizi qəfəslərimizə atmayıblar. Bizi o qədər tələsik qəfəslərimizə atdılar ki, o an səhiyyə qovşağında olan Məryəmi bayırda qoydular. Elə bilirdilər ki, kimsə bu həsir pəyənin arxasında bir qəfəs olduğunu və orada dörd əsir saxlandığını güman etməyəcək. İlk dəfə idi ki, bir qrupun xəbər, reportaj və çəkiliş üçün düşərgəyə gəldiyini görürdük. Ayaqyolu düz həyətin ortasında idi. İndi Məryəm orada ilişib qalmışdı. Ayaqyolunun beton divarlarının arasındakı dəliklərdən bir binokl kimi bütün səhnələri görürdü. Məryəm çəkiliş qrupunun və jurnalistlərin mayor Sübhi, Yasin, Şakir və Əli ilə birlikdə könüllülər və qvardiyaçılar korpusuna doğru getdiyini görəndə ayaqyolundan bayıra çıxdı. Amma jurnalistlər anlamadan öncə gözətçilər onu görüb, cəld qəfəsə atdılar. Hələ Məryəm həyəcanla qurduqları tamaşadan danışırdı ki, könüllülər və qvardiyaçılar korpusundan “Allahu Əkbər” və “Salavat” səsləri yüksəldi. Ardınca qaçaqaç və şüşə sınması səsi gəldi. Çox keçmədən atəş1 açıldı. Sonradan qardaşlardan öyrəndik ki, o atışmada Məhəmməd Rza Şəfiinin gözünə güllə dəymişdir. Bu zalım təşəbbüsə etirazın ardınca ayağını itirmiş yaralı qardaşlardan biri digər iki qardaşla birgə çəkiliş qrupunun Land Cruiser markalı maşınına hücum çəkib, əsası ilə maşının şüşəsini sındırıb. BƏƏSçilərin qurama tamaşasında iştirak edən əsirlərin başı oyun və rol ifa etməyə o qədər qarışmışdı ki, güllə səsi ətrafa yayılandan sonra ətrafda nə baş verdiyini anlamışdılar. Gerçək və sənədli reportaj hazırlamaq üçün hər şey hazır idi. Amma jurnalistlər və kinooperatorlar qorxu və təlaşla zabitlərin həyətinə qaçırdılar. Onlar bir müddət keçdikdən sonra vəziyyətə hakim oldular. Aram fəzada futbol, şahmat və kart oynayan, gəzişən muzdlu əsirləri çəkməyə başladırlar. O gün güllə səsi eşitdikdən sonra qardaşlarımızdan çox nigaran qaldıq. O gün bizim və qardaşlarımızın başına gələn bütün müsibətləri onlara demək istəyirdik. Amma o həsir pəyə mövcud olduğu müddətcə bayıra heç bir yolumuz yox idi. Buna görə də bir səslə fəryad çəkdik:

Biz dörd iranlı əsir qızıq. Bu il əsirliyimizin dördüncü ilini keçiririk. Bizdən müsahibə alın. Qəfəsimizi çəkin. Qəfəsimiz görməlidir.

Biz bu həsirlərin arxasında həbs olunmuşuq.

Allahu Əkbər! Allahu Əkbər!

Hər dəfə jurnalistləri çağıranda onlar səsə tərəf dönüb baxırdılar. Amma pəyəyə baxanda arxasında bir şey görmədikləri üçün baxışlarının istiqamətini dəyişirdilər. Jurnalist qrupunun tərcüməçisi olan mühəndis Zərdbani BƏƏSçilərin onların əsir qızlardan xəbərdar olmaması haqqındakı israrına baxmayaraq, böyük zirəkliklə bizim düşərgədə olduğumuzu onlara çatdırmışdı. Jurnalistlər iraqlılardan soruşurlar:

Bu nə səsdir? Burada qadın da var?

Bunlar dörd məhbus qızdır. Uzun müddət burada olduqları üçün ağıllarını itirmişlər.

Biz onların vəziyyəti və yeri haqqında reportaj hazırlaya bilərikmi?

Yox, onlar gördükləri hər kəsə hücum çəkir, ziyan vururlar. Sizin təhlükəsizliyinizə biz cavabdehik.

Mühəndis Zərdbani deyirdi: “Jurnalistlər hər səsi və şüarı eşidəndə qadınları görməyi daha çox israr edirdilər. Çəkdikləri bütün video reportajlar və xəbərlər saxta idi. BƏƏSçilər jurnalistlərin mümkün qədər tez avadanlıqlarını toplayıb getmələrini, düşərgəni tərk etmələrini istəyirdilər. O gün hər halda jurnalistlər və kinooperatorlar etirazlar nəticəsində şüşələri sınan maşınlarla düşərgəni tərk etdilər. BƏƏSçilər dərhal düşərgəyə tökülüşdülər. Bu dəfə özləri reportaja başladılar. Öncə birinci korpusun yeməyini kəsdilər. İkinci korpus və zabitlər, pilotlar korpusu da birinci korpusa dəstək olaraq yemək almadılar. Bizə xəbər çatdı və biz də yemək almadıq. BƏƏSçilər düşərgənin yekdilliyini və vəhdətini görüb sabahdan bütün korpusların yeməyini kəsdilər.


Yüklə 7,49 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin