İnsan bu dünyada axirət üçün ya nur və bəsirət hazırlayır, ya da zülmət və qaranlıq



Yüklə 28,7 Kb.
tarix01.11.2017
ölçüsü28,7 Kb.
#26552

İnsan bu dünyada axirət üçün ya nur və bəsirət hazırlayır, ya da zülmət və qaranlıq. Əgər bu dünya da kor və nursuz olsa axirət aləmində də kor və nursuz olaraq məhşərə gətirilər.

Qur`anda buyurulur: “Hər kəs (qəlbinin gözü) bu dünyada kor olsa axirətdə də kor və azğın şəkildə məhşur olunar.”1

Mərhum Əllamə Təbatəbai (rizvanullahi əleyh) buyurub: Nəcəfi Əşrəf şəhərində çox abid və zahid bir şeyx yaşayırdı, ona “Şeyx Əbud” deyirdilər. O, Allah övliyalarından, seyri-süluk əhlindən idi. Daim zikr deyər, ibadətlə məşğul olardı. Bə`zi vaxtlar “Vadiyussəlam” qəbiristanlığına gedər, saatlarla orada oturub fikirləşər, bə`zən də gəzişərdi. Xarab olmuş və təzə qəbirlərə diqqətlə nəzər salardı. Bir gün qəbiristanlıqdan qayıtdığı zaman alimlərdən bir neçəsi onunla qarşılaşıb halını soruşur və deyirlər: Şeyx Əbud, “Vadiyussəlam” da nə xəbər var? O deyir: Təzə bir xəbər yoxdur. İsrar etdikləri zaman deyir: Çox qəribə bir məsələ ilə qarşılaşdım. Köhnə və yeni qəbirlər barəsində nə qədər diqqət etdimsə onlarda ilan, əqrəb və əzab vasitələrini görmədim. Qəbirlərin birindən soruşdum: Rəvayətlərdə qeyd olunur ki, qəbirdə meyyitə ilan, əqrəb və sair əzab verən həşəratların vasitəsi ilə işgəncə verilir. Amma mən sizin yanınızda ilan-əqrəb görmürəm. Qəbirdən belə cavab gəldi: Bəli, bizim yanımızda ilan əqrəb yoxdur, siz özünüz dünyadan özünüzlə birlikdə ilan-əqrəb gətirirsiniz və burada sizə onlarla işgəncə verilir.

İnsanın nəfsani və batini həyatı həqiqi və real bir həyatdır. İnsan zatının batinində real bir yolu ötüb keçir: bu yol ya onu səadətə və kamala çatdırır, ya da bədbəxtçiliyə və fəlakətə düçar edir. Onun həqiqi və real həyatı vardır ki, insanın əqidə, əxlaq və əməlləri nəticəsində formalaşır.

Allah-taala Qur`anda buyurur: “Hər kəs izzət istəyirsə (bilməlidir ki, ) bütün izzətlər Allaha məxsusdur. Pak kəlmələr (pak nəfslər) Allaha doğru qaldırılır və saleh əməl də onu yuxarı aparır.”2

Bizim nəfsimizin fe`liyyəti bizim fəaliyyət, iş və əməllərimizin məhsulu olub bizim əqidə, əxlaq, səciyyə, xislət və əməllərimizin vasitəsi ilə formalaşır, onun yaxşı və ya pis nəticəsi də axirət aləmində aşkar olacaqdır.

ÖZÜMÜZDƏN NƏ DÜZƏLDIRIK?


Yüksək (ali) elmlərdə isbat olunmuşdur ki, insan ruhunun yaranması cisimdən başlayır, lakin onun davam edib qalması ruhani yönə malikdir. Yə`ni insanın mələkuti ruhu onun əvvəlki cismani surətindədir ki, tədrici olaraq hərəkət və təkamül edib insani ruhun ilkin (ən aşağı) mərhələsinə yə`ni bil-qüvvə insan mərhələsinə çatır. Hərəkət və təkamül həmin mərhələdə də dayanmır və ömrünün axırına qədər davam edir. Işin əvvəlində mücərrəd, mələkuti və maddi aləmin fövqündə olan bir varlıqdır, lakin tam və kamil mücərrədliyə malik deyildir, öz vücudunun aşağı mərhələsi baxımından cismə və bədənə əlaqəlidir və iki mərtəbəyə malikdir: Onun bir mərtəbəsi maddi olub bədənlə əlaqəlidir, o, maddi işləri görür, buna görə də onun barəsində hərəkət və kamala doğru yönəlmə təsəvvür olunur. Digər mərtəbəsi isə mücərrəd olub maddənin fövqündədir və buna görə də qeyri-maddi işləri görür. Onun bir yönü heyvan və cismani, digər yönü isə insan və mələkutidir. Birdən artıq həqiqət olmamasına baxmayaraq həm heyvani sifət və qərizələrə malik olub heyvani işləri görür, həm də insani sifətlərə və qərizələrə malik olaraq insani işlər görür.

Bu qəribə və barəsində Allah-taalanın “təbarəkəllahu əhsənul-xaliqin” deyə buyurduğu bir varlıq hərəkətin başlanğıcında əvvəlcədən qurulmuş və kamil bir varlıq deyildir; o, tədrici olaraq özünü qurur və pərvəriş verir. Əməl və hərəkətlərdən qaynaqlanan əqidə, fikir, səciyyə və xislətlər insanın vücudunun hüviyyətini yaradır, onu tədrici olaraq kamala çatdırır. Səciyyələr də insan vücuduna ariz olan (sonradan gələn) işlər deyil, sadəcə onun vücud hüviyyətinin qurucusudur.

Maraqlıdır ki, insanın fikir, əqidə və səciyyələri insanın təkcə vücudunda yox, onun “nə olmasında” da tə`sir qoyur. Yə`ni düzgün əqidə və fikirlər, gözəl əxlaq, xislət və saleh əməl nəticəsində yaranan səciyyələr tədrici olaraq insanı kamal mərhələlərinə yönəltdiyi, onu insaniyyətin kamil mərtəbəsinə və ilahi qürb məqamına çatdırdığı kimi, cəalət, batil əqidələr, rəzil əxlaq, səciyyə və çirkin işlər nəticəsində yaranan qəsavətlər insanın ruhunu zəiflədir, onu tədricən heyvaniyyət mərhələsinə endirir, nəhayət o, heyvaniyyətin qaranlıq və zülmətli vadisinə süqut edir. Heyvani xislət və səciyyələrin ona nüfuz edib möhkəmlənməsi, cəhalət və qəsavətin onun batini zatında yerləşməsi nəticəsində bir heyvan surətinə düşür.

Onun zatı doğrudan da heyvan olur və heyvani şəxsiyyətə malik olur. Artıq o insan deyil, bir heyvandır, hətta heyvandan da aşağı səviyyəlidir, insaniyyət yolu ilə heyvana dönmüş bir varlıqdır. Zahirdə bir insan kimi yaşamasına baxmayaraq batində heyvan olmuşdur, lakin bunu dərk etmir. Heyvanın heyvan olması onun zahiri görkəmləri və quruluşları ilə deyil, onlarda olan heyvani nəfslərin varlığı, heyvani meyllər və qərizələrə qeydsiz-şərtsiz tabe olmaqladır. Canavar xüsusi formada olduğuna görə canavar deyil, əksinə onun yırtıcılıq xüsusiyyətinə, bu kimi qərizələrə qeydsiz-şərtsiz tabe olmasına, əql qüvvəsindən məhrum olduğuna görə canavar sayılır. Əgər bir kəsdə yırtıcılıq xüsusiyyəti qələbə çalaraq onun əql gözünü, bəsirətini kor etsə həmin şəxs batində doğrudan da çöldə yaşayan canavarlardan qat-qat yırtıcı olan canavara çevrilmiş olur. Çünki öz əql qüvvəsini və dərrakəsini yırtıcılıq xüsusiyyətinin xidmətinə vermiş olur. Bə`zi şəxslər elə cinayətlərə mürtəkib olurlar ki, hətta çöldə yaşayan canavarlar belə heç vaxt bu kimi cinayət işləri görməz. Belə bir şəxs canavar deyildirmi? Əlbəttə ki, canavardırlar!, lakin özləri bunu dərk etmir, başqaları da onları insan kimi təsəvvür edirlər. Qiyamətdə, insanların batinin aşkar olduğu bir gündə, gözlərin önündən pərdələr qaldırıldığı zaman onların batinləri aşkar olacaq və mə`lum olacaqdır ki, behişt canavarların yeri deyildir, canavar Allah övliyaları və Allahın saleh bəndələri ilə bir yerdə ola bilməz. Insaniyyət yolu ilə canavara çevrilən belə bir şəxs cəhənnəmin qaranlıq və zülmətli mühitlərində əzaba layiq görülməlidir.

Deməli insan özünün gələcək şəxsiyyətini elə bu dünyada qurmalıdır: ya insan olaraq Allah dərgahına müqərrəb olan mələklərdən də yüksək bir məqama çatır, ya da batində müxtəlif heyvanlar surətinə düşür. Bu məsələ həm ali elmlərdə isbat olunmuşdur, həm Allah övliyaları kəşf və şühudla bunu gördüklərini demişlər, həm də Peyğəmbəri Əkrəm (s) və mə`sum imamlar – yə`ni həqiqi insanlar bu barədə xəbər vermişlər.

Peyğəmbəri Əkrəm (s) buyurub: “Insanlar qiyamətdə elə surətdə məhşur olub gələcəklər ki, meymun və donuz surətləri onlardan qat-qat yaxşıdır.”3

Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə) fasiq və əxlaqsız bir alim barəsində buyurur: “Onun surəti insan surətidir, lakin qəlbi heyvan qəlbidir. Hidayət yolunu tanımır ki, ona tabe olsun, azğınlıq yolunu bilmir ki, ondan çəkinsin. Belə bir şəxs dirilər arasında olan ölüdür.”4

İmam Cə`fər Sadiq (ə) buyurub: “Təkəbbürlü şəxslər qarışqa surətinə düşər və camaatın hesabı sona çatana qədər məhşər əhlinin ayağı altında tapdalanarlar.”5

Allah-taala Qur`anda buyurur: “Və izəl-vuhuşu huşirət” yə`ni o zaman (qiyamət günündə) vəhşi heyvanlar məhşur olar.”6

Müfəssirlərdən bə`ziləri bu ayənin təfsirində demişlər ki, “vəhşilər” dedikdə qiyamətdə heyvan surətində dirilən vəhşi insanlar nəzərdə tutulur, çünki heyvanların təklifi yoxdur və onlar qiyamətdə dirildilməzlər.

Qur`anda buyurulur: “Həqiqətən bu gün sizin ayrılıq gününüzdür; elə bir gündür ki, sur çalınanda siz dəstə-dəstə gələrsiniz.”7

Bə`zi müfəssirlər bu ayənin mə`nasında demişlər ki, qiyamətdə insanlar bir-birindən ayrılar, hər kəs özünün batini surəti ilə eyni surətdə olanlarla birlikdə məhşur olar.

Həmin ayənin təfsirdə Peyğəmbəri Əkrəm (s) -dən qəribə bir əhvalat nəql olunmuşdur. Məaz ibni Cəbəl deyir: Peyğəmbəri Əkrəm (s) ”Yovmə yunfəxu fissuri fətə`tunə əfvacən” ayəsinin təfsirində buyurdu: Ey Məaz! Çox böyük bir məsələ barəsində soruşdun! Bu halda Peyğəmbərin göz yaşları axmağa başladı, sonra buyurdu: “Mənim ümmətimdən on dəstə başqaları ilə fərqlənən müxtəlif surətlərdə məhşur olacaqdır: Bə`ziləri meymun surətində, bə`ziləri donuz surətində, bə`ziləri başları yerdə, ayaqları isə göydə hərəkət edən halda, bə`ziləri kor və sərgərdan, bə`ziləri kar və lal halda olub heç nəyi dərk etməz, bə`ziləri dillərini çeynəyir, ağızlarından çirk və qan axır və (bütün) məhşər əhli onlara nifrət edir, bə`zilərinin əlləri və ayaqları kəsilmişdir, bə`ziləri oddan olan budaqlarda divara çəkilmiş haldadır, bə`ziləri üfunətli heyvan ölüsündən də pis iy verir, bə`ziləri bədənlərinə misdən olan paltarlar geymiş və bu da bədənlərinə yapışmış olar.”

Sonra buyurdu: Meymun şəklində gələnlər söz aparıb-gətirənlər, sözgəzdirənlərdir. Donuz surətində məhşur olanlar rüşvət alanlar və haram mal yeyənlərdir, kəlləsi üstə hərəkət edənlər riba yeyənlərdir, kor gələnlər qəzavət və mühakimədə zülm edənlərdir, kar və kor olanlar rəftarlarında xudpəsənd oulb özünü bəyənənlərdir, dillərini dişləyənlər əməlləri sözləri ilə uyğun olmayan alim və qazilərdir. Əlləri və ayaqları kəsilmiş halda gələnlər qonşularına əziyyət vermiş olanlardır. Oddan olan budaqlardan asılan kəslər insanların hüzurunda camaatdan siayət edərlər. Üfunətli iyləri olan şəxslər dünyada həvayi-nəfsə uyan, ləzzətlərin ardınca gedib öz mal-dövlətlərindən Allah haqqını verməyənlərdir. Bədənlərində misdən paltar olanlar təkəbbürlülər və lovğalardır.”8

Deməli, əxlaqi işləri əhəmiyyətsiz və kiçik hesab etmək olmaz; onlar çox mühüm və insan müqəddəratını həll edən işlər olub insanın batini şəxsiyyətini və nəfsani həyatını qurur və hətta onun nə olmasında tə`sir qoyur. Əxlaq elmi təkcə “necə yaşamağı” deyil, “necə olmağı” da öyrədir.



1 “İsra” surəsi, ayə…72

2 “Fatir” surəsi, ayə…10

3 “Qurrətul-üyun”, səh.279

4 “Nəhcül-bəlağə”, 87-ci xütbə

5 “Biharul-ənvar”, 7-ci cild, səh.201

6 “Təkvir” surəsi, ayə…5

7 “Nəbə” surəsi, ayə…18

8 “Məcməul-bəyan”, 10-cu cild, səh.423, “Ruhul-bəyan”, 10-cu cild, səh.299, “Nurus-səqəleyn”, 5-ci cild, səh.493

Yüklə 28,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin