Yeddinci fəsil Mosul və Ənbər düşərgəsi
Şəkil və üzərində “Mən sağam” yazılan mavi məktub bir-birinə yapışdırılıb, ər-Rəşid xəstəxanasından Qırmızı Xaç vasitəsilə İran Qırmızı Aypara cəmiyyətinə göndərildi. Mənim, Məryəmin və Həlimənin ailələrimizdən xəbərimiz yox idi. Human bəyə dedik:
- Biz evimizin adresini bilmirik. Məktublarımızı hansı adresə göndərək?
- Sizin evləriniz müharibə bölgələrində olub, məktublarınızı Qırmızı Ayparaya göndərin, - dedi.
Qırmızı Xaç heyətinin üzvlərindən biri dedi:
- Siz qeydiyyata düşmək və Qırmızı Xaçla görüşmək üçün olmazın əzablar çəkmisiniz. Söz verin ki, həkimin nəzarəti altında ilk və ən yumşaq yeməyi yeyəcəksiniz. Sağlamlıq sizin üçün çox önəmlidir. Heç şübhəsiz, ailələriniz də İranda sizi gözləyirlər.
Şəkil və məktub büsatı yığışdırıldı. Dedilər ki, iranlı müharibə əsirləri üçün hədiyyə göndərilib. Dördünüz də ondan istifadə edə bilərsiniz. İlahi Qomşeinin tərcüməsilə Quran kitabı bizim üçün ən dəyərli hədiyyə idi ki, o qürbətdə bizi sağ saxlaya bilər və bizə yeni həyat bəxş edə bilərdi. Dördümüz də Quranın ətrafında dövrə vurduq və üstünə əl çəkdik. Quranı görüb qeyri-ixtiyari iki illik qəhərimiz sındı. Göz yaşlarımız aram və səssiz Quran cildinin üzərinə axırdı. Heyrətlə soruşdular:
- Bu nə kitabıdır?
Göz yaşlarımız danışmağa macal vermirdi. Özləri öz suallarına cavab verdilər:
- Allahın kitabıdır, İncil kimi.
İstədim deyim ki, hidayət kitabıdır. Amma gördüm yox, həm də müjdədir. İstədim deyim ki, səadət kitabıdır, gördüm yox, həm də hekayətdir. İstədim deyim ki, bu Qiyamət kitabıdır. Gördüm yox, həm də həyat kitabıdır. İstədim deyim ki, bu axirət kitabıdır. Gördüm yox, həm də dünya kitabıdır. Dedim, bu kitab ümumiyyətlə hər şeydir. Əgər illərlə burada Quranla qalsaq, artıq tək qalmayacağıq. Bizim Qurandan aldığımız fayda bizi daim sağ saxlayacaq. Biz, Allaha ümid və təvəkkül edərək zindan müdiri Davudun dediyinə görə ömrünüzün sonunadək qalmalı olduğumuz qazamatdan xilas olduq. Bəli, Allahın istəyi hər şeyə hakimdir.
Qırmızı Xaçın üzvləri növbəti dəfə görüşmək ümidi ilə bizdən ayrıldılar. Dedilər ki, İraq dövlətindən tam sağalana qədər xəstəxanada qalmağınızı istəmişik. Siz də həkimin göstərişlərinə diqqət edin. Heç birinizin fiziki vəziyyəti digərindən yaxşı deyil. Mədə və bağırsaq qanaxmasına da yoluxmuşduq. Yemək yeyən kimi – hətta yüngül yemək də yeyən kimi qan qusur və ya qan ifraz edirdik. Bu, bizim zəifliyimizi və gücsüzlüyümüzü daha da artırırdı. Yeməklər əl dəymədən geri qayıdırdı. Həmin qida serumları ilə özümüzü daha yaxşı hiss edirdik.
Sanki dünyaya yeni göz açmışdıq. Pəncərənin arxasından yalnız xəstəxananın bağı görünürdü. Nə qədər dərindən və dəqiq baxırdıqsa, hər şeyi daha da gözəl görürdük. Günəşin çıxıb-batması mənim üçün daha ürəyəyatan idi. Sanki ilk dəfə idi ki, qızılgül görür və ya budaq üzərinə qonan bir quşun səsini eşidirdim. Yağış damlalarının şüşəyə çırpılması qulağa o qədər xoş gəlirdi ki, yatmaq və o səsdən məhrum olmaq istəmirdim. Mənə əzab verən yeganə şey hələ zindanda olan qardaşlarımın çəkdiyi acı idi. Bilmirdim, bizim vəziyyətimizdən xəbərləri var, ya yox. Daim düşünürdüm ki, onları oradan necə xilas etmək olar.
Xəstəxanada olduğumuz müddətdə adətən həkim müalicə, tibb bacısı serumu dəyişmək və bəzən də xidmətçi qadın otağı təmizləmək üçün gəlirdi.
1983-cü ilin xordad ayının əvvəlləri idi. Xidmətçi otağımızı təmizləməyə gəlmişdi. Böyük qorxu və ehtiyatla paltarının altından kiçik bir Məfatihül-cinan kitabını çıxartdı və onu gizlincə mənə hədiyyə etdi. Çarpayının və tumbonun üstünə parça atan halda qələbə işarəsi göstərdi. Bu işarə bizim qələbəmizdən xəbər verirdi. Amma nə qədər soruşduqsa da ki, məqsədin nədir, susur və gözlərini bizdən çəkmirdi. Ona başağrısı yaratmaq istəmədiyimiz üçün həmin hədiyyə və qələbə işarəsi ilə kifayətləndik. Get-gəllər çoxalmışdı. Çox sayda yaralı gətirir və aparırdılar. Amma biz hələ də qapalı və qapısında gözətçi dayanan otaqda həbsdə idik. Bəzən yaralanan və ya yaralılarla görüşə gələn yüksək rütbəli BƏƏS zabitləri xəbərsiz otağa daxil olurdular ki, bizi yaxından görsünlər. Biz sərgi gəlinciklərinə dönmüşdük.
Qırmızı Xaç nümayəndələri ilə ikinci görüşümüzdə əzbərlədiyimiz bütün qardaşların adlarını onlara verdik. Zindanın çətin və ağır şəraitini onlara üstüörtülü anlatdıq. Əsirlər düşərgəsinə getmək üçün aclıq etdiyimizə görə, BƏƏSçilərin bizi sağalandan sonra yenə zindana göndərəcəklərindən nigaran idik.
Dedilər:
- Bu əsir nömrə nişanı sizin üçün dəyərlidir. Siz bu nömrəni əldə etmək üçün çox əzaba, çətinliyə qatlaşmısınız. Əmin olun ki, zindana geri dönməyəcəksiniz. Amma düşərgənin qida və sanitar şəraiti çətindir. Hələ ora getməyə qadir deyilsiniz.
Onlardan istədik ki, artıq kiminsə tamaşa və ya sorğu-sual üçün bizim yanımıza gəlməsinə icazə verməsinlər.
İki aydan, fiziki vəziyyətimiz düzələndən və artıq adi yeməklər yeyə biləndən sonra bir kisə dava-dərmanla təhlükəsizlik maşınında ər-Rəşid xəstəxanasını tərk etdik.
Altı saatdan sonra hündür hasarların əhatə etdiyi həyətə girdik. Həyətin dörd bir yanındakı gözətçi qüllələri Əlibaba və qırxquldur nağılının qorxunc Bağdad zindanlarını xatırladırdı. Çox böyük giriş qapısı var idi. Giriş dəhlizi, həyəti və daxili divarları möhkəm dağ daşlarından inşa edilmişdi. Düşərgə iki mərtəbə idi. Hər mərtəbədə iki yataqxana var idi. Hər yataqxanada yüz yetmiş əsir yaşayırdı. Hər yataqxananın qarşısında uca sərv ağacları olan kiçik həyət var idi ki, bizi az da olsa düşərgə və zindan fəzasından uzaqlaşdıra bilirdi. Bizi müşayiət edən gözətçi əsirlər düşərgəsinə gəlmək həvəsimizi bilirdi. Qapını açdı və dedi:
- Bu, əsirlər qəfəsidir.
Qəfəs sözü düşərgə anlayışını daha ağır və qorxunc edirdi. Tikanlı tellərdən və uca qalalardan ibarət bir bina təsəvvürü yaradırdı. Nənənin nağıllarından birini xatırladım. O nağılda gözəl bir qız hündür və əlçatmaz divarları olan qalada həbs olunmuşdu. Maşından düşən kimi birbaşa düşərgə komandanının otağına apardılar. O, özünü Nəqib Əhməd kimi təqdim etdi və dedi:
- Bura Mosul əsirlər qəfəsidir və öz qanunları var. Siz kişi əsirlər bayırda olanda kameradan bayıra çıxmamalısınız. Digər əsirlərlə danışmaq qadağandır. Əgər bir istəyiniz olsa, iraqlı gözətçidən istəyin. O, sizin qardaşınız kimidir.
Düşərgə haqqında müharibə filmlərində gördüyümdən başqa aydın təsəvvürüm yox idi. Yalnız bunu bilirdim ki, bütün müharibə əsirləri düşərgədə saxlanılırlar. Maraqla digər əsirləri görməyi gözləyirdim. Amma üzümü hara döndəridimsə, yalnız qırmızı və qara papaqlı kök və qıvraq BƏƏS güclərini görürdüm. Həyətdə var-gəl edirdilər. Nəqib Əhməd və digər üç əsgər düşərgəyə daxil oldular. Həyətdə kimsə yox idi. Heç bir səs eşidilmirdi. Bütün əsirləri yataqxanaların içinə aparmışdılar. Nəqib Əhməd düşərgəni bizə göstərmək istəyirdi.
Kameralara yaxınlaşanda bütün pəncərələrin arxasından yalnız qabarıq yanaqlar, çökəyə düşmüş gözlər və qırxılmış üzlər görünürdü. Üzlər hamısı bir-birinə bənzəyirdi. Bir-birlərinin belinə və başına elə çıxmışdılar ki, bədən və boğazları görünmürdü. Qeyri-ixtiyari kameralara yaxınlaşdım. Çöhrələr hətta göz də qırpmırdılar. Gözlər bizim gözümüzə baxmağa həya edirdi. Amma baxışlarını da gizlədə bilmirdilər. Nə qədər yaxına getdimsə, hər dəfə qabağa addım atanda elə bil minalanmış zonaya daxil olurdum. Nəqib Əhməd çığırırdı:
- Qabağa getməyin!
Gözəl və unudulmaz səhnələr idi. Əmin olmaq istəyirdim ki, gördüyüm şəkil və təsvir deyil, yuxu və xəyal deyil. Oda əl atıb, istiliyini hiss etmək, od olduğuna inanmaq istəyən uşaq kimi yenə iki addım qabağa getdim. Onlara nə qədər yaxın gedirdimsə, baxışlarında özüm haqqında daha aydın təsvir görürdüm. İşarə barmağımı cəld pəncərəyə doğru uzatdım. Pəncərənin şüşəsinə toxundum. Suya düşən təsvir kimi idi. Ona birdən bir daş düşür və təsvir gözlərinin önündə tərpənməyə başlayır. Bütün bədənsiz və boğazsız üzlər əsməyə başladı və tərpəndi. Anladım ki, onlar şövqdən susmuşlar. Radio düyməsini basırmışam kimi birdən ardarda salavat çevirməyə və öncədən məşq edib hazırladıqları çox gözəl nəğməni oxumağa başladılar. Səs bir pəncərədən kəsilir, digər pəncərədən başlayırdı. Heç bir hərbi orkestrin bu qədər intizamlı olduğunu görməmişdim. Bir-birimizdən o qədər təsirlənmişdik ki, oxuyarkən ağlayır və paltarlarının qolu ilə göz yaşlarını silirdilər. Biz də onlarla ağlayır, bəzən təşəkkür üçün gülümsəyir, əlimizi və başımızı tərpədirdik.
Nəqib Əhməd o fəzanın təsiri altında donub qalmış, fəqət tamaşa edirdi. Vəziyyət nəzarətdən çıxmışdı. Düşərgənin xəstəxanasındakı yataqxananın yanından keçdik. Amma Nəqib Əhməd yataqxanaya daxil olmağa icazə vermədi.
O qəfəsdə səbirsizliklə, əsir edilən digər quşların bayıra çıxmasını gözləyirdik. Amma BƏƏSçi gözətçinin daim orada olması pəncərə arxasındakı təsviri zədələyirdi və biz çarəsiz qalıb pəncərədən uzaqlaşırdıq. Bizim kameramızdan qardaşlarımızın üzünə bir pəncərə açılırdı. Yataqxananın pəncərəsinin qarşısında yaşıl bağça var idi. Orada tərəvəz və göyərtilər əkilmişdi. Bu mənə uşaqlıq oyunlarımı xatırlatdı.
Nəqib Əhməd bir daha gözətçi əsgər və tərcüməçi ilə kameraya girdi və yenidən qadağalar ensiklopediyasında nəzərindən yayınan bir neçə məqamı xatırlatdı:
- Sizin heç bir adla, heç bir şərtlə digər əsirlərlə söhbət etmək, hətta salam vermək səviyyəsində ünsiyyət qurmaq haqqınız yoxdur. Yalnız şərəfli gözətçi və qardaşınız olan Ədnan sizin üçün nahar və şam yeməkləri gətirəcək. Zəruri hallarda səhiyyə qovşağından istifadə üçün kameranın qapısını açacaq. Siz pəncərəinin arxasından bayıra baxa bilməzsiniz. Bu gün qarşılamaa mərasimi, salavat və nəğmə oxumaq səbəbilə bütün əsirlər qəfəsdə qalacaq və tənbih olunacaqlar.
Bu xatırlatmalar və pəncərəni yox hesab etmək bizə gülməli və qeyri-mümkün görünürdü. Çünki biz təhlükəsizlik təcridxanasının qara divarlarını heç bir təlim görmədən Morzü metodu ilə dilə gətirmiş və son korpusa qədər müəyyənləşdirmişdik. Qapının altındakı mərci boyda dəlikdən bir ümman xəbər almışdıq. Ona dedim:
- İndi ki belədir, o zaman Ədnan da bizim pəncərəmizdən içəri baxa bilməz.
Qərara alındı ki, iki mələfə ilə pəncərəni örtsünlər və ətrafı tamamilə qapasınlar ki, Ədnan artıq kameranın içini görə bilməsin.
Başının işarəsi ilə anlaşıldığını bildirdi və kameranı tərk etdi. Amma qardaşlar elə ilk gün təntənəli qarşılama mərasimi ilə Nəqib Əhmədin, Ədnanın və başının dəstəsinin dərsini vermişdilər. Heç şübhəsiz, özlərini də kötəklənməyə hazırlamışdılar. İlk gün Nəqib Əhmədin tapşırdığı kimi keçdi.
Həmin günün səhəri qardaşların kamerasının qapısı açılanda biz maraqla pəncərənin arxasına getdik. Bu gün qardaşlarımızın dünən çərçivəyə salınıbmış kimi şüşəyə yapışan üzlərini əzablı bədənlərində gördük. Amma necə! Görür və göz yaşı tökürdük. Görür, qəmlənirdik. Bənizlər saralmış, yanaqlar qabarmış, gözləri çökəyə düşmüş, sümükləri üzərində ət və piy qalmamış, eyni rəngli və eyni formalı paltarlarının içində itən qarınları kürəklərinə yapışmışdı. Qardaşların hamısının saqqalını ülgüclə qırxmışdılar ki, öz xəyallarınca onların yeganə bağışlanmaz günahı olan Xomeyni keşikçisi (pasdar) olmasının kökünü qurutsunlar. Bəziləriin əynində sürməyi kombinezon var idi və beton tökürdülər. BƏƏSçilər onları məcburi işlədirdilər. Nə qədər çox baxırdıqsa, qardaşlar arasında daha az fərq görürdük. Əsirlik dözülməz acı idi ki, hamımız birlikdə çəkir və onda şərik idik. Bu ağrı-acı hamını bir rəngə və bir görkəmə salmışdı. Günortaya yaxın Ədnan kameraya girdi və dedi:
- Nəqib bir əsirin bir neçə dəqiqəlik sizinlə danışmasına icazə verdi.
Bir saatdan sonra əzablı və sümükləri çıxmış ortayaşlı və ortaboylu, amma nurani və gülərüzlü bir kişi dodaqlarında təbəssüm, çiynində bir kisə otağa daxil oldu və dedi:
- Mən Əliəkbər Turabiyəm. Qardaşlar Nəqib Əhmədə təzyiq göstəriblər ki, iranlı qardaşlardan biri təhlükəsizlik şəraitində bir neçə dəqiqə sizinlə söhbət etsin. Bu işi mənə həvalə etdilər. Bu kisə bayırdakı bağın göyərtiləri ilə doludur. Qardaşlar zəhmət çəkib, sizin üçün göndəriblər.
Hacağa Əbu Turabini görməklə ürəyimizə ümid nuru saçdı. Vücudumuzu hədsiz sevinc və həyəcan bürüdü. Necə təşəkkür edəcəyimizi bilmirdik. O, bizi özündə və digər qardaşlarda olan mərdlik və igidliklər qurd xarakterli zalımlardan qorumaq istəyirdi. O, soruşdu:
- Nə üçün sizin paltarlarınız köhnə və bu qədər yamaqlıdır?
- Bu öz paltarlarımızdır, - dedik. Əsir olduğumuz ilk gündən əynimizdədir. Hələ iraqlıların əsir paltarını əynimizə geyinməmişik.
Bu sözü eşidib, göz yaşlarını saxlaya bilmədi.
Ədnan Əbuturabi qardaşın göz yaşlarını görüb, dedi:
- Vaxt bitdi.
Seyid Əliəkbər Əbuturabi qardaş ondan hörmətlə bir neçə dəqiqəlik əlavə vaxt istədi və dedi:
- Mənim Qırmızı Xaçın vasitəsilə sizin haqqınızda müəyyən qədər məlumatım var. Sizin şücaət və iffətiniz bizim başımızı uca edib və qamətimizi dikəldib. Sizin o zindanlarda çəkdiyiniz əzab bizi utandırdı və artıq əzabdan nalə çəkmədik. Amma bacılar, mənə bir sualı soruşmaq tapşırılıb və cavabını qardaşlara verməliyəm. Biz namusumuzu qorumaq üçün buradayıq. İşgəncə görür, səbir edir və Allahdan mükafatımızı alırıq. Əgər bu iki ildə sizə əl uzanıbsa, müharibənin və iraqlıların müqəddəratı elə burada həll olunmalıdır. İffət və həyasını qorumaq üçün axmayan qanın merbrominlə heç bir fərqi yoxdur.
- Allaha şükür, bu vaxta qədər Allahın amanında olmuşuq, - dedik.
- Mənə inanın. Mən sizin qardaşınızam. Sizə olunan bütün zülmlərə görə utanc hissi keçirirəm.
- Ananız Zəhranın (ə) ismətinə and olsun ki, yalnız Allah bizə rəhm etmişdir. Bir tikə loğma kimi qurdun ağzında fırlanırdıq. Amma qurd loğmanı yerə qoymağa qorxurdu ki, başqa qurda qismət olmasın.
- Dəyərli seyid yenə ağladı. Amma bu dəfə hönkürərək ağladı.
Sanki seyidin göz yaşları Ədnanın gülləsi idi. Atılır və vaxtın bitdiyini elan edirdi. Seyid hörmətlə dedi:
- Fəqət bir dəqiqə.
- Demişdin onlara yalnız göyərti vermək istəyirəm. Amma on dəqiqədir oturub, rövzə oxuyursan.
Seyid israr etmədi. “Əlhəmdu lillah, Subhanəllah, la hovlə və la quvvətə illa billah” zikrini deyərək bizimlə xudahafizləşdi.
Seyidin və qardaşların sual və nigarançılıqları haqqında düşünəndə düşərgəyə girərkən gözlərində gördüyümüz işığı xatırladım. O sümükləri çıxmış və əzablı simaların arxasında özünü ərəb igidi hesab edən Səddamı iqtidardan zillətə çəkən əzəmət və iqtidar var idi.
Göyərti kisəsinin ağzını açanda gördük ki, bağçanın bütün göyərtilərini yığıb, bizə veriblər. Zəhmət və sevgi ilə göndərdikləri töhfəni geri qaytarmaq istəmirdik. Özümüz üçün mələfədən düzəltdiyimiz arxa otağa keçdik. Həlimə baş örtüyünü açdı. Bütün göyərtiləri baş örtüyünün üstünə boşaltdı və dedi:
- Uşaqlar bu, öz qardaşlarımızdan aldığımız ilk hədiyyədir.
Qardaşların təmizlədiyi göyərtilərə tək-tək baxırdıq. Bu qədər sevgi və fədakarlıqdan zövq alırdıq. Birdən göyərtilərin arasında gözümüz bükülmüş bir kağıza sataşdı. Kiçik və büzüşmüş kağızı açdıq. Kağızda yazılmışdı: “Xürrəmşəhr azad oldu”.
Sevincimiz yerə-göyə sığmırdı. Bilmirdik, necə sevinək ki, Ədnan xəbər tutmasın. Bir-birimizi qucaqladıq və şükür namazı qıldıq. Yaxşı öyrəndiyimiz ürəkdən xırda-xırda ağlamaq kimi xırda-xırda güldük. Birlikdə güldük və ağladıq. Heç bir xəbər bizi bu qədər sevindirə bilməzdi. Çünki dünya bütün gücünü və qüdrətini Səddamın qollarına tökmüşdü. Bu müharibənin hər bir guşəsini bir ölkə çiynində daşıyırdı. Hərçənd, bizim orada olmağımız yalnız Xürrəmşəhri azad etmək üçün deyildi. Amma Xürrəmşəhri geri almaq Səddamın, İran və İnqilab əleyhinə müharibə başladanların rüsvay olması üçün yaxşı bir sənəd idi. Biz bilirdik ki, Xürrəmşəhr və Ərvəndrud müharibənin və qan tökülməsinin başladılması üçün bir bəhanədir. Elə bir bəhanə ki, yalnız sadəlövh bir uşağı aldada bilər. Xürrəmşəhrin geri alınması Səddamın və BƏƏS partiyasının bütün iqtidarını sarsıtmışdı. Səddam bütün çıxışlarında Xürrəmşəhri Şəttül-Ərəbin mirvarisi adlandırırdı. Deyirdi ki, Xürrəmşəhr Bəsrənin üzərinə yaslandığı yastıqdır. Özlüyümüzdə deyirdik: “Əsgərlərimiz gör nə qədər güclüdür ki, yastığı Bəsrənin başının altından çəkdilər. Çox yaxşı oldu ki, artıq iraqlı əsgərlər Xürrəmşəhrdə sərbəst hərəkət edə bilmirlər. Atıq İraq radiosu öz şəhərlərindən biri kimi Xürrəmşəhrin hava durumun efirə verə bilməz”.
O gün nahar əvəzinə yalnız fəxr və qürurla xoşxəbər göyərti yedik. O gündən sonra hər an yeni göyərti intizarında idik. Əlbəttə, bir kisə yox. Hərçənd, bilirdik ki, bu böyüklükdə xəbəri bizə yalnız bir kisə göyərti çatdıra bilər. Nəqib Əhmədin görməyi ysaqladığı yaralı qardaşları görmək üçün səbirsizlənir və çıxış yolu düşünürdük.
Bir gün nəfəsliyin arxasında boyu Ədnanın belinə çatan nisbətən azyaşlı bir oğlanın onun əl-ayağına dolaşdığını gördük. Oğlanın kiçik əlləri ilə Ədnanın geniş əlləri arasında bir qutu üstündə çəkişmə gedirdi. O, qutudan asılmış, xahiş və iltimas edir, Ədnan isə təpik vurur, hədələyir və qutudan bir şey götürüb, ağzına atırdı. Çox istəyirdim ki, pəncərəni sındırım və gücümü o oğlanın gücünə qatım. Amma qapı və pəncərə üzümüzə bağlı idi. O oğlan uşağını görmək bizim üçün çox qəribə və heyrətamiz idi. Amma necə olursa olsun, əynində əsir qardaşların paltarından var idi. Məryəm dedi:
- Bax, bax, bizə tərəf gəlirlər.
Bizə yaxınlaşdıqca oğlan uşağı daha da sevinir, gülür və güclənirdi. Belə ki kameramızın qapısına yaxınlaşanda qutunu Ədnanın əlindən qapdı. Dördümüz də pəncərənin qabağına gəldik ki, görək nə olub. Otağın qapısı açıldı. Oğlan dedi:
- Mənim adım Qəmbərdir. Xəstəxananın yaralı uşaqları sizin üçün kompot göndəriblər. Onlar bilirlər ki, siz də iki ay xəstəxanada yatmısınız. Sizə baş çəkməyə gələrdilər, amma bağışlayın. Bu qutu dolu idi, yolda boşaldı.
Görkəmli seyid hacağa Əbuturabinin düşərgədə olması vəziyyəti yumşaltmışdı. Hətta iraqlılar da onun baxışının və davranışının əzəmətini anlayırdılar. Öz əbasını hamının başına çəkmiş, hamını əbasının altına almışdı. Amma əvəzində öz başı bütün qəlpələrin və ağrı-acıların hədəfində idi. O, acı çəkən, amma təskinlik verən böyük bir insan idi. Sanki yer üzündə Allahın bir parçası idi.
Ədnan yalnız ilk gün otağımıza yemək gətirdi. Amma bizim israrımızla növbəti günlər yeməyi Ədnanın müşayiəti ilə iranlı bir əsir gətirirdi. Tam təsadüfi anlamışdıq ki, qardaşlar yeməklə yanaşı verilən bir düşərgəyə yetəcək əlavə şeyləri bizim plovumuzun üstünə qoyur və heç bir vəchlə bizə az yemək verilməsinə razı olmurdular. Onlar ailələrinə göstərə bilmədikləri bütün qayğıları bizim kameramıza yönəldirdilər. Belə ki iraqlılar həsrətlə bizim yemək qablarımızı bir-birlərinə göstərirdilər.
Bir gün səhər düşərgə qarışıq və qələbəlik idi. Yataqxananın qapısını açmırdılar. Deyirdilər ki, İraqdan sizə vəz vermək üçün etiqad qrupu gəlir. Səhər yeməyi, hava almaq, su, hamam, yemək hamısı moizələrə yaxşı qulaq asmaqdan asılı idi. Bir saat sonra bütün kameraların qapısını açdılar və hamını bayırda sıraya düzdülər. Bizə də pəncərənin arxasından qulaq asmağı tapşırdılar. Məktəb uşaqları kimi hamının əli önündə, baxışları qabağa, göz qırpmadan otursun.
Etiqad və mədəniyyət qrupu düşərgəyə daxil oldu. Davamlı olaraq xatırladırdılar ki, pambıqları qulaqlarınızdan çıxarın və yaxşı qulaq asın ki, hidayət olasınız. Kim nəsihətlərə yaxşı qulaq asmasa, falaqqaya bağlanacaq. Uşaqlardan biri soruşdu:
- Dərsi anlamasaq, sual soruşa bilərikmi?
- Sual soruşan da falaqqaya bağlanacaq, - deyə BƏƏSçilərdən biri ala-yarımçıq fars dilində cavab verdi.
Çox şirin dərs idi. Sual soruşmadan yalnız qulaq asırsınız, yoxsa sizi falaqqa gözləyir.
Müəllimin kim olduğunu bilmirdik. Amma görünür, qardaşlar öncə də bu əxlaq dərslərini görmüşdülər. Bizi maraq bürümüşdü. Amma bütün qardaşların ağzı gülüşlə dolu idi. Düşündüm ki, yəqin bu xəstəxanada bizə nəsihət verən həmin qızıldiş şeyxdir. Nəhayət şeyx uşaqların yanına daxil oldu. Sağ və solunda iki nəfər onu qoruduğu və bu qədər söz dinləməyən əsirin onun söhbətini dinləməyə yığıldığı üçün sevinirdi. Gözlərimi ovxaladım. İnana bilmirdim. Donub qalmışdım. Özlüyümdə deyirdim: “Yəni, düz görürəm?! Heyrət! Şeyx Əli Tehrani!
Şeyxin sözləri həm eşitməli idi, həm görməli. Amma anlamalı deyildi.
O deyirdi: “Şübhəsiz, Allah sizi sevib ki, cənab Prezidentin ziyafət süfrəsinə dəvət edib. Allah bunu edib ki, siz bu müsəlmanları düşmən sanmayasınız. Bunlar namaz qılır, oruc tuturlar. Bunlar sizin qardaşlarınız, ev sahiblərinizdir. Siz bir islam ölkəsinə gəlmisiniz. Kərbəla və Cənnətin açarı buradadır. Siz İslam dininin anlamayanlara aldanmısınız. Məsud Rəcəvi sizə qucaq açmışdır. İran İslam Sisteminin işi bitmişdir və son nəfəslərini çəkir. Siz özünüzü və ailənizi düşünün. Allah yolu mücahidlərinin əlində olan ilahi ipə sarılın”.
Özlüyümdə dedim: “Əcəb dəli şeyxdir! Şeyxə nə deyiblər ki, boş-mənasız danışır? Qəribə dünyadır. Əcəb bazar açılıb! Elə bir bazar ki, şeyx və qeyri-şeyx tanımır. Hamını xəyanətkar edir. Yəni, Şeyx də bu qədər təqva, zöhd və əxlaqla dünyanın tələsinə düşüb? Demək, nəfsə, Şeytana uymaq, aldanmaq son ana qədər hamının başına gələ bilər və heç kimdən ümidini üzmür. Atamın sözünü xatırladım. O deyirdi: “Ən yaxşı dua sonunun xeyirli olması üçün edilən duadır”.
Şeyxə sehr-cadumu ediblər? O burada uşaqları ağaca bağladıqlarını, ayaqlarına solyarka töküb yandırdıqlarını bilmirmi? Bilmirmi ki, hər bir əsir şam adlanan quru çörək payını almaq üçün nə qədər təhqir olunur? Bilmirmi ki, hər kəsin payına yetmiş santimetr düşən bu ziyafətdə yemək deserti kabel və təpikdir? Bilmirmi ki, dörd yüz nəfər üçün bir saat ərzində cəmi altı ayaqyolu var? Hər əsirə nə qədər vaxt düşür? Məzacın uyğun gəlməsi nə qədər bəxt istəyir? Bilmirmi ki, bu əsirlər qəfəsində bir qrup əsir daha dar və daha qara bir qəfəsə düçardırlar? Bəzi əsirlərin sırf sağ qalsınlar deyə sifon və aftafada çörək saxladığını bilmirmi? Bu müsəlman iraqlı qardaşların əyləncəsinin əsirlərin əl-ayağını sındırmaq olduğunu bilmirmi? Bilmirmi ki, ölüm əsir düşərgəsində yoluxucu xəstəlikdir? Bilmirmi ki, həkimlərin nüsxəsi birnəfərlik kameraya salınmaqla yanaşı gündəlik şallaqdır? Burada namazın nə qədər böyük cinayət olduğunu bilmirmi? Bilmirmi ki, bu yataqxanalarda ölmək üçün səbəb lazım deyil? Əgər bunları bilib, ölməsə, onun allahsızlığındandır.
O, Əbuturabi kimi dəyərli seyidi və Mürüvvəti kimi təqvalı və zahid şeyxləri görmürmü? Yoxsa, Allah onu kar, kor və lal etmişdir?”
Qulaqları bu çərənləmələrlə dolu olan qardaşlar ona vəz macalı vermirdilər. Birdən bədənlərinə qarışqa daraşmış adamlar kimi qıvrılır, yerlərində qurcalanır, öskürür və hər dəfə İmam Xomeyninin mübarək adı çəkiləndə salavat deyirdilər. Səbir kasaları dolmuşdur. Güllə vursan qan çıxmazdı. Artıq bu qədər öyüd-nəsihətdən yorulmuşdular. Bir dəfə uşaqlardan biri cəsarətlənib qardaşların arasından ayağa qalxdı. Şeyxi alçaltdı və dedi:
- Şeyx, ətrafına bir bax, sol tərəfə, pəncərənin arxasına bax. Namusunu əsir alıblar. Yaşına başına bax. Dinindən olmusan, vətənindən olmusan. Ölkən haqqında belə danışmaq heç yaxşı deyil. Sən yaxşı adam olsaydın, öz ölkəndə qalardın. Xalqına və ölkənə xidmət edərdin. Şeyx, səni əldə oynadırlar. Biz səni heç bir vəchlə qəbul etmirik.
Bu sözlər sanki böyük bir partlayış üçün qığılcım oldu. Hamı bir ağızla fəryad çəkdi: “Ölüm olsun Şeyx Əli Tehraniyə! Ölüm olsun Şeyx Əli Tehraniyə!”
Minbər saxlanıldı, şeyx və mürşid aradan çıxarıldı. Kimsə doğru yola gəlmədi. Kasa və kuzə sındırıldı və yenidən BƏƏS müsəlmanlarının qonaqpərvərlik süfrəsi açıldı. Kabelləri yağladılar, dişlərini itilədilər, falaqqaları qurdular və bütün qardaşları etiqad və mədəniyyət falaqqasına bağladılar ki, bəlkə pambıqlar qulaqlardan çıxsın və kimsə hidayət yolunu tutsun.
İndi artıq bütün təhlükələrə baxmayaraq, qardaşlar hər yemək vaxtı və ya hər dəfə göyərti göndərəndə siyasi, etiqadi və mədəni xəbərlər də ötürürdülər. Biz xəbərə susamışdıq. Hələ ailələrimizdən bir xəbər ala bilməmişdik. Bəzi qardaşların, xüsusilə, bizimlə mətbəx arasında vasitəçi olan Hacağa Əbuturabi, Qəmbəri və bir neçə nəfər başqasının üzünü müəyyən qədər ayırd edə bilirdik.
Qəmbər xəbər aparıb-gətirməkdə o qədər peşəkar olmuşdu ki, biz onu sevinc poçtalyonu adlandırırdıq. Qardaşlar peşəkar şəkildə radio əldə etmişdilər. Bu uğur bizim plovumuzu podnosun altına yerləşdirilən kiçik plastik xəbər kisəsi ilə süsləmişdi və biz səbirsizliklə sevinc poçtalyonunu və plov xəbərini gözləyirdik.
Dostları ilə paylaş: |