MƏN SAĞAM
Məsumə Abadın qələmilə əsirlik dövrünün xatirələri
Kitabın adı:.................................Mən sağam
Müəllif:.................................. Məsumə Abad
Tərcümə edən:.........................Maqsud Sayıl
Çap tarixi:...............................................2018
Çap növbəsi:.......................................Birinci
Tiraj:.......................................................1000
Издательство «Свет»
Типография «Махаон», 2018
ISBN 8-13-000318-7
Mündəricat
Ön söz 4
Bu kitabı təqdim edirəm: 5
Bu kitabı yazdım ki, deyim: 6
Birinci fəsil 10
Uşaqlıq 10
İkinci fəsil 32
Yeniyetməlik 32
Üçüncü fəsil 42
İnqilab 42
Dördüncü fəsil 74
Müharibə və əsirlik 74
Beşinci fəsil 142
Bağdad, ər-Rəşid həbsxanası 142
Altıncı fəsil 225
İntizar 225
Yeddinci fəsil 257
Mosul və Ənbər düşərgəsi 257
Ön söz
Düşünürdüm ki, yazmaq üçün kağız və qələmim olması kifayətdir. Amma bu iki vasitəni tədarük gördükdə sanki yazmaq gücümü itirdim. Məhz bu zaman anladım ki, sözlər hissin məğzində canlanır, cuşa gəlir, bir-birinin üstündən sürüşüb sıraya düzülür. Bir neçə il idi ki, sözlərin ağırlığını çiyinlərimdə daşıyırdım. Hər keçən gün daha da yorulur və bükülürdüm.
Bir gün bu ağır yüklə Vüsal prospektinin səkisində addımlayırdım ki, şəhidlərin, qazilərin və əsirlərin bilik xəzinəsi olan cənab Mürtəza Sərhəngi ilə rastlaşdım. Əhvalımı soruşdu. “Nə qədər gedirəm, nə qədər keçir, bu yük yüngülləşmir”, - deyə cavab verdim.
-Çiyinlərindəki yük yalnız sənə aid deyil. Onları yavaş və aramla yerə qoymalı, ağırlığını başqaları ilə bölüşməlisən. O zaman bu xatirələr fəxri medal tək ölkəmizin bütün qadınlarının boynunda bərq vuracaq, - dedi.
Yola çıxdım. Amma hər dəfə nəfəsim təngiyəndə deyirdi: “Yol qısalıb və asanlaşıb. Məqsədə bax. Arzular gözəl deyil. Gözəl olan onlara çatacaq məsafədir”. Cənab Sərhəngi! Siz yolu mənim üçün qısaltdınız, asanlaşdırdınız və gözəlləşdirdiniz. Bu kitabın ərsəyə gəlməsini sizin yönləndirmələrinizə borcluyam. Hər zaman sizə minnətdar olacağam.
Artıq yüngülləşmişəm və pərvazlana bilərəm!
Vaxtilə əsirlikdə olmuş bacılarım Fatimə Nahidiyə, Həlimə Azmudəyə və Şəmsi Bəhramiyə, həmçinin əsirlik həyatı yaşamış qardaşlarım Doktor Hadi Əzimiyə, Mühəndis Məhəmmədəli Zərdbaniyə, Hüseyn Kərəmiyə, General-mayor Seyid Camal Əvşala, General-mayor Siddiq Qadiriyə, cənab Xubnijada, General Mehran Təhmasibiyə, Həbib Əhmədzadəyə, “Peyami-azadeqan” müəssisəsinə və başqalarına mənə bu işdə yardım etdikləri üçün təşəkkürümü bildirirəm.
Həmçinin, dəyərli dostlarım Sudabə Hüseynpur, Solmaz Rzayi, Azadə Mirşəkkaki, Fatimə Kərimi, Sara Karxane Məhmudi, Seyyidə İftixar Musəvizadə xanımlarının bu kitabın formalaşmasının bütün mərhələlərində yanımda olmalarını təqdir edirəm.
Əziz həyat yoldaşım, Seyid! Səbir və şövqlə əsirliyimin hər anını xatırlamağa rəğbətləndirdiyin və bu kitabı qələmə aldığım müddətdə xatirələrimin hər sözünü göz yaşlarınla cilaladığın bütün günlərə görə minnətdaram.
Əziz qızım Təyyibə Sadat! Sənə minnətdaram ki, bu kitabı yazarkən keçdiyim yol boyunca gecələr zərif və kiçik əllərinlə çiyinlərimə toxunub, silkələyir və “Anacan, inan ki, oyaqsan, mən sənin qızınam, hər şey bitmişdir. Yuxuda deyilsən. Sən azadlığa çıxmısan”, - deyirdin.
Nazlı Mərziyyə Sadatım! Sənə minnətdaram ki, dinclik bəxş edən sükutun və mənalı baxışınla natamam cümlələrimi tamamlayırdın. Bədəninin istiliyi yorğunluğuma enerji qatırdı.
Əziz qızım Fatimə Sadat! Sənə minnətdaram ki, öskürək səslərim sənin gecə laylaların idi. Sən isə qorxudan əllərini əlimdə gizlədirdin ki, az yazım, az ağrı çəkim. Amma qızım, ağrı insanın inkişaf və yüksəlişinin cövhəridir. İnsanın dəyəri bu dünyadan apardığı ağrı-acı qədərdir. “Dünya möminin zindanıdır”.
Bu kitabı təqdim edirəm:
Bu kitabı əsirlik hekayəsi Aşura hadisəsini qəhrəmanlığa çevirən və əsarəti bütün dünya azadələrinə1, o cümlədən ölkəmizin azadə qadınlarına örnək olan Kərbəla qasidinin müqəddəs məqamına təqdim edirəm.
Əsir olduğum müddətdə şücaətlə döyüşən, intizar saniyələrini Allaha təvəküllə sayan, qayğılarından üz çevirən və Əyyubtək səbir nümayiş etdirən ata-analarıma, bacı-qardaşlarıma təqdim edirəm.
Allahın yerdə qalan bir parçası, mərhum hacağa Əbuturabinin uca ruhuna və onu azadələrin ağası adlandıran dahi Rəhbərə təqdim edirəm.
Bütün varlığı qeyrət və şərəf olan şəhid Məhəmməd Tondquyanın uca ruhuna təqdim edirəm. Bədcinslər hər dəfə kameramızı açanda o, fəryad çəkirdi: “Allah tərəfindən kömək və yaxın qələbə gözlənir”. Səsimi duyan hər kəs “Möminlərə müjdə ver!” – deyə fəryad çəksin”. Bu qərib şəhidin cənazəsi İrana çatdıqda başının və bədəninin sınmış, bir-birinə qarışmış sümükləri çarəsiz düşməni xar etdi.
Ailə ocaqları isti və gur olsun deyə təbəssümlə müharibə yadigarlarının qayğısını çəkən bütün həyat yoldaşlarına təqdim edirəm.
İtkin düşmüş Məhəmməd Zarei Nemətinin həyat yoldaşının daim yaşlı və yollarda qalan gözlərinə təqdim edirəm. Hansı ki deyir: “Hər dəfə yuxuda Məhəmmədin evə gəldiyini görəndə, bütün ev onun daim istifadə etdiyi ətrin iyinə boyanır”.
Gənclik anlarını kağız quşları gözləməklə keçən bütün səbirli azadə həyat yoldaşlarına təqdim edirəm.
Atası ilə heç bir xatirəsi olmadan uzun illəri onu görmək intizarı ilə keçirən övladlara, xüsusilə atasının on səkkiz illik əsarət dönəmində ondan yalnız bir məktub alan pilot Hüseyn Ləşgərinin övladına təqdim edirəm.
Dostları ilə paylaş: |