Qax Rayon Mədəniyyət və Turizm Şöbəsi
Qax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Azərbaycan – multikulturalizm və tolerantlığa nümunə ölkə
(Metodiki vəsait)
Qax-2016
2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə qərara alıram:
1. 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 yanvar 2016-cı il.
Görkəmli şəxsiyyətlər multikulturalizm haqqında
Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir.
***
Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır.
***
Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir.
Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri
Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir... Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir.
***
Azərbaycan həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi multikulturalizmi bir missiya 49 kimi öz üzərinə götürmüşdür. Biz hesab edirik ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Multikulturalizimin alternativi yalnız ayrı-seçkilik, irqçilik, ksenofobiya, islamafobiya və antisemitizm ola bilər.
***
...Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar...
***
Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır.
***
Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuşdur. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur.
***
Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrıseçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına malikdirlər. Qürurverici faktdır ki, Azərbaycan dünya ölkələ- ri üçün tolerantlıq örnəyi hesab olunur və bir çox dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar.
***
Bakı unikal şəhərdir. Artıq uzun müddətdir ki, burada müsəlman məscidi və atəşpərəst məbədi, katolok kilsəsi və sinaqoq, pravoslav məbədi və kirxa yanaşı mövcuddur. Onların coğrafi yaxınlığı faktı belə, yüksək tolerantlıq şəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiş etdirir və hər bir dinin əsas dəyərlərinin ümumbəşəri dəyərlərlə üst-üstə düşdüyünü təsdiq edir.
***
Öz mədəniyyətinə, öz tarixinə, öz ənənələrinə, öz əməllərinə hörmətlə yanaşan xalq, gərək eyni şəkildə fərqli mədəniyyətlərə də, fərqli tarixə də hörmətlə yanaşsın.
Mehriban Əliyeva, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESCO və İSESKO-nun xoşməramlı səfiri
Prezident İlham Əliyev: "Multikulturalizm və dini dözümlülük Azərbaycanda dövlət siyasətidir"
“Bu il Azərbaycanda “Multikulturalizm ili”dir. Müxtəlif etnik köklərə, dinlərə malik insanlar əsrlər boyu Azərbaycanda sülh, əmin-amanlıq şəraitində yaşamışlar və biz bununla fəxr edirik. Fərəhlənirik ki, müstəqillik illərində bu müsbət meyil daha da güclənmişdir. Multikulturalizm və dini dözümlülük Azərbaycanda dövlət siyasətidir. Eyni zamanda, bu, cəmiyyətdə olan əhval-ruhiyyənin təcəssümüdür. Bu isə çox vacibdir ki, həmin sahədə dövlət siyasəti və ümumi ab-hava bir-birindən fərqlənmir”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı bildirib.
Dövlət başçımızın sözlərinə görə, 2008-ci ildə “Bakı prosesi”nə start verilib və ilk dəfə İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərini Avropa Şurasına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına dəvət edildi. “Bakı prosesi” artıq bir reallıqdır. Biz Azərbaycanda multikulturalizm dəyərlərini təşviq edən çoxsaylı beynəlxalq tədbirlər keçirmişik. Dünya dini liderlərinin zirvə görüşü, bir neçə dəfə Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forum təşkil etmişik. Təqribən bir aydan sonra biz BMT-nin təşkilatçılığı ilə Azərbaycanda Sivilizasiyalar Alyansının 7-ci toplantısını keçirəcəyik. Azərbaycanın bu sahədəki təcrübəsi aparıcı beynəlxalq təşkilatlar və beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir. Bu, multikulturalizmin yaşadığını, onun gələcəyinin olmasını sübut edir, sadəcə siyasətçilər, ictimai rəyə təsir etmək iqtidarında olanlar, o cümlədən media nümayəndələri daha məsuliyyətli olmalıdırlar. Hesab edirəm ki, bu məsələdə medianın rolu daha müsbət olmalıdır. Təəssüf ki, bir çox hallarda biz xəbərlərdə qarşıdurma, qaçqın böhranı və bunlarla bağlı kadrlar görürük. Bu yanaşma yalnız təcridolunmaya gətirir. Biz buna imkan verə bilmərik. Çünki qeyd etdiyim kimi, biz bir-birimizlə bağlıyıq və eyni planetdə yaşayırıq. Artıq şahid olduğumuz kimi, Avropa ilə Yaxın Şərq arasındakı məsafə o qədər də böyük deyil. Yəni, məsafə insanların sığınacaq tapmaq və öz ailələrini xilas etmək naminə oralara üz tutmağın qarşısını almır. Odur ki, multikulturalizmin müsbət nümunələri üzərində dayanmaqla, bu dəyərlərin təşviqi hamımıza yardımçı olar. Çünki gələcəkdə heç bir ölkə və millət təcrid olunmuş vəziyyətdə yaşaya bilməz. Biz bir-birimizə bağlıyıq. Dünya ölkələrinin mütləq əksəriyyətinin əhalisi çoxmillətli və çoxdinlidir. Biz bununla fəxr etməliyik. Ötən ay biz müsəlman dünyasının ən müqəddəs məkanlarından olan İmamzadə Dini-Tarixi Kompleksinin yenidənqurma və bərpadan sonra açılışında iştirak etdik. Yeri gəlmişkən, bu kompleks Gəncədə, Nizami Gəncəvinin vətənində yerləşir. Azərbaycan xalqı bu abidəni VIII əsrdən bəri qoruyur. Ərazidə yeni məscid də inşa edilmişdir və mən Azərbaycanın müxtəlif bölgələrindən olan insanları ora dəvət etmişdim. Orada mənimlə yanaşı çıxış edənlərin arasında Azərbaycanın müxtəlif dini icmalarının rəhbərləri olmuşlar – Azərbaycan müsəlmanlarının, Azərbaycanın Rus Pravoslav kilsəsinin, yəhudi icmasının və Azərbaycanın Katolik kilsəsinin rəhbərləri. Onlar bu tədbirdə yalnız iştirak etməmiş, həm çıxış etmiş və həm də yeni inşa edilmiş məscidi ziyarət etmişlər. Bu işlər bizim ölkədə belə qurulub”.
Prezident İlham Əliyev qeyd edib ki, bu, bizim cəmiyyətimizə, xalqımıza və dünyaya olan mesajımızdır. “Bir neçə ay bundan öncə Azərbaycanın ən böyük məscidində sünni və şiə müsəlmanlar bir yerdə namaz qılmışlar və bunu vəhdət namazı adlandırmışlar. Bu da bir daha real vəziyyəti əks etdirir. Burada nə müsəlman icması daxilində, nə də, ümumiyyətlə, cəmiyyətimizdə fərq qoyulmur. Bu, Azərbaycan reallığıdır, bizim ən böyük sərvətlərimizdəndir və uğurlu inkişafımızın zəmanətidir. Çünki bu konsensus, bu birlik olmadan biz uğur əldə edə bilmərik. Biz daha da böyük nailiyyətlər əldə etməkdə, ölkəmizi müasirləşdirməkdə davam etmək istəyirik. Biz buna yalnız dostluq və multikulturalizm kimi birgə dəyərlərə əsaslanaraq nail ola bilərik. Ötən il Azərbaycan ilk Avropa Oyunlarına, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etmişdir. Bakı İslam Mədəniyyəti Paytaxtı elan edilmişdir və gələn il biz İslam Həmrəylik Oyunlarını təşkil edəcəyik. Azərbaycan Avropa Şurasının və eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu, mədəniyyətlər, ənənələr, dinlər arasında körpüdür və bu, bizim məsuliyyətimizdir. Biz bu rolu ilk öncə öz ölkəmizin uğurlu gələcəyi və regionda sabit proqnozlaşdırıla bilən vəziyyətin yaradılması naminə oynayırıq”-deyə, ölkə başçısı əlavə edib.
Multikulturalizm dəyərləri: Azərbaycandan dünyaya
Ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşib, Asiya ilə Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynayıb.
Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, sıxılmadan yaşayıb, yaşayır və mədəniyyətlərini yaşadırlar. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey münasibətlə üzləşmədən müxtəlif sahələrdə öz töhfələrini verirlər. Bu da onu deməyə əsas verir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Məzmunca multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub.
Multikulturalizm nədir? Sözün semantikası ingilis dilindən hərfi tərcümədən çoxmədəniyyətlilik (multi- çox, culture- mədəniyyət) anlamına gəlir. Çoxmədəniyyətlilik dedikdə isə, ilk növbədə etnik, irqi, dini-mədəni müxtəlifliklər və dəyərlər nəzərdə tutulur.
Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü olan siyasətdir.
Multikulturalizmin əsasını tolerantlıq, qanunlara, bir-birinin azadlığına hörmət hissi təşkil edir. Elmi ədəbiyyatda verilən məlumata görə, multikulturalizm anlayışı çox da qədim tarixə malik deyil. Multikulturalizm 1960-cı illərin sonunda Kanadada meydana gəlib. Termin kimi o, 1970-ci illərdə ədəbiyyatda əks olunub.
Orta əsrlər Azərbaycan poeziyası nümayəndələrinin əsərlərində ümumbəşəri dəyərlərin təbliği məsələsi başlıca yerlərdən birini tutur.
Söz sərrafı olan və bədii yaradıcılığın ən gözəl nümunələrini yaradan Nizami Gəncəvinin (1141-1209) əsərləri bu cəhətdən xüsusilə fərqlənir. Onun yaradıcılığına əsasən deyə bilərik ki, Nizamidə multikulturalizm və tolerantlıq elementlərinə rast gəlmək mümkündür.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı İnsanlıq idi. İrqi, milli və dini ayri-seçkiliyi qəbul etməyən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, hindli, çinli, həbəş, yunan, gürcü və başqa xalqların nümayəndələrinə rast gəlirik. Nizami xalqların adını çəkərək onlara hörmətlə yanaşır.
Zəncinin zahiri qaradır, ancaq,
Sən ağzından çıxan saf sözlərə bax.
Zənci dəmir kimi qara , parlaqdır,
Üzü qaradırsa, ürəyi ağdır.
XX əsrin əvvəllərində Bakı multikultural mədəniyyətə yaxınlaşmağa davam edirdi. Azərbaycanda ilk milli teatr binasının tikilməsi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Teatr binası 1883-cü ildə memar Koqnivitskinin layihəsi əsasında tikilmişdi. Bu teatrda 1908- ci ildə "Leyli və Məcnun" operası oynanılmışdı. Beləliklə, cəmiyyət Qərb mədəniyyətini qəbul edərək, şərqli davranışını qoruyub saxlayırdı. İlk dəfə olaraq, Şərqdə Azərbaycanda, Qərb mədəniyyətinin komponenti, opera qəbul edilir və böyük Üzeyir Hacıbəyov tərəfindən Şərq motivləri əsasında yazılır.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin bərpa olunmasını təmin edib. Heydər Əliyev ilk dəfə olaraq multikulturalizmi azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi və Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi.
-"Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır".
"Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq".
Ulu öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya göstərmişdi.
Qeyd edək ki, hazırkı çətin dövrdə ölkəmizdə Multikulturalizm dövlət siyasətinə çevrilib.
Multikulturalizm dəyərləri olmayan məkanda, ayrı-seçkilik, islamofobiya, ksenofobiya, antisemitizm kimi təhlükəli amillər yaranır ki, bu da bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.
Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, ənənələrimizə, köklərimizə böyük hörmətlə yanaşırıq. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik tarixə malik Şəki şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi - bütün bunlar Azərbaycanın mədəni irsinin tərkib hissəsidir. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi Sinaqoqu açıldı. Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, qalanı isə xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir. Respublikamızda 600-ə yaxın dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır.
Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib. Bununla bağlı "Bərabərlik hüququ" (maddə 25, bənd 3), "Milli mənsubiyyət hüququ" (maddə 44, bəndlər 1, 2), "Ana dilindən istifadə hüququ" (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək mümkündür.
Multikulturalizm siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla inkişaf etdirilir. Ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran mühüm amillərdən danışarkən, ilk növbədə siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd etmək vacibdir. Ölkə başçısı müxtəlif tədbirlərdə, irimiqyaslı beynəlxalq toplantılarda çıxışı zamanı mütləq multikulturalizm məsələsinə yer ayırır və bunun vacibliyini vurğulayır. Təsadüfi deyil ki, dövlət başçısının qərarı ilə 15 may 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı.
Heydər Əliyev Fondu da multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq miqyasda təbliğinə böyük töhfələr bəxş edir. Parisdə keçirilən "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda çıxış edən Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini bildirib. Mehriban xanım Əliyeva Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində Fondun yaxından iştirak etdiyini vurğulayıb.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullanın fikrincə, mədəni müxtəlifliyin qorunmasında vacib şərtlərdən biri bu işdə dövlətlə yanaşı vətəndaş cəmiyyəti və onun fəaliyyətini dəstəkləyən qurumların da fəal məşğul olmasıdır. Multikultural prinsiplər Azərbaycan kimi kiçik, amma dərin kökə və tarixə malik ölkələr üçün digər təhlükəsizlik prinsipləri qədər vacib və zəruridir.
Bu gün Multikulturalizm fənn kimi bir sıra universitetlərdə - Litva, Gürcüstan, Rusiya, İtaliya, Bolqarıstan, Belarus, Çexiya universitetlərində, eləcə də ölkəmizin bir çox ali məktəblərində tədris olunur. Azərbaycan Multikulturalizmi fənninin böyük siyasi, ideoloji, mənəvi əhəmiyyəti vardır.
Azərbaycandakı millətlərin nümayəndələri əsrlər boyu məhz bu cür qarşılıqlı mehribanlıq şəraitində yaşayırlar. Artıq beynəlxalq səviyyədə etiraf olunur ki, Azərbaycanda multikulturalizm alternativi olmayan bir həyat tərzidir. Ölkəmizdə tarix boyu dəfələrlə ləzgi, talış “kartı”nı işə salıb qarışıqlıq salmağa çalışanlar məqsədlərinə nail olmayıb. Yalnız erməni milliyyətindən olanlar dəfələrlə tələyə salınıb və araya düşmənçilik toxumunun səpilməsi layihəsində yer alıblar. Ancaq Azərbaycan ərazilərinin Ermənistanın işğalında olmasına baxmayaraq, Azərbaycan dövləti bu günədək paytaxtdakı 30 min erməni vətəndaşın təhlükəsiz yaşayışına təminat verib. Hansı ki, sovet dövründə 250 mindən artıq soydaşımızın yaşadığı Ermənistanda bu gün bir nəfər də azərbaycanlı qalmayıb. Azərbaycan əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir. Lakin hətta dünyada baş verən dini zəmində toqquşmalar fonunda Azərbaycan bəşəri dəyərlərə sadiqlik nümayiş etdirir. Bakının mərkəzində provaslav və katoliklərin kilsəsinin olması, erməni kilsəsinin də toxunulmaz şəkildə saxlanması ölkəmizdə tolerantlığın və multikultural münasibətlərin ideal vəziyyətindən xəbər verir.
Qax - bu ad haqqında bir neçə fikirlər söylənmişdir. Söylənən fikirlərin ən başlıcası odur ki, “qaq” tayfası bu ərazinin ən qədim tayfalarından biri olmuşdur. Sonralar bu söz “qax” kimi işlənərək bu günümüzə qədər gəlib çatmışdır. Bu ad barəsində elmdə müxtəlif mülahizələr söylənsə də, bir həqiqət bizə məlumdur ki, hələ 3000 il bundan əvvəl, bu ərazidə yaşamış ən iri tayfalardan biri elə qax adlı tayfa idi. Həmin tayfanın bir qolu olan “er” qəbiləsi (“er”, “ər”, yəni cəsur , igid çox olduğundan qəbilədə onlar belə adlanırdı) hələ 2700 il bundan əvvəl xatırlanmışdı. Çox güman ki, qaxlar həmin ərazidə qədim dövrlərdən mövcud olmuşlar və böyük bir ərazidə yaşayırdılar. Qax adı V əsr hadisələri ilə əlaqədar gürcü mənbələrində xatırlanır. VIII əsrə aid gürcü mənbələrində Qaxin indiki ərazisi Qax-Ubani, yəni Qax obası adlanırdı. Qax adına başqa xalqların toponimiyasında da rast gəlinir: Dağıstanın Qunib dairəsində Qax kəndi, Avar dairəsində Qax kəndi ,Buynaksk dairəsində Qaxısaray xarabalığı, Qaxmataş dağı ,Kürə dairəsində Qaxtsuq kəndi, Qars vilayətinin Ərdəhan dairəsində Qaxıcvari dağı və s. Faktlar göstərir ki, qaxlar Balakən-Şəki zonasında qədim alban tayfalarından biri olmuşdur.Güman ki, qaxlar III-IV əsrlərdə xristianlığı , VIII-IX əsrlərdə isə islam dinini qəbul etmişlər. Tədqiqatçı alim Nəbi Nəbiyev göstərirki, Qax rayonu çoxlu bağlarla məşhur olduğundan, burada meyvə qurutmaq keçmişdən bəri yerli əhalinin məşğuliyyəti olduğundan bu ad meydana çıxmışdır. Azərbaycan EA Milli Münasibətlər İnstitutunun elmi işçisi, filologiya elmləri namizədi Rəşid Təhməz oğlu isə Qax sözünün iki kökdən ibarət olduğunu qeyd edir. Yəni “qa” – yaşayış yeri, “ax” – çay yeri, çay məskəni kimi ifadə etməklə ilkin adının “Qaax” olmasını mümkün hesab edir. İ.Lineviç “Keçmiş İlusu sultanlığı” adlı əsərində İlusu sultanlığının Qax kəndinin qədim adının Torağay adlandırılmasını qeyd etmişdir. Qıpçaq-latın lüğətində “Torağay” sözü çökəklik, Mahmud Kaşğarlının “Divani Lüğəti İttürk” əsərində “Torağay” , “Toruq” kimi verilmişdir və dağlarla əhatə olunmuş gizlin yer və yaxud dağlar arasında gizlənmək üçün yer kimi açıqlanmışdır. Həqiqətəndə Qax rayonu üç tərəfdən dağlarla əhatə olunmuşdur və Qaxın Qıpçaq kəndinin mövcudluğu bu əarazidə V əsrdən burada qıpçaq türk tayfalarının məskunlaşdığını sübut edir.
Qax məbədləri Azərbaycan multikulturalizminin nümunələridir
Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi bu istiqamətdə aparılan tədqiqat işlərinə marağı daha da artırmışdır.
Alim-tədqiqatçıların əldə etdikləri elmi nəticələri ali məktəb tələbələrinin, ölkə ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə aprelin 23-24-də “Azərbaycanın maddi-mədəni irsi – Alban Apostol Kilsəsi Qafqazın ən qədim kilsəsidir” layihəsi çərçivəsində bir qrup alim və tələbənin Qax rayonuna elmi turu təşkil olunmuşdur.
Səfər proqramına uyğun olaraq, elmi tur iştirakçıları əvvəlcə Qax rayon Tarix-diyarşünaslıq muzeyində və Bilik evində olmuşlar.
Multikulturalizmin Azərbaycanın dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilmiş, ölkəmizdə multikultural ənənələrin qorunması və inkişaf etdirilməsi istiqamətində davamlı iş aparılır.
Tədbirdə iştirak edən AMEA-nın alimləri, arxeoloq və memarlar Azərbaycan multikulturalizminin nümunələrindən olan alban abidələri haqqında apardıqları araşdırmalar barədə tədbir iştirakçılarına maraqlı məlumatlar vermişlər.
Sonda tədbir çərçivəsində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” və “Azərbaycanın maddi-mədəni irsi – Kürmük Alban məbədi” kitablarının təqdimatı olmuşdur.
Qaxda, millətindən, dinindən asılı olmayaraq, kimsəyə qarşı ayrıseçkilik olmur. Əslində bu vəziyyət bütün Azərbaycana xas olan xüsusiyyətdir. Ölkəmiz müxtəlif millətlərə və dinlərə mənsub insanların birgəyaşayış modelinə malik ölkə kimi fərqlənir. İnsanlar milliyyətinə görə nəinki təqib olunmur, hətta ölkə parlamentində onları təmsil edənlərə faktiki kvota tanınıb, vəzifə bölgüsündə ayrı-seçkiliyə məruz qoyulmayıblar.
Azərbaycanlılarla birgə III əsrə aid olan qədim alban məbədini (Kürmük məbədi) birgə ziyarətedən gürcü sakini deyir: “Biz gedib məbəddə xaç çevirir, şam yandırırıq, azərbaycanlılar da nəzir qoyur. Heç kim bizə mane olmur, əksinə, dövlət orqanları bizim təhlükəsizliyimizi təmin edir. Həmçinin digər millətlərin nümayəndələri də bizə qoşulur”- deyir. A.Qamxaraşvili sözarası bədnam qonşularımıza, ermənilərə də müraciət edir: “Qoy Qarabağ erməniləri görsünlər ki, Azərbaycanda milli ayrı-seçkilik yoxdur, əsassız iddialara son qoyub birgə yaşamaq mümkündür!”
“Mənim azərbaycanlılar arasında dostlarım var, bir-birimizin xeyir-şərində iştirak edirik. Biz ata-babamızdan belə görmüşük”. Bunu isə 180 təsərrüfatlıq Kötüklü kənd sakini Canaşvili Miriam Uşangi oğlu söyləyir.
Qax rayonu üzrə əhalinin etnik tərkibi
Etnik
qrup
|
27 yanvar-3 fevral, 1999-cu il sa.
|
13-22 aprel, 2009-cu il sa.
|
Sayı
|
%
|
Sayı
|
%
|
Cəmi
|
53259
|
100.00
|
55560
|
100.00
|
Azərbaycanlılar
|
39 355
|
76.92
|
43 946
|
82.51
|
Gürcülər
|
7 450
|
14.56
|
7 447
|
13.98
|
Saxurlar
|
2 612
|
5.11
|
1 008
|
1.89
|
Ləzgilər
|
609
|
1.19
|
253
|
0.48
|
Ruslar
|
91
|
0.18
|
67
|
0.13
|
Türklər
|
96
|
0.19
|
64
|
0.12
|
Avarlar
|
11
|
0.02
|
9
|
0.02
|
Tatarlar
|
7
|
0.01
|
7
|
0.01
|
|
|
|
|
|
Ukraynalılar
|
26
|
0.05
|
5
|
0.01
|
Digərləri
|
899
|
1.76
|
446
|
0.84
|
Qax rayon MKS-ndə çalışan işçilərinvə kitab fondunun milli tərkibi
-
S.N
|
Kitabxana filialları
|
Işçiləri sayı və milliyyəti
|
oxucuları
|
fondu
|
1
|
Əlibəyli kənd kitabxana filialı
|
3 nəfər əməkdaşı gürcü
|
700 nəfər
gürcü
|
7905cəmi
4552gürcü
829 rus
2524 azərb
|
2
|
Alatəmir kənd kitabxana filialı
|
1 nəfər gürcü
|
270 nəfər
gürcü
|
4072
2766 gürcü
237 rus
1069 azər
|
3
|
Ağyazlı kənd kitabxana filialı
|
1 nəfər ləzgi
|
300 nəfər Rus və ləzgilər
|
9958
3429 rus
6528 azər
1 ingilis
|
4
|
Meşəbaş kənd kitabxana filialı
|
1 nəfər gürcü
|
230 nəfər
gürcü
|
2910
1740gürcü
76 rus
1094 azər
|
5
|
Qax ingiloy kənd kitabxana filialı
|
2 nəfər gürcü
|
702 nəfər
gürcü
|
7780cəm
5518gürcü
782 rus
1480azər
|
6
|
İngiloy Kötüklü kənd kitabxana filialı
|
1 nəfər gürcü
|
430 nəfər
gürcü
|
4929cəm
2759 gürcü
454 rus
1716 azər
|
7
|
Qum kənd kitabxana filialı
|
3 nəfər saxur
|
750 nəfər Ləzgilər və azərbaycanlılar
|
9637cəm
553 rus
14ingilis
9070 azər
|
8
|
Toppağ kənd kitabxana filialı
|
1 nəfər gürcü, 1 nəfər ləzgi,
1 nəfər azərbaycanlı
|
800 nəfər gürcü və azərbaycanlı
|
10779cəm
3923 gürcü
1139rus
5717 azər
|
Multikulturalizmin təbliğində kitabxanaların rolu
Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların hə- yat tərzi olub, milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Multikulturalizm anlayışı Azərbaycanda əsrlər boyu mövcud olub, bu gün də mövcuddur və möhkəmlənməkdədir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbibədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Ədəbiyyatımızda “Kitabi-Dədə Qorqud” dastanından bu günə qədər çoxmədəniyyətliliyə, orta əsrlər Azərbaycan poeziyası nümayəndələrinin əsərlərində ümumbəşəri dəyərlərin təbliğinə rast gəlinir. Söz sərrafı olan və bədii yaradıcılığın ən gözəl nümunələ- rini yaradan Nizami Gəncəvinin əsərləri bu cəhətdən xüsusilə fərqlənir. O, hələ XII əsrdə yeddi mədəniyyəti təsvir edən “Yeddi gözəl” əsərini yaradır. Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qəbul etməyən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, hindli, çinli, həbəş, yunan, gürcü və başqa xalqların nümayəndələrinə rast gəlirik. Ədəbiyyat tariximiz belə nümunələrlə zəngindir. Dünya şöhrətli şair və yazıçılarımız öz əsərlərində və şəxsi həyatlarında multikultural dəyərlərə bəzən qeyri-iradi əməl edib və bunu adi həyat tərzi kimi qəbul ediblər. 1919-cu ilin iyun ayının 9-da qeyri-müsəlman etnosların tarixinə və mədəniyyətinə hörmətlə yanaşan Azərbaycan Xalq Cümhuriyyəti multikultural mühitin formalaşmasının demokratiyanın inkişafına müsbət təsir edəcəyini nəzərə alaraq, ölkədə alman koloniyaların salınmasının 100 illik yubileyinin təntənəli şəkildə 12 keçirilməsi üçün şərait yaratmış və bu yubiley Yelenendorf koloniyasında keçirilmişdir. 2016-2017-ci ildə YUNESKO-nun baş konfransının 38-ci sessiyası görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri proqramı çərçivəsində Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyi qeyd ediləcək. Yubiley təklifi Almaniyanın dəstəyi ilə Azərbaycan və Gürcüstan tərəfindən birgə təqdim edilib. Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin qeyd edilməsində məqsəd 200 il bundan öncə Azərbaycanda alman icmasının mövcudluğu fonunda tolerant və birgə- yaşayış ənənələrinin qabardılmasıdır. Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və təbliğ olunmasında kitabxanaların da özünəməxsus rolu vardır.
Kitabxanalar həmişə milliyyətinə, dininə, dilinə fərq qoymadan çoxsaylı oxucu ordusuna xidmət göstərir, müxtəlif xalqların etiqadını, mədəniyyətini, düşüncə tərzini, məişət və əxlaqını dünya ədəbiyyatının ən gözəl nümunələri vasitəsilə təbliğ edirlər. İl ərzində kitabxanalar multikulturalizmin və tolerantlığın təbliği ilə bağlı aşağıdakı istiqamətlərdə öz işlərini qura bilərlər:
• MKS-lər multikulturalizm ənənələrinin qorunub saxlanması və geniş təbliğ olunması məqsədi ilə tədbirlər planı hazırlamalı və görüləcək işləri konkret olaraq göstərməlidir;
• Kitabxananın fondunu multikulturalizmə və tolerantlığa dair çap məhsulları ilə komplektləşdirmək; daxil olan sənədləri növündən (çap və ya elektron) asılı olmayaraq operativ şəkildə seçmək, azsaylı xalqların ədəbi və mədəni irsini, müxtəlif dini cərəyanlar haqqında ədəbiyyatı əks etdirən kitab fondunu təbliğ etmək;
Azərbaycan tarixini, ədəbiyyatını, mədəniyyətini, azərbaycançılıq məfkurəsini, multikulturalizmi, tolerantlığı təbliğ etmək üçün elektron məlumat bazaları, ənənəvi və virtual sərgilər hazırlamaq, yeni ədəbiyyatın (eləcə də azsaylı xalqların nümayəndələrinin müəllifi olduqları kitablar, azsaylı xalqların dillərin- 13 də olan jurnalların və digər nəşrlərin) təqdimatını keçirmək, Kitab müzakirələri, dəyirmi masalar, mühazirələr, seminar-müşavirələr, konfranslar, kitab bayramı, məktəblilər arasında sual-cavab gecə- ləri, disputlar təşkil etmək, kitabxanası olmayan idarə və müəssisələrə, hərbi hissələrə səyyar xidmət etməklə əhalini multikulturalizmin mahiyyəti və əhəmiyyəti haqqında məlumatlandırmaq;
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Məşvərət Şurasının üzvlərinin oxucularla görüşlərini təşkil etmək;
• Tolerantlıq mövzusuna həsr olunmuş çap əsərlərinin tam mətnini hazırlayıb saytda-elektron kitabxanada yerləşdirmək, sosial şəbəkələrdə təbliğ etmək; Mütəmadi olaraq bu mövzuda olan elektron kitabların virtual sərgisini, təqdimatını keçirmək. Sosial şəbəkələrdə ayrıca bir səhifədə görülən işlərin tanıtımı və təbliğini təşkil etmək. Kitabxanalar xalqımızın zəngin multikulturalizm və tolerantlıq ənənələrini tədbirlər vasitəsilə oxucu kütləsinə çatdırmalı, kütləvi informasiya vasitələrindən heç də geridə qalmamalıdırlar. Son illərdə din pərdəsi altında baş verən müxtəlif təxribatlara qar- şı mübarizə məqsədi ilə İnternetdə yerli və xarici müəlliflərin dəyərli əsərləri barədə geniş məlumatların, dini mövzuda elmi əsərlər və məqalələrdən ibarət elektron topluların hazırlanması və elektron kitabxanada, sosial şəbəkələrdə yayımını təşkil etmək məqsədəuyğundur. Elektron nəşrləri, elektron kitabları internetdə yerləşdirməklə, eləcə də sosial şəbəkələrdə bu barədə geniş məlumatlar yaymaqla zəngin dini-elmi, ədəbi-mədəni dəyərlərimizin ölkədaxili və dünyada tanıdılmasına, virtual təbliğinə çalışmaq lazımdır.
İstifadə olunmuş mənbə:
1. az.apa.az
2. az.wikipedia.org/wiki/Multikulturalizm
3. www.google.az
4.Bakı III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun materialları.Azərbaycan qəzeti. 2015.-18 may.
5. Multikulturalizm Azərbaycanın həyat tərzidir: Metodiki tövsiyələr. M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası. B.; 2016-59s.
6. http://www.qax-ih.gov.az/page/10.html
7. https://az.wikipedia.org/wiki/Qax_rayonu
8. Qax MKS-nin 2015-ci illik hesabat cədvəlləri
Tərtib etdi: Qax rayon MKS-nin Metodiki-biblioqrafiya şöbəsinin müdiri: Xəlilova Reyhan
Dostları ilə paylaş: |