Mada: dövlət, inzibati bölgü və cəmiyyət- Kiaksar farsların tabe olunmasından, Şərqi İran ərazilərinin işğalından, geniş torpaqlara malik olan Aşşur dövlətinin darmadağın olunmasından, Mannanın, Urartunun və Skif çarlığının fəth edilməsindən sonra Qərbdə Halis (müasir Qızıl Irmaq) çayınadək uzanan zəngin Lidiyanı və yunan ticarət şəhərlərini öz dövlətinə birləşdirməyə cəhd etdi. Dövlətin şimal sərhədlərinin bir qismi Kolxidanın yaxınlığından keçirdi. Şübhəsizdir ki, Şimali Azərbaycanın bəzi bölgələri də Mada dövlətinin tərkibinə daxil idi. Mada dövlətinin tərkibində artıq sonralar fars hökmdarlarının yazılarında adları çəkilən satraplıqların ən azı bir qismi vardı. Əhəmənilər dövrü üçün məlum olan satraplıq institutunun artıq madalıların hökmranlığı zamanı mövcud olduğunu təsdiq edən dəlildir. Mada dövləti İran yaylası hüdudlarından xeyli uzaqda olan çoxsaylı tayfalara və xalqlara təsir etmiş, İran aləminin mədəni və dini mərkəzinə çevrilmişdi. Strabon yazırdı ki, madalılar ermənilərin və daha öncə farsların, onların hökmdarlarının və Asiyada hökmranlıq adətlərinin baniləridir. Şübhəsizdir ki, Mada dövrü Cənubi Azərbaycan tayfalarının tarixində mühüm nailiyyətlər və müxtəlif dəyişikliklər zamanı olmuşdur. İran və Cənubi Azərbaycan sakinlərinin dini həyatında Mada maqlarının rolu xüsusilə böyük idi.
Azərbaycan Midiya tərkibində Din və Mədəniyyət- Cənubi Azərbaycan əhalisinin mədəniyyəti və dini görüşləri bir çox qonşu xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqədə inkişaf edirdi. İrandilli tayfalar bu zonaya məişət, hərbi sənət, təsərrüfatçılıq, ictimai-siyasi institutlar, mədəni-ideoloji görüşlər və mifologiya sahəsində bir çox yeni cəhətlər gətirdilər. Madalıların işğalları sayəsində artıq Əhəmənilərin hakimiyyətinə qədərki dövrdə Cənubi Azərbaycan bölgəsində tədricən yeni etnik törəmə təşəkkül tapmağa başladı. Həmin törəməni şərti olaraq "Mada-Atropatena xalqı" adlandırmaq olar. Madalılar Qərbi Asiyanın qədim mədəniyyətinin inkişafında böyük rol oynamışlar. Onların öz yazısı vardı. Lakin həmin yazının nümunələrini aşkar etmək mümkün olmamışdır. Madanın və onunla həmhüdud olan bölgələrin ərazisində cəmisi bir neçə mixi yazılı fraqment və (yerli hökmdarın adından yazılmış) Akkad dilində mixi yazılarla tərtib olunmuş kiçik bürünc cədvəl, habelə arami yazıları olan bir neçə vaza tapılmışdır.
Diogen Laertli "maqların təlimi"ndən danışarkən məlumat verir ki, maqlar odu, torpağı və suyu allah hesab edirlər. Erkon zərdüştilik kimi, maqların təliminə də bütpərəstlik yaddır. Maqlar allahların təsvirlərini tanımırdılar. Qərbi İran vilayətlərində hələ e.ə. I minilliyin başlanğıcında oda sitayiş edirdilər. Bu ərazidəki atəşpərəstlik məbədləri, xüsusilə Nuşi-Cantəpədəki Mada məbədi bunu tam müəyyənliklə təsdiq edir
Beləliklə, Cənubi Azərbaycanda və İran Kürdüstanında mazdaist təlimlərin "Avesta" təsirləri olmadan, müstəqil surətdə mövcudluğundan danışmaq olar. Şübhəsizdir ki, vaxtilə İranın (o cümlədən Cənubi Azərbaycanın) və Orta Asiyanın xeyli qisminin sakinlərinin düşüncəsinə hakim kəsilmiş, zərdüştilik dininin müqəddəs kitablarının məcmusu olan "Avesta" müxtəlif xarakterli mənbədir, müxtəlif yerlərdə meydana gəlmiş çoxsaylı təbəqələrə malikdir. Avesta" təlimləri Azərbaycanın, İranın və Orta Asiyanın qədim tayfaları arasında yayılmışdı. Aşşur mənbələrindən əldə olunmuş onomastik materiallar, Herodotun məlumatları və başqa erkən antik mənbələr e.ə. I minilliyin başlanğıcında Cənubi Azərbaycanda "Kiçik Avesta" inamlarının erkən ocağının mövcudluğu haqqında danışmağa imkan verir. Madalıların mənəvi mədəniyyətində dini görüşlərdən və mifologiyadan başqa habelə epik yaradıcılıq da mühüm yer tuturdu. Məlumdur ki, hələ çox qədim zamanlarda Qərbi İran vilayətlərində müxtəlif epik əsərlər mövcud idi. Həmin əsərlərin süjetləri çox zaman miflərlə bağlı olurdu. Mada mədəniyyəti və dini atropatenalıların mənəvi mədəniyyət xəzinəsinə daxil oldu, madalıların özləri isə Atropatena sakinlərinin etnik tarixində çox mühüm rol oynamışlar.