MİLLİ ÖZÜNÜDƏRKƏ QAYIDIŞ MƏRHƏLƏSİ VƏ KEÇİD DÖVRÜ AZƏRBAYCAN ƏDƏBİYYATI (XX əsrin 60-90-cı illəri).
Adından da göründüyü kimi, bu tarixi mərhələ iki dövrə ayrılır: Erkən ən yeni dövr və keçid dövrü. Erkən ən yeni dövr sovet dövrü Azərbaycan ədəbiyyatının içərisində yetişib formalaşmış bir mərhələdir. Daha çox Azərbaycan altmışıncılarının: Anar, Elçin, Fikrət Qoca, Əli Kərim, Yusif Səmədoğlu, İsi Məlikzadə və başqalarının fəaliyyəti ilə başlanan bu mərhələ sovet dövrü Azərbaycan ədəbiyyatı ilə yanaşı inkişaf edərək xüsusi bir istiqamətə çevrilmşdir. Milli istiqlal ədəbiyyatının yaradıcıları olan görkəmli söz ustaları Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və başqaları erkən ən yeni dövr ədəbiyyatının Azərbaycan ədəbiyyatının əsas qoluna çevrilməsində mühüm rol oynamışlar. Deməli, erkən yeni dövr ədəbiyyatı XX əsrin altmışıncı illərindən ardıcıl və sistemli şəkildə yaranıb, müstəqillik mərhələsinə qədər davam etmiş ədəbiyyatı əhatə edir.
Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatında «altmışıncılar» ədəbi nəslinin gəlişi ilə sosialist realizmi ədəbiyyatının xarakteri dəyişməyə başlamışdır. XX əsrin altmışıncı illərində bütün istiqamətlər üzrə ədəbiyyata gələn gənc yaradıcı qüvvələr həyatın ən adi əhvalatlarını məsələn: «Mən, sən, o və telefon»u, ən sadə insanları, məsələn: nəşriyyat korrektorunu, yaxud redaktorunu - Məmməd Nəsiri, məhəllə uşaqlarını, “aerodrom papaqlı” Balaqədeşi, pinəçini, arabaçını, əyri-köndələn küçələri, bir sözlə, insanı ədəbiyyatın ön mövqeyinə çəkdilər. XX əsrin əvvəlinin «kiçik adam»ları altmışıncı illərdə yenidən ədəbiyyatda «söz sahibi» statusu qazandılar. İstehsalat romanlarının, sosializm yarışı qaliblərinin, ideoloji xarakterli çağırışların ədəbiyyatda aparıcı mövqedə dayandığı bir vaxtda altmışıncılar ədəbi nəsli gerçək həyat hadisələrinin təsvirinə, sadə insanların təqdimatına, mənəviyyatda gedən proseslərin bədii əks-sədasına ədəbiyyatda vətəndaşlıq hüququ qazandırdılar. Demək olar ki, bu ədəbi nəsil ədəbiyyatın bütün istiqamətlərində təmsil olunmuşdur. Nəsrdə Anar, Elçin, Sabir Əhmədov, Yusif Səmədoğlu, İsi Məlikzadə, Mövlud Süleymanlı, şeirdə Fikrət Qoca, Əli Kərim, Fərman Kərimzadə, Fikrət Sadıq, Vaqif Səmədoğlu, dramaturgiyada Firuz Mustafa, Əli Əmirli, Ramiq Muxtar və onlarla başqaları vahid ədəbi cəbhə təşkil edə bildilər. «Qobustan» incəsənət toplusu həmin ədəbi nəsli öz ətrafında cəmləşdirdi. Beləliklə, altmışıncılar ədəbi nəsli de-fakto ədəbiyyatın aparıcı qüvvəsi ola bilmişlər. Heç şübhəsiz, onların yaratdıqları əsərlər sosialist realizmi metodu ilə üst-üstə düşmürdü.
Altmışıncılar sosialist realizmini tənqid, yaxud inkar etmədən, heç yeni bədii metod axtardıqlarını da büruzə vermədən həyata, insana, gerçəkliyə sədaqətlə yazıb-yaratmaqda davam edirdilər. Bu proses XX əsrin başlanğıc dövrünün, mollanəsrəddinçi epoxanın sənət ideallarının yenidən təzahür etməsi, üzə çıxması olmaqla yanaşı, həm də müasir mərhələnin də reallıqlarını özündə əks etdirmişdir. Belə ki, Azərbaycn altmışıncılarının əsərlərində artıq alleqorik şəkildə olsa da mövcud sosializm cəmiyyətinə tənqidi münasibət ifadə olunmuş, (Anarın «Yaxşı padşahın nağılı» hekayəsində olduğu kimi – İ.H.), ideolji mühitdə mənəvi çöküşün həyəcan təbili çalınmışdır (Elçinin «Sos!» povesti kimi – İ.H.). Bu, mövcud ənənənin yaradıcı şəkildə bərpası və mövcud cəmiyyətə tənqidi münasibət dalğası əsasında qurulmuş yeni tipli bir ədəbiyyat idi.
Keçmiş Sovetlər İttifaqının digər respublikalarından hər birinin ədəbiyyatında «öz altmışıncıları» meydana çıxdığı üçün bu proses qaçılmaz bir şəkil almışdır. «Altmışıncılar» - bütövlükdə SSRİ miqyasında yeni ədəbi nəsil və ən müasir ədəbiyyatın yaradıcıları kimi zühur etmişdir. Bu, Azərbaycan ədəbiyyatının inkişafında ən yeni dövrün böyük başlanğıcı idi. İctimai quruluş, siyasi sistem dəyişməmiş ədəbi prosesdə meydana çıxmış bu ciddi keyfiyyət dəyişikliyi bədii sözün sovet ideologiyasından xilas olmasında və xalqa, gerçəkliyə xidmətə doğru inkişaf etməsində mühüm rol oynamışdır.
Eyni dövrdə sovet ədəbiyyatşünaslığının «altmışıncılar» elmi nəsli də yetişmişdir. Azərbaycan ədəbiyyatşünaslığının «altmışıncıları»: Yaşar Qarayev, Arif Hacıyev, Aydın Məmmədov, Akif Hüseynov, Şamil Salmanov, Asif Əfəndiyev, Arif Abdullazadə, Arif Səfiyev, Əflatun Məmmədov, Vəli Osmanlı və başqaları ədəbi prosesi və bədii ədəbiyyatı reallıqları və daxili imkanları, təbii məntiqi ilə araşdırıb ümumiləşdirməyə başlamışlar. Məsələlərə Azərbaycan ədəbiyyatının gerçəeklikləri və dünya ədəbi prosesindən baxışa maraq güclənmişdir. Keçmiş Sovet İttifaqı miqyasında zaman və ədəbi proses məsələlərinə ideologiyanın diqtəsindən fərqli nəzərlə baxan ədəbiyyatşünaslıq elminin yeni nəsli tədricən səlahiyyət və nüfuz qazanaraq, sosialist realizmi meyarları çərçivəsində bu yaradıcılıq metodunun sanki zənginləşdiyini göstərən fərqli üslubların yaranması haqqında müddəalarla çıxış etməyə cürət etmişlər. Məhz bu zəmində XX əsri yetmiş-səksəninci illərində sovet ədəbiyyatının mövcud mərhələsində sosialist realizmi ilə yanaşı, sosialist tənqidi realizmi və sosialist romantizmi yaradıcılıq metodlarının formalaşması və həmin bədii metodlarda yazıb-yaradan yaradıcı nəslin mövcudluğunun reallığı elmi-nəzəri cəhətdən əsaslandırılmışdır. Bu, altmışıncıların timsalında təkcə bədii ədəbiyyatda yox, həm də elmi-nəzəri fikirdə də sosialist realizminin vahid yaradıcılıq metodu olması haqqındakı mifin dağılması, ideoloji buzların əriməyə başlaması demək idi.
Başqa bir tərəfdən isə ölkəmizdə Azərbaycançılıq uğrunda mübarizə qüvvətli şəkil almışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə milli-mənəvi dəyərlərin inkişaf etdirilməsi, soykökə və tarixə ciddi dönüş, milli ədəbiyyatın və mədəniyyətin dövlət səviyyəsində müdafiə olunması istiqamətlərində aparılmış məqsədyönlü siyasət respublikada xalqın maraqlarına köklənmiş ədəbiyyatın meydanını daha da genişləndirmişdir. Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, İsmayıl Şıxlı, Abbas Zamanov, Ziya Bünyadov, Xudu Məmmədov, Sabir Rüstəmxanlı və başqaları kimi vətəndaş yazıçıların və alimlərin elm və ədəbiyat yollarındakı mərdi-mərdanə fəaliyyətləri Azərbaycan cəmiyyətində milli ədəbi-ictimai fikri sosializm çərçivəsindən irəli aparmışdır. Bu cəhətdən digər respublikalarla müqayisədə Azərbaycan ədəbiyyatı və ictimai fikri sanki fərqli siyasi formasiyanın səviyyəsində inkişaf etmişdir. Azərbaycan ədəbiyyatında ölkəni və xalqı müstəqilliyə doğru aparan bədii əsərlərin meydana çıxması üçün münasib yol açılmışdır. Azərbaycan xalqının dövlət müstəqilliyinə hazırlanmasında mili ədəbiyyat və ictimai-elmi fikir mühüm rol oynamışdır. Beləliklə, hələ sosializm cəmiyyətinin mövcud olduğu 60-80-cı illərdə Azərbaycan ədəbiyyatının milli ruhu və vətəndaşlıq mövqeyi qüvvətlənmiş, obrazlı şəkildə demiş olsaq, “qırmızı qazanlıqlar içərisində yaşıl işıqlar” yenidən yanmağa, alovlanmağa başlamışdır. Erkən ən yeni dövr ədəbiyyatı bu yeni tarixi mərhələni müstəqillikdən əvvəlki Heydər Əliyev epoxasında qazana bilmişdir.
Keçid dövrü ədəbiyyatı isə təxminən XX əsrin səksəninci illərinin axırlarında yaranmağa başlayan, ölkəmizdə müstəqil dövlətçiliyin bərpa olunması və müstəqilliyin itirilmə təhlükəsinin aradan qaldırılması kimi şərəfli və keşməkeşli mərhələni əhatə edir. Bu, 1988-1995-ci illərdə yaranmış ədəbiyyatı özündə cəmləşdirir.
Tarix etibarilə qısa olmasına baxmayaraq, xarakterinə görə keçid dövrünün ədəbiyyatı da iki kiçik mərhələdə yaranıb inkişaf etmişdir. Təxminən XX əsrin səksəninci illərinin axırlarından dövlət müstəqilliyinin bərpasına qədərki dövrdə (1988-1991) Azərbaycan ədəbiyyatında milli azadlıq ideyaları qüvvətli şəkildə dalğalanmışdır. Sovetlər İttifaqının dağılması ərəfəsində keçmiş sovet imperiyasında baş verən ictimai-siyasi proseslərin dalğasında Azərbaycanda gedən milli-azadlıq hərəkatı ədəbiyyatın vətəndaşlıq kəsəri ən yüksək həddə qədər inkişaf etdirmişdir. Azadlıq meydanlarında təkcə şailər deyil, xalq hərəkatının fəalları da xalqa ən təsirli çağırışlarını ədəbiyyatın, poeziyanın dili ilə səsləndirmişlər. Ədəbiyyat milli azadlıq hərəkatı siyasətinin danışan «dili» funksiyasını yerinə yetirmişdir. Azərbaycan ədəbiyyatı milli azadlıq meydanı olan meydan hərəkatının ən aparıcı ideyalarını xalqa çatdırmışdır. Azərbaycan xalqının milli istiqlalında yazıçı və şairlər nəinki yaxından iştirak etmiş, hətta ön sıralarda təmsil olunmuşlar. Azərbaycan ədəbiyyatı özünün çoxəsrlik inkişafı tarixində heç vaxt XX əsrin 90-cı illəri ərəfəsində olduğu qədər xalqın və ölkənin taleyində həlledici rol oynamamışdır. Bu dövrdə Azərbaycan ədəbiyyatı milli azadlıq hərəkatına qüvvət vermiş, sovet imperiyasına ağır zərbə vurmuş, onun dağılmasına səy göstərmişdir. Dağlıq Qarabağ həm vətənpərvərlik, həm də müstəqillik uğrunda mübarizı mövzusu kimi ədəbiyyatın gündəmində dayanaraq həyəcan təbili döyməyə xidmət etmişdir. Qanlı yanvar mövzusundan da yalnız elegiya yox, ittiham və marş ruhlu şeirlər doğulmuşdur. Ona görə də XX əsrin 80-cı illərinin axırları və 90-cı illərinin əvvəlləri Azərbaycan ədəbiyyatının xalqın milli azadlıq mübarizəsində fəal iştirakı dövrü hesab edilə bilər.
Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, Məmməd Arazın “Qalx ayağa, Azərbaycan” şeiri, Xəlil Rza Ulutürkün Lefortovo zindan şeirləri, Sabir Rüstəmxanlının “Ömür kitabı”, Rüstəm Bührudinin “Dar ağacı”, Məmməd aslanın “Ağla, qərənfil, ağla” şeirləri meydanlarda milli azadlıq himnləri kimi səslənmişdir.
Bununla belə, SSRİ-nin dağılması proseslərinin başlanması və yeni quruluşu yaratmağın xüsusi çətinlikləri, hətta xalqın milli istiqlalı itirmə təhlükəsi ilə üzləşməsi prosesləri bir müddət ədəbi-ictimai fikirdə məyusluq, ümidsizlik, çöküş, dekadans əhvali-ruhiyyəsi doğurmuşdur. Bu dərin proses XX əsrin doxsanıncı illərinin əvvəllərindən axırlarına qədər ədəbiyyatda müəyyən bir geriləmə və burulğan yaratmışdır. Dünyanın yenidən şəkilləndirilməsi proseslərinin dərhal ədəbiyyata gələ bilməməsinin özünəməxsus çətinlikləri yazıçı cəmiyyətində müəyyən durğunluq əmələ gətirmişdir. Publisistika və şeir cəmiyyətdə böyük sürətlə gedən mürəkkəb ictimai-siyasi proseslərə və böhran həddinə düşmüş iqtisadi vəziyyətə az-çox münasibət bildirsə də, ədəbiyyatın ağır artilleriyası sayılan bədii nəsrdə baş verən hadisələri dərindən əks etdirən və proqnozlaşdıran, gedişata işıq sala bilən əsərlərin yaradılması ləng bir ətalətlə müşahidə olunmuşdur. Bundan başqa, keçmiş ideologiyanın dağıntıları üzərindən olsa da ədəbiyyatda milliləşmə meyllərinin əks etdirilməsi xalqa doğru inkişafda real çətinliklər yaşamalı olmuşdur. Cəmiyyət də, ədəbiyyat da ömrünü başa vurmaqda olan ideologiyanın son şəfəqləri ilə yenidən doğulan və çətinliklə, manelərlə zühur edən milli ideyaların arasında seçim etməkdə çaşqınlıq yaşamalı olmuşdur. Eyni zamanda, yeni ədəbi nəslin burulğanlar içərisində ədəbiyyatın əsas hədəfləri müəyyən etməkdə yaşadıqları çətinliklər, yüksək vətəndaşlıq mövqeyi ilə təcrübəsizlik arasındakı təzadlar müasir ədəbiyyatın doğuluşunun gecikməsinə öz təsirini göstərmişdir. Həmin dövr, yəni XX əsrin səksəninci illərinin sonundan doxsanıncı illərin ortalarına qədərki böhran və burulğan mərhələsi Azərbaycan ədəbiyyatının dekadans xarakterli keçid dövrü sayıla bilər. Eyni zamanda, bu qısa və mürəkkəb tarixi mərhələ artıq XX əsrin altmışıncı illərində böyük təməlləri atılmış, yetmiş-səksəninci illərdə inkişaf etmiş erkən ən yeni dövrlə XXI əsrin astanasında milli ədəbiyyatın yaranmaqda olan real ən yeni dövrünə keçid idi. Bu, bir-birlərinə ideya – bədii cəhətdən çox yaxın olan iki mərhələnin əlaqələndirən, bağlayan bir mərhələdir. “Keçid dövrü” ədəbiyyatı sənət idealları ilə erkən ən yeni dövrün ədəbiyyatının xarakterinə çox yaxındır və onu hər cəhətdən tamamlayır. Erkən ən yeni dövrdə ədəbiyyatda başlanan və qüvvətlənən ümummilli ideallar Azərbaycanda dövlət müstəqilliyinin qələbə çalması ilə özünün ali məqsədinə çatmışdır. Bununla belə, «keçid dövrü»ndə həmin idealların dalğavari əks-sədası hələ də davam etmiş, qələbədən doğan sevinci dərhal əvəz etmiş xaos, qarışıqlıq özü ilə müstəqilliyi itirmək səksəkəsi yaratdığı üçün ədəbiyyat bu illərdə də müstəqillik uğrunda mübarizə mənasında haqq işini davam etdirməli olmuşdur. Qarşısında Sovet dövləti kimi keçilməz böyük dəmir sədd olan altmışıncıların və yetmişincilərin səksəninci illərdə yazdıqları əsərlərində mövcud sərt syasi-ideoloji mühitə münasibətdə daha ağıllı və mübariz vəndaş ruhlu notlar əks-səda tapmışdır. Xüsusən, səksəninci illərin sonlarında və 1990-cı ildə yazılmış bədii örnəklərdə vətənpərvər dönməz mərd əsgər, yaxud ümummilli idealları qarşısında ölümdən qorxmayan sərkərdə ruhu miqyasında ifadə olunmuşdur. Dağlıq Qarabağ cəbhəsindəki gərginlik ədəbiyyatı daha çox mübarizə və səfərbərlik üstündə kökləmişdir. Ona görə də bu mərhələdə ümumən Azərbaycan ədəbiyyatında, xüsusən poeziya və publisistikada “kəskin etiraz ruhlu, düşmən niyyətinin ifşası, grçəkliklərin təhlili, vətənpərvərlik və çağırış pafosu hakim idi”.1 Məhz həmin çətin və məsuliyyətli anlarda Rüstəm Behrudinin 1990-cı ildə yazdığı məşhur «Dar ağacı» şeiri müstəqillik ərəfəsi Azərbaycan şeirinin poetik manifestidir.
Lakin 1991-ci ildə ölkəmizdə dövlət müstəqilliyi bərpa olunduqdan sonra böyük ədəbiyyat məqsədinə, idealına, yəni dövlət müstəqilliyinə çatdığı üçün vətənpərvərlik, yaxud azadlıq uğrunda mübarizə üçün «Dar ağacı» səviyyəsində şeirlərə ehtiyac qalmamışdır. Artıq «Dar ağacı»ndan xilas olmuş Azərbaycan ədəbiyyatı özünün yeni ideallarını formalaşdırmalı idi. XX əsrin 90-cı illəri, xüsusən bu onilliyin birinci yarısı milli ədəbiyyatın müstəqillik dövrünün ideya-bədii cəhətdən şəkilləndirilməsi formatının axtarışları ilə səciyyələnir. Vaqif Səmədoğlu, Vaqif Bayatlı Odər, Ramiz Rövşən, Rüstəm Behrudi və başqalarının şeirlərindəki ümidi itirmək qorxusu, ölüm və dua notları həmin mərhələnin ədəbiyyatının əhvali-ruhiyyəsini ifadə edir. Bununla belə, bütünlükdə keçid dövrü ədəbiyyatı müstəqillik dövrünün əsl böyük və ümumilli ədəbiyyatına hazırlıq mərhələsi demək idi. Bu, azərbaycançılıq idealını eyni enerji ilə meydanlardan reallığa, oradan da ədəbiyyata gətirmək üçün özündə güc və qüvvət toplayan yaradıcı düşüncənin yeni müstəqil dövlətin qurulub möhkəmlənməsinə xidmət etmək üçün yenidən start götürməsi qabağı böyük məşqləri idi.
Müstəqil Azərbaycan Respublikasında ictimai-siyasi sabitlik yaranana qədər ədəbiyyatda keçid dövrü əhval-ruhiyyəsi davam etmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mövcud qarşıdurmaların qarşısını aldıqdan və dövlət çevrilişi cəhdlərini qətiyyətlə aradan qaldırdıqdan sonra ölkədə tam bərqərar olmuş sabitlik və başlanan inkişaf prosesləri ədəbiyyatdakı ümidsizlik və çaşqınlıq əhval-ruhiyyəsini arxada qoymuş, söz sənəti adamları müasir inkişaf ritmləri üstündə kökləmişlər.
Dostları ilə paylaş: |