Alov şöləsi
İki gündən sonra onun indiki Nəvvab mədrəsəsinə gedəcəyini eşitdim. Atamdan icazə almaq məhdudiyyətim olsa da, oraya getdim. Hamı onu gözləyirdi. Mədrəsənin zalını və dəhlizini onun şərəfinə döşəmişdilər. Mən də onlarla birgə bir qədər gözlədim, ancaq səbirsizlikdən daha gözləyə bilmədim və onu qarşılamağa getdim. Bayıra çıxıb Mehdiyyəyə doğru gedərkən qarşıdan Nəvvabın və ardınca digər insanların gəldiklərini gördüm. O, yolda sağa-sola baxır, insanlara salam verir, onlarla səmimi şəkildə danışırdı. O, yoldan ötənlərə bəzən nəsihət verir, bəzən də cəsarətləndirirdi. Danışanda bütün bədəni hərəkət edirdi, fikrini çatdırmaq istəyəndə bütün vücudu titrəyirdi. O, qərblilərə xas geyim tərzi haqda danışanda bir kişi təsirlənib kepkasını başından götürdü və əli ilə büküb cibinə qoydu.
Tələsik özümü Nəvvabın qarşısında oturmuş birinci cərgəyə çatdırdım. Həmin səhnə indi də bütün xırdalıqları ilə gözlərim önündədir. Nəvvabın dayandığı yerdən mədrəsənin eyvanı və həyəti görünürdü. Mən düz onun qarşısında oturmuş, bütün hərəkət və sözlərinə diqqət kəsilmişdim. Yadımdadır, hövzə tələbələrinə nəsihət verib onları iman və təqvaya sadiq qalmağa çağırırdı. Onun bu səsi indiyə qədər qulaqlarımdadır: "Ey Adəm övladı! Azuqəni artır, çünki yol çox-çox uzundur. Ey Adəm övladı! Gəmini yenilə, çünki sular çox-çox dərindir!"
Nəvvab İslama, cəmiyyətə diqqət və İslamın gələcəyi barədə düşünmə hissini vücudumun dərinliklərində oyadan bir alov şöləsi oldu.
Bunu da deməliyəm ki, Ayətullah Kaşaninin dövründə və Nəvvabın gəlişindən bir il qabaq, yəni 1952-ci ildə bəzi ayıq natiqlər də Məşhədə gəlmişdilər. Mən onların məclislərində iştirak etməyə, cəsarətlərindən ilham almağa çox həvəsli idim.
Dostları ilə paylaş: |