Hövzələrin rəftar və əxlaq sistemində başqa bir məsələ mənəviyyatdır, mənəvi paklıqdır. Bu çox əhəmiyyətli məsələdir. Hövzənin bugünkü gənci mənəvi saflıq məsələsinə keçmişdəkilərdən daha çox ehtiyaclıdır. Ümumi biheviorizm fənlərini mütaliə edənlər, bu fənlərdə işləyənlər bunu təsdiq edirlər. Bu gün bütün dünyada belədir; maddi sistem və maddiyyat təzyiqi gəncləri hövsələsiz edir, depressiyaya salır. Belə bir vəziyyətdə gənclərə yardım etmək üçün mənəviyyata və əxlaqa diqqət yetirmək lazımdır. Yalançı irfanların inkişaf etməsinin və bəzi adamların onlara üz tutmasının səbəbi budur; ehtiyac var. Elmi hövzədə təhsil alan gəncimiz – istər qız, istər oğlan tələbə mənəvi paklığa ehtiyaclıdır. Bizdə mənəvi paklığın zirvə nöqtələri var. Bu Qumda yaşamış mərhum Hacı Mirzə Cavad ağa Məliki, mərhum Əllamə Təbatəbai, mərhum ağa Bəhcət, mərhum ağa Bəhaəddini hövzədə mənəvi paklığın zirvələri olmuşlar. Bunların rəftarı, həyatı və sözləri insanı sakitləşdirən, ona aramlıq verən, nur verən, qəlbləri işıqlandıran ən şəfalı amillərdəndir. Nəcəfdə böyüklər vardı; mərhum Axund Molla Hüseynqulunun şagirdləri, mərhum ağa Qazi və digərləri dəyərli şəxslər olmuşlar. Bunların düşüncə və irfan məktəbləri ilə işimiz yoxdur. Burada söhbət nəzəri məsələlərdən getmir. Onların müxtəlif məktəbləri vardı. Mərhum Seyid Mürtəza Kəşmiri mərhum Hacı Mirzə Əli ağa Qazinin müəllimlərindən biridir. Amma bunların düşüncə nihləsi bir-birindən tamamilə fərqlənir. O, bir kitabı qəti şəkildə qadağan edir, o biri isə həmin kitaba eşq bəsləyir; eybi yoxdur. Məşhəddə yaşayan bu böyük alimlər təqva və mənəvi paklıqla tanınırdılar; mərhum Hacı Mirzə Cavad ağa Tehrani, mərhum Hacı Şeyx Müctəba və digərləri. Əsas məsələ budur ki, bu paslı qəlbə mənəvi bir dil və ürəkdən gələn bir söz şəfa versin, bu pası təmizləsin. Lakin biz burada nəzəri irfanlar haqda danışmırıq.