İnqilabdan öncəki fəsadlı hökumətlərin xəyanətinin nəticəsi
Fəsadlı, diktator, şəhvətpərəst və tamahkar, inqilabdan öncəki son bir neçə onillikdə isə həm də əcnəbilərə sıx bağlı hökumətlər bu ölkəni fəlakətə sürüklədilər.
Qacar və Pəhləvi xəyanətlərinin aqibət və təsirləri
Bir zaman yalnız istibdad vardı, diktatura vardı - Nasirəddin şah diktaturası, Fətəli şah diktaturası; amma daha asılılıq yox idi. Amma bir zaman ölkənin vəziyyəti elə bir həddə çatdı ki, həm diktatura vardı, hegemonluq vardı, xalqa zülm vardı, həm də əcnəbiyə köləlik. Vəhşi bir canavar kimi xalqa zülm edən quldur Rza xan ingilis ərbablarının bütün istəklərini yerinə yetirirdi. Neft müqaviləsini alıb, səhv etməsəm, sobaya atdı və yandırdı. Bir neçə gündən sonra isə qabaqkı neft müqaviləsinin müddətini otuz il də artırıb daha pis və rüsvayçı bir müqavilə imzaladı. Dövlət məmurları da ona tabe idilər. Rza xan gedəndən sonra o zaman Maliyyə naziri olan Tağızadəyə dedilər ki, nə üçün bu müqaviləni imzaladın. Dedi ki, mən bir alət idim; yəni Rza xanın özü rəis idi. Öz xalqı qarşısında belə vəhşicəsinə, həyasızcasına, heç bir şeyi nəzərə almadan və aqressiv rəftar edən bu insan ingilislərin qarşısında xar və zəlil idi; onlar iş başına gətirmişdilər. Bir müddət o qütbdən bir qədər başqa qütbə yönəlmək istədi; almanlara təmayül göstərdi. Götürüb zəlil bir qul kimi İrandan xaric etdilər və oğlunu yerinə təyin etdilər. Bizim ölkəmiz uzun illər belə yaşamışdır. Bu xalq uzun illər bu şəkildə müstəbid, fəsadlı, diktator və sərvət yığmaqda olan hökumətlərin təzyiqi altında yaşamışdır. Ölkənin harasında gözəl bir yer vardısa, Rza xan öz adına keçirmişdi; Mazandaranda, Xorasanda və digər yerlərdə. Sərvət topladılar, əmlak topladılar, özləri üçün ləl-cəvahirat yığdılar, axırda milli sərvətlərdən də götürüb qaçdılar. Bu xalqın milyardlarla dolları Amerikaya aparılmışdır. Biz inqilabın əvvəlində Amerikadan Pəhləvi sülaləsinin özü ilə apardığı sərvətləri İran xalqına qaytarmasını istədik, amma qulaq asmadılar. Bəlli idi ki, qulaq asmayacaqlar; bunların hamısı eyni tipdəndir.