9- Hövzələrin təhsil sistemini düşüncəyə sövq etmək və əzbərçilikdən çəkinmək
Elm mərkəzi olmağın şərtlərindən başqa birisi budur ki, hövzədə təhsil təfəkkürlə, təkrarla və tədqiqatla yanaşı olsun. Bu da Avropadan idxal edilən yeni təhsil sistemində olmayan xüsusiyyətlərdəndir. O sistem əzbərçiliyə əsaslanır. Biz buna sarı yuvarlanmamalıyıq. Bizi buna sarı yuvarladan hər bir proqram qeyri-düzgün proqramdır. Öz proqramlarımıza baxıb görək hansı bir şey tələbəni əzbərçiliyə sarı qovur, təfəkkürdən, tədqiqatdan və mütaliədən saxlayır. Əzbərçilik düzgün və faydalı deyil. Mən bir dəfə də işarə vurdum ki, bizim elmi hövzəmizin xüsusiyyətlərindən biri düşünməkdir. Tələbəni dərsə başlayarkən düşünməyə vadar etmək lazımdır. Bildiyiniz kimi, (hövzənin ilk kitabı olan Sərfi-Mir) "Bil ki, Allah sənə kömək olsun" cümləsi ilə başlayır. Məşhur idi, deyirdilər ki, nə üçün burada "oxu" yox, "bil" deyilmişdir. Məqsəd budur ki, əvvəla tələbədə sual vermək hissini dirçəltsin; sonra da onu başa salsın ki, oxumaq məqsəd deyil, bilmək məqsəddir. Bu, bizim proqram hazırlayanlarımız üçün həqiqətən ümumi bir prinsip olmalıdır. Müəllimlər də bu məsələyə diqqət yetirsinlər.
İmtahanların intizamlı və proqramla keçirilməsi
İndi hövzədə imtahan vaxtıdır. Bu çox lazımlı və yaxşı bir şeydir. Düzdür, keçmişdə də imtahan olmuşdur, amma belə nizam-intizamlı və proqramla olmamışdır. Bu gün belədir və çox da yaxşıdır. Bu imtahanlara əsla əl vurmaq olmaz. Lakin bunun müəllimin dərsdə imtahan götürməsi ilə ziddiyyəti yoxdur. Siz dərsin ilk on dəqiqəsini tələbələrdən soruşmağa ayırın. Bu, sınaqdan keçmiş bir üsuldur. Mənim özüm Məşhəddə Kifayə, Məkasib və bu kimi kitabları tədris edəndə bu işi görürdüm. Dərsdən öncə kitabı açıb tələbələrin birinə deyirdik ki, siz dünənki dərsi oxuyun, yaxud deyin. Bu çox təsirli idi. Həm biz qarşı tərəfin savadını anlayırdıq, həm o, sualın və qayda-qanunun olduğunu bilirdi, həm də o məsələni bilməyənlər öyrənirdilər. Bunun digər faydaları da var. Xüsusən orta pillə dərslərində tələbəni bu düşüncəyə vadar etmək çox mühüm məsələdir.
Bu gecələrdə keçirdiyimiz məclislərdə cənabların biri ilə söhbət etdik. Bu məsələ mənim yadıma düşdü və dedim ki, orta pillə dərsləri çox mühümdür. Orta pillədə üsul və fiqh elmlərinin məğzini öyrənmək tələbənin ali-ixtisas (xaric) dərsindən yaxşı istifadə etməsinə bais olur, əks təqdirdə istifadə edə bilməyəcək.
Dövrə uyğun dərs vəsaiti hazırlamaq
Söhbət indiki mətnlərdən getmir ki, qapanıb qalaq və mütləq həmin mətnlərin oxunmasını deyək. Xeyr, hövzəyə bu səadət nə zaman nəsib olsa, inşallah dövrə uyğun dərs vəsaiti də hazırlayacaq.
Mətnlərin dəqiq və tədqiqi dərki üzərində təkid
Tələbə orta pillənin hər bir dərsini oxumalı və anlamalıdır. Bu mətnlərin dərkinə çalışmaq lazımdır. Əzbərçilik yerinə dərindən mənimsəmək, düşünmək və mətləbi tədqiqi mənimsəməkdən ibarət olan məqsədin həyata keçməsi üçün təkrarlamaq.
11- Tədqiqatın əsas məsələ olması və münasib tədqiqat sistemi tərif etmək
Hövzədə tədqiqatın əsas məsələ olması da növbəti məsələdir. Hövzə üçün münasib tədqiqat sistemi lazımdır.
12- Fiqh və üsulda orta pillə dərslərinə əhəmiyyətli yanaşmaq
Həmçini ali-ixtisas (xaric) dərsinə getməzdən qabaq fiqh və üsulda orta pillə dərslərinə əhəmiyyətli yanaşmaq lazımdır.
13- Hövzənin elmi kimliyinə diqqət və onun yalnız fiqh və üsulla məhdud olmaması
Hövzənin elmi kimliyi də mühüm məsələdir. Bu yalnız fiqh və üsulla məhdud olmur. Fiqh və üsul çox mühüm elmlərdir; bunda şübhə yoxdur. Biz əvvəllər də demişik ki, bizim hövzələrimizin fəqərə sütunu fiqhdir. Amma bunun mənası o deyil ki, bizim fəlsəfəyə ehtiyacımız yoxdur. Bu gün bizim fəlsəfəyə keçmişdəkindən daha çox ehtiyacımız var. Bir zaman bizim böyük ruhanilərimiz, böyük müctəhidlərimiz fəlsəfə öyrənmək üçün uzaq yerlərə gedirdilər; məsələn Axund Xorasani Səbzəvarda Hacı Molla Hadinin yanına gedib şagirdlik etdi və fəlsəfə oxudu. Yaxud bizim böyük fiqh və üsul alimlərimiz gedib fəlsəfə oxudular, öyrəndilər. Bu gün ondan daha çox ehtiyacımız var. Mərhum Əllamə Təbatəbainin Nəcəfdə mərhum ağa Seyid Hüseyn Badkubeidən fəlsəfə öyrəndiyi zaman İslam fəlsəfəsinə ehityac bugünkündən dəfələrlə az idi. Bu gün dünyada bu qədər müxtəlif məktəblər, bütün bu yeni düşüncələr, bütün bu şübhələr, bütün bu düşüncə təklifləri irəli sürülür; özü də belə asan və sürətli rabitə vasitələri ilə; internetlə, kitabla, jurnalla və sair. Buna əsasən, fəlsəfəyə ehtiyac var. Yalnız fəlsəfəyə yox, Qum hövzəsində digər elmlərə də ehtiyac var.
14- Hər bir hövzə elmində ixtisaslı işin zəruriliyi
Əlbəttə, bütün bu elmlərə yiyələnmək və onların hamısında mütəxəssis və nəzər sahibi olmaq yəqin ki, ya mümkün, ya da çox asan deyil. Keçmişdə də mümkün deyildi, bunu da sizə deyim. Bəzən bizim böyük fəqihlərimizin və böyük alimlərimizin bütün elmlərdə mütəxəssis olmalarına dair mərhum Şeyx Tusinin, yaxud Əllamə Hillinin adlarını çəkirlər. Bəli, Şeyx Tusi böyük fəqih idi, üsulda məktəb və yenilik sahibi idi. Üsulun ilk təməllərini o zaman o və onun kimilər qoydular. Şeyx Tusi fəqihdir, üsul alimidir, təfsirçidir, hədisşünasdır, rical alimidir. Amma bu elmlərin hamısında birincidirmi? Xeyr. Düzdür, o, fiqhdə birincidir; deyilib ki, şeyxdən iki yüz il sonraya qədər bütün fəqihlər onun üsulubunu və yolunu davam etdirdilər; onlara təqlidçilər deyirlər. Lakin siz görürsünüz ki, ricalda Nəccaşi daha savadlıdır. Şeyxlə bir dövrdə yaşayan Nəccaşi ona nisbətən kənarda qalmış və tanınmayan bir adamdır, amma onun rical kitabının mötəbərliyi şeyxin kitablarından artıqdır; şeyxin həm Rical kitabından artıqdır, həm də Mündərəcat kitabından. Həqiqətən belədir; daha güclü və daha mötəbərdir. Yəni demək olmaz ki, şeyx ricalda da eyni əzəmətə malik olmuşdur.
Yaxud əllamə həm fəqihdir, həm məntiq alimidir, həm filosofdur, həm mütəkəllimdir, həm rical alimidir, həm də bunların hamısında kitabı var; fəlsəfədə "Hikmət əl-elm" kitabına şərh yazmış, müəllimi olmuş Dəbiran Katibi Qəzvininin kitabını şərh etmişdir. Amma əllamənin fəlsəfə kitabı bizim fəlsəfəmizin birinci dərəcəli kitablarından deyil. Yəni İbn Sinanın kitabları ilə müqayisə oluna bilməz, sonrakı filosofların kitabları ilə müqayisə oluna bilməz. Buna əsasən, biz deyə bilmərik ki, keçmişdə insanlar bütün elmlərdə mütəxəssis ola bilirdilər. Xeyr, bəzisi bir elmdə, bəzisi başqa bir elmdə mütəxəssis olurdular. Bəli, fiqhdə bir əllaməmiz var, bir mühəqqiqimiz var, fəlsəfədə, yaxud kəlamda bir Xacə Nəsirimiz var; eybi yoxdur.
Bu gün də belədir. Heç bir eybi yoxdur ki, bu gün də fəqihlərimiz olsun, filosoflarımız olsun, İslam humanitar elmlərində mütəxəssislərimiz olsun, təfsirdə mütəxəssislərimiz olsun - təfsirə əhəmiyyətsiz yanaşmaq olmaz; onun üçün mütəxəssis lazımdır - təbliğat elmlərində mütəxəssisimiz olsun.
Dostları ilə paylaş: |