YEDDİNCİ CÜZ
82. ﴿لَتَجِدَنَّ أَشَدَّ النَّاسِ عَدَاوَةً لِّلَّذِينَ آمَنُواْ الْيَهُودَ وَالَّذِينَ أَشْرَكُواْ وَلَتَجِدَنَّ أَقْرَبَهُمْ مَّوَدَّةً لِّلَّذِينَ آمَنُواْ الَّذِينَ قَالُوَاْ إِنَّا نَصَارَى ذَلِكَ بِأَنَّ مِنْهُمْ قِسِّيسِينَ وَرُهْبَانًا وَأَنَّهُمْ لاَ يَسْتَكْبِرُونَ﴾
«Yəhudilərin və müşriklərin iman əhlinə münasibətdə ən qatı düşmən olduğunu görərsən. “Biz məsihiyik” deyənlərin isə dostluq baxımından möminlərə ən yaxın olduğunu bilərsən. Bu (dostluq) o baxımdandır ki, onlardan bəziləri keşiş və rahiblərdir, onlar təkəbbür göstərməzlər.»
Nöqtələr
◘“Qissis” keşiş deməkdir və məsihilərin dini işlərinə rəhbərliyini öhdəsinə götürmüş şəxs keşiş adlanır. Məsihi abidlərinə isə “röhban” deyilir.
◘Bu ayədən 85-ci ayəyədək nüzul şəni Həbəşə padşahı Nəcaşinin və həmin ölkə məsihilərinin müsəlmanlarla xoş rəftarıdır. Bu müsəlmanlar besətin beşinci ili Cəfər ibn Əbu-Talibin başçılığı ilə Məkkədən hicrət etmişdilər. Onlar müşriklərin sıxıntılarından Nəcaşiyə pənah aparmışdılar. Müşriklərin Həbəşəyə göndərdikləri elçilər Nəcaşidən mənfi cavab almışdılar. Mədinə yəhudiləri peyğəmbərin möcüzələrini, böyük əxlaqını gördükləri halda iman gətirməyib müsəlmanlara qarşı fitnə-fəsadda iştirak edirdisə, məsihi ruhaniləri Həbəşədə “Məryəm” surəsinin ayələrini eşidərkən ağlayır və müsəlmanları himayə edirdilər.1
◘İmam Sadiq (ə) bu ayəni tilavət etdikdən sonra buyurmuşdur: “Bu məsihi alimlər və rahibləri həzrət İsa ilə Həzrət Məhəmməd (s) arasındakı dönəmdə yaşamış və İslam peyğəmbərinin gəlişini gözləmişlər.”2
Bildirişlər
1. Yəhudilərin müsəlmanlarla düşmənçiliyinin tarixi kökləri var.
2. İslam düşmənlərinə və qeyri-müsəlmanlara onların rəftarını nəzərə alaraq yanaşılmalıdır.
3. Öz dostlarımızı və düşmənlərimizi onların psixoloji və ictimai vəziyyətini düzgün təhlil edərək tanımalıyıq.
4. Cəmiyyətdə inkişaf üçün zəmin var: Alimlik, Allah qorxusu, təkəbbür və azğınlıqdan uzaq ruhiyyə.
5. Din alimləri və Allahdan qorxan abidlər cəmiyyətin əqidə və əxlaqının islahında mühüm rol oynayırlar.
6. Əgər elm, ibadət və əxlaq qarşılıqlı birləşsə, insan haqpərəst olar və təəssübü bir kənara qoyar.
7. İslamda təəssüb yoxdur. İslam digər dinlərin Allahdan qorxan, insaflı alimlərini qiymətləndirir.
8. Məsihilər arasında İslamın təbliği təsirlidir.
(Məsihilər yanlış üçlük əqidəsini daşısalar da, nisbətən sağlam ruhiyyələrinə xatir haqqı daha asanlıqla qəbul edirlər.)
83. ﴿وَإِذَا سَمِعُواْ مَا أُنزِلَ إِلَى الرَّسُولِ تَرَى أَعْيُنَهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ مِمَّا عَرَفُواْ مِنَ الْحَقِّ يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ﴾
“(Məsihilər) hər vaxt peyğəmbərə nazil olmuş ayəni eşitdikdə, görürsən ki, haqqı tanıdıqlarından gözləri yaşla dolur və deyirlər: “Pərvərdigara! Biz iman gətirdik, adımızı (haqqa) şahidlər zümrəsində yaz.”
Nöqtələr
◘Cəfər ibn Əbu-Talib “Məryəm” surəsinin ayələrini Həbəşədə Nəcaşi üçün oxuduqda oradakı məsihilər ağladılar. Bu göz yaşları məsihilərin şövqlü göz yaşlarının nümunəsi idi. Digər bir dəfə məsihilərdən bir qrupu Cəfərlə birlikdə Mədinəyə gəlib orada “Yasin” surəsinin ayələrini eşitdikdə göz yaşı axıtdı.1
Bildirişlər
1. Qəlbi diri, təvazökar insanların nişanəsi budur ki, haqqı eşitdikdə həyəcanlanarlar. (Azğınlar isə haqqı gördükdə belə, yerlərindən tərpənmirlər.)
2. Göz yaşları mərifətlə müşayiət olunduqda kamal nişanəsi olur.
3. İnsanın ruhu və fitrəti haqqa heyrandır. Məşuqa çatdıqda şövqdən göz yaşları axır.
4. İman və etiraf mərifətə əsaslanmalıdır.
5. Duada müqəddəs “Rəbbəna” sözündən yardım alaq.
6. Bilgi və mərifət, göz yaşı və nöqsanların etirafı təkamül və mənəvi tərbiyə nişanəsidir.
7. Dua etiraf və imanla müşayiət olunduqda təsir göstərir.
8. Müvəqqəti iman səmərəsizdir. İman daimi olmalı, xoş aqibətlə başa çatmalıdır.
9. Yüz illik yolu bir gecədə getmək dəyərlidir. Eşitmək, tanımaq, etiraf etmək və qovuşmaq!
10. İman əhli daha yuxarı mərhələlərə çatmaq üçün dua etməlidir. (Öncə iman, sonra daha yuxarı olan şəhadət mərhələsi.)
84. ﴿وَمَا لَنَا لاَ نُؤْمِنُ بِاللّهِ وَمَا جَاءنَا مِنَ الْحَقِّ وَنَطْمَعُ أَن يُدْخِلَنَا رَبُّنَا مَعَ الْقَوْمِ الصَّالِحِينَ﴾
“(Deyirlər:) nə üçün Allaha və bizim üçün gəlmiş həqiqətə iman gətirməyək? Halbuki Rəbbimizin bizi salehlərlə birlikdə (behiştə) daxil edəcəyinə ümidvarıq.”
85. ﴿فَأَثَابَهُمُ اللّهُ بِمَا قَالُواْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ جَزَاء الْمُحْسِنِينَ﴾
“Allah bu sözlərin (şəhadətlərinin) əvəzində onlara altından çaylar axan bağlar verdi. Daim orada qalarlar və budur yaxşı əməl sahiblərinin mükafatı.”
86. ﴿وَالَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِآيَاتِنَا أُوْلَـئِكَ أَصْحَابُ الْجَحِيمِ﴾
“Kafir olub ayələrimizi təkzib edənlər cəhənnəm əhlidirlər.”
Nöqtələr
◘Həqiqəti anladıqdan sonra şücaətlə, aşkar surətdə və sədaqətlə onu etiraf edənlər, öz dindaşlarından qorxmayanlar yaxşı əməl sahiblərinin ən üstünləridirlər. Çünki onlar həm özlərinə nicat verib cəhənnəm əzabından qurtulurlar, həm etiraf etməklə doğru yolu başqalarına göstərirlər.
Bildirişlər
1. Haqqı tanıdıqdan sonra onu rədd etmək üçün heç bir üzr, bəhanə qalmır.
2. Salehlərlə yoldaşlıq müqəddəs işdir.
3. Düzgün arzunun nişanəsi iman və əməldir.
4. Allaha iman vəhyə imandan ayrı deyil.
5. İmanın əvəzi behiştdir.
6. Kamal yollarından biri vicdana üz tutub onu sorğuya çəkməkdir.1
7. Tövhid, peyğəmbərin risaləti, Quranın haqq olmasını dillə etiraf etmək zəruridir.
87. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُحَرِّمُواْ طَيِّبَاتِ مَا أَحَلَّ اللّهُ لَكُمْ وَلاَ تَعْتَدُواْ إِنَّ اللّهَ لاَ يُحِبُّ الْمُعْتَدِينَ﴾
“Ey iman gətirənlər! Allahın sizə halal etdiyi pak şeyləri özünüzə haram etməyin və həddi aşmayın ki, Allah təcavüzkarları sevməz.”
Dostları ilə paylaş: |