◘Bu ayədə əhdi sındıranlar beş növ ilahi qəhr və qəzəblə hədələnirlər: Axirətdə əli boşluq, Allahın xitabından məhrumluq, ilahi lütf nəzərindən uzaqlıq, günahdan paklanmamış qalmaq, dərdli əzaba düçar olmaq.
◘Şiə və sünni rəvayətlərində həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: “Əmanətə vəfa etməyənin imanı yoxdur və öz əhdinə vəfa qılmayan dinsizdir.”1
Bəzi rəvayətlərdə nəql olunmuşdur ki, “Əhdillah” dedikdə Tövratda İslam peyğəmbəri ilə bağlı bəyan olunmuş həqiqətlər nəzərdə tutulur. Bu həqiqətlər yəhudi alimləri tərəfindən təhrif olunmuşdur.
◘Allah tərəfindən salam ünvanlanmış kəslərin vəziyyəti ilə Allahın üz çevirdiyi kəslərin vəziyyətini müqayisə edək. Belələrinin naləsi ilahi bir nida ilə kəsilir.2
◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs and içməklə öz qardaşının var-dövlətini nahaqdan yesə Allahın qəzəbinə düçar olar.” Sonra həzrət uyğun ayəni tilavət etmişdir.3
◘Həzrət Əli (ə) buyurmuşdur: “Qiyamətdə Allahın nəzəri dedikdə, Onun mərhəmət nəzəri başa düşülür. Əlbəttə ki, söhbət zahiri gözlə olan baxışdan getmir.4
Bildirişlər
1. İnsanın yanında xalqın əmanəti ilahi əhddir. Əvvəlki ayələrdə oxuduq ki, bəziləri xalqın əmanətini qaytarmır. Bu ayədə isə “xalqın əmanəti” təbiri əvəzinə “əhdillah” təbiri işlədilmişdir.
2. Əhdi pozmaq kəbirə günahlardandır. Quranda heç bir günah haqqında bu sayaq ardıcıl hədələr sadalanmamışdır.
3. Yalan and qiyamətdə məhrumluq səbəbidir.
4. Dünyapərəstlik əhdi pozmağın köküdür.
5. İnsan heç bir qiymətə əhdi pozmamalıdır. Əhdə vəfasızlığın dəyəri hər nə olsa azdır.
6. Qiyamət cəzaları insanın əməllərinə mütənasib olur. Allaha etinasızlığımız Allahın etinasızlığı səbəbidir.
7. Axirət əzabı həm cismə, həm də ruha aiddir. Cisimlə bağlı cəza dərdli əzab, ruhla bağlı cəza Allahın üz döndərməsidir.
78. ﴿وَإِنَّ مِنْهُمْ لَفَرِيقًا يَلْوُونَ أَلْسِنَتَهُم بِالْكِتَابِ لِتَحْسَبُوهُ مِنَ الْكِتَابِ وَمَا هُوَ مِنَ الْكِتَابِ وَيَقُولُونَ هُوَ مِنْ عِندِ اللّهِ وَمَا هُوَ مِنْ عِندِ اللّهِ وَيَقُولُونَ عَلَى اللّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ﴾
“Həqiqətən, onların (kitab əhlinin) bir dəstəsi kitab oxuyarkən dillərini elə dolaşdırırlar ki, onların səmavi kitab oxuduqlarını güman edəsiniz. Halbuki oxuduqları kitabdan deyil. Deyirlər: “Bu, Allah tərəfindəndir.” Halbuki Allah tərəfindən deyil. Onlar bilərək Allahın adından yalan danışırlar.”
Nöqtələr
◘Təqvasız alimlərin günahı qat-qat böyükdür. Çünki onlar xalqı çaşdırır, Allahın adından yalan danışır və bütün bu işləri bilərəkdən edirlər.
Bildirişlər
1. Mühakimə yürüdərkən insaflı olaq və hamıya bir gözlə baxaq.
2. Kitab əhli arasında xain alimlərin olması şübhə doğurmur.
3. Avamları sözlə aldatmaq alimlərin günahlarındandır.
4. İti və gözəl danışıq haqqı bəyan etmirsə, azğınlıq vasitəsidir.
5. Xalqı azdıranlar dini müqəddəslikləri və səmavi kitabları özləri üçün alət edirlər.
6. Batil məqsədlər həyata keçirmək üçün həqiqətdən istifadə etmək düşmənlərin mənfur planlarındandır.
7. Düşmən sizi azdırmaq üçün şərait gördükdə təhlükəli iddialar irəli sürür.
8. İnsanın əqidə və mədəniyyətinə ən böyük xəyanət alimlərin qərəzli və agahanə təhrifləridir.
79. ﴿مَا كَانَ لِبَشَرٍ أَن يُؤْتِيَهُ اللّهُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُواْ عِبَادًا لِّي مِن دُونِ اللّهِ وَلَـكِن كُونُواْ رَبَّانِيِّينَ بِمَا كُنتُمْ تُعَلِّمُونَ الْكِتَابَ وَبِمَا كُنتُمْ تَدْرُسُونَ﴾
“Allahın Kitab, hökm və nübuvvət verdiyi heç bir bəşər (və peyğəmbər) xalqa deyə bilməz ki, «Allah əvəzində mənə bəndə olun.» Lakin siz keçmişdə kitab təlim-tədris etdiyiniz üçün rəbbani olun.”
Nöqtələr
◘Peyğəmbərlərin digərlərindən fərqləri budur ki, onların ətrafındakıların sayı artdıqca xalqı Allaha bəndəliyə daha çox dəvət edərlər. Heç vəchlə tövhid yolunu dəyişməz, əksinə öz xəbərdarlıqlarını gücləndirərlər. Amma mənfəət güdən dəvətçi ilk öncə müqəddəslik donu geyib ürək yanğısı ilə işə başlayır. Qüdrətə çatdıqdan sonra isə onlar öz istibdadlarını və zülmlərini gücləndirirlər.
◘Rəvayətdə nəql olunur ki, öz qullarınıza “əbdi” (mənim qulum) yox, “fəta” deyin. Qullar da öz ağalarına “rəbbi” yox, “səyyidi” (mənim ağam) desinlər.1
◘Əgər peyğəmbərə pərəstiş etmək qadağan olunmuşsa, başqalarına pərəstişdən danışmağa dəyməz. Bəndəlik amili mənəvi səciyyələr olmadıqda, meydanı maddi səciyyələr tutur.
◘“Rəbbaniyyun” sözü “rəbbani” sözünün cəm forması olub Allahla möhkəm bağlılığı olanlara deyilir. Belələri başqalarının islah və tərbiyəsi yolunda çalışırlar.
◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mənə münasibətinə görə iki dəstə həlak oldu: 1. Məni bəşər həddindən yuxarı qaldıran ifratçı ardıcıllar; 2. Mənim peyğəmbərliyimi qəbul etməyən insafsız düşmənlər. Hər iki dəstə məndən uzaqdır.” Həzrət İsa da öz ardıcıllarına belə bir xəbərdarlıq etmişdir. Bu məna “Nəhcül-bəlağə”də Həzrət Əli (ə) tərəfindən də zikr olunur. Başqa bir məqamda həzrət peyğəmbər buyurur: “Məni olduğumdan yuxarı qaldırmayın. Həqiqətən, Allah məni peyğəmbər qərar verməmişdən öncə bəndə yaratmışdır.” Sonra həzrət bu ayəni tilavət etmişdir.1
◘Həzrət Peyğəmbər (s) bu ayə haqında buyurmuşdur: “İstər azad olsun, istərsə də bəndə, bütün müsəlman kişi və qadınların Allah tərəfindən müəyyən olunmuş vacib vəzifəsi vardır. O da budur ki, Quranı öyrənib, onun haqqında düşünsünlər.2
Bildirişlər
1. Mövqedən, sevgidən və məsuliyyətdən sui-istifadə etmək qadağandır.
2. İnsana kitab, hikmət və nübuvvət verilməsi onu insanlıqdan xaric etmir.
3. Peyğəmbərlərin məqsədi bəşəriyyəti təkcə şirkdən xilas etmək deyil. Peyğəmbərlər bəşəriyyəti rəbbani bir mərhələyə inkişaf etdirmək üçün çalışırlar.
4. Rəbbani yol sufilik və guşənişinlik yox, din elmi və kitab dərsi ilə əldə olunur. 3
5. Əgər elm və bilik insanı rəbbani edə bilməmişsə, demək, o elm elm olmamışdır. 4
6. Rəbbani alimlər Quranın həqiqi təfsirçiləridirlər.
7. Səmavi kitabların təlim və tədrisi daimi olmalıdır.
8. Müəllimlik peyğəmbər peşəsidir.
80. ﴿ وَلاَ يَأْمُرَكُمْ أَن تَتَّخِذُواْ الْمَلاَئِكَةَ وَالنِّبِيِّيْنَ أَرْبَابًا أَيَأْمُرُكُم بِالْكُفْرِ بَعْدَ إِذْ أَنتُم مُّسْلِمُونَ ﴾
“(Allah) sizə əmr etməz ki, mələkləri və peyğəmbərləri özünüzə Rəbb seçəsiniz. Allaha təslim olduqdan sonra mümkündürmü ki, O sizə kafir olmağı əmr etsin?!”
Dostları ilə paylaş: |