Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə1/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
  1   2   3   4   5   6   7   8   9   ...   94


NUR TƏFSİRİ

İKİNCİ CİLD

MÜƏLLİF: MÖHSÜN QƏRAƏTİ

TƏRCÜMƏ EDƏN: HACI ARZU

“ALİ-İMRAN” SURƏSİ

(3-cü surə, 200 ayə)

Üç, dördüncü cüzlər

“Ali-İmran” surəsinin siması


“Ali-İmran” surəsi 200 ayədən ibarətdir. Surənin ayələrində xüsusi bir nizam və uyğunluq var. Surə Mədinədə nazil olmuşdur. Surənin nüzulu İslama dəvət nidasının dünyaya ucaldığı və bu nidanın düşmənləri oyadıb onların qulaqlarını cingildətdiyi bir dövrə təsadüf edir.

“Əl-Mizan” təfsirində deyilir ki, Yəmənin Nəcran məntəqəsi məsihilərindən bir dəstəsi İslam peyğəmbərinin buyruqlarını eşitmək üçün Mədinəyə gəldikləri vaxt onlara İslam maarifini bir dəfəyə aydınlaşdırmaq üçün bu surənin təqribən səksən ayəsi nazil oldu və mübahilə (haqdan uzaq düşəni lənətləmə) macərası baş verdi.

Eləcə də, Ühüd savaşı macərası və müsəlmanların səbir və dözümə dəvəti bu surədə bəyan olunmuşdur. Bu surənin “Ali-İmran” adlanmasının səbəbi onun 33-35-ci ayələrində İmran qızı Məryəmin dünyaya gəlişi əhvalatının bəyan olunmasıdır. “Ali-İmran” dedikdə həzrət Məryəm və həzrət İsa nəzərdə tutulur. Həmçinin həzrət Musanın da atasının adı İmran olmuşdur.
1. ﴿بِسْمِ اللهِ الرَّحْـمنِ الرَّحـيمِ

Rəhman və rəhim Allahın adı ilə

1. ﴿الم

Əlif, lam, mim” (müqəttəə, rəmzi hərflər)

Nöqtələr


◘Təfsirin birinci cildində “Bismillahir rəhmanir rəhim” ayəsi haqqında danışdıq. Bu ayənin xüsusi yeri var və müstəqil bir ayədir. İstənilən bir işin əvvəlində bu ayəni demək tapşırılmışdır. Surələrin başlanğıcında bu ayənin təkrarı onun əhəmiyyətini göstərir. “Bismillah” təkcə İslama məxsus deyil. Digər peyğəmbərlər də bu ayəni eyni şəkildə işlətmişlər. “Bismillah” ifadəsinin əvvəlindəki “ba” hərfi yardım istəmək mənasını bildirir. Aydın olur ki, Allahın istək və iradəsi olmadan heç bir iş gerçəkləşmir.

Allahdan yardım diləmək Onun bütün sifətlərindən kömək almaqdır. O, rəhman və rəhimdir. Bizim ümid gözümüz Onun rəhmətindədir. Bu, həm də o biri dünyaya aid olan geniş və ümumi bir rəhmətdir. Bəli! Başqalarının ya rəhmi yoxdur, ya da onların rəhmi xüsusi fərdlərə, zamana və ya məkana xasdır. Başqalarının rəhm göstərməkdə məqsədi nə vaxtsa bəhrələnməkdir. Heyvana verilən ot, quşa verilən dən sonradan bəhrə götürmək məqsədi daşıyır. Təmənnasız, geniş və əbədi olaraq göstərilən rəhmət isə Allaha xasdır. Belə Rəhman və Rəhim Allahdan kömək istəyək və deyək: “Bismillahir-rəhmanir-rəhim”.

◘“Bəqərə” surəsində qeyd olunduğu kimi, Əlif, Lam, Mim müqəttəə hərflərdəndir. Müqəttəə hərflər haqqında ən məşhur və üstün nəzər bu ola bilər ki, bu hərflər Allah və Onun rəsulu arasında olan rəmzdir. İmam Sadiq (ə) buyurmuşdur: “Ali-İmran” surəsinin başlanğıcındakı Əlif, Lam, Mim “Mənəm Məcid Allah” mənasındadır”.1 Müqəttəə hərflər belə bir məsələyə də işarə ola bilər ki, Allahın kəlamı olan Quran da həmin əlifba hərflərindən tərtib olunmuşdur və buna baxmayaraq möcüzədir. Əgər bacarırsınızsa, siz də həmin hərflərdən Quran kimi bir kitab tərtib edin. Necə ki, ilahi qüdrət torpaqdan insan, insan isə kərpic, kuzə yaradır. Bu, ilahi qüdrətlə bəşər qüdrəti arasında olan fərqdir.

◘Quranın altı surəsi (“Bəqərə”, “Ali-İmran”, “Ənkəbut”, “Rum”, “Loğman”, “Səcdə”) “Əlif, Lam, Mim” müqəttəə hərfləri ilə başlayır.


2. ﴿اللّهُ لا إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ

Allahdan başqa məbud yoxdur, O, diri və qəyyumdur.”


Nöqtələr


◘“Qəyyum” o varlığa deyilir ki, bir başqasına söykənməmiş olsun. Hamının söykəndiyi və ya hamıya dayaq olan varlıq qəyyumdur.

◘Allah yaratmaqda kamil, tədbir və hakimiyyətə malikdir. Maddi amillər və səbəblər yaranış vasitələridir. Amma bu səbəblər müstəqil deyil, onları səbəb edən var. Digər mövcudlarda müstəqil olan elm, həyat və qüdrət yoxdur. Yalnız Allah bir mövcudun diriliyini təmin edən bir diridir və hamı Ondan asılıdır.

“Cövşən-Kəbir” duasında oxuyuruq: O, hər bir diridən qabaq diri və hər bir diridən sonra diridir. Heç bir diri Ona şərik deyil və O, ehtiyacsızdır. Bütün dirilərin canı və ruzisi Onun əlindədir. O elə bir diridir ki, öz diriliyini bir başqasından irs almamışdır.”

Bildirişlər


1. Səmavi kitabların sərlövhəsi tövhiddir.

2. Məbud olmağın şərti zati kamilliklərə malik olmaqdır. Yalnız Allah Öz zatı üzərindədir və mütləq surətdə ehtiyacsızdır.


3. ﴿ نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقاً لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ التَّوْرَاةَ وَالإِنجِيلَ

O, kitabı sənə haqq olaraq nazil etdi. O, əvvəlki kitabları təsdiq edəndir. Tövrat və İncili O endirdi.”


Nöqtələr


◘“Tövrat” sözü ibrani dilində şəriət, qanun deməkdir. Hazırda Tövrat beş hissədən ibarətdir: “Yaranış kitabı”, “Xüruc kitabı”, “Laviyyin (Yaqub oğlu Lavi) kitabı”, “Ədədlər kitabı”, “Cütlük kitabı”. Tövratda həzrət Musanın vəfatı və dəfni haqqında danışılması onu göstərir ki, bu kitabdakı məsələlər həzrət Musadan sonra toplanmışdır.

◘“İncil” sözü yunan sözüdür və “müjdə” mənasını verir. İncil məsihilərin səmavi kitabıdır. Quran istənilən bir yerdə İncil adını tək formada işlətmişdir. Amma hazırda məsihilərin əlində hər biri həzrət İsadan sonra onun ardıcılları tərəfindən yazılmış çoxsaylı incillər vardır. Bu incillər onları toplayanların adı ilə tanınır: «Mətta incili», «Mərqus incili», «Luka incili», «Yuhənna incili.»


Bildirişlər


1. Səmavi kitabın göndərilməsi Allahın qəyyumluq cilvəsidir.

2. Quranın peyğəmbərə nazil edilməsi onun şəxsiyyətini və Allahın onu uca tutmasını göstərir.

3. Quran istənilən bir yanlışlıqdan uzaqdır və həqiqətə əsaslanır.

4. Peyğəmbərlərin səmavi kitabları bir-birini təsdiq edir.

5. Əvvəlki səmavi kitabların təsdiqi, allahpərəstlərin vəhdət amilidir və başqalarını dəvət şivələrindən biridir.

6. Quranın Tövrat və İncili təsdiq etməsi əvvəlki dinlər üzərində böyük haqdır. Əks təqdirdə, Tövrat və İncilə qatılmış xurafatlar onları biryolluq unutdurardı.

7. Allahın tərbiyə mərhələləri, Onun vasitə və göstərişləri müxtəlif zaman və şəraitlərdə fərqli olsa da, daim təkamül ahəngi və vahid hədəfə malik olmuşdur.
4. ﴿ مِن قَبْلُ هُدًى لِّلنَّاسِ وَأَنزَلَ الْفُرْقَانَ إِنَّ الَّذِينَ كَفَرُواْ بِآيَاتِ اللّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ وَاللّهُ عَزِيزٌ ذُو انتِقَامٍ

Bundan qabaq (Tövrat və İncili) xalqın hidayəti üçün (O göndərdi). İndi isə (haqqı batildən seçmə vasitəsi olan) fürqanı nazil etdi. Əlbəttə, ilahi ayələrə küfr edənlər üçün şiddətli əzab var. Allah yenilməz və intiqam sahibidir.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin